Seyyid Həsən Əbtəhi deyir: Atam Hacı Seyyid Rza Əbtəhi (Allah ona rəhmət etsin) Məşhəddə “nüdbə” duasının oxunmasına səbəb olan belə bir əhvalat söyləyir ki, onu özünün və bə`zi alimlərin e`timad etdiyi bir isfahanlı tacir danışıbmış:

 

“Evimin böyük otaqlarından birini “hüseyniyyə” edib əksər hallarda orada rövzəxanlıq edirdim. Bir gün yuxuda gördüm ki, evdən çıxıb bazara tərəf gedirəm. Amma İsfahan alimlərindən bə`ziləri bizim evimizə tərəf gəlirlər. Onlar mənə çatdıqda dedilər: Hara gedirsən? Məgər bilmirsənmi bu gün evində rövzə oxunacaq? Dedim: Xeyr, bu gün bizim evimizdə rövzə oxunmayacaq. Onlar bir daha dedilər: Niyə, bu gün sizin evinizdə rövzə oxunacaq və biz də ora gedirik. Həzrət İmam Zaman (ə) da oradadır. Mən tez evimə tərəf qayıtmaq istədim. Onlar məni səsləyib dedilər: Evə ədəb-ərkanla daxil ol. Mən də evə çatıb ədəb-ərkanla daxil oldum. Gördüm ki, hüseyniyyədə bir neçə alim var və İmam Zaman (ə) da məclisin yuxarı başında əyləşmişdir. İmam Zaman (ə)-ın qiyafəsinə nəzər saldıqda, mənə elə gəldi ki, əvvəllər onu hardasa görmüşəm. Bunun üçün də ona yaxınlaşıb soruşdum: Bağışlayın mən sizi harada görmüşəm? Buyurdu: Bu il Məkkədə, gecə yarısı Məscidül-Həramda. Sən mənim yanıma gəlib paltarlarını yanımda qoyduğun zaman sənə dedim ki, açarlarını paltarlarının altına qoy.

 

Bəli, Həzrətin dediyi kimi də olub. Bir gün Məkkədə yuxum qaçdığından öz-özümə dedim: Yaxşı olar ki, Məscidül-Hərama gedib gecəni orada ibadətlə keçirim. Məscidül-Hərama daxil olub ətrafa nəzər saldım, e`timad olunan bir şəxs axtarırdım ki, paltarlarımı onun yanında qoyub dəstəmaz almağa gedim. Gördüm ki, küncdə münasib bir şəxs oturub, onun yanına gedib salamlaşdım və paltarlarımı onun yanında qoymaq istədiyimi bildirdim. O da razı oldu. Açarlarımı paltarların üstün qoymaq istədikdə buyurdu: Açarları paltarların altına qoy. Mən də onun dediyi kimi etdim. Açarları paltarlarımın altına qoydum və gedib dəstəmaz aldım. Qayıtdıqdan sonra səhərə qədər onun yanında ibadətlə məşğul oldum. Amma bütün bu müddət ərzində onun fədası olduğum İmam Zaman (ə) olduğuna ehtimal belə vermədim. Amma yuxuda o həzrətdən soruşdum: Sizin zühurunuz nə zaman baş verəcək? Buyurdu: Yaxındır. Şiələrimizə de ki, cümə günləri “nüdbə” duasını oxusunlar.”

 

Bu görüş əsasən, İmam Zaman (ə) istəyir ki, onun dost və aşiqləri heç olmasa cümə günləri bir-birlərinin kənarında diz üstə əyləşib, göz yaşları tökərək “haradadır İmam Zaman (ə)?” – desinlər. Desinlər: “Haradadır Kərbəlada öldürülənin intiqamını alan? Ata-anam sənə fəda, canım sənə sipər olsun! Ey Əhmədin oğlu, səninlə görüşmək üçün bir yol varmı? Nə vaxt sən bizi görəcək və nə vaxt biz səni görəcəyik? Bir halda ki, zəfər bayrağın artıq ucalmışdır. Mümkünmü ki, gəlişinlə gözlərimizin yaşı qurusun və sən insanları öz ətrafına toplayıb yer üzündə haqq-ədaləti bərqərar edəsən?…”

 

İMAM ZAMANLA GÖRÜŞƏNLƏR – kitabında…

 

 

 


more post like this