Əldə etdiyimiz məlumatlar və qədim alimlərin kitabları bəşər tarixi boyu bu kimi sualların mövcudluğunu xəbər verir. Xüsusi ilə acı hadisələr baş verən vaxt belə suallar insanları daha çox düşündürür. Dinlərin tarixini mütaliə etdikdə görürük ki, bu kimi suallara cavab tapılmaması bəzilərini allahpərəstlikdən uzaqlaşdırmış, hətta materializmə sövq etmişdir. Çünki fəlakətli hadisələrin mahiyyətini dərk etmək üçün səthi mütaliə kifayət etmir. Bu hadisələr ilk baxışdan ikrah doğurur. Bəzən insanlar bu hadisələri təbiətin qəzəbi kimi yozurlar. Hansı ki, yer üzərində baş verən acı hadisələrin əsil mahiyyətini anlamaq üçün onlara ağıl və düşüncə gözü ilə baxmaq lazımdır. Bu halda tamamilə başqa bir nəticə əldə olunur. Bizim hadisələr haqqında əksər mühakimələrimiz nisbidir. Biz xeyrimizə olan hadisələri faydalı, zərərimizə olan hadisələri isə faydasız hesab edirik. Heç vaxt nəzərə almırıq ki, bizim üçün zərərli olan bir hadisə cəmiyyətimiz, gələcəyimiz üçün hansı təsirə malikdir. Axı bizim üçün zərərli olan kimyəvi maddə bir çox xəstələr üçün şəfaverici təsirə malik ola bilər.
Məgər hər hansı hadisənin şəxsən bizə faydalı və ya zərərli olması həmin hadisənin qiymətləndirilməsi üçün meyar, ölçü ola bilərmi? Yoxsa bir hadisəni qiymətləndirmək üçün onun bütün təsirləri nəzərdən keçirilməlidir? Deyilənləri aydınlaşdırmaq üçün sadə bir misal çəkək: şübhəsiz ki, yağış kiminçünsə faydalı, kiminçünsə zərərli ola bilər. İnsanlar yağışa müxtəlif cür münasibət göstərirlər. Əkin sahəsini sel basmış insan fəryad qoparıb deyir ki, bilmirəm nə üçün başıma belə bir bəla gəldi. Əkin sahəsi susuzluqdan yanan insan isə, əksinə, yağışı Allahın böyük neməti bilərək, şükr edir. Amma yağışın bütün təsirləri nəzərə alınarsa, kimsə onu təbiətin qəzəbi kimi qəbul etməz və onun ilahi mərhəmət olduğu hamı tərəfindən təsdiq olunar.
Mahiyyətindən xəbərsiz olduğumuz bəzi bəlalar isə əslində böyük bir nemətdir. Məsələn, elə xəstəliklər var ki, insan bircə dəfə həmin xəstəliyə yoluxduqda onun orqanizmində bu xəstəliyə qarşı müqavimət qüvvəsi yaranır və bu xəstəlik ikinci dəfə təkrarlanmır. Demək, ilk baxışdan bəla kimi görünən bəzi xəstəliklər insanın gələcək həyatında müsbət təsirlərə malik olur.
Bəlaların digər bir fəlsəfəsi nemətlərin dəyərinin dərk olunmasıdır. İnkar edə bilmərik ki, biz insanlar nemət dəryasında qərq olmuşuq. Amma bir çox nemətlərin varlığını dərk etmirik. Yalnız bu nemətlər əlimizdən çıxdıqda onların qədrini bilirik. Axı yer üzündə xəstəliklər olmasaydı, sağlamlığın böyük nemət olması necə dərk olunardı?! Gecənin qaranlığı insanı ağuşuna almasaydı, yer üzünü işıqlandıran günəş nurunu kim qiymətləndirərdi?! Əgər arabir yer titrəməsəydi, onun sakit vəziyyətini nemət sayardıqmı?! Yer üzündə quraqlıq deyilən bəla olmasaydı, həyatımızda yağışın rolunu lazımınca qiymətləndirərdikmi?!
Demək, insanın həyatdakı nemətlərin dəyərini bilməsi, bu nemətlərə görə Allaha şükr etməsi üçün bəzən onlardan məhrum olması zəruridir. Bu müvəqqəti məhrumiyyət həmin böyük və dəyərli nemətlərin zərurətini açıqlayır. Biz isə ötəri məhrumiyyətləri bəla adlandırırıq.
Bütün bu incəliklər nəzərə alınarsa, yer üzündəki bəlaları ibrətamiz dərs hesab etməli deyilikmi?! Deyilənləri nəzərdə saxlayaraq, bəlaların özünü böyük nemət saymaq lazım gəlir.
Növbəti sual isə budur ki, nə üçün bu bəlalar yer üzünün bir hissəsində baş verir, digər hissəsində yox?
Bilməliyik ki, bəlaların da təbii əsasları vardır. Harada şərait yaranırsa, bəla da orada baş verir.
Rəvayətlərdə bildirildiyi kimi, bəla gəlməsinin şərtlərindən biri xalq arasında müəyyən günahların rəvac tapmasıdır. “Kumeyl” duasında belə oxuyuruq: “Pərvərdigara! Günahlarımızı bağışla. Bu günahlar nemətləri aradan aparır. Pərvərdigara! Bağışla bizim o günahlarımızı ki, bəlalara səbəb olur!” Quranda isə belə buyurulur: “Bəlalardan qorxun ki, bu bəlalar təkcə zalımlara aid deyil.” (Zalımlar zülmünə, başqaları isə bu zülm qarşısında susduqlarına görə bəlaya düşər)


more post like this