Zühur gününün təsviri yaranışın başlanğıcından verilmişdir. Çünki bu gün O, yaranışın əsas hədəfidir. Bu məsələnin aydınlaşması üçün bəzi nöqtәləri nəzərdən keçirək:

1. Ümumdünya ədalət hökumətinin qurulması üçün iki şərt ödənməlidir: geniş mənada ədalət məfhumu ilə tanışlıq və yer üzündə ədalətin bərpası yolunda fədakarlığa hazırlıq. Yaranışın başlanğıcından bəşəriyyətdə bu iki şәrt və xüsusiyyət olmamışdır. Peyğəmbərlərə bəşəriyyətdə məhz bu iki xüsusiyyəti tərbiyə etmək tapşırılmışdır. Peyğəmbərlər ədalətin tanıtdırılması məsələsində müvəffəqiyyətə çatsalar da, tarix boyu insanlarda lazımi fədakarlıq hissini tərbiyə edə bilməmişlər. İkinci şərtin ödənməməsi peyğəmbərlərin yox, xalqın təqsiridir.

2. Peyğəmbərlər tarix boyu xalqın nəzərinə çatdırmışlar ki, yaranışın əsas məqsədi həmin ümumdünya ədalət hökumətinin qurulmasıdır. Allah-təala buyurur: “Zikrdən (Tövratdan) sonra Zəburda yazdıq ki, saleh bəndələrim yer üzünə (hakimiyyətə) varis olacaqlar.” (“Ənbiya”, 105.)

Digər bir ayədə oxuyuruq: “Biz yer üzünün müstəzəflərinə minnət qoyub, onları yer üzünün rəhbərləri və varisləri qərar vermək istəyirik.” (“Qəsəs”, 5.)

Başqa bir ayədə buyurulur: “O, müşriklər xoşlamasalar da, öz peyğəmbərini bütün dinlərə qalib etmək üçün hidayət və haqq dinlə göndərən kəsdir.” (“Saf”, 9.)

3. Heç bir peyğəmbərin ümumdünya ədalət hökuməti qurmaq üçün şəraiti olmamışdır. Çünki belə bir hökumətin qurulması üçün zəruri olan iki şərt ödənməmişdir:

a) Peyğəmbərlər ədalət məfhumunun geniş mənasını xalqa aydınlaşdırsalar da, bəşəriyyətin belə bir həqiqəti dərk etmək üçün ağıl gücü olmamışdır. Ona görə də keçmiş peyğəmbərlərin məqsədi xalqın əqidəsini möhkəmləndirmək olmuşdur. Həzrət Musadan İslam peyğəmbərinin besətinədək olan dövrdə, xüsusilə İslam hökumətində bu məsələ ətraflı şəkildə bəyan olunmuşdur.

b) Hazırki dövrədək heç bir ümmətdə ümumdünya ədalət hökuməti yolunda tam fədakarlıq göstərmək hazırlığı olmamışdır. Həzrət Nuh (ə) 950 il öz qövmünü haqq-ədalətə dəvət etdi. Amma yalnız kiçik bir qrup ona iman gətirdi. Həzrət İbrahimin (ə) dəvətini qəbul etmək əvəzinə insanlar onu oda atdılar. Həzrət Musanın (ə) qövmü onun Fələstin hakimləri ilə mübarizəyə çağırışını rədd edib dedilər: “Sən və sənin Allahın onlarla savaşsın, biz burada oturmuşuq.” (“Maidə”, 24.)

Həzrət İsanın (ə) həvariləri Allahın qüdrətinə şəkk etdilər. Onlar İsaya (ə) xitabən dedilər: “Ey İsa ibn Məryəm! Allahın da bizim üçün səmadan nazil etmək qüdrəti varmı?” (“Maidə”, 112.)

Nəticə: Yaranışın ilk günündən zühur günü haqqında yetərincə məlumat verilsə də, hələ ki, bu məqsədin gerçəkləşməsi üçün şərait yaranmamışdır.

 

 

Ümumdünya ədalət hökumətinin zəruriliyi fitrət yolu ilə necə sübuta yetir?

 

Bəşəriyyətin xilaskarının zühuruna inam bütün insanlarda mövcuddur. Belə bir düşüncə əsl insani xarakterdən qaynaqlanır. Çünki bəşəriyyət fitrətən əhatəli kamilliyə çatmaq istəyindədir. O bilir ki, belə bir kamal yalnız tövhidi ədalət hökumətinin sayəsində gerçəkləşə bilər.

Şəhid Sədr buyurur: “Mehdiyə etiqad təkcə dini çalarlı İslami bir inanc deyil. Bu inanc müxtəlif dinlərdən, firqələrdən olan insanların arzu-istəklərinə cavab verir. Bu inam xalqın fitri ilhamının təcəllasıdır. İnsanlar aralarındakı əqidə və məzhəb ixtilaflarına baxmayaraq inanırlar ki, yer üzündə vəd olunmuş gün çatacaq və səmavi risalətlərin (missiyaların) son məqsədi həyata keçəcək…”

Dəlillər fitrəti müxtəlif bəyanlarla məlumatlandıra bilər:

Birinci bəyan: a) İnsan öz daxilində ümumdünya tövhidi ədalət hökumətinə ehtiyac duyur; b) Bu hökumət mövcud olmalıdır. Bu həqiqətə olan meyl təyindirsə, şübhəsiz ki, təyin olunan da olmalıdır; v) Bu həqiqətin kamil nümunəsi həzrət Mehdinin (ə) hökumətidir.

Nəticə: Ümumdünya ədalət hökuməti zərurətdir.

İkinci bəyan: a) İnsan dünyanın bugünkü vəziyyətindən məyus olub üstün bir hökumət ümidi ilə yaşayır; b) Belə bir ümid uyğun hədəfin gerçəkləşməsi üçün dəlildir.

Nəticə: Ümumdünya ədalət hökuməti zərurətdir.

Üçüncü bəyan: a) İnsan fitrətən zülmə nifrət edir; b) İnsan nifrət etdiyi şeyin məhvindən şadlanır; v) Bəşər təklikdə bu işin öhdəsindən gələ bilməz.

Nəticə: Proqram və işində zülmdən əsər-əlamət olmayan hökumətin bərpası zəruridir.

 

http://sualcavab.ge

 


more post like this