İlahi rəhmət (yağış) kəsildikdə, bulaqlar quruduqda, su azlığı yarandıqda Allahın rəhmətinin nazil olması və yağış yağması üçün namaz qılınır. Bu namazın adı “istisqa” və ya yağış namazıdır.

Bu da bir tövhid dərsidir. Yağış namazı Allahın rəhmət və qüdrətini yada salmaq üçündür. Çünki quraqlıq yarandıqda heç kimin əlindən heç bir iş gəlmir. Yalnız Allah buludlar göndərib öz rəhmətini xalqa nazil edə bilir.

Allah-təala buyurur: “De ki: “Əgər suyunuz qurusa, kim sizə axar su gətirə bilər?!”[Mulk-30]

Quraqlıq və yağışın kəsilməsi xalqın günahlarına görə Allahın qəzəb nişanəsidir. Demək, Allahı yada salmaq ağlamaq, yalvarış və tövbə Allahın quraqlığın qarşısını almasına səbəb olur. Yağış namazı Allahın rəhmətini cəlb etmək üçündür.

YAĞIŞIN KƏSİLMƏ SƏBƏBİ

Bə’zən quraqlıq xalqın günahlarının nəticəsi olur. Bu günahlara görə Allah insanları quraqlıqla cəzalandırır.

Allahın rəsulu (s) buyurur: “Allah qəzəbləndiyi ümmətə əzab göndərməsə, qiymətlər qalxar, ömürlər qısalar, tacirlər qazanmaz, ağaclar bar verməz, çaylar quruyar, yağış kəsilər və pis insanlar onlara hakim olar.”

Başqa bir hədisdə imam Sadiq (ə) buyurur: “Hakimlər öz mühakiməsində zülmə yol verdikdə yağış kəsilər.”

Rəvayətlərə əsasən, sadaladıqlarımızdan əlavə, aşkar günah, ne’mətlərə küfr, haqqın tapdanması, əskik satmaq, zülm, hiylə, əmr be mə’ruf və nəhy əz münkəri (yaxşılara əmr, pisliklərə qadağa) tərk etmək, zəkat verməmək və başqa günahlar bə’zən yağışın kəsilməsinə səbəb olur.

Hədisdə deyilir: Həzrət Süleyman (ə) səhabələri ilə yağış namazı qılmaq üçün çölə gedirdi. Yolda ayaqlarından birini göyə qaldırıb dua edən bir qarışqayla rastlaşdı. Qarışqa deyirdi: “İlahi, biz Sənin zəif məxluqatınıq və Sənin ruzinə ehtiyaclıyıq. Bəni-Adəmin günahlarına görə bizi həlak etmə.”

Həzrət Süleyman (ə) səhabələrinə dedi: Qayıdın! Həqiqətən sizlərdən olmayan birinin duasına görə sirab oldunuz!”

Demək, qürrələnmək olmaz. Allah bə’zən bir qarışqanın istəyinə görə bəndələrinə rəhmət nazil edir. Hətta bə’zən Fir’on kimi bir kafirin duasını qəbul edib yağış və su bolluğu əta edir. İmam Sadiqdən (ə) nəql olunmuş bir hədisdə deyilir ki, Fir’onun yaxınları ona Nil suyunun azaldığını dedilər, bu işin onların həlak olmasına səbəb olacağını bildirdilər. Fir’on onlardan həmin gün qayıtmalarını istədi. Gecə olan kimi Nil çayına getdi. Əllərini səmaya qaldırıb dedi: “İlahi! Səndən başqa su verə biləcək bir kəsin olmadığını bilirəm, buna görə bizə su ver.” Sübh Nil çayı daşdı.

Düşmən muradına çatdığı zaman

Dostların istəyi çıxarmı yaddan?!

Bəli, mehriban Allah bəndələrinin yalvarışlarını və dualarını əvəzsiz və cavabsız qoymur. Allahın lütfünə nail olmaq üçün xaliscəsinə və səmimi qəlbdən Ona üz tutmalıyıq.

Şair deyir:

Ey Allah, düşmənə saldınsa nəzər,

Əlbət ki, dostdan da tutarsan xəbər.

YAĞIŞ NAMAZININ QILINMA QAYDASI

Yağış namazı bayram namazı kimi iki rəkətdir. Birinci rəkətdə beş qunut, ikinci rəkətdə dörd qunut var. Yağış namazının camaatla qılınması daha yaxşıdır.

Qunutlarda istənilən duanı oxumaq olar. Lakin elə bir dua oxumaq daha yaxşıdır ki, bu duada Allahdan yağış istənilsin. Hər duadan öncə Peyğəmbər (s) və onun ailəsinə salavat göndərmək bəyənilir. Həmd və surənin ucadan oxunması müstəhəbdir.

Bu namaz Allahın rəhmətini cəlb etmək üçündür. Elə buna görə yağış namazına aid olan müstəhəb əməllərdə bəndələrin ehtiyacını, kiçikliyini çatdıran və ilahi rəhməti cəlb edən göstərişlər verilmişdir:

Cammatın üç gün oruc tutması və üçüncü gün səhraya gedib namaz qılması; açıq səma altında toplaşmaq; ayaqyalın olmaq; xalqın minbəri özü ilə səhraya aparması; azan verənlərin, qocaların, körpələrin və heyvanların xalqla birlikdə olması; yalvarış və fəryadların ucalması üçün uşaqları analarından ayırmaq; kafirlərin xalqla yanaşı çölə getməsinin qarşısını almaq; pişnamaz və xalqın son dərəcə müt’ilik, vüqar və tələbkarlıqla çölə gedib namaz üçün təmiz yer seçməsi…

Namaz sona çatdıqdan sonra pişnamaz minbərə qalxıb, əbasını dağınıq halda çiyninə atsın, uca səslə 100 dəfə təkbir desin. Sonra sağ tərəfi xalqa 100 dəfə “subhanəllah” desin və daha sonra sol tərəfi xalqa 100 dəfə uca səslə “la ilahə illəllah” desin. Xalqın da uca səslə bu şüarı təkrarlamasının eybi yoxdur. Çünki bu iş rəhmət və bağışlanmaya səbəb olur.

Pişnamaz və xalq əllərini dua üçün qaldırıb xeyli yalvarsın, dua etsinlər. Pişnamaz xütbə oxusun və Allahdan yağış istəsin. Mə’sumlardan nəql olunmuş xütbələrin oxunması daha yaxşıdır. Məsələn, həzrət Əli (ə) və imam Səccaddan (ə) nəql olunmuş xütbələr.

YAĞIŞ NAMAZININ TARİXİ

Rəvayətlərdən mə’lum olduğu kimi, yağış namazı keçmiş peyğəmbərlərin vaxtında da olmuşdur. (Həzrət Süleymanın (ə) əhvalatını əvvəldə qeyd etdik)

Allahın rəsulunun (s) yağış namazı qılmaq qaydası barəsində hədislər və dualar, həzrət Əlidən (ə) nəql olunmuş xütbələr, imam Səccadın (ə) duaları əvvəllər də yağış namazının qılındığını göstərir.

Tarixdə bə’zi böyük alimlər yağış namazı təşkil etmiş və Allah yağış yağdırmışdır. Bu namaz həssas bir namazdır. Əgər Allah duaları qəbul etməyib, yağış göndərməsə, Allah tərəfindən qəbul olunmamaq namaz qılanların xəcalət çəkməsinə səbəb olacaq. Buna görə yağış namazını bərpa etmək cür’ət və isar tələb edir.

Müasir tariximizdə məşhur yağış namazlarından biri Ayətullahul-üzma Seyyid Məhəmməd Təqi Xansarinin (r) namazıdır.

Yazılmışlara əsasən, hicri qəməri 1363-cü il, müttəfiqlər İranı işğal edən zaman Qum şəhərinə yağış yağmadı. Bağlar və tarlalar qurudu. Qum əhalisi üçün qıtlıq və quraqlıq təhlükəsi yarandı. Bu böyük mərcə (alim) iki gün ardıcıl şəkildə yağış namazı üçün Qum ətrafındakı çöllərə getdi. Qeybi və mə’nəvi işlərə inanmayanlar istehza etdilər. Lakin ikinci gün elə bir yağış yağdı ki, hər tərəfi su bürüdü.

(“Asarul-huccət və gəncineyi daneşməndan”, 1-ci cild, səh.324. Həmin mərhumun qəbri həzrət Mə’sumənin (ə) hərəmindədir).

Redaktor: Nəcəf

ziyaret.az


more post like this