Gözəl əxlaqa malik olduqdan sonra yaşadığı cəmiyyətdə hər bir şəxsə zəruri olan xüsusiyyətlərdən biri də təvazökarlıqdır. Allah-taala əməli-saleh insanların məziyyətlərini sadalayarkən təvazökarlığı ən mühüm xüsusiyyətlərdən biri kimi göstərir.
Furqan surəsinin 63-cü ayəsində buyurulur:
«Rəhmanın [əsil] bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə təvazökarlıqla gəzər, cahillər onlara söz atdıqları [xoşlarına gəlməyən bir söz dedikləri] zaman onlarla gözəl, yumuşaq danışarlar».
Göründüyü kimi, ayədə göstərilən təvazökarlıq hər bir əməli-saleh insanın yol getdiyi zaman özündən büruzə verdiyi ən başlıca xüsusiyyətdir. Çünki, insan yol gedərkən özündən asılı olmayaraq batini xüsusiyyətlərini nümayiş etdirir. Belə ki, hər bir təvazökar və ya təkəbbürlü insanı onun rəftarından, yol getməyindən və ya oturub-durmasından tanımaq olar.
Bu səbəbdən də Әli (ə) təvazökarlığı pəhrizkar və əməli-saleh insanların səciyyəvi xüsusiyyəti kimi qiymətləndirib buyurur:
«Pəhrizkarlar təvazökarlıqla yol gedərlər».
Başqa bir ayədə Allah-taala mö᾽minlərə dindən çıxdıqları və ya uzaq düşdükləri təqdirdə onları başqa bir qövm ilə əvəz edəcəyi haqda xəbərdarlıq edib buyurur:
«Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, [bil ki] Allah [onun yerinə] elə bir tayf gətirər ki, Allah onları, onlar da Allahı sevərlər. Onlar mö᾽minlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar…»
Peyğəmbər (s) təvazökarlığı insanın vüqar və baş ucalığı hesab etmişdir:
«Həqiqətən təvazökarlıq insana baş ucalığı və yüksək məqam nəsib edir. Elə isə təvazökar olun ki, Allah-taala sizləri başı uca və vüqarlı etsin».
Başqa bir yerdə buyurulur:
«Hər kəs Allaha xatir təvazökarlıq etsə, Allah-taala onu vüqarlı edər; həmən şəxs özünü nə qədər zəif hesab edərsə, camaatın nəzərində bir o qədər ucalar və hamının rəğbətini qazanmış olar».
Imam Sadiq (ə) buyurur:
«Loğman oğluna tövsiyə edərək buyurdu: Təvazökarlıqdan böyük insana vüqar və başı ucalıq gətriən bir şey yoxdur. Təvazökar insan, Allah qarşısında ən yüksək məqama nail olar».
«Allahın mələklərindən ikisi daim insanlara nəzarət edərlər. Allaha görə təvazökarlıq edənlərin məqamını yüksəldər, təkəbbür və lovğalıq edənləri isə xar və rüsvay edərlər».
Peyğəmbər (s) və Mə᾽sum imamlardan (ə) təvazökarlığa dair bir çox hədis və rəvayətlər nəql olunmuşdur və biz burada onlardan bir neçəsini gətirməklə kifayətlənirik.
Imam Әli (ə) buyurur:
«Şərəfli insanın zinəti təvazökarlıqdır».
«Təvazökarlıq şərəf və ucalığın zəkatıdır».
Imam Әli (ə) övladı imam Həsən Müctəbaya etdiyi tövsiyələrin birində buyurur:
«Sənə təvazökar olmağı tövsiyə edirəm. Çünki, təvazökarlıq ibadətlərin ən böyüyüdür».
Imam Həsən Әsgəri (ə) buyurur:
«Təvazökarlıq elə bir ne᾽mətdir ki, kimsə ona həsəd aparmayır».
Diqqət yetirmək lazımdır ki, təvazökarlıq dedikdə hər bir şəxsə layiqincə ehtiram etmək və özümüzü onlardan üstün tutmamaq nəzərdə tutulur. Bunu da nəzərdən qaçırmamalıyıq ki, təvazökarlıq yalnız Allaha xatir edilməli və bu işdə də ən başlıca məqsəd Allahın razılığını qazanmaq olmalıdır. Zalım, lovğa, kafir və müşrik şəxslərə gəldikdə isə, onların qarşısında əsla təvazökarlıq edilməməlidir.
Təvazökarlıq ayrı-ayrı şəxslərin daşıdığı ictimai mövqe, vəzifə və məqamına görə deyil, onların iman və təqvasına görə olmalıdır.
Peyğəmbər (s) və imam Sadiq (ə)-dan nəql olunmuş rəvayətdə deyilir:
«Varlıların var-dövlətinə xatir onların qarşısında təvazökarlıq edən şəxs dininin üçdə ikisini itirmiş olur».
Әli (ə) buyurur:
«Dövlətlilərin Allaha xatir [Onun razlığını əldə etmək üçün] yoxsulların qarşısında təvazökarlıq etmələri necə də gözəl xüsusiyyətdir. Ondan da yaxşı rəftar, yoxsulların Allaha arxalandıqları üçün, varlıların var-dövlətinə e᾽tinasız yanaşmalarıdır».
Islam dini iman və təqvadan savayı başqa bir yüksək me᾽yar tə᾽yin etmədiyi üçün, insanların var-dövlətlərinin və cəmiyyətdə tutduqları yüksək mövqelərinin qarşısında deyil, onların ali-mə᾽nəvi şəxsiyyətlərinin və təqvalarının qarşısında təvazökarlıq etmələrini tövsiyə edir. Bunu da nəzərə almalıyıq ki, hər şeydə olduğu kimi, təvazökarlıq etməkdə də həddi aşıb ifrat və təfritə varmamalıyıq. Çünki, təvazökarlıq həddindən artıq edildikdə insanın şəxsiyyətinə xələl gətirir və lazım olduğundan az edildikdə isə insanda lovğalıq və təkəbbür hisslərinin yaranmasına səbəb olur. Bu səbəbdən də təkəbbürdən qurtarmaqla yanaşı, həddindən artıq təvazökarlıq etməkdən də çəkinmək lazımdır. Qeyd etdiyimiz kimi, təkəbbürlü şəxslərin qarşısında təvazökarlıq etmək olmaz. Çünki, bu iş həmin şəxsin onların qarşısında kiçilməsinə, həm də onların daha da lovğa və təkəbbürlü olmalarına səbəb olur.
TӘVAZÖKARLIĞIN ӘLAMӘT VӘ LAZIMI HӘDDI
Təvazökarlığın əlamətlərini və hansı həddə olmasını bilmək üçün hər şeydən əvvəl Mə᾽sum imamlardan (ə) bu barədə nəql olunmuş rəvayətlərə diqqət yetirməliyik. Imam Riza (ə)-dan təvazökarlığın hansı həddə olmasını soruşduqda buyurur:
«Insanları sevdiyin qədər onlara qarşı təvazökar ol ki, onlar da sənə qarşı bir o qədər hörmət etsinlər».
Imam Sadiq (ə) buyurur:
«Təvazökarlıq ona deyilir ki, iştirak etdiyin məclis sənin səviyyəndən aşağı olsa belə, orada olmağına razı olasan; qarşılaşdığın hər bir şəxs ilə görüşüb hal-əhval tutasan; haqlı olsan belə, mübahisə etməkdən çəkinəsən; unutma ki, bütün xeyir və yaxşılıqlar təvazökarlıqdan irəli gəlir».
Başqa bir rəvayətdə buyurur:
«Insan pəhrizkar olduğuna görə başqalarının onu sevmələrinə can atmamalıdır».
TӘVAZÖKARLIĞIN NӘTICӘLӘRI
Təvazökarlığın müsbət nəticələrindən biri imam Musa Kazım (ə)-dan nəql olunmuş rəvayətdə belə izah olunur:
«Belə bir ilahi hikmət təvazökar insanın qəlbində özünə yer tapır, amma təkəbbürlü insanlar isə belə bir gözəl insani xüsusiyyətdən məhrumdurlar. Çünki, Allah-taala təvazökarlığı əql, təkəbbürü isə cəhl və nadanlıq üçün bir vasitə qərar vermişdir».
Buna oxşar başqa bir rəvayətdə deyilir:
«Günlərin bir günü Isa (ə) üzünü Həvarilərinə tutub buyurdu:
Bir istəyim var, əgər onu yerinə yetirəcəyinizə söz verirsinizsə, deyim.
Hamı bir nəfər kimi dedi: Hər nəyi əmr etsən tabe olacağıq. Isa (ə) ayağa qalxıb bir-bir onların ayaqlarını yudu. Həvarilər utandıqlarından xəcalət hissi keçirdilər. Lakin tabe olacaqlarına söz verdikləri üçün Isa (ə)-a bir söz demədilər. O da bir-bir onların ayaqlarını yuyub ayağa qalxdı. Həvarilər dedilər:
Sən bizim müəllimimiz və tərbiyəçimizsən, yaxşı olardı ki, biz sənin ayaqlarını yuyaq.
Isa (ə) buyurdu:
Bu işi görməklə insanlara xidmət etməyin ən xeyirxah iş olduğunu demək istəyirdim. Bu işlə həm özüm təvazökarlıq etmiş oldum, həm də sizlərə təvazökarlıq dərsini öyrətdim.
Məndən sonra insanların hidayət olunmalarını öz öhdənizə götürdükdə təvazökarlığı hər şeydən üstün tutun və bilin ki, toxum qayalıqlarda yox, yumşaq torpaqda bitdiyi kimi, təvazökarlıq da [sağlam qəlblərdə] özünə yer tapır.»
Həzrət Әli (ə)-dan nəql olunmuş rəvayətlərdə təvazökarlığın verdiyi müsbət nəticələr belə bəyan olunur:
«Təvazökarlığın səmərəsi dostluq və məhəbbət, təkəbbürün səmərəsi isə kin-küdurət və düşmənçilikdir.»
«Təvazökarlıq, salamatçılığı sənin üçün ərməğan gətirər».
«Təvazökarlıq sizlərə vüqar və ucalıq libasını geyindirər».
Peyğəmbərdən (s) nəql olunmuş başqa bir rəvayətdə deyilir:
«Allah-taala təvazökar olmağı əmr etmişdir ki, biriniz digərinizin haqqını tapdayıb öyünməyəsiniz».
Bütün bunları nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, sülh və səmimiyyət, dostluq və qardaşlıq, sağlam həyat və gözəl əxlaqla başa vurulan həyat təvazökarlığın verdiyi müsbət nəticələrdəndir.
Dərsimizi Peyğəmbər (s) və Mə᾽sum imamların təvazökar həyat tərzlərinə dəlalət edən iki rəvayəti ilə başa vururuq:
1. «Bir gün Peyğəmbər (s) öz səhabələri ilə səfər zamanı bir yerdə düşərgə qurmalı olurlar. Belə qərara gəlirlər ki, bir qoyun kəsib ətini kabab etsinlər. Səhabələrdən biri qoyunun kəsilməsini, başqa birisi soyulmasını, digəri isə bişirilməsini öz öhdəsinə götürür. Beləliklə, yemək hazırlamaq üçün hərə öz üzərinə bir məs᾽uliyyət götürdü. Peyğəmbər (s) hər kəsin bir işi üzərinə götürdüyünü görüb buyurur: Elə isə odun yığmaqda mənim boynuma. Səhabələrdən biri dedi: Ya Rəsuləllah! Sizin zəhmət çəkməyiniz lazım deyil. Biz özümüz nə lazımsa edəcəyik. Peyğəmbər (s) buyurdu: Bilirəm ki, siz bu işləri görəcəksiniz. Lakin, Allah-taala özünü başqalarından fərqləndirən şəxsləri sevmir. Bunu deyib səhraya tərəf getdi və kifayət qədər quru odun yığdı.»
Imam Həsən Әsgəri (ə)-dan nəql olunan digər rəvayətdə deyilir:
«Bir gün Әli (ə)-ın evinə iki nəfər qonaq gəlir. Onlardan biri ata, digəri isə onun övladı idi. O həzrət onları gülər üzlə qarşılayıb evə də᾽vət etdi və özü də onların qarşısında oturdu.
Sonra buyurdu ki, yemək gətirsinlər. Yemək yeyib qurtardıqdan sonra həzrətin xidmətçisi Qənbər əl yumaq üçün ləyən və su gətirdi. Әli (ə) dolçanı Qənbərin əlindən alıb özü qonaqların əlinə su tökməyə başladı. Yaşca böyük olan şəxs xəcalət çəkdiyindən nə edəcəyini bilməyib yerindən qalxaraq dedi: Ya Әmirəl-mö᾽minin! Allah sənin mənim əlimə su tökdüyünü görürmü?
Әli (ə) buyurdu:
Otur əllərini yu. Allah həm səni, həm də özünü səndən üstün tutmayan və axirətdə dünya əhlinin ona on dəfə çox xidmət etmək məqsədilə sənə xidmət edən bəndəsini də görür. Sonra qonağı yerində oturdub buyurdu:
Səni and verirəm Allaha! Qənbər əlinə su tökərkən özünü nə qədər rahat hiss edirsənsə, indi də özünü bir o qədər rahat hiss et və əllərini yu.
O həzrət sözlərini bitirib suyu qonağın əllərinə tökdü. Yaşca böyük olan qonaq əllərini yuyub qurtardıqdan sonra həzrət Әli (ə) dolçanı oğlu Məhəmməd Hənəfiyyəyə verib buyurdu: Әgər bu oğlan tək mənə qonaq gəlsəydi, mən özüm onun əllərinə su tökərdim. Amma Allah-taala ata ilə oğul arasında eyni səviyyədə ehtiram qoyulmasını istəmir. Ata, atanın əlinə su tökdüyü kimi, oğul da oğulun əlinə su tökməlidir. Məhəmməd Hənəfiyyə dolçanı alıb qonağın əlinə su tökdü.
Imam Həsən Әsgəri rəvayəti nəql etdikdən sonra buyurur:
Hər kim Әlidən belə örnək götürərsə, onun həqiqi tərəfdarlarından olar».
DӘRSIN XÜLASӘSI
Cəmiyyət üzvləri ilə ünsiyyətdə olmaq üçün zəruri olan gözəl xüsusiyyətlərdən biri də təvazökarlıqdır. Allah-taala bunu əməli-saleh bəndələrinin xüsusiyyətlərindən biri hesab edir. Təvazökar olmaq insanlar arasında dostluq, məhəbbət və səmimiyyətin artmasına səbəb olur.
SUALLAR VӘ TAPŞIRIQLAR
1. Təvazökarlığı izah edin.
2. Allah-taala Furqan surəsinin 63-cü ayəsində əməli-saleh insanların ilk növbədə hansı xüsusiyyətini qeyd edir?
3. Imam Riza (ə) təvazökarlığın lazımi həddi barədə nə buyurur?
4. Təvazökarlıq nə kimi müsbət nəticələr verir?
Din təlimləri kitabından…


more post like this