Günorta və ikindi namazlarının vaxtı
Məsələ 672: Günorta və ikindi namazlarının vaxtı günortadan günəşin qürub vaxtınadəkdir. Bu vaxt günəşin səmanın tən ortasından qüruba doğru hərəkəti ilə başlayır. Günorta namazının vaxtının müəyyənləşdirmək üçün ən yaxşı üsul hamar yerdə düz bir çubuq basdırmaqdır. Səhər günəş doğanda bu çubuğun kölgəsi qüruba doğru uzanır. Günəş qalxdıqca kölgə də kiçilir. Kölgənin ən qısa vaxtı günorta sayılır. Sonra çubuğun kölgəsi gündoğana doğru uzanmağa başlayır. Amma Məkkə kimi bə’zi şəhərlərdə arabir günortalar kölgə tamamilə itir. Günəş hər tərəfə eyni dərəcədə şüalanır. Belə məntəqələrdə kölgə itib yenidən görünən zaman günorta və ikindi namazlarının vaxtı başlayır. Diqqətli olmaq lazımdır ki, günorta saatla başlamır. Bə’zilərinin saat on ikini günorta sayması düzgün deyil.
Məsələ 673: Günorta və ikindi namazlarının xüsusi və müştərək vaxtı var. Günorta namazının xüsusi vaxtı günortadan başlayır və dörd rəkət namaz vaxtınadək davam edir. İkindi namazının xüsusi vaxtı qüruba ikindi namazı həddində vaxt qalanadəkdir. Günorta namazı həmin vaxtadək qılınmasa qəzaya getmişdir və ikindi namazı qılınmalıdır. Göstərilən iki vaxt arasındakı vaxt günorta və ikindi namazlarının müştərək vaxtıdır.
Məsələ 674: Günorta namazını qılmamış səhvən ikindi namazını başlayarsa və namaz əsnasında yada düşərsə, bu hal müştərək vaxtda yarandıqda niyyəti dəyişmək olar. İnsan qəbul edir ki, həmin məqamadək qıldığı günorta namazı olub və bu qayda ilə namaza davam edir. Günorta namazını başa vurduqdan sonra ikindi namazı qılınır. Amma bu hal günorta namazının xüsusi vaxtında yaranarsa namaz batildir və yenidən qılınmalıdır.
Şam və xiftən namazlarının vaxtı
Məsələ 675: Günəş üfüqdə itdikdən sonra qürub başlayır. Ehtiyat budur ki, insan günəşin qürubundan sonra başı üzərində yaranmış qızartının ötüb keçməsini gözləsin. Qürub vaxtı şam və xiftən namazlarının vaxtı başlayır və bu vaxt gecə yarıyadək davam edir.
Məsələ 676: Şam və xiftən namazlarının da xüsusi və müştərək vaxtı var. Şam namazının xüsusi vaxtı qürubdan başlayır və üç rəkət müddətində davam edir. Müsafir xiftən namazını tam şəkildə həmin vaxtda qılarsa səhvən olsa belə, namazı batildir. Xiftən namazının xüsusi vaxtı gecə yarıya dörd rəkətlik vaxt qalandan başlayır. Bir şəxs bilərəkdən şam namazını həmin vaxtadək yubatsa namazı qəzaya getmişdir və xiftən namazını qılmalıdır. Qeyd olunan iki vaxt arasındakı vaxt müştərək sayılır. Həmin vaxtda bir şəxs səhvən xiftən namazını şam namazından qabaq qılarsa və sonradan bunu başa düşərsə, namazı düzgündür və şam namazını qılmalıdır.
Məsələ 677: Xüsusi və müştərək vaxtın ölçüsü ayrı-ayrı insanlar üçün fərqlənə bilər. Məsələn, bu miqdar günorta, ikindi və xiftən namazlarına münasibətdə müsafir üçün iki rəkət, qeyri müsafir üçün dörd rəkətdir.
Məsələ 678: Əgər diqqətsizlik və ya unutqanlıq səbəbindən şam namazı qılmamış xiftən namazına başlanılsa və namaz əsnasında bu Məsələdən xəbər tutulsa, niyyəti şam namazına çevirmək lazımdır. Yalnız dördüncü rəkətə daxil olduqdan sonra bu mümkün deyil. Belə bir halda xiftən namazı başa vurulduqdan sonra şam namazı qılınır.
Məsələ 679: Xiftən namazının vaxtı gecə yarıyadəkdir. Vacib ehtiyat budur ki, qürub vaxtından sübh azanınadək olan vaxt gecə sayılsın. Gecə namazına vaxt tə’yin edərkən həmin vaxt qürubdan gün doğanadək hesablanır.
Məsələ 680: Bir şəxs bilərəkdən şam və xiftən namazlarını gecə yarıyadək qılmasa, onların vaxtı keçmişdir və qəzası qılınmalıdır. Amma üzürlü səbəbdən qıla bilməmişsə, sübh namazınadək qıla bilər və namazı vaxtında qılınmış (əda) sayılır.
Sübh namazının vaxtı
Məsələ 681: Sübh azanının vaxtı (namaz və oruc üçün) aylı və aysız gecələrdə eynidir. Bu işdə me’yar ay işığında görünməsə belə üfüqdə şəfəq nurunun zahir olmasıdır. Sübh namazının vaxtı fəcr tülusunun əvvəlindən (birinci fəcr) başlayır, günəş doğanədək, sübh ağartısına (ikinci fəcr) qədər davam edir. Sübh namazını hava işıqlanmamış, birinci sübhün qaranlığında qılmaq daha yaxşıdır.
həzrət Ayətullahül-üzma Məkarim Şirazinin Şəriət risaləsi

 

 


more post like this