Zilhiccə ayının ilk ongünlüyü çox müqəddəs və mübarək sayılır. Məsumlarımız bu ayın əvvəlindən Qurban bayramına kimi keçən on günü dua və ibadət içində yaşamağı tövsiyə edirdilər. Təsadüfi deyil ki, bu ongünlük Qurani-kərimdə “əyyami-məlumat” (məlum günlər) adı ilə xatırlanıb (Həcc surəsi, 28-ci ayə).

 

Həzrət Mühəmməd Peyğəmbər (s) buyururdu ki, Allah yanında heç bir başqa gündə yerinə yetirilən savab əməl və ibadət bu on gündə edilən qədər sevimli ola bilməz. Başqa bir hədisdə buyurulur ki, Allahın nəzərində bu on gün qədər pak olan başqa gün yoxdur.

 

Zilhiccə ayının ilk ongünlüyü üçün dini mənbələrdə bəzi müstəhəb əməllər və dualar qeyd edilib. Hər şeydən öncə, Qurban bayramına qədərki doqquz gündə oruc tutmağın böyük savabı var. (Unutmayaq ki, Qurban bayramı günü oruc tutmaq haramdır). Deyirlər ki, bu doqquz günü oruclu keçirmək savab cəhətdən bütün ömür boyu oruc tutmağa bərabərdir.

 

Zilhiccənin ilk on günündə məğrib və işa namazlarının arasında iki rükət müstəhəb namaz qılmağın da savabı var. Bu namazın hər iki rükətində “Fatihə” və “İxlas” surələrindən sonra “Əraf” surəsinin 142-ci ayəsi oxunur. “Məfatihül-cinan” kitabında yazılıb ki, bu namazı qılan adam Məkkədə həcc edənlərin savabına şərik olar.

 

Zilhiccənin ilk günün doqquzuncu (Ərəfə) gününə kimi hər sübh namazından sonra və məğribdən əvvəl İmam Sadiqdən (ə) rəvayət edilən, “Allahümmə hazihil-əyyamülləti fazzəltəha ələl-əyyam” cümləsi ilə başlayan duanı oxumaq da savabdır. Bu duanın həcmi uzundur, onu “Məfatihül-cinan” kitabından tapmaq olar.

 

On gün ərzində Allah tərəfindən Cəbrail vasitəsilə Həzrət İsa Peyğəmbərə (ə) öyrədilmiş aşağıdakı beş duanı oxumaq da müstəhəbdir:

 

“Əşhədu ən la ilahə illəllahu vəhdəhu la şərikə ləh. Ləhul-mülkü və ləhul-həmd. Biyədihil-xayru və hüvə əla kulli şeyin qədir.

 

Əşhədu ən la ilahə illəllahu vəhdəhu la şərikə ləh. Əhədən saməda. Ləm yəttəxiz sahibətən və la vələda.

 

Əşhədu ən la ilahə illəllahu vəhdəhu la şərikə ləh. Əhədən saməda ləm yəlid və ləm yuləd və ləm yəkul ləhu küfüvən əhəd.

 

Əşhədu ən la ilahə illəllahu vəhdəhu la şərikə ləh. Ləhul-mülkü və ləhul-həmd. Yuhyi və yumitu və hüvə hayyun la yəmut. Biyədihil-xayru və hüvə əla kulli şeyin qədir.

 

Hasbiyəllahu və kəfa. Səmiəllahu limən dəa. Leysə vəra Allahi müntəha. Əşhədu lillahi bima dəa və ənnəhu bəriun mimmən təbərrəə və ənnə lillahil-axirəti vəl-ula”.

 

Tərcüməsi:

 

“Şəhadət verirəm ki, Allahdan savayı tanrı yoxdur, vahiddir, şəriki yoxdur. Mülk və həmd Ona məxsusdur. Xeyir Onun əlindədir və O, hər şeyə qadirdir.

 

Şəhadət verirəm ki, Allahdan savayı tanrı yoxdur, vahiddir, şəriki yoxdur. O, vahiddir, ehtiyacsızdır. Özünə nə yoldaş tutar, nə də övlad götürər.

 

Şəhadət verirəm ki, Allahdan savayı tanrı yoxdur, vahiddir, şəriki yoxdur. O, vahiddir, ehtiyacsızdır. Doğmaz və doğulmaz, ona tay olan heç kəs yoxdur.

 

Şəhadət verirəm ki, Allahdan savayı tanrı yoxdur, vahiddir, şəriki yoxdur. Mülk və həmd Ona məxsusdur. Dirildər və öldürər, özü isə ölməyən diridir. Xeyir Onun əlindədir və O, hər şeyə qadirdir.

 

Allah mənə bəs edər və kifayətdir. O, dua edəni eşidər. Allahın əhatəsindən kənar heç nə yoxdur. Deyilən sifətlərin Allahda olduğuna şəhadət verirəm. Allah, ondan bizar olanlardan bizardır. Həm axirət, həm də dünya Allaha məxsusdur”.

 

Bu beş duanın hər birini gündə yüz dəfə oxumaq daha çox savaba malikdir, amma gündə on dəfə də oxumaq olar.

 

Zilhiccənin ilk ongünlüyündə oxunması müstəhəb olan “La ilahə illəllahu ədədəl-ləyali vəd-duhur” cümləsi ilə başlayan başqa bir dua da Həzrət Əlidən (ə) rəvayət edilib.

 

Zilhiccə ayının 8-inə tərviyə günü deyilir. Həmin gün oruc tutmaq 60 illik günahların kəffarəsi sayılır.

 

Ərəfə və Qurban günlərinin müstəhəb əməlləri ayrıca məqalə şəklində diqqətinizə təqdim ediləcək.

 

islam.az


more post like this