665. Yaxşılıq

2031. Allahın Peyğəmbəri (s):«Yaxşılıq əkən tezliklə yaxşılıq biçər.»[1]

2032. İmam Əli (ə):«Xeyir əməl əbədi qalan qazanc, saf və təravətli meyvədir.»[2]

2033. İmam Əli (ə):«Xeyir ağacı əkən ondan ən şirin meyvələr dərər».[3]

2034. İmam Əli (ə):«Kim xeyirli bir iş görərsə, bu işin nəticəsi hamıdan əvvəl onun özünə yetişər.»[4]

2035. İmam Əli (ə):«Yaxşı iş, pis işdən asandır.»[5]

 

666. Xeyirlərin toplusu

2036. Allahın Peyğəmbəri (s):«Allahdan qorxmaq bütün xeyirlərin toplusudur.»[6]

2037. İmam Əli (ə):«Üç şey xeyirlərin cəmidir: nemət bəxş etmək, əhd-peymana sadiq olmaq və sileyi-rəhm.»[7]

2038. İmam Əli (ə):«Əbədi qalan şeylərə əməl etmək və yox olub aradan gedən şeyləri alçaq bilmək bütün xeyirlərin cəmidir.»[8]

2039. İmam Əli (ə):«Allaha xatir dostluq və Allaha xatir düşmənçilik etmək, Allaha xatir sevmək və Allaha xatir nifrət etmək bütün xeyirlərin cəmidir.»[9]

2040. İmam Səccad (ə):«Bütün xeyirləri, tamah gözünü xalqın mal-dövlətindən çəkməkdə gördüm.»[10]

2041. İmam Səccad (ə):«Bütün xeyir və yaxşılıqlar nəfsi saxlamaqdadır.»[11]

 

 

 

 

667. Dünya və axirət xeyirlərinə yetişməyin amilləri

2042. Allahın Peyğəmbəri (s):«Dörd şey kimə verilərsə dünya və axirət xeyirləri ona verilmişdir:  dözümlü bədən, Allahı zikr edən dil, şükr edən qəlb və ləyaqətli zövcə.»[12]

2043. İmam Əli (ə):«Dünya və axirətin xeyri əməli saleh insanlarla sirdaşlıq və dostluq etməkdə cəm olmuşdur.»[13]

2044. İmam Əli (ə) :«Kimdə üç xislət olarsa dünya və axirətin xeyirləri onun ruzisi olmuşdur. Bunlar Allahın qəzavü qədərinə razı olmaq, çətinlik və bəlada səbr göstərmək, rahatlıq və rifahda şükr etməkdir.» [14]

2045. İmam Əli (ə):«Sübhan olan Allah bəndəyə dünya və axirət xeyirlərindən hər bir şeyi, yalnız onun gözəl əxlaqına və pak niyyətinə görə bəxş etmişdir.»[15]

2046. İmam Əli (ə):«Kimə bu dörd xislət verilibsə dünya və axirətin xeyirləri ona verilmişdir: doğru danışmaq, əmanətdarlıq, bətnini haramdan qorumaq və gözəl əxlaq.»[16]

 

668. Xeyrin izahı

2047. İmam Əli (ə): «Mal-dövlətin və övladların çoxluğu xeyir və yaxşılıq demək deyil. Əslində, xeyir sənin dərin elmə və böyük səbrə malik olmağın, Rəbbinə ibadət etdiyinə görə xalq arasında başucalığın, xeyir iş gördüyün zaman Allaha şükr etməyin və pislik edəndə Rəbbindən bağışlanmağını diləməyindir.»[17]

2048. İmam Həsən (ə): «Onda heç bir şərr və pisliyin olmadığı xeyir, nemətlərə şükr etmək və çətinliklər qarşısında səbr göstərməkdir.»[18]

 

669. Allah bəndənin xeyrini istədikdə…

2049.  Allahın Peyğəmbəri (s): «Allah bəndənin xeyrini istəyəndə onu dində fəqih və dərrakəli, dünyaya etinasız və öz eyblərini görən edər.»[19]

2050. Allahın Peyğəmbəri (s): «Allah bəndənin xeyrini istəyən zaman, onu yuxuda məzəmmət edər.»[20]

2051. Allahın Peyğəmbəri (s): «Allah bəndənin xeyrini istəyən zaman onu bala çəkər.» Dedilər:«Onu necə bala çəkər?» Buyurdu:«Ölümündən qabaq ona yaxşı bir iş görməyi nəsib edər və sonra onun canını alar.»[21]

2052. İmam Əli (ə): «Allah bəndənin xeyrini istədikdə ona qənaətcillik nemətini bəxş edər və zövcəsini ləyaqətli edər.»[22]

2053. İmam Sadiq (ə): «Allah bəndənin xeyrinin istəyən zaman, onun qəlbində ağ nöqtə  yaradar. Bunun da nəticəsində qəlb haqqın tələbinə qalxıb dolanmağa başlayar. Bu zaman, o, yuvasına çatan quşdan da tez sizin əqidənizə qovuşar.»[23]

 

670. Allah bir xalqın xeyrini istəyən zaman…

2054. Allahın Peyğəmbəri (s): «Allah bir xalqın xeyrini istəyən zaman onlarda dinini tanıyanların sayını artırıb cahillərinin sayını azaldar. Beləliklə, fəqih bir söz söyləyəndə özünə tərəfdar tapar və cahil bir söz deyən zaman məğlub olar.»[24]

2055. Allahın Peyğəmbəri (s): «Allah-taala bir xalqın yaşamasını və inkişafını istəyəndə onlara qənaətcillik və şərafət nemətini bəxş edər.»[25]

2056. Allahın Peyğəmbəri (s): «Allah-taala bir ailənin xeyrini istəyən zaman, onları (bu ailənin üzvlərini) dində agah və dərrakəli edər, kiçikləri böyüklərinə hörmətlə yanaşar, ailədə bir-birinə qarşı mülayim olmağı və nəvaziş göstərməyi, ailə xərclərində qənaətcilliyi və israf etməməyi onlara nəsib edər. Onları öz eyblərindən agah edər ki, nöqsanlarından əl çəkib tövbə etsinlər. Əgər Allah-taala bir ailənin xeyrini istəməsə onları öz başına buraxar.»[26]

 

671. Xeyir işlərdə tələsməyə təşviq

2057. Allahın Peyğəmbəri (s) : «Xeyir işin qapısı bir kəsin üzünə açılan zaman, həmin şəxs əlinə düşən bu fürsətdən istifadə etməyə tələsməlidir. Çünki bu qapının nə vaxt onun üzünə bağlanacağını bilmir.»[27]

2058.  Allahın Peyğəmbəri (s): «Allah-taala tez bir müddətdə həyata keçən xeyir işi sevər.»[28]

2059. İmam Əli (ə): «Xeyir işi tez yerinə yetirməyə tələsin ki, başqa bir işlə məşğul olduğunuza görə o (xeyir) işdən qalmayasız.»[29]

2060. İmam Sadiq (ə): «Atam buyurardı:«Elə ki, xeyirli bir işi görmək niyyətində oldun, onu yerinə yetirməyə tələs. Çünki başına nə gələcəyini bilmirsən.»[30]

2061. Allahın Peyğəmbəri (s): «Ən yaxşı işlər vacib əməllər, ən pis işlər isə bidətlərdir.»[31]

2062. Allahın Peyğəmbəri (s): «İşlərin ən xeyirlisi aqibəti ən xeyirli olanlarıdır.» [32]

2063. İmam Əli (ə): «İşlərin ən yaxşısı, başlanğıcı asan, sonu xoşa gələn və nəticələri bəyənilən işlərdir.»[33]

2064. İmam Kazim (ə): «İşlərin ən yaxşısı onların orta həddə olanıdır.»[34]

 

673.Kiçik xeyir əməli az hesab etməyin qadağan olunması

2065. İmam Əli (ə) : «Xeyir işi yerinə yetirin və onların heç birini kiçik sanmayın. Çünki onun kiçiyi böyük, azı da çoxdur.»[35]

2066. İmam Sadiq (ə): «Heç vaxt yaxşı əməli kiçik sayma. Çünki sabah (Qiyamət günü) sən onu görəcəksən və o? səni şad edəcək.»

 

674. Yaxşılıq və pislik meyarı

2067. İmam Əli (ə): «Yaxşılıq və pislik yalnız insanlarla tanınar. Yaxşılığı tanımaq istəsən yaxşılıq et ki, onun əhlini tanıyasan. Pisliyi tanımaq istəsən pislik et, onda onun da əhlini tanıyarsan.»[36]

 

675. Xeyirxahların sifətləri

2068. «Biharul-Ənvar»: «Merac hədisində deyilir: «Ey Əhməd! Həqiqətən, xeyir və axirət əhli utancaq və çox həyalı insanlardır. Onların cahillikləri az, mənfəətləri çox, məkrləri azdır, insanlar onlardan əziyyət görməzlər. Özləri özlərinə görə əziyyət çəkərlər, danışıqları düşünülmüşdür, öz nəfslərinin hesabatını apararlar və onu (nəfslərini) məzəmmət edərlər. Gözləri yuxuya gedər, amma qəlbləri oyaq olar, gözləri ağlardır, qəlbləri Allahı xatırlamaqla məşğuldur, başqa insanlar qafillərdən hesab olunan zaman onlar Allahı xatırlayanlardan sayılar… Heç bir şey, bir an olsa belə, onları Allahı xatırlamaqdan  saxlamaz. Onlar nə çox yemək, nə çox danışmaq, nə də çox geyinmək həvəskarıdır. İnsanlar onların yanında ölü, Allah onların nəzərində həmişə diri və qəyyumdur.»[37]

 

676. Yaxşılıqdan daha yaxşı

2069. İmam Əli (ə) : «Yaxşılıqdan, yalnız onun mükafatı daha yaxşıdır.»[38]

2070. İmam Sadiq (ə): «Doğru danışmaqdan daha yaxşı doğru danışandır. Yaxşılıqdan daha yaxşı yaxşılıq edəndir.»[39]

2071. İmam Hadi (ə): «Yaxşılıqdan daha yaxşısı yaxşılıq edəndir. Gözəllikdən daha gözəli gözəl danışandır. Elmdən daha yaxşısı elm sahibidir.»[40]

677. Xeyir işə yol göstərməyin dəyəri.

2072. Allahın Peyğəmbəri (s): «Xeyir işə yol göstərən, ona əməl edən şəxs kimidir.»[41]

2073. Allahın Peyğəmbəri (s): «Xeyir işə yol göstərənin əcri, ona əməl edənin əcri qədərdir.»[42]

 

 

 

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 



[1] Biharul-Ənvar, c.77, səh.76, hədis 3

[2] Ğurərul-Hikəm, hədis 6545

[3] Ğurərul-Hikəm, hədis 6442

[4] Ğurərul-Hikəm, hədis 8177

[5] Ğurərul-Hikəm, hədis 1199

[6] Tənbihul-Xəvatir, c.2, səh.122

[7] Ğurərul-Hikəm, hədis 4675

[8] Ğurərul-Hikəm, hədis 4735

[9] Ğurərul-Hikəm, hədis 4781

[10] Biharul-Ənvar, c.73, səh.171, hədis 10

[11] Tühəful -Uqul, səh.278.

[12] Mustədrəkul-Vəsail, c.2, səh.414, hədis 2338

[13] Biharul-Ənvar, c.74, səh.178, hədis 17

[14] Ğurərul-Hikəm, hədis 4670

[15] Ğurərul-Hikəm, hədis 9670

[16] Ğurərul-Hikəm, hədis 2142

[17] Nəhcül-Bəlağə, hikmət 94

[18] Tuhəful-Uqul, səh.234

[19] Biharul-Ənvar,  c.77, səh.80, hədis3

[20] Kənzul-Ummal, hədis 30765

[21] Kənzul-Ummal, hədis 30763

[22] Ğurərul-Hikəm, hədis 4115

[23] Biharul-Ənvar,  c.78, səh.292, hədis 2

[24] Kənzul-Ummal, hədis 28692

[25] Əd-Durrul Mənsur, c.3, səh.270

[26] Kənzul-Ummal,  hədis 28691

[27] Biharul-Ənvar,  c.77, səh.165, hədis 2

[28] əl-Kafi, c. 2, səh.142, hədis 4

[29] əl-Xisal, səh.620, hədis 10

[30] əl-Kafi, c.2,  səh.142, hədis 3

[31] əl-İxtisas, səh.342

[32] Əmali Saduq,  səh.395, hədis 1

[33] Ğurərul-Hikəm, hədis 5032

[34] Biharul-Ənvar, c.76, səh.292, hədis 16

[35] Nəhcül-Bəlağə, hikmət 422

[36]Biharul-Ənvar, c.71, səh.182, hədis 37

[36]Biharul-Ənvar, c.78, səh, 41, hədis 26

[37]Biharul-Ənvar, c.77, səh.24, hədis 6

[38] Ğurərul-Hikəm, hədis 7487

[39] Əmali-Tusi, səh.223, hədis 385

[40] Biharul-Ənvar, c.78, səh.370, hədis 4

[41] Kənzul-Ummal, hədis 16052

[42] Səhih-Muslim, hədis 1893


more post like this