Rəziyyəddin Məhəmməd ibn Məhəmməd Avi öz dövrünün böyük alimi, yüksək mə`nəvi məqam sahibi olmuşdur. O, həzrət Mehdi (ə) ilə görüşə nail olan kəslərdən biridir. Seyyid Məhəmməd Avi həm də Seyyid ibn Tavusun səmimi dostu olub. Seyyid ibn Tavus onu özünə qardaş seçmiş, müxtəlif yerlərdə Seyyid Məhəmməd Avidən söz düşərkən, ona “saleh qardaş” deyə müraciət etmişdir. Həmçinin “rical” alimləri onu mö`təbər sayıb tə`rifləmişlər. “Əməlül-amal” kitabında Seyyid Məhəmməd Avi haqqında deyilir: “Seyyid Rəziyyəddin Məhəmməd ibn Məhəmməd Avi (Ələvi Hüseyni) möhtərəm və mö`təbər alimlərdən olub atası Məhəmməddən və Seyyid ibn Tavusdan rəvayət nəql edir…”[20] Tanınmış mühəddis Şeyx Abbas Qumi “Əl-Küna vəl-Əlqab” kitabında yazır: “Seyyid Məhəmməd Avi abid, zahid, saleh, məqamı ali, kamalı yetkin şəxs və Seyyid ibn Tavusun yaxın dostlarından olmuşdur. Seyyid ibn Tavus öz kitabında onu “saleh qardaş” ünvanı ilə yad etmişdir. Bə`zi istixarələrin sənədi ravilər silsiləsində ona gedib çatır…”[21] Seyyid ibn Tavus “Məcməüd-dəəvat” (dualar toplusu) kitabında yazır: “Dostum və qardaşım Məhəmməd ibn Avinin mənə xəbər verdiyi dualardan biri də “İbrət” duasıdır. O, bu dua haqqında qəribə əhvalat da nəql edir.”

 

Şeyx Sə`dəddin Yusif Hilli, Məhəmməd Avidən nəql edərək deyir: Sultanın əmirlərindən birinin fərmanı ilə uzun müddət idi ki, həbsxanaya atılmışdım. Həbsdə günüm çox ağır keçirdi. Günlərin bir günü yuxuda İmam Zamanı (ə) gördüm. Çoxlu ağlayıb-sızlayandan sonra ərz etdim: Ey mövlam! Məni bu zalım dəstənin əlindən xilas etməyə şəfaətçi ol. Həzrət buyurdu: İbrət duasını oxu. Mən dedim: İbrət duası hansıdır? Dedi: Misbah kitabına baxsan, bu duanı orada taparsan. Bu an yuxudan qalxdım. Sübh namazını qılıb “Misbah” kitabını açdım. Kitabın arasında bir kağız var idi. Dua orada yazılmışdı. Həmin duanı, düz qırx dəfə oxudum.

 

Məni həbsə saldıran əmirin iki arvadı vardı. Onlardan biri ağıllı və tədbirli qadın idi. O qadın əmirlə görüşəndə ona deyir: Əli (ə) övladlarından kimisə həbs etmisənmi? Əmir deyir: Niyə bunu soruşursan? Qadın deyir: Bir gecə yuxuda üzündən nur yağan bir şəxs gördüm. İki barmağı ilə mənim hülqumumdan yapışıb dedi: Sənin ərin mənim övladlarımdan birini tutub zindana salıbdır. Ona olmazın əziyyətlər verir. Dedim: Ey ağam, siz kimsiniz? Dedi: Mən Əli ibn Əbu Talibəm. Ərinə de ki, əgər onu azad etməsə, bilsin ki, evini başına uçuracağam!

 

Onun bu yuxusu hər yerə yayılır və hətta sultanın qulağına çatır. Sultan deyir: Mənim bu məsələdən xəbərim yoxdur. Ona deyirlər ki, tutulmasına əmr etdiyiniz ələvi indi zindandadır. Deyir: Tez onu azad edin. Özünə də bir at bağışlayın və yolu da göstərin çıxıb getsin.[22]

 

İMAM ZAMANLA GÖRÜŞƏNLƏR – kitabında…

 

 

 


more post like this