Seyyid ibn Tavus deyir: 641-ci il (h.q.) cəmadiüs-sani ayının iyirmi yeddisi, cümə axşamı Həzrət Əlinin (ə) müqəddəs hərəmini ziyarət etdikdən sonra Hilləyə, öz şəhərimə qayıtdım. Cümə günü Həsən ibn Əli Əlbiqli adlı tanışlarımdan biri gəlib dedi: İmam Zamanla görüşdüyünü iddia edən Əbdülmöhsün adlı bir nəfər gəlib sizi görmək istəyir. Qonağı hörmətlə qarşılayıb evə də`vət etdim.

 

Cəmadiüs-sani ayının iyirmi səkkizi, şənbə gününün axşamı qonaq-qara dağılışandan sonra aranı xəlvət görüb qonaqla söhbətə başladıq. Bir az söhbətdən sonra onun e`tibarlı adam olduğunu bildim. Sözləri əsla şəkk-şübhə doğurmurdu. O, başına gələnləri mənə belə danışdı: Əslim “Hüsni-bəşər” deyilən yerdəndir. Amma Dulab yurduna köçüb orada ticarətlə məşğul oluram. Bir zamanlar “Divani-Sərair” deyilən yerdən taxıl alırdım. Səfərlərimin birində yenə də mal almaq üçün həmin məntəqəyə yollandım. Axşam Müdiyyə qəbiləsinin yanında qalmalı oldum. Bu qəbilənin məskunlaşdığı yer “Mücrə” adlanır. Gecə yarısı ibadət üçün yuxudan qalxdım. Su üçün çölə çıxdım. Amma onların suyu haradan gətirdiklərini bilmirdim. Yaxınlıqda su quyusu gözə dəymirdi. Şərqə doğru uzaqda bir arxın olduğunu bilirdim. Əlacsız qalıb həmin səmtə yollandım. Bir qədər yol gedəndən sonra anladım “Təllis-səlam” deyilən yerdə – Kərbəla yolunun üstündəyəm. O gecə cümə axşamı, 641-ci il cəmadiüs-sani ayının on doqquzu idi. (Seyyid ibn Tavus deyir: Həmin gecə mən qardaşım Seyyid Məhəmməd Avi ilə birlikdə Həzrət Əlinin (ə) qəbri kənarında idik. O gecə çoxlu mə`nəvi feyz alıb mükaşifələr gördük.) Bu anda gözlənilmədən, haradansa bir atlı peyda oldu. Qəribə idi, onun nə vaxt, necə gəldiyini hiss etmədim. Ay işığı olsa da, duman hər yeri bürümüşdü. Atlının əynində ağ libas vardı. Başına əmmamə sarımış, belinə qılınc bağlamışdı. Məndən soruşdu: Camaatın vaxtı necədir? (Dövran necə keçir?)

 

Elə bildim ki, indiki vaxtı soruşur. Dedim: Dünyanı duman bürüyüb. Dedi: Onu soruşmuram. Sual etdim, camaatın vəziyyəti necədir? Dedim: Camaat – hər kəs öz vətənində, malının, sərvətinin kənarında əmin-amanlıqla yaşayır. Dedi: İbn Tavusun yanına gedib bu xəbəri (mə`xəzdə Həzrətin tapşırığı qeyd olunmayıb) ona çatdırarsan.

 

Seyyid ibn Tavus deyir: Əbdülmöhsün Həzrətin (ə) tapşırığını mənə çatdırdı və ondan soruşdum ki, Həzrət (ə) başqa bir şey buyurmadı? Dedi: Həzrət (ə) sonra buyurdu: Həqiqətən də və`d edilən vaxt yaxınlaşmışdır!

 

Bu vaxt bir anlıq zehnimdən keçdi ki, olmaya bu şəxs mövlamız Sahibəzzamanın özüdür? Bihuş olub özümdən getdim. Səhərə qədər bihuş vəziyyətdə qaldım.

 

Əbdülmöhsündən soruşdum: Haradan bildin ki, onun dediyi İbn Tavus mənəm? Dedi: Mən, Tavus övladları arasında sizdən başqa kimsəni tanımıram. Həzrət (ə) bunu söyləyəndə, ağlıma sizdən başqa kimsə gəlmədi.

 

Dedim: Həzrətin “Həqiqətən də və`d edilən vaxt yaxınlaşmışdır!” – sözündən o vaxt nə başa düşdünüz? Ölümün yaxınlaşmağı, yoxsa zühurun yaxınlaşmağını deyirdi? Əbdülmöhsün dedi: Mən belə başa düşdüm ki, zühurunun vaxtını deyir. Dedim: Bu barədə məndən başqa kimsəyə bir söz demisən? Dedi: Bəli. Müdiyyə yurdundan çıxanda, bir dəstə adam məni görüb elə bildilər ki, yolu azıb həlak olmuşam. Çünki halım özümdə deyildi. Qayıdanda, iki gün tamam – çərşənbə və cümə axşamı düşdüyüm qeyri-adi hal çöhrəmdən çəkilmədi.

 

Ona dedim: Bundan sonra həmin sirli səhər haqqında kimsəyə danışma. Sonra ona peşkəş olaraq müəyyən şeylər bağışlamaq istəm də, qəbul etmədi. Dedi: Mənim başqasının köməyinə ehtiyacım yoxdur. İsrar etməyib dincini alsın deyə ona yataq hazırladım. Qonaq öz yatağına çəkiləndə, mən də otağı tərk edib yatmağa hazırlaşdım. Yuxuya getməzdən qabaq Allaha yalvarıb həmin gecənin həqiqətini daha aşkar şəkildə mənə ə`yan etməsini istədim. Yuxuda mövlamız İmam Cəfər Sadiqi (ə) gördüm. İmam böyük bir hədiyyə ilə mənim yanıma gəlmişdi. Yuxuda mənə belə ə`yan oldu ki, imamın hədiyyəsinin mənim yanımda olmasına baxmayaraq, sanki mən o hədiyyənin qədrini bilmirəm. Bu anda yuxudan ayıldım. Allaha həmd-səna edib gecə namazına hazırlaşmağa başladım. Xidmətçi dəstəmaz almaq üçün aftafa-ləyən gətirdi. Aftafanı qaldırdım ki, ovcuma su töküm, amma su tökülmədi. Elə bil, kimsə aftafanın lüləsini tutub geri qaldırır, bununla dəstəmaz almağıma mane olurdu. Öz-özümə dedim ki, yəqin suya nəcis bir şey dəyib, Allah mənim napak su ilə dəstəmaz almağımı istəmir. Xidmətçini səsləyib dedim: Aftafanı haradan doldurmuşdun? Dedi: Arxdan. Dedim: Ola bilsin, suya haradansa nəcis dəyib. Apar aftafanı pakla, yenidən doldur gətir.

 

 

 

 

 

Mərhum Əllamə Məclisi (eləcə də mərhum Şeyx Abbas Qumi) atasından “Yəmani hirzi” duasının arxasınca belə bir əhvalat nəql edir:

 

Bu “hirz”i Əmir İshaq Əstərabadi Allahın yer üzündəki xəlifə və canişini İmam Zaman (ə)-a istinadən nəql edir ki, onun yazılma əhvalatı belədir:

 

Seyyid İshaq Əstərabadi deyir ki, bir dəfə Məkkə yolunda karvandan geri qaldım. Yorğunluq bir tərəfdən, sıxıntı və susuzluq da digər tərəfdən məni sağ qalacağıma ümid yeri qoymadı. Bunun üçün də qibləyə tərəf uzanıb kəlməyi-şəhadətimi oxumağa başladım. Bir də gördüm ki, ağam və sərvərim, Allahın yer üzündə bütün insanlar üçün tə`yin etdiyi xəlifə və canişini Sahibəzzəman (ə) başımın üzərində dayanıb mənə deyir: Ey İshaq! Qalx ayağa. Mən ayağa qalxdım, amma çox susuz idim. İmam Zaman (ə) mənə su verib sirab etdi və sonra öz atına mindirib birlikdə yola düşdük. Mən yolda Yəmani duasını oxumağa başladım və səhv etdiyim yerlərdə İmam Zaman (ə) səhvlərimə düzəliş verirdi.

 

Bir də gördüm ki, Məkkənin Əbtəh adlanan məntəqəsindəyəm. İmam Zaman (ə) məni atından düşürüb bir göz qırpımında görünməz oldu. Karvanım isə Məkkəyə düz, doqquz gündən sonra çatdı. Məkkə camaatı arasında mənim oraya təyyül-ərzlə gəldiyim yayıldığı üçün özümü onlardan gizlətməyə çalışırdım.

 

Mərhum Məclisi yazır: Həmin seyyid dörd dəfə həcc ziyarətinə getmişdir. Kərbəladan Məşhədə İmam Rza (ə)-ın ziyarətinə getdiyi zaman onunla görüşə nail oldum və onda bir çox kəramətlər gördüm. Həmin kəramətlərdən biri də onun İsfahanda yuxuda əcəlinin yaxınlaşdığını və tezliklə dünyasını dəyişəcəyini görməsi idi. Həmin ərəfədə o mənə dedi: Əlli ildir Kərbəlanın yaxınlığında məskən salmışam ki, orada dünyamı dəyişim.

 

Borcları haqda mənə danışdı ki, onlardan biri də həyat yoldaşının mehriyyəsi idi. O, istəyirdi ki, həmin məbləği Məşhəddə ona o qədər borcu olan şəxsdən alsın. Dostlardan bə`ziləri bundan xəbər tutub həmin məbləği ona verdilər. Sonra biz bir nəfər şəxsi də ona qoşaraq birlikdə Kərbəlaya yola saldıq.

 

Həmin şəxs sonralar nəql edirdi ki, yolda o özünü çox yaxşı hiss edirdi. Amma Kərbəlaya çatıb borcunu verdikdən sonar xəstələnib dünyasını dəyişdi. Allah ona rəhmət etsin.

 

İMAM ZAMANLA GÖRÜŞƏNLƏR – kitabında…

 

 

 


more post like this