Özünün “Zindan Xatirələri” kitabında yazdığı bir hadisə ilə yazımıza başlamaq istərdik. Bir gün həbsxanada olduğu zaman onu qaranlıq bir otağa salırlar. Otağa daxil olduqda yüksək voltlu işıqlar yanır və o, otağın azğın itlərlə dolu olduğunu görür. İtlər bir anda ona hücum edirlər. Həmin anda etdiyi dua onun Allaha olan sevgisini və axirətə olan imanını bilavasitə əks etdirir: “Allahım, Özünlə məşğul et ki, başqaları ilə məşğul olmayım. Ey tək olan Əhəd və Saməd olan Rəbbim! Sən məni elə məşğul et ki, yalnız Səninlə olum!… Sənin yolunda, Sənin sevginlə və məhəbbətinlə mənə şəhadəti nəsib et. Ey Allahım! Möminlərlə birlikdə mənim də ayaqlarımı sabit tut. Bizlərə inam və səbir ver”. Əsərdə bir neçə saatdan sonra qapı açılan zaman o əynindəki ağ paltarın qan içində olduğunu və paltarlarının cırıldığını zənn etdiyini yazır, lakin əksinə paltarına sanki heç nə toxunmamışdı və hətta bədənində də diş izi belə yox idi.

Dünyadakı islami fəaliyyətləri izləyən hər kəs Zeynəb Qəzalinin adını mütləq eşitmişdir. Bir çoxumuz onun əsərlərindən və fikirlərindən faydalanmışıq.

Zeynəb Mühəmməd əl-Qəzali əl-Cübeyli 2 yanvar 1917-ci ildə Misirin paytaxtı Qahirə şəhərinin şimalında yerləşən əl-Buheyrə vilayətində dünyaya gəlmişdir. Atası əl-Əzhər Universitetinin müəllimlərindən idi. O, qızının islami bir elmə sahib olmasına böyük əhəmiyyət verirdi. Məşhur əshabə qadınlardan biri olan Nəsibə bint Kabı ona nümunə seçməsi və onun kimi fədakar, cəsarətli bir qadın olması üçün çox vaxt qızını onun adı ilə çağırardı.

Zeynəb Qəzali on yaşında ikən atası vəfat edir. O, anası və qardaşları ilə Qahirəyə köçür. Böyük qardaşı Məhəmmədin etiraz etməsinə baxmayaraq, burada təhsilini davam etdirmək istəyir. Zeynəb təkcə kitab oxumaqla kifayətlənmir və 12 yaşına çatanda bir gün şəhərə çıxaraq məktəb axtarmağa başlayır. Bir qız məktəbi tapır və müdirlə görüşərək məktəbə qəbul edilməsini xahiş edir. Bu hadisədən sonra birinci sinifdən məktəbdə oxumağa başlayan Zeynəb iki aydan sonra bir imtahan verərək ikinci sinfə keçir.

Bir tərəfdən rəsmi məktəblərdə təhsilini davam etdirən Zeynəb bununla kifayətlənməyərək mədrəsə alimlərindən də xüsusi dərslər alır. Onların sırasında Əl-Əzhərin tanınmış alimləri də var idi.

Liseyi bitirdiyi zaman Huda Şəravinin rəhbərlik etdiyi Qadınlar Birliyinin üç qız tələbəni Fransaya göndərmək istədiyini öyrənir və bu komandanın üzvü olmaq üçün müraciət edir. Bu müraciəti vasitəsilə Huda Şəravi ilə görüşür, Zeynəb onun diqqətini cəlb edir və beləliklə, Fransaya göndərilənlər siyahısına onun da adı əlavə edilir. Bir ay sonra, yola çıxmazdan bir az əvvəl Zeynəb atasını yuxusunda görür. Atası ona: “Fransaya getmə, Allah sənə Misirdə daha xeyirli bir qarşılıq (əvəz) verəcəkdir” – deyirdi. Bu yuxusuna görə üzr istəyərək Fransaya gedə bilməyəcəyini açıqlayır. Onun belə bir açıqlama verməsi Huda Şəravini çox təəccübləndirir, çünki o, Zeynəbə çox ümid bəsləyirdi.

Zeynəb Qəzali Fransaya getməkdən imtina etsə də, Qadınlar Birliyində işləməyə davam edir. Lakin təşkilatdakı qadınların bəziləri onun fəaliyyətinə etiraz edirdilər, çünki onun söhbətləri əksərən islami mövzularda olurdu. Digər tərəfdən isə üzvü olduğu bu qadın təşkilatı feminist və qərbsayağı dünyagörüşü ilə məşhur olduğu üçün Əzhər alimləri də belə bir təşkilatın üzvü olan Zeynəb Qəzalinin məscidlərdə vəz verməsinə etiraz edirdilər. İki etiraz arasında qalan bu gənc xanım bütün bunlara baxmayaraq, öz fəaliyyətinə davam edir və Qadınlar Birliyinin üzvü olan bir çox qadına öz fikirləri ilə təsir edir.

Həmin vaxtlarda Zeynəb dəhşətli şəkildə yanır və ölümlə üz-üzə dayanır. O, sağalacağı zaman Qadınlar Birliyini tərk edəcəyi qərarına gəlir. Beləliklə də, bu hadisə onun həyatında bir dönüş nöqtəsinə çevrilir və o, ömrünün qalan hissəsini əshabə qadınları özlərinə nümunə götürən xanımlar yetişdirmək üçün həsr edən bir dəvətçi və bir öndər kimi fəaliyyət göstərir.

1937-ci ildə Müsəlman Xanımlar Cəmiyyətini qurur. Cəmiyyəti qurmasından bir il sonra Müsəlman Qardaşlar Cəmiyyətinin qurucusu İmam Həsən Əl-Bənna ilə tanış olur. Həsən Əl-Bənna ona sıralarına qoşulmağı və Müsəlman Bacılar (əl-Ahəvatul-Muslimat) bölümünə rəhbərlik etməsini təklif edir. Zeynəb Qəzali əvvəlcə bu təklifi rədd edir, ancaq 1948-ci ildə bu cəmiyyətə qoşulur. Sonralar cəmiyyətin tərkibində olduqca vacib və əhəmiyyətli vəzifələri icra edir.

1951–1958-ci illərdə “Müsəlman Xanımlar” adlı jurnal nəşr etdirir. Misir prezidenti Əbdünnəsr Müsəlman Qardaşlar Cəmiyyətini dağıtdığı və bütün mülkiyyətini dövlətin hesabına keçirdiyi zaman Zeynəb əl-Qəzalinin həyat yoldaşından qalan sərvətini və hətta onun yaşadığı evi və şəxsi əşyalarını da dövlətin hesabına keçirir və jurnalı bağlayır.

1959-cu ildə Müsəlman Qardaşlar Təşkilatının yenidən yaranmasında Zeynəb Qəzali yaxından iştirak edir. Bundan əlavə həbsdə olan məhkum möminlərin ailələrinə yaxından köməklik edir və onları himayə edir.

1965-ci ildə Müsəlman Qardaşlar Təşkilatının çox sayda üzvü ilə yanaşı Zeynəb Qəzali də həbs edilir. Həbsxanada müxtəlif işgəncə və əziyyətlərə qatlaşır. Ömürlük həbs cəzası ilə məhkum edilsə də, altı ildən sonra Səudiyyə Kralı Faysalın təşəbbüsü ilə əfv edilir və 1971-ci ildə azad olunur.

Həmin vaxtdan etibarən Misirin daxilində və ondan kənarda geniş şəkildə fasiləsiz olaraq xidmətini davam etdirən Zeynəb Qəzali Səudiyyə Ərəbistanı, Pakistan, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Türkiyə, Sudan, Hindistan, Almaniya, İngiltərə, Fransa, Amerika, Kanada, Avstriya və İspaniya kimi bir çox ölkələrdə təbliğat xarakterli fəaliyyətlə məşğul olmuşdur.

Son 10-20 ildə Zeynəb Qəzali Qahirədəki evində Seyid Qütbün bacısı Əminə Qütb ilə birlikdə gənc xanımlar üçün nəzərdə tutulmuş dərslərlə məşğul olmuşdur. Sonradan gənc xanımlara verdiyi təfsir dərslərini sonra kitab halına gətirərək ona “Nəzarət Fi-Kitabillah” adını vermiş və beləcə bu təfsiri ilə müasir qadın müfəssirlər sırasına daxil olmuşdur.

Zeynəb Əl-Qəzali 2005-ci ildə 88 yaşında vəfat etmişdir.

Dəvət məqsədli çox sayda konfranslar keçirən, kitab və məqalələr yazan, müxtəlif səyahətlər edən müqəddəs yolun bu müqəddəs yolçusu tarixə adını yazdırmış müstəsna, nümunəvi və öndər qadınlardan idi. Uca Allah məkanını Cənnət etsin.

ƏMİNƏ ÖZKAN ŞƏNLİKOĞLU

“Mənə çox təsir edən belə bir hadisə olmuşdu. İnqilab Tarixini oxuyarkən bir səhnə ilə rastlaşmışdım. Orada qara çarşablı bir qadın göstərilmiş və “Qadın dünən bu cür əsir idi”, – yazılmışdı, yanında isə açıq geyimli bir qadın göstərilərək “Bu gün isə bu şəkildə azaddır” yazısı verilmişdi. Mən bunu görəndə, əgər bir gün örtünsəm, bu qadın kimi qara çarşab geyinəcəyəm və qadının əsir olmadığını sübut edəcəyəm, – deyə özümə söz vermişdim”.

Əminə Şənlikoğlu

Əminə Özkan Şənlikoğlu 27 may 1953-cü ildə anadan olmuşdur. Uşaqlıq illəri Adapazarının Saloğlu və Karaçalı kəndlərində keçmiş, 9 yaşında isə İstanbula gəlmişdir. Uşaqlığı çox böyük bir mübarizə içində keçən Şənlikoğlu bəzi ədalətsizlikləri artıq kiçik yaşlarında sezməyə başlamışdı. Hələ gənclik illərindən müxtəlif dini elmləri öyrənməklə məşğul olmuşdu. Dinləri araşdırmağa başlamış və İncili oxumuşdur. Daha sonra İslama yönəlmiş, İslam haqqındakı sualları araşdırıb incələdikcə əsl həqiqətlərlə qarşılaşmışdır. İslami təhsil almağa başlamışdır. Fiqh və Əqidə kimi bütün islami elmləri həyat yoldaşı Rəcəb Özkandan və xüsusi müəllimlərdən öyrənmişdir. Həqiqətləri tapmaqla kifayətlənməyən Şənlikoğlu onları bilmə, öyrənmə və öyrətmə yolunda inamla irəliləmişdir.

Əminə Şənlikoğlu adı dillər əzbəri olan bir yazardır. O, ülvi hisslərə məftun, dünya məqamlarına zərrə qədər meyli olmayan bir xanımdır. Xalq xüsusilə onu qara çarşabı ilə televiziya kanallarında dinsizlərlə mübahisələrindən tanıyır. O, qadının çarşabla da intellektual, azad və müasir ola biləcəyini öz şəxsində göstərmişdir. Qadın jurnalı çıxararaq, konfranslar keçirərək, kitablar yazaraq baş örtüsünün qadını heç bir haqdan məhrum etmədiyini sübut etmişdir. Beləliklə də, illər öncə özünə verdiyi vədi həyata keçirmişdir.

Əminə Şənlikoğolu artıq indi əlliyə yaxın kitabın müəllifidir. İslami həyatı tam mənası ilə yaşayan bu mücahid xanım bu yolda dəfələrlə haqsızlıqlara məruz qalmışdır. “Bize nasıl kıydınız” (“Bizə necə zülm etdiniz”) adlı kitabı əsasında film çəkiləndən sonra onun haqqında çox danışılmağa başlandı. İstiqlal məhkəmələrinə toxunduğu üçün filmi yasaq belə etmək istədilər.

İlk kitabı “Gençliyin İmanını Sorularla Nasıl Çaldılar” (“Gəncliyin İmanını Suallarla Necə Oğurladılar”) adlanır. Bu kitabda qadınların açıq şəkildə satıldığı, oğurluqların, təcavüzlərin və digər günahların baş alıb getdiyi yazılır. “İslam gəlməsə, bu vəziyyət düzəlməz”, – deyə qeyd edir yazıçı. İslam hüququnun hakim olduğu dövrlərdə cinayətlərin sayının minimum olduğu halda (məsələn oğurluqdan əli kəsilənlərin sayı beşi keçmirdisə), 70 ildir ki, ölkədə müxtəlif cinayətlər üzündən qolu və başı kəsiləcək insanların sayı sayılmayacaq qədər çoxdur – deyə nəzərə çatdırılır.

Bu kitabına görə Əminə Şənlikoğlu məhkəməyə verilmiş, 15 il həbs cəzası istənilməklə mühakimə olunmuş və iki il yarım həbs həyatı yaşamışdır. Dəfələrlə məhkəməyə verilən, nəzarət altında saxlanılan Şənlikoğlu 1985-ci ildən etibarən “Mektub” jurnalının “Genel Yayın Yönetmenliyi”nə rəhbərlik etməkdədir. O, bu günə kimi Türkiyənin bir çox şəhərlərində və müxtəlif xarici ölkələrdə İslam dini mövzusunda bir sıra konfranslar keçirmişdir. Əminə Şənlikoğlu iki övlad anasıdır.

muselmanqadin.org

http://qafqaz.ir/az


more post like this