1-Xəsisliyin dərmanı
Xəsislik öz ardınca digər eybləri çəkib gətirən bir eybdir. Camaata etinasızlıq, daşürəkli olmaq, bəhanə gətirmək, yoxsulların iddialarını yalan saymaq, yaxşı dostları əldən vermək, vərəsələr üçün seyf saxlamaq, özünə və yaxınlarına qarşı çətinlik yaratmaq, Allahın vədələrinə şübhə ilə yanaşmaq, öz şəxsiyyətinin cəmiyyətdə təhqiri, Allaha ümid etmək əvəzinə öz mal-dövlətinə ümid bağlamaq xəsisliyin təsirlərindən bir guşəsidir.
Özünü qoruyan və paklaşdırmaq istəyən adamlar, gərək bu eyibdən uzaq olsunlar.
“Nəfsinin xəsisliyindən, tamahından qorunub saxlanılan kimsələr –məhz onlar nicat tapıb səadətə qovuşanlardır!” [4978]
Məsum imamlardan (ə) birini gördülər ki, gecənin əvvəlindən səhərə qədər Kəbəni təvaf edirdi. Təkcə bir dua edirdi və o da belədir:
“İlahi! Məni xəsislikdən qoru.” [4979]
Tövbə surəsinin 103-cü ayəsində
“Onların mallarından sədəqə (zəkat) al. Bununla onları təmizləmiş, pak etmiş olarsan”
Peyğəmbərə (s) verilən əmrdən məqsəd bəlkə də camaatı xəsislik və dünya məhəbbəti xəstəliyindən paklamaqdır.
İmam Sadiq (ə) buyurub: “Hər kəs öz malının zəkatını versə, şübhəsiz xəsislikdən qorunubdur.” [4980]
Zəkat insanın Allaha yaxınlaşmaq vasitəsidir; [4981]
Zəkat İslamın körpüsüdür; [4982]
Zəkat din və namazı tanıyandan sonra dəyərlərin ən ucasıdır; [4983]
Zəkat Allaha bəndəliyin nişanəsidir; [4984]
Zəkat nicat tapmağa səbəbdir. “Təmizlənən kimsə nicat tapacaqdır.” [4985]
2-Zəkat ruzinin artmasının və bərəkətin açarıdır
“Zəkat”, “bərəkət” və bunlara aid kəlmələrin hər biri Quranda 32 dəfə gəlmişdir. Bu zəkatın bərəkətlə bərabər olmasının nişanəsidir. (Bəli üzüm ağacını budamaq zahirdə ağacı balacalaşdırır, ancaq həqiqətdə isə onun inkişafına səbəb olur.) Quranda oxuyuruq: “Allah sələmi məhv edər, lakin sədəqələrə inkişaf verər.” [4986]
Bir çox rəvayətlərdə oxuyuruq: “Zəkat insanın ruzisini artırar.” [4987]
3-Zəkat mal-dövləti sığortalayır
İmam Kazim (ə) buyurur: “Öz mallarınızı zəkat verməklə sığortalayın.” [4988]
İmam Sadiq (ə) buyurub: “Əgər Allahın haqqını ödəsəniz, mən zaminəm ki, quruda və dəryada sizin mallarınız tələf olmaz.” [4989]
4-Zəkat verən Allah yanında ən sevimli şəxsdir
İmam Sadiq (ə) buyurub: “Allah yanında daha sevimli şəxs onların səxavətlisidir. Camaatın ən səxavətlisi isə öz malının zəkatını verən və Allahın onun malında vacib etdiyi şeydən möminlərin barəsində xəsislik etməyən kəsdir.” [4990]
5-Zəkat Allaha yaxınlaşmaq vasitəsidir
İmam Sadiq (ə) buyurub: “Allah, müsəlmanların özünə yaxınlaşması üçün zəkatı namazla birlikdə vasitə qərar veribdir.” [4991]
6-Zəkat Allahın məxsus rəhmətinə çatmaq üçün yoldur
Quranda oxuyuruq: “Allahın mərhəməti hər şeyi ehtiva etmişdir. O, Allahdan qorxub pis əməllərdən çəkinənlərə, iman gətirənlərə, zəkat verənlərə məxsusdur.” [4992]
Allah-taala buyurur: “Əgər siz namaz qılsanız, zəkat versəniz, peyğəmbərimə iman gətirsəniz, şübhəsiz Mən sizinləyəm.” [4993]
7-Zəkat çətinliklərin asanlaşması üçün vasitədir
Quran buyurur: “Kim (malından Allah yolunda) bağışlasa, (Allahdan) qorxsa,
Və həqiqəti təsdiq etsə,
Biz onun çətin işlərini asanlaşdırarıq.” [4994]
8-Zəkat günahların kəffarəsi və İlahi qəzəbi söndürəndir
Həzrət Əli (ə) buyurur: “Allahdan qorxun! Allahdan qorxun, zəkatı unutmayın! Həqiqətən zəkat, Allahın qəzəbini azaldır.” [4995]
Allah-taala buyurur: “Əgər namaz qılsanız, zəkat versəniz, Mən sizin pisliklərinizin (günahlarınızın) üstünü örtərəm.” [4996]
9-İnsan ilahiləşir
Allah öz rəhməti ilə hamını əhatə etdiyi kimi, zəkat verən də öz lütf və mərhəmətini yoxsullara əsirgəmir. Beləcə özündə ilahi əxlaqı yetişdirir və Pərvərdigarın rəhmaniyyət məzhərinə çevrilir.
10-Zəkat küfrdən qurtulmaq üçün şərtdir
Kafirlər tövbə edib namaz qılmaq və zəkat verməklə özlərinə nicat verə bilərlər. Quran buyurur: “Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın.” [4997]
11-Zəkat ölənlərin rahatlığına səbəbdir
Bir şəxs imam Sadiqə (ə) dedi: “Mənim qardaşım dünyasını dəyişibdir və öhdəsində çoxlu zəkat var idi. Mən onları ödədim.”
İmam (ə) buyurdu: “Bu əməlinlə onun çətinliyi asanlaşar.” [4998]
12-Zəkat duanın qəbul olmasına səbəbdir
Bir rəvayətdə oxuyuruq: “Hər kəs duasının qəbul olmasını istəsə, gərək öz yediyi tikəsini halal etsin. Tikəni halal etməyin yollarından biri Allahın haqqını (xüms və zəkatı) verməkdir.” İmam Sadiq (ə) buyurur: “Əgər Allah sizə nəsib etdiyi ruzinin haqqını ödəsəniz, onun qalanı sizin üçün pak və halaldır.” [4999]
13-Zəkat namazın qəbul olması üçün səbəbdir
Həzrət Peyğəmbər (s) buyurub: “Öz mallarınızın zəkatını ödəyin ki, namazınız da qəbul olsun.” [5000]
14-Zəkat əbədilik vasitəsidir
Zəkat vermək həqiqətdə qiyamət gününün azuqəsidir. Beləcə o, fani olan mal-dövləti əbədiləşdirir. Dünyanın başağardıcı, müvəqqəti və ehtimal verilən arzularını zəkat vermək yolu ilə qəti, daimi və başağrısız arzulara çevirmək olar.
15-Zəkat şirin həyatın səbəbidir
İmam Sadiq (ə) buyurub: “Əgər camaat öz vəzifələrinə əməl etsələr, şübhəsiz şirin həyat keçirəcəklər.” [5001]
16-Zəkat rahat yuxuya səbəbdir
İmama (ə) dedilər: “Filankəs yuxuda çətinliklər və xoşagəlməz hadisələrlə rastlaşır.”
İmam (ə) buyurdu: “Çünki o öz zəkatını doğru və düzgün yolda xərcləmir.” [5002]
17-Nöqsansızlıq, İslam və imanın kamillik nişanəsidir
“Zəkat vermək İslamınızın kamilləşməsidir.” [5003]
“. . . Hər kimdə altı şey olsa, imanı kamildir. . . və malının zəkatını vermək.” [5004]
İslam peyğəmbəri (s) həzrət Əliyə (ə) buyurur: “Möminlərin və bizim şiələrin əlaməti üç şeydədir: Namaz qılmaq, oruc tutmaq, zəkat vermək.” [5005]
18-Məktəbin möhkəmliyinin nişanəsidir
“Bəyyinə” surəsində namaz və zəkatın adını çəkəndən sonra buyurur: “Doğru-düzgün din budur!” [5006]
19-Zəkat vermək Allahın nemətinə şükürdür. Zəkat verən zəkatını ödəməklə özünün yoxsulluğunu aradan qaldırır [5007]
Quran buyurur: “O sizi seçdi və dində sizin üçün heç bir çətinlik qoymadı. O sizi müsəlman adlandırdı. Elə isə (bu seçimə, dinin asanlığına və İslam adlanmasına görə) namaz qılın və zəkat verin.” [5008]
[4978] Həşr surəsi, ayə 9; Təğabun surəsi, ayə 16.
[4979] Nurus-səqələyn, 5-ci cild, səh.346.
[4980] Camiul-əhadis, 9-cu cild, səh.48.
[4981] Vəsail, 6-cı cild, səh.6.
[4982] Əmali şeyx Tusi, 2-ci cild, səh.136.
[4983] Fürui Kafi, 4-cü cild, səh.62.
[4984] Bihar, 96-cı cild, səh.62.
[4985] Əla surəsi, ayə 14.
[4986] Bəqərə surəsi, ayə 276.
[4987] Camiul-əhadis, 9-cu cild, səh.52 və 69.
[4988] Camiul-əhadis, 9-cu cild, səh.49.
[4989] Camiul-əhadis, 9-cu cild, səh.50.
[4990] Camiul-əhadis, 9-cu cild, səh.65.
[4991] Camiul-əhadis, 9-cu cild, səh.33.
[4992] Əraf surəsi, ayə 156; Tövbə surəsi, ayə 71.
[4993] Maidə surəsi, ayə 12.
[4994] Ləyl surəsi, ayə 5, 6 və 7.
[4995] Vəsail, 6-cı cild, səh.10.
[4996] Maidə surəsi, ayə 12.
[4997] Tövbə surəsi, ayə 5.
[4998] Camiul-əhadis, 9-cu cild, səh.223.
[4999] Camiul-əhadis, 9-cu cild, səh.53.
[5000] Camiul-əhadis, 9-cu cild, səh.29.
[5001] Camiul-əhadis, 9-cu cild, səh.70.
[5002] Həmin mənbə, səh.273.
[5003] Kənzul-ummal, 6-cı cild, səh.96.
[5004] Camiul-əhadis, 9-cu cild, səh.45.
[5005] Camiul-əhadis, 9-cu cild, səh.35.
[5006] Bəyyinə surəsi, ayə 5.
[5007] Vafi, 10-cu cild, səh.51; Camiul-əhadis, 9-cu cild, səh.65.
[5008] Həcc surəsi, ayə 78.
NUR-AZ.COM


more post like this