Seyyid Məcid Əsri

 

Xarlər məskəni olduqca gülün sol-sağı

Zar bülbül gətirər zarə dəmadəm bağı.

 

Quruyunca gözümün yaşı kor olsam, yox əcəb

Nur saçmaz dəxi qurtarsa çırağın yağı!

 

Dərd nəqqaşı vurub çeşmimə nəqşi-çeşmə,

Hicr rəssamı çəkib bağrıma hicran dağı!

 

Bitə firqət gecəsi, fəsli-xəzan, hicr əsri

Yetə vəslət günü, yaz mövsimi, vəhdət çağı…

 

Elə tarac elədi könlümü kirpik qoşunun

Belə yəğmalayamaz bir eli yüz min yağı!

 

Qoyma naləylə könül dərd aça , kuyin itinə

Yoluxar xəstə ilə baş-başa qoysan sağı!

 

Əsri , barmağlarıva bənd elə çılğın qələmi

Dəlinin olmalıdır, çün, topuğunda bağı!

 

* * *

 

 

Həqq peyğəmbərə vəhy etdi belə:

Əlini öz yerinə təyin elə!

Ta ki Xatəm bunu ərz etdi elə,

Verməmiş can fəqət ol pak hələ

Verərək bir neçə napak əl-ələ,

Keçirir gərçi Əli həqqin ələ

Necə Həq gəlsə, gedir batil, elə:

Əli öz haqqına gec yetsə belə

Gəlişiylə hamısın batil edir,

“Həqq Əli ilə, Əli Həqq ilədir”

 

Həqq evində göz açıb ol Mövla

Həqq öz elmindən ona etmiş əta

Həq kəlamıyla veribdir fətva

Həq qılıncıyla qılıbdır də’va

Səcdədə Həqqə canın qıldı fəda

Düşmədi Həqqdən ömründə cüda

Yə’ni Mövludi – şərifindən ta

Dəhrdən rehlət edincə hətta

Həqq ilə ünsü bilafasilədir,

“Həqq Əli ilə, Əli Həqq ilədir!”

 

Sal Ühud cənginə diqqətlə nəzər

Cəng bitməkdə dağılmış ləşkər

Bəzi əshabi-dəni qaçmış əgər,

Əksərən oldu şəhid əhli-hünər

Mustəfa hifzinə yox ğeyr bir ər

Lafəta şahi qalıb bircə nəfər

Ona Cibril pərin qıldı sipər

Qorxusu yoxdu onun zərrə qədər

Nola düşmən qoşunu silsilədir?…

“Həqq Əli ilə, Əli Həqq ilədir!”

 

İsmi -Ə’zəm Əlinin namını bil

Şə’ninə sureyi – Ə’la nazil

Öz adın vermiş ona Rəbbi Cəlil

Sənə ta ki bəs edər bunca dəlil

Həqqə yetmək diləsən gər ey dil,

“Ya Əli” zikri ilə öt dil-dil

Kimsə ondan yaxın Allahə deyil

Tək o Həqqə səni eylər vasil

Çün əzəl gündən həqiqət belədir:

“Həqq Əli ilə, Əli Həqq ilədir!”

 

Əli mədhində olubsan məddah

Olasan ta ki ,qəbuli-dərgah

Əfv edər Tanrı, sən etdikcə günah

Bil ki, ol şahə üçün inşəllah,

Kimdi bilmək diləsən gər ol şah,

Ol zəman ol bu sözümdən agah

Mədhin etməz bunu izah hərgah

Bu hədis eylər onu kamil izah:

Əsriya, kəlmələrin nafilədir,

“Həqq Əli ilə, Əli Həqq ilədir!”

 

* * *

 

 

Vurar xal könlümə xalin, qaşın qəddim kəman eylər

Kəman tək xal vurar bu binəva könlüm fəğan eylər

 

Güman ki, zənn edir naseh həqiqətdən olub agah

Bu zənnin bir həqiqət olduğun qafil güman eylər.

 

Kitab açdım kitabim bağlanıb, halim bəyan oldu

Nihan bəxt ulduzum ol mahə həm falim əyan eylər!

 

Mənə gülgun qədəhlər dövrü məskən,zahidə məscid

Ki bülbül bağdə,bayquş xərabətdə məkan eylər…

 

Alırsan ibtidadən çün bu məktəbdə vəfa dərsin

Səni Ustadi-eşq, Əsri, nəhayət imtəhan eylər !

canderyasi.com


more post like this