Kilsə məsihiliyinə əsasən yalnız insan əli ilə toxunmamış, tam etiqad göstəriləsi kitablar müqəddəs kitab adlandırıla bilər. Belə bir kitab Ruhul-qüds tərəfindən ilham edilməlidir. Amma bizim nəzəriyyəmizcə, yalnız həqiqi İncildə belə bir müqəddəslik olmuşdur. Öncə işarə etdiyimiz kimi, hazırda ixtiyarımızda müqəddəs kitabların əsil nüsxəsi yoxdur. Yeni əhd və Qədim əhd müqəddəs kitablarının həqiqi nüsxələrinin qalmadığını etiraf etməliyik.

Əldə olunan İlahi kitabların təhrif olunub-olunmaması məsihi və qeyri-məsihi alimlər tərəfindən neçə əsrlərdir ki, araşdırılır. Uyğun kitabı qələmə alanlar haqqında heç bir mötəbər sənəd yoxdur. Digər bir tərəfdən mətnlərin məzmunu arasında rabitəsizlik diqqəti çəkir. Vil Dorant yazır: “İnanmaq olmur ki, dördüncü Yuhanna İncili və Mükaşifə kitabı eyni bir şəxs tərəfindən yazılmışdır. Mükaşifə kitabı yəhudi şerindən, dördüncü İncil yunan fəlsəfəsindən qaynaqlanır.”[1] Professor Velon yazır: “Heç şübhəsiz Yuhanna İncili başdan-başa hansısa İsgəndəriyyə mədrəsəsinin tələbəsi tərəfindən dəyişdirilmişdir.”[2]

Miladi 384-cü il Papa Damasius göstəriş verdi ki, Yeni əhd və Qədim əhd kitablarının tərcüməsi latın hərfləri ilə yazılsın. Belə ki, bu kitablar kilsələrdə qanun şəklində istifadə edilsin. Uyğun tərcümələr “fulqana” adı ilə tanındı. Bu kitabı tərtib etmiş Hirunimus İncilləri imkan həddində uyğunlaşdırmaq üçün 3500 cümləni islah etməyə məcbur oldu.[3]

QURAN BAXIMINDAN İKİ ƏHD (YENİ VƏ QƏDİM) KİTABLARININ TƏHRİFİ

Ayə və rəvayətlərə müraciət etdikdə məlum olur ki, bir çox müqəddəs kitablar təhrif edilmişdir. Bu kitablara sözlər artırılmış, bəzi sözlər çıxarılmış, bəzən məna dəyişikliyi aparılmışdır. Başqa sözlə, müqəddəs kitablar yanlış şəkildə yozulmuşdur. Mövcud kitabların da əksəriyyəti dəyişdirilmişdir. Yazıçılar öz sözlərini müqəddəs kitab, Allahın göndərişi adı ilə xalqa təqdim etmişlər. Ayə və rəvayətlər əsasında bu təhrifi bir neçə yolla sübuta yetirmək olar:

1. Bəzi ayə və rəvayətlər uyğun kitabların təhrif olunduğunu aşkar şəkildə bildirir. Allah-taala buyurur: “Onlar (yəhudilər) arasında elələri var ki, (ilahi) kitabı oxuyarkən dillərini dolaşdırır, kitabın müqəddəsliyi ilə bağlı təsəvvür yaradırlar. Hansı ki, kitab (ilahi) deyil. (Qətiyyətlə) Deyirlər: “Bu Allah tərəfindəndir. Hansı ki, Allah tərəfindən deyil və bilərəkdən Allaha iftira yaxırlar.”[4] “Vay olsun, bir şeyi öz əli ilə yazıb sonra  “bu Allah tərəfindəndir” deyənə.”[5]

Həzrət Əli (ə) buyurur: “Musa və İsadan sonra Tövrat və İncil dəyişdirildi. İfadələr və sözlər əvəz olundu. Allah da onların qəlbini kor etdi. Qəlbləri kor edildiyindən artırılmış və təhrif olunmuş sözlər qoyub getdilər. İşi dolaşığa salmaları, həqiqəti gizlətmələri onları rüsvay etdi.”[6]

2. Müqəddəs kitablarda təhrifə yol verildiyini başqa ayələr də təsdiqləyir. Allah-taala buyurur: “Bir vaxt Allah Məryəm oğlu İsaya buyurdu: “Sənmi xalqa demisən ki, səni və ananı Allahdan əlavə iki məbud seçsinlər?!”[7] Başqa bir ayədə oxuyuruq: “Allahın göndərdiklərindən “Ümmiy” (məktəb görməmiş) peyğəmbərə tabe olarlar. O peyğəmbərin kimliyi onların əlində olan Tövrat və İncildə bildirilib. . . “[8]

Ayələrdən aydın olur ki, Yeni əhd və Qədim əhd kitablarında İslam peyğəmbərinin sifətləri aşkar şəkildə bəyan olunmuşdur. Hansı ki, bugünkü müqəddəs kitablarda uyğun ifadələrlə rastlaşmırıq.

Yeni əhd və Qədim əhd kitablarında təkcə Qurani-kərimlə yox, ümumiyyətlə ağıl və fitrətlə bir araya sığmayan müddəalar var. Məsələn, təslis (üç məbud), çarmıx və fəda, tənasüx . . .
Əliəsğər Rizvani

[1] “Tarixi-təməddon”, 3-cü cild, səh.695.

[2] “İzharul-həqq”, səh.77.

[3] “Təfsiri əl-Minar”, 4-cü cild, səh.36.

[4] Ali İmran surəsi, ayə 78.

[5] Bəqərə surəsi, ayə 79.

[6] Biharul-ənvar, 92-ci cild, səh.43.

[7] Maidə surəsi, ayə 116.

[8] Əraf surəsi, ayə 157.

 

islammektebi.org


more post like this