Zəkəriyya (ə) və Yəhya(ə) :
Zəkəriyya peyğəmbər qocalmışdı. Amma evladı yox idi. Bir gün Beytül-müqəddəsdə ikən buyurdu: İlahi müqəddəs olan adları mənə söylə. Allah müqəddəs olan adları ona buyurdu. Gəlib Mühəmməd (s), Əli (ə), Fatimə (s) və Həsən (ə) -a çatdı. Bu adları dedikdən sonra Zəkəriyya (ə) buyurdu ki, bütün qəmlərim çəkildi və yüngülləşdim. Elə bil ki, dünyaya sanki, yenidən gəldim. Bundan sonra isə İmam Hüseyn (ə)- ın adı çəkildi. Hüseynin adı deyilərkən halım dəyişdi, boğazım qəhərləndi, məni ağlamaq tutdu. Dedim, İlahi bunlar kimilərin adlarıdır ki, hər birinin adı gələndə bir hala düşürəm. Hüseynin adına çatdıqda isə mənim vəziyyətim dəyişdi. Allah bu adlar haqqında bir-bir məlumat verir. Kərbəla hadisəsini Allah Zəkəriyaya bəyan etdikcə oda ağlayırdı. Sonra isə Zəkəriyya (ə) elə orada Allahdan xahiş edərək buyurur:
– «İlahi, mənə də bir oğlan ver və o, böyüdükdən sonra onu mənim əlimdən al! O da şəhid olsun və mənim də ürəyim Mühəmməd (s) -ın ürəyi kimi qəmlənsin.»
– Allah Zəkəriyyaya Yəhya adlı bir oğul verdi. Yəhya peyğəmbər (s) cavan ikən başı nizəyə vuruldu.
İmam Səccad (ə) nəql edir: “İmam Hüseyn (ə) (Kərbəla yolunda) heç bir yerdə atdan düşmədi, məgər o yerdə ki, böyük peyğəmbər olan Yəhya ibni Zəkəriyyanı (ə) öldürmüşdülər. Bir gün onu yada salaraq buyurdu: “Allah yanında dünyanın alçaqlığı elə onunla kifayətdir ki, Yəhya ibni Zəkəriyyanın (ə) başını Bəni-İsrayilin zinakarına bağışladılar””.
İmam (ə) başqa bir hədisdə bu hadisəni belə nəql edir: “Bəni-İsrailin (ə) padşahının arvadı çox qocalmışdı. Qızını şaha ərə vermək istəyirdi. Padşah bu mövzunu Yəhya ilə məsləhətləşir. Yəhya onu bu işdən çəkindirir. Padşahın arvadı bunu eşidir və qızını bəzəyib, şahın yanına göndərir. Şah da onunla evlənmək istəyir. Ancaq qız bir şərt qoyur və deyir ki, bunun üçün mənə Yəhyanın başını gətirməlisən. Şah təəcüb edir və başqa bir şey istəməyini xahiş edir. Ancaq qız deyir ki, istədiyim şey ancaq budur. Ona görə də şah onu öldürməyi qərara alır. Həzrəti öldürtdürür və başını qızıl təştə qoyur. Qızın yanına göndərir və az keçmir ki, torpaq qızı udur.
O yerdə ki, Yəhyanın başını basdırıblar, oradan qan axmağa başlayır. O zamana qədər ki, Bəni-İsrayildən çox zalımlar öldürürlər. Bu zaman qan dayanır”.
İmam (ə) sonda oğlu İmam Səccada (ə) buyurur: “Oğlum, Əli! Allaha and olsun ki, mənim də qanım aram olmayacaqdır o zamana qədər ki, Allah (övladım) Məhdini (ə) məbus edəcəkdir. O, kafir və fasiqlərdən 70 min nəfəri qətl edəcəkdir”.
İmamın (ə) Kərbəla yolunda söylədikləri çox dərin mənalı kəlamlar idi. İmamın (ə) Həzrət Yəhya (ə) haqqında danışmağı zalım və havapərəst şahların təqva və pak həyatla yaşayıb, onunla mübarizə aparanları şəhid etməsinə bir işarə idi. Pak başını napaklara hədiyyə etməsinə işarə edir.
Bu hədis onu göstərir ki, İmam (ə) şəhadətini ən xırda incəliklərinə qədər bilirdi. Onlar üçün danışaraq bu cəngavər və fədakar igidləri şəhadətə hazırlayırdı.
İmam Hüseyn (ə) bu hədisin sonunda bir cümlə işlədir: “Allaha and olsun ki, mənim də qanım aram olmayacaqdır o zamana qədər ki, Allah (övladım) Məhdini (ə) məbus edəcəkdir”. Bu cümlə hər il keçirilən Aşura müsibətinə işarədir. Bu həmin şeydir ki, hər il gözümüzlə görürük.
Yəhya peyğəmbərin başı kimə hədiyyə verildi?
Allah-təala Zəkəriyya peyğəmbəri qoca yaşlarında övladla müjdələdi. «Məryəm» surəsinin 7-ci ayəsində buyurulur: «Ey Zəkəriyya, sənə bir oğulla müjdə veririk ki, onun adı Yəhyadır. Biz bu adı əvvəllər heç kəsə verməmişik». Uyğun surənin 12-ci ayəsi Yəhyanın kimliyini bəyan edir: «Ey Yəhya, kitabdan bərk yapış! Biz, uşaq ikən ona hikmət verdik».
Yəhya peyğəmbərin ölümü də təvəllüdü kimi qeyri-adi oldu. Məsihi və müsəlman tarixçiləri bu şəhadəti belə təsvir edir: Yəhyanın yaşadığı dövrdə Fələstin padşahı nəfsinə uymuş zalım bir şəxs idi. O, öz qardaşı qızının gözəlliyinə vurulub, bu qızla evlənmək qərarına gəlmişdi. Əmisi kimi şeytana uymuş qız da, bu izdivaca çalışırdı. Bu xəbər Yəhya peyğəmbərə çatdı. Belə bir izdivacın ilahi qanunlara zidd olduğunu elan edən Yəhya, Fələstin padşahı ilə mübarizəyə başladı. Yəhyanın müxalifətçiliyindən xəbər tutan günahkar qız əmisinə dedi: «Yəhya bizim adımızı dillərə saldı. Bütün xalq bizdən danışır. Mən onun başından başqa hədiyyə istəmirəm».
Qızın eşqindən dəli-divanə olmuş padşahın gözləri tutuldu və Yəhyanın boynunu vurdurub, qıza hədiyyə etdi.
Hədislərə əsasən imam Hüseyn (ə) buyurmuşdur: «Dünyanın pisliyinə bax! Zalımlar Zəkəriyya oğlu Yəhyanın başını Bəni-İsraildən olan günahkar bir qadına hədiyyə etdilər».
Yəhya peyğəmbərin adı Quranda daha çox atası Zəkəriyyanın əhvalatlarında, o cümlədən “Ali-İmran”, “Ənam”, “Məryəm” və “Ənbiya” surələrində zikr olunubdur. Yalnız Məryəm surəsində ayrıca olaraq onun fəzilətlərindən söz açılıbdır. Bu surədə Yəhyaya bəxş olunan ilahi nemətlərdən söz açılır. Ali-İmran surəsində də Zəkəriyyaya oğlu Yəhyanın müjdəsini verərkən onun fəzilətlərindən bir neçəsi zikr olunubdur. Və bunlar: (Zəkəriyyanın əhvalatında dediyi kimi) O həzrətin İsaya (ə) imanı və onu təsdiq etməsi, Yəhyanın ağalıq və alicənablığı, onun evlənməkdən pərhiz etməsi və peyğəmbərlik məqamıdır.
Ali-İmran surəsində Allah-taala buyurur: “Allah sənə özü tərəfindən gələn kəlməni (İsanı) təsdiq edən, (tayfasına) ağa, nəfsinə hakim və əməli salehlər cərgəsindən bir peyğəmbər olacaq Yəhyanın (dünyaya gələcəyi) xəbərini müjdə verir”.
“Məryəm” surəsindəki ayələr bundan ibarətdir: “Ey Yəhya, bu kitabı (Tövratı) möhkəm tut. Hikmət və elmi uşaqlıqdan ona verdik. Mehr-məhəbbəti və paklığı öz tərəfimizdən ona əta etdik. O, pəhrizkar və ata-anasına xeyir verən idi. O, tərs və nadinc deyildi. Bizim salamımız (yəni salamatçılıq və əmin-amanlığımız) onun dünyaya gəldiyi gündən ölümünə və yenidən dirildiyinə qədər onunladır”.
İbn Abbas “Və atəynahul hukmə səbiyya” cümləsinin təfsirində deyir: -“Yəhya üç yaşında peyğəmbərlik məqamına çatdı”.
Əhli-Beyt (ə) rəvayətlərində Yəhyanın böyüklüyü və hikmətli şəxs olduğu barədə yazılır ki, onun yaşında olanlar dedilər: -“Gəl gedək oynamağa!” Yəhya onlara cavab verdi: -“Biz oynamaq yox, böyük işlər görmək üçün yaranmışıq.”
Əbu Həmzə Sumali “Və hənanən min lədunna” cümləsinin təfsirində yazır ki, İmam Sadiq (ə) buyurdu: -“Bu cümlədən məqsəd Allahın Yəhyaya lütf və mərhəmətinin nə qədər olmasıdır. Əbu Həmzə deyir ki, mən imamdan Allahın ona nə qədər məhəbbət bəsləməsi barədə soruşanda o, belə buyurdu: -“Allahın ona o qədər mərhəməti var idi ki, Yəhya “ya Rəbb” deyəndə, Allah onun cavabında “Ləbbeyk ya Yəhya” (hazıram ey Yəhya) buyurardı.
“Vələm yəkun cəbbarən əsiyya” cümləsinin təfsirində şiə və sünni mühəddisləri Məhəmməd (s) Peyğəmbərdən bu rəvayəti nəql edirlər: “Yəhya heç vaxt ömründə günah etmədi.”
Şeyx Səduq “Uyun” və “Xisal” kitablarında yazır ki, İmam Rza (ə) “Və səlamun ələyhi yəvmə vulidə və yəvmə yəmutu və yəvmə yub`əsu həyya” ayəsinin təfsirində belə buyurub: -“İnsanların ən vəhşətli və qorxulu vaxtları üç yerdədir. Birincisi, anadan olub bu dünyaya qədəm qoyan gün, ikincisi, ölüm günü və üçüncüsü Qiyamət gününün çətinlikləri. Allah taala bu şərif ayədə həmin üç vaxtda Yəhyanın salamat və rahatçılıqda olacağını xəbər verir. Necə ki, həzrət İsanı (ə) da həmin vəhşətlərdə rahat olacağını xatircəm edir. “Məryəm” surəsində buyurur: “Doğulduğum gün, öldüyüm gün və Qiyamət günü mənə salamatçılıq ver.”
İbni Abbas, Allah Təalanın Rəsulullaha (s.ə.s) belə vəhy etdiyini nəql edir:
“Yəhya ibni Zəkəriyyənin qanı üçün yetmiş min adam öldürdüm; Hüseynin qətli üçünsə bunun iki misli adam öldürəcəyəm.”
Cəlaləddin Siyuti, İbrahim və Zeyd ibni Ziyaddan nəql etmişdir ki: “Səma tək Hz. Yəhya peyğəmbər (ə.s) və İmam Hüseyn (ə.s) üçün ağladı. Ağlaması isə onda olan qırmızılıqdır. Hz. Yəhya (ə.s) öldürüldüyündə, səma qırmızılaşdı və göydən qan damladı; Hz. Hüseyn (ə.s) də öldürüldüyündə, səma qırmızılaşdı.”


more post like this