Həzrət Əli (ə) və Fatimeyi-Zəhra xanədanının üçüncü övladı Zeynəb Hicrətin 6-cı ilində Mədinə şəhərində dünyaya göz açdı.

Zeynəb atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan bu qız öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və ailəsinin fəxri oldu. Odur ki, Zeynəb adı məhz onun fədakarlığı hesabına həmişə gözəl, müqəddəs və əbədidir. Bu vilayət dürrünün ad qoyma mərasimi haqda tarixdə belə oxuyuruq:

Zeynəbi-Kubranın təvəllüdü zamanı həzrət Peyğəmbər (s) səfərdə olduğundan Fatimə Əlidən istədi ki, övladları üçün ad qoysun. Əli (ə) buyurdu: Mən atandan qabağa keçmərəm. Səbr edək Peyğəmbər (s) səfərdən gəlsin.

Peyğəmbər (s) səfərdən qayıtdıqdan sonra Əli (ə) Zəhranın uşağı olmasını xəbərini Peyğəmbərə çatdırıb, ondan uşaq üçün ad qoymasını xahiş etdi. Peyğəmbər (s) buyurdu: Fatimənin övladları mənim övladlarımdır, lakin onlar barəsində qərara gəlmək yalnız Allaha məxsusdur.

Ondan sonra Cəbrəil nazil olub xəbər gətirdi ki, Allah buyurur: Bu qızın adını Zeynəb qoy! çünki, Mən bu adı Lövhi-məhfuzda yazmışam. Bunu eşidən Peyğəmbər (s) Zeynəbi öpdü və buyurdu: Tövsiyə edirəm hamı bu qıza hörmət etsin. çünki, o, Xədiceyi-Kubra kimidir.

Yəni həzrət Xədicənin fədakarlıqları kimi, həzrət Zeynəbin Allah yolunda dözüm, səbr, şücaət və mübarizəsi İslamın əbədiliyi üçün xüsusi əhəmiyyətə malikdir.

Həzrət Zeynəb beş ilə qədər Peyğəmbərlə bir zamanda yaşamışdır. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və bu da bu barədə yazılmış kitablarda qeyd olunmuşdur.

Bu beş il fürsət idi ki, Həzrət Zeynəb Peyğəmbərin mübarək vücudundan səbr və dözüm hədisini yazsın. çünki, o, Zeynəbin həyat yolunun bütün müsibətlərindən xəbərdar idi və bilirdi ki, bu çətinliklərə yalnız böyük ruh, dağ kimi möhkəm qəlb və Allah eşqi ilə dolu ürək dözə bilər. Elə bil müsibət, çətinlik Zeynəbin taleyi ilə qarışmış və Allah-təala səbr və dözümü ondan cilvələndirmişdir ki, bütün Allah adamları üçün nümunə olsun.

Zeynəb, onu gözləyən qəmli macəraları uşaq vaxtında yuxuda görüb babası Peyğəmbərə (s) söyləyir. Peyğəmbər (s) onu gözləyən bu hadisələri təbir edir ki, Əlinin yetişdirməsi və Zəhranın qucağında böyümüş olan bu qız özünü həmin hadisələrlə görüşə hazır etsin. Bu yuxunu tarixdə belə oxuyuruq:

Peyğəmbərin (s) vəfatı yaxınlaşırdı. Bir gün Zeynəb onun yanına gəlib uşaqlara məxsus şirin dillə dedi:

“Ey Peyğəmbər (s), bu gecə yuxuda gördüm ki, şiddətli bir külək əsib bütün dünyanı zülmətə qərq etdi. Mən küləyin şiddətindən o tərəf-bu tərəfə düşürdüm. Axırda məcbur qalıb böyük bir ağacdan yapışdım. Amma külək onu da yerindən qopardı. Mən ikinci dəfə onun bir budağından tutdum, amma o da davam gətirmədi. Üçüncü dəfə onun başqa bir budağından yapışdım, lakin külək onu da sındırdı. Sonra bir-birinə yapışmış iki budağa üz tutdum ki, birdən onlar da sındı və mən yuxudan ayıldım.”

Peyğəmbər Zeynəbin yuxusunu eşidəndən sonra ağlayıb buyurdu: “Sənin ilk yapışdığın ağac babandır ki, teziliklə dünyadan gedəcək. Sonrakı iki budaq da ata və anandır ki, onlar da dünyadan gedəcəklər. Bir-birinə yapışmış iki budaq isə qardaşların Həsən və Hüseyndir ki, onların müsibətində dünya zülmətə qərq olacaqdır.”

Həzrəti Fatimə (s) atasından bir müddət sonra dünyasını dəyişdi. Buna əsasən, Zeynəb Zəhra kimi bir ananın məhəbbətindən yalnız bir neçə ilə bəhrələndi.

Bir neçə illik bu qısa müddət Zeynəbi Allah yolunda müsibət və çətinliklərə, cihad və mübarizəyə hazırlayan xatirələrlə doludur. Zeynəb Peyğəmbərin vəfatından sonra anası Fatiməni gülən və hətta təbəssüm edən halda da görmədi. Fatimə atasının ayrılığına o qədər ağlayıb ki, onun adını tarixin Adəm, Yəqub, Yusif və imam Səccad (ə) kimi ən çox ağlayanların sırasında qeyd etmişlər.

Zeynəb bütün bu vaxt ərzində anasının yanında olmuşdur. O, babasının müsibətli vəfat səhnələrini, anasının qəm-qüssələrini və düşmənlərin Əhli-beyt haqqında olan cinayətlərini görürdü. Bu mənfi hallar onun kiçik qəlbini incidir, o isə səbr edib dözür və sanki daha böyük müsibətlərə hazırlaşırdı.

Artıq Əli evi Fatimə vücudunun şamı ilə nurlanmırdı. Buna görə də uşaqları öhdəsinə götürən bir qadına ehtiyac var idi. Fatimə (ə) bu əhəmiyyətli işi ömrünün son günlərində duymuş, uşaqları üçün mehriban ana və Əli üçün vəfalı yoldaş tapıb onunla evlənməyi Əli (ə)-a tövsiyə etmişdi. Bu şərəf həzrət Zəhranın ögey bacısı “Əmaməyə” mənsub idi.

Zeynəb anasından sonra Əli kimi atanın tərbiyəsi sayəsində, Həsən və Hüseyn kimi qardaşlarla yanaşı böyüyüb yetkinləşir və elə uşaqlıqdan çoxlu çətinlik və ruhi sıxıntılara dözüb tərcrübə toplayır.

Zeynəb Həsən və Hüseyndən kiçik olamasına baxmayaraq, Fatimə qızı və onun yetişdirməsi olduğu üçün qardaşları ilə onun arasında vəsfəgəlməz məhəbbət və bağlılıq olmuşdur. Bu məhəbbətin nəticəsində də o, bir an da qardaşlarından ayrılmır və onların qüssələrinə dözə bilmirdi. necə ki, görəcəyik o, ömürünün sonuna qədər mehriban ana kimi onları sevir və qəmlərinə şərik olurdu.

Hicrətin 40-cı ili Ramazan ayının 19-cu gecəsi müdhiş bir səda Kufə şəhərinin bütün fəzasının bürüdü: “Ədalət və düzlük imamı Əli (ə) ibadət mehrabında qətlə yetirilmişdir.

Kufə şiələri nigaran halda özlərini imama çatdırıb halını bilmək istəyirdilər. Zeynəb isə, o həzrətin başqa övladları kimi atasının yanında idi.

O, özünü atasına necə çatdırmışdı? Onun yaralı başını, qanlı üzünü gördükdə nə etmişdi? Bu sualların cavabı dəqiq məlum deyil. Amma onun ürək ağrıdan oxşamaları və üzücü nalələri bu müsibətdən necə təsirləndiyindən xəbər verir. Daş ürəkləri əridən, həzrətin dostlarını əldən salan bu hadisə, gör Zeynəb kimi bir qızın incə və lətif qəlbinə nə edəcəkdi.

Əlinin (ə) şəhadəti və onun kimi bir atadan ayrılmaq Zeynəbə çox ağırdır. O, babası Peyğəmbərin ölümü və anası Fatimənin şəhadətindən sonra atasına daha çox bağlanmışdı. Belə bir atanın sayəsi onun qəlbinə sükunət və sərinlik gətirirdi. Amma, indi o, bu ocaqdan da məhrum olub öz dərdləri üstünə bir dərd də əlavə etməliydi. O isə, bu atanın məktəbində tərbiyə aldığından yalnız Allahın razılığını düşünüb, səbr edirdi.

İmam Həsənin (ə) imamət dövründə xalqın vəziyyətini təsəvvür etmək üçün Əlinin Kufə əhli barəsində fikirlərinə diqqət etmək kifayətdir. çünki, ondan qabaq bu xalqın rəhbər və hakimi o Həzrət olmuşdur. Bu xalq Əlinin (ə) təbiri ilə desək ağıl və şüur cəhətdən uşaq kimi, vəfasızlıqda elə bir səviyyədədirlər ki, həzrət özü «kaş onları görməyəydim» deyə arzu edir.

İmam Həsən Müctəba (ə) belə bir xalq və belə bir ruhiyyələrlə üzləşmişdir və təbii ki, bu xalqla işləmək, onlarla düşmənə qarşı mübarizə aparmaq faydasızdır. Onlardan gözləmək olar ki, imamın ayağı altından səccadəni çəkib, özünü təhqir etsinlər və ya onu öldürməyə çalışıb, qılıncla yaralasınlar.

Zeynəb qardaşı Müctəbanın imaməti dövründə də atasının məzlumiyyəti günlərində olduğu kimi xalqın vəfasızlığı, düşmənlərin hiyləsi, Müaviyənin dəqiq və geniş təbliğatı və nəhayət qardaşının məzlumiyyət və tənhalığından başqa bir şey görmədi. O, öz zaman mühitini yaxşı tanıyır və bilirdi ki, zalım əleyhinə qiyam etmək məsum imam ünvanında kamil insan və saleh bir bəndənin rəhbərliyi ilə yanaşı, vəfalı və müti bir xalqa da möhtacdır.

O, şahid oldu ki, Əhli-beytin müdafiə iddiaçıları çətinlik və imtahan zamanı zəiflik göstərir, dini və mənəvi dəyərləri fani dünyaya satıb məsum və ilahi rəhbərlərini öz şeytani arzularına qurban edirlər. Zeynəb dost və düşməni tanıyır, imamının istəklərini icra etməkdən başqa bir şey düşünmürdü.

Zeynəb bu müddətdə özünü qardaşı imam Həsənin (ə) bütün dərdlərinə şərik bilir, zəhərlənərkən necə ciyar qanı içdiyinin şahidi olur, onun məzlumanə şəhadətini, cənazəsinin oxlanaraq təhqir olunmasını öz gözü ilə görürdü. Nə qəmli yaşlar axdı gözündən və nə dağlar çəkildi onun dağlı qəlbinə!!!

Bu dərd və müsibətlərin, qəm və qüssələrin əzəmət və böyüklüyünü Zeynəb Aşura gecəsi dilinə gətirdi. Qardaşı imam Hüseynin (ə) oxuduğu şerlərdən onların da şəhadətini duyaraq fəryad etdi. «Həzər bu müsibətdən kaş ölüm həyatıma son qoyaydı. Bu gün, anam Fatimə, atam Əli və qardaşım Həsənin dünyadan gedən günlərinə bənzəyir».

Bəli, bütün bu müsibətlərdə Zeynəbin şüarı həmən Seyyidüş-şühədanın şüarıdır ki, Kərbəlanın ağır müsibət dalğalarında dodaqaltı zümzümə edirdi: «…Səbrən əla qəzaikə, la ilahə sivakə, ya ğiyasəl mustəğisin».

“Sənin qəza və qədərinə səbr edirəm, İlahi! Səndən başqa Allah yoxdur. Ey kömək istəyənlərin fəryadına çatan!”

Həzrət Zeynəb həyatının ən mühüm və əzəmətli dövrü imam Hüseynin (ə) dövrünə, eşq və şəhadət karvanı ilə yoldaşlıq etdiyi zamana təsadüf edir. Həzrət Zeynəbin təvəllüddən imam Hüseynin (ə) hərəkatına qədərki həyatının tarixdə qeyd olunmasına baxmayaraq, bu dövrə aid olan bəzi nöqtələr qaranlıq qalmışdır. Lakin onun həyatının son illəri, yəni imam Hüseynlə (ə) birgə mübarizədən sonrakı dövr aydın surətdə qeyd olunmuş, özünə məxsus əzəmət və cəlalı ilə nəzərə çarpmışdır. Sanki, imam Hüseynin (ə) qiyamını Zeynəbsiz və Zeynəbi qiyamsız təsəvvür etmək mümkün deyil. çünki, imam Hüseyn (ə) qiyamının hər tərəfli təhlili üçün Zeynəbi öyrənmək lazımdır və əgər belə demək mümkünsə, Zeynəb Seyyidüş-şühəda hərəkatının canlı tarixi, ölməz natiqidir.

Zeynəb Kərbəla tarixi ilə hərəkətdədir və bu tarixin bütün hadisələrinin Zeynəblə sıx əlaqəsi vardır. Bu səbəbdən Zeynəbin həyat tarixini Kərbəlasız təsəvvür etmək mümkün deyil.

Zeynəb imam Hüseyn (ə) hərəkatının bütün səhnələrində nəzərə çarpır. Bu əsasla demək olar ki, Kərbəla hadisəsi imam Hüseyn (ə) həyatının böyük bir hissəsini təşkil etdiyi kimi, həzrət Zeynəb həyatının da izzət və əzəmətli dövrünə təsadüf edir.

Tarix Seyyidüş-şühədanın Mədinədən Məkkəyə hərəkatı barəsində bizə müxtəlif məlumatlar çatdırmışdır. Tarix müxtəlif insanların ürəkyananlığı, o həzrəti Mədinədə çıxmaq fikrindən daşındırmaq cəhdələri, əmin-amanlı yerlərə sığınmaq təklifləri və nəhayət qohumların, xüsusilə imamla ailə və qohumluq əlaqəsi olan ağlama, nalə və şivələrini gözəl surətdə bəyan etmişdir.

Zeynəb imamət məqamını tanıdığından yaxşı bilir ki, məsum imam öz şəxsi iradə və istəyinə uyğun deyil, ilahi vəzifəsinə əsasən iş görüb, hər hansı bir fikrə gəlir. Buna görə də tarixdə onun haqqında imam Hüseyn (ə)-ı ilahi işindən saxlamaq üçün heç bir təklif görülmür. O, bu işdə öz imamına müti və təsəllidir.

Zeynəb Mədinədən Kərbəlaya qədər imam Hüseyn (ə)-ın yanında olmuşdur. O, bu səfəri öz izdivacından qabaq duymuş və öz nikahında imam Hüseyn (ə)-la birgə olmağı şərt etmişdi. İndi isə, bu şərtdən istifadə etməyin vaxtı çatmışdı.

Yaşı 50-ni ötmüş, oğul-uşaq, ailə sahibi olmuş bir qadın üçün belə bir qəm karvanını müşayiət etmək, ruhi və cismi çətinliklər, ağır təhlükələrlə rastlaşmaq nə qədər çətin olsa da, zamanın imamına və Hüseyn kimi əziz qardaşına olan sonsuz eşq və dərin məhəbbət bütün bunları həzrəti Zeynəb (s)-a olduqca asan etmişdi.

O, bilirdi ki, Hüseyn (ə) Allahın höccəti, Peyğəmbər canişini, onun və zamanın bütün insanlarının imamıdır.

Onunla yoldaşlıq etmək həqiqətdə insani fəzilətlə yoldaşlıq etmək, əbədi səadətə çatmaq deməkdir. Zeynəb, elə bunun üçün də özünü hər növ müsibətə hazır edib, müqəddəs məqsəd üçün ev, ailə və ümumiyyətlə həyatdan imtina etməyə hazırlaşıb, Allah eşqi ilə dolu bir qəlb və polad iradə ilə insaniyyətin əzəmətini özü ilə aparan bir yola qədəm qoyur.

İmamın Məkkədən hicrət səbəbini eşitməklə bəziləri xeyirxahlıq və nəsihət məqsədi ilə İmamı Kufəyə sarı başladığı hərəkətdən saxlamaq istədilər. Seyyidüş-şühədanın getmək xəbərini eşitməklə, onu bu fikirdən daşındırmaq üçün məktub yazanlardan biri də Əbdullah ibni Cəfər, İmamın əmisi oğlu həzrət Zeynəbin əri idi. O, öz məktubunda məhəbbət və canıyananlıqla İmamın gələcəyindən narahat olduğunu bildirməklə yanaşı, xahiş etdi ki, həzrət bu fikirdən daşınsın. O, öz məktubunu Oun və Məhəmməd adlı iki oğlu vasitəsilə imama təqdim etdi və sonda əlavə etdi ki, məktubdan sonra özüm də sənə yetişəcəyəm.

Hüseyn (ə) karvanı Məkkədən İraqa tərəf hərəkətdədir. Aram-aram Məkkədən uzaqlaşıb İraqa yaxınlaşır. Yol boyu müxtəlif hadisələr baş verir. İmam bəzi dayanacaqlarda müsəlmanları onlara qoşulmağa çağırır.

Züheyr ibni Qin kimi bəziləri vəfalı və mömin həyat yoldaşının təşviqi ilə imamın dəvətinə ləbbeyk deyir. Bəziləri isə əsassız dəlillərlə əbədi səadətdən məhrum qalırdılar.

Karvan əhli gecə vaxtı Sələbiyyə adlı bir yerə çatdılar. Yoldan təzə yetişmiş və mühüm xəbərləri olan iki Əhli-beyt dostu İmamın görüşünə tələsirlər.

Onlar: Bu xəbəri aşkar, hamının yanında deyək, ya məxfi və xüsusi?

Həzrət o iki nəfərə və öz dostlarına baxıb buyurdu: Mən dostlarımdan bir şey gizlətmirəm. Bizim aramızda sirr yoxdur.

Bizə doğru və mötəbər bir xəbər çatıb ki, Müslüm və Hanini Kufədə qətlə yetirib, bədənlərini bazarda yerlə sürüyüblər.

Həzərt bu xəbəri eşidən kimi neçə dəfə buyurdu: «İnna lilla və inna iləyhi raciun».

“Allah onlara rəhmət etsin” Sonra ağlayıb özləri və işləri üçün dua etdi. Daha sonra isə buyurdu: “Hər kəs istəsə bizdən ayrılsın. Azaddır və heç bir məsuliyyəti də yoxdur”. Bu sözdən sonra bir dəstə həzrətin dövrəsindən dağıldı və İmam Məkkədən onunla gələn bir dəstənin arasında qaldı. Bu imam Hüseyn (ə)-ın Kərbəlaya hərəkəti yolunda onun dostlarından alınan ilk imtahan idi ki, iman və sədaqətlə həzrətlə yoldaşlıq edənlər dünya tamahı, məqam və rəyasət istəyi ilə ona qoşulanlardan ayrıldılar.

Məhərrəm ayının 2-i Aşura karvanının Kərbəlaya daxil olduğu gün Əməvi hökuməti imam Hüseyn (ə)-la qarşılaşmaq üçün oraya yaxşı təchiz olunmuş və çoxlu sayda hərbi qüvvə ezam etdi.

İmamdan istədikləri bircə kəlmə idi. Yezidlə beyət! Elə imamın indiyəcən nəinki qəbul etmədiyi və heç zehnindən belə keçirmədiyi də həmin məsələ idi.

Hər iki tərəfin tələb və istəkləri barəsində çoxlu müzakirələr aparılmasına baxmayaraq İmamın qəti mövqeyi əvvəldən bəlli idi. Onun cavabı həmən cavab idi ki, ilk dəfə hökumətin Mədinədən nümayəndəsinə buyurdu və mövqeyi də həmən mövqe idi ki, imamət məqamında nabələdlərin qarşısında tutmuşdu: “Yezidin istədiklərinə təslim olmayıb onunla beyət etmək.”

Zeynəbi-Kubra (s) bütün bu səhnələrdə qardaşının yanında olub onun ilahi qərarları qarşısında itaət və təslimçilikdən başqa bir şey düşünmürdü. Tarix sübut edir ki, onun imamın istəyindən ayrı bir istəyi olmamışdır. Elə ona görə də heç vaxt və heç yerdə narazılıq, peşmanlıq bildirmədi. Allah eşqi ilə, İmamla birgə Mədinədən Məkkəyə və Məkkədən Kərbəlaya gələn bir bacıdan elə gözləmək olar ki, hər yerdə İmamının istəyinə təslim olub, başqa bir istəkdən vaz keçsin.

Döyüş başlanır. Kərbəla çölünü dolduran hadisələr, burulğanlar bir-birini əvəz edir. Hər qəhrəmanlıqdan sonra yeni bir qəhrəmanlıq, hər şəhadətdən sonra yeni bir dərd gəlir. Zeynəb bu meydanın tamaşaçısıdır. Sözsüz ki, bu səhnələr onu incidir, hər biri yeni bir dərd olur. Vəfalı Hüseyn bacısının qəlbini ağrıdan və belini sındıran da məhz bu səhnələr idi.

Toz-torpaq kimi üstünə səpələnən bü müsibətlər Zeynəbə nüfuz edib onu yolundan azdıra, islam və imamına olan təəssübünü qıra bilmirdi. çünki, o, Əli qızı və onun səbr məktəbinin davamçısıdır. Bütün yeri-göyü və Allah mələklərini ağlar qoyan, hamını matəmə qərq edən Kərbəla faciələri, əzəmətli və böyük Zeynəb ruhunu sındıra bilmədi. Dərd və müsibətlər odlu oxlar kimi onun qəlbinə sancılıb, qana boyadı, lakin canında olan eşq və ruhi böyüklük onu eləcə, möhkəm saxlamışdı.

Hələ Zeynəb yolun əvvəlindədir. Qarşıda aləmin ən böyük qəm-qüssələri ilə dolu uzun bir yol vardır. Bu uzun yol, Əməvi hökumətinin kin və düşmənçiliyi ilə dolu mənfur viranəlikdən ibarətdir. O, elə məhz bu yolları keçməli və qanlı Kərbəla hərəkatının [qalibiyyət] bayrağını tarixə təqdim etməlidir. Gərək elə bir karvana başçılıq etsin ki, hamısı Kərbəla qaranquşları və Aşura yadigarlarıdır. Bu qandallı məzlumların macərası isə, bu xülasəyə sığmayan geniş bir dastandır.

Hicrətin 61-ci ili, Məhərrəm ayının on birinci günü, Əhli-beyt əsirləri karvanını Kərbəladan Kufəyə yolladılar. Əhli-beyt əsirləri karvanını Kərbəladan Kufəyə yolladılar. Əhli-beyt barəsində qərara gəlmək imam Səccad (ə)-ın öhdəsinə idi. çünki, o, imamdır və ona itaət etmək hamıya vacibdir. Karvanın icraçı rəhbəri Zeynəbi-Kubradır. O, imam Səccada ən yaxın adam və Aşura qadınlarının ən böyüyüdür.

Aydındır ki, Aşura günü hər cür çətinlik, dərd-bəlaya dözmüş və çox ürək ağrıdan səhnələri gözləri ilə görmüş, əizlərinin qəm yükünü öz ürəyinə almışdı. İndi isə çılpaq miniklərlə düşmənin amansız mühasirəsində, kafir əsirləri kimi aparılan cəmiyyəti idarə etmək asan bir iş deyildi.

Bəli, qadınların, uşaqların istək və arzularına, hisslərinə cavab vermək, eyni halda imam Səccad (ə)-ın canını qorumaq Zeynəbin karvanda olan ən böyük məsuliyyəti olub onun risalət yükünü ağırlaşdırırdı. Amma Zeynəbin böyük ruhu, çətinliklərin amansız dalğaları və müsibətlərin qorxunc tufanı qarşısında geriyə oturacaq qədər müqavimətsiz deyildi. O, çiynində olan yükün öhdəsindən yaxşı gəldi və böyük karvanı tədbir, mehribanlıq və amansız mücahidliklə idarə edib mənzil başına yetirdi.

Əsirlər karvanı İbni Ziyadın zindanında çətin günlər keçirdikdən sonra Şama göndərildi.

“Şam müsəlmanların əlinə keçən gündən Xalid ibni Vəlid və Müaviyə ibni Əbu Süfyan kimi hakimlər görmüşdü. Bu diyarın camaatı nə Peyğəmbərin söhbətlərini eşitmişdilər, nə də onun səhabələrinin iş üsulunu bilirdilər. Peyğəmbərin səhabələrindən bu diyara köçüb burada yaşayanlar da pərakəndə olduqlarından nüfuzları yox idi. nəticədə, Şam camaatı Müaviyənin və onun ətrafındakılarının rəftarını müsəlmanlıq qaydaları bilirdilər”.

Belə bir şəhərin camaatı əsir karvanının gəlişi vaxtı bayram və şadlığa qərq olmuşdular. Yezid öz sarayında bir məclis təşkil etmişdi. Hazırlanmış adamlar məclisin ətrafında oturmuşdular ki, öz gümanları ilə Yezidin böyük qələbəsini bayram etsinlər.

İmanlı və Əhli-beyt sevər qadınlar üçün Zeynəbin kəlamından alınası öyüd hicab və iffətliyin dəyərli öyüdüdür. Zeynəb Peyğəmbər xanədanının qız və qadınlarının əsir olunması, onların şəhərlərdə küçə və bazarlarda gəzdirilməsi, napakların gözü qarşısında qalmalarına kəskin etirazını bildirir və onu ədalətsizliyin aşkar nümunəsi bilirdi. Bu həssaslıq, müsəlman qadının hicab və iffətinin əhəmiyyətinin göstəricisidir ki, gərək həmişə onu qorusun.

Xanım Zeynəbin Yezidin sarayında və imam Səccadın Şam məscidindəki təsirli və ifşa edici çıxışları. Müaviyənin Əhli-beyt (ə) əleyhinə olan 40 illik zəhərli təbliğatına son qoydu. Bəni Üməyyənin cinayət və azğınlıqları ifşa edildi.

Onların çirkinlikləri aşkar olundu. Şam camaatı özlərinə gəlib, uzun illər islam və Peyğəmbərin canişini adı ilə onlara hakimlik edən Müaviyə və Yezidin qan içən bir vəzifəpərəst olduqlarını başa düşdülər.

Belə rüsvay olacağını güman etməyən Şam hökuməti Əhli-beytin Şama gəlişi, nitqləri və camaatın agahlığı ilə öz mevqeyini təhlükədə görüb çarə axtarmaq fikrinə düşdü. Şam hökumətinin, ümumi fikirlərlə razılaşmaq və millətin qəzəbini soyutmaqdan başqa çıxış yolu qalmadı. Buna görə də Əhli-beytlə xoş davranmağı qərara aldı. Belə ki, Əhli-beytin Seyyidüş-şühəda (ə) üçün üç gün əzadarlıq məclisi qurması istəyini yerinə yetirdi, hətta Şam sarayının qadınları da məclisdə iştirak edirdilər. Günlər keçdikcə Şam camaatı ayılır və Şam hökumətinin əməllərinə daha da qəzəblənirdilər.

Bu səbəbdən Yezid Əhli-beytin Şamda qalmağını özünə və hökumətinə məsləhət görməyib, karvanı ilk fürsətdə Mədinəyə göndərməyi qərara aldı. Karvanı onunla birgə Mədinəyə göndərmək üçün, Peyğəmbər səhabələrindən olan nöman ibni Bəşiri yanına çağırdı. nöman səfər boyunca Allahın peyğəmbərinin xanədanı ilə mehriban davranır və imkan qədərincə onların istəklərini yerinə yetirirdi.

Aşura karvanı uzun səfər və çətin bir yol keçdikdən sonra və qanlı Aşura hərəkatını səmərələndirdikdən sonra Mədinəyə qayıdırdı. Onlar nə qədər çətin və əziyyətli günlər yaşamış və nə qədər ömür azaldıcı müsibətlər görüb, dil yaraları eşitmişdilər! Kərbəladan Kufəyə və Kufədən Şama qədər bütün yollar əziyyət və çətinliklərlə dolu idi. Kufədə İbni Ziyadın məclisi və Şamda Yezidin məclisi, bütünlüklə hər yer məzəmmətlə dolu idi. Artıq aləmlərin müsibətini çəkmiş, yorğun bədənli, sınıq qəlbli, dərdli, qəmli məzəmmət və dil yarası eşitmiş. Amma eyni halda etdiyi böyük iş üçün, bəşərin tarix və müqəddəratında əmələ gətirdiyi böyük dəyişiklik üçün iftixar və baş ucalığı hiss edən bu karvan Mədinəyə doğu hərəkətdədir. Camaatın Əhli-beyt (ə)-ın Şama daxil olduğu vaxtdakı şadlıq və gülüşü indi artıq peşimançılıq və göz yaşı ilə əvəz olunmuşdur. Camaat öz göz yaşları ilə karvanı müşayət edir və öz nalələri ilə Əbu Süfyanın ünvanına lənət göndərirdilər.

Karvan nömanla birgə Mədinəyə tərəf dönür. Zeynəb həmin karvanla Mədinədən Məkkəyə doğru və Məkkədən də Kərbəla səmtinə hərəkət etdiyi günü unutmurdu. Həmin karvan ki, rəhbəri Hüseyn (ə) idi, Əbbas və Əliəkbər kimi ay üzlü igidləri və özü ilə birgə qardaşı imam Müctəba (ə)-ın yadigarı var idi. Qardaşı Hüseyn (ə)-ın aram və nurani çöhrəsi, Əbbasın şücaət və vəfası, Qasimin paklığı və səfası, Əli Əkbərin Peyğəmbərə oxşarlığı, və s… Zeynəbin yaddaşından silinmirdi.

Mədinəyə daxil olduqdan sonra əzəmətli Zeynəb günəşinin şüası bir ildən artıq davam gətirmədi. Həmin Hüseynsiz bir illik həyat Zeynəb üçün çətin oldu. Həmin Zeynəb ki, uşaqlığından cavanlığa və cavanlıqdan imam Hüseynin şəhadətinə qədər olan ömrünü onunla idi və ona məhəbbət bəsləyirdi. Əgər xanım Zeynəbin uca məqamlı səbr və təslimi olmasaydı, kifayət idi ki, imam Hüseyn (ə)-dan sonra Kərbəla və Aşura xatirələrinin hər birini xatırlayıb təzələməklə can tapşırıb, dünya yaşayışı ilə vidalaşaydı. Amma o, Allahın layiqli bəndəsidir. O, Allaha bəndəliyini müxtəlif sahələrdə göstərərək «Fəsbir səbrən cəmilən» “Gözəl səbr et” fərmanına cavab verdi və qardaşı Hüseyn (ə) kimi, “gözəl səbr” surətini bəşəriyyət tarixinin səhifələrinə həkk etdirdi.

Belə uca bir ruhla və bu növ əzəmətli həyatdan sonra haqqın tükənməz rəhmətinə və pak ailəsinə qovuşmaqla yaxşı yaşamaq, Allaha itaət, iffət, isar, fədakarlıq, əhdə vəfa və Allah yolunda səbr və dözüm dərsini hamıya göstərdi.

Dünyaya göz açdığı, dünyadan köçdüyü və pak əcdadı ilə fəxrlə qəbrdən qalxacağı zaman salam olsun ona!

Zeynəb (s)-ın saysız-hesabsız fəzilətlərinin bəzi cəhətlərinə nəzər salıb, onun simasını insana aid olan uca ləyaqətlər güzgüsündə görək və kamillik yoluna o böyük xanımdan ilham almaqla qədəm götürək.

Allaha bəndəlik və ibadət bəşərin ən böyük fitri ehtiyacının təminatçısıdır və insanın inkişafı, kamilliyi bu bəndəliklərin sayəsində müyəssər olur. İnsan bu bəndəliklə kamala əl tapır və mələklərdən önə keçərək yer üzündə Allahın canişini və mələklərin səcdəgahı olur.

Bəndəlik bütün vücudu ilə öz ağa və məbudunun qulluqunda olmaq, onun fərmanından başqasına qulaq asamamaq, ondan başqası üçün iş görməmək və onun razılığından başqa bir şey düşünməmək deməkdir. Bəndəlik və ixlasın mənası budur. İnsanın bəndəliyinin qədəri onun Allaha olan mərifətinə bağlıdır. Buna əsasən Allahı yaxşı tanıyıb varlığı yaradanın əzəmətini dərk edənlər özlərinin Allaha olan möhkəm aslılıq və ehtiyaclarını anlayır və ona ibadət üçün baş əyirlər.

Peyğəmbər və imamlar mərifətin uca zirvəsində, ibadət və bəndəliyin nəhayətindədirlər. Bu xanədanın əzəmətli ağacının bir qönçəsi olan Zeynəb onların məktəbində tərbiyə almış, bəndəlik və ibadət dərsini yaxşı öyrənmişdir. Belə ki, onun bəndəliyinin əzəmətini həyatının bütün mərhələlərində görürük. Böyük və əzəmətli Allaha əlaqəsini, ibadət və namazlarını həyatının ən çətin mərhələlərində müşahidə edirik. Həyatın eniş-yoxuşları nəinki onu Allahın ibadət və bəndəliyindən qafil etməyib, hətta onun bəndəlik və ibadət cilvələri çətinliklərdə daha çox özünü büruzə verir. O, gecə yatmamaq və məbudu ilə razi-niyaz etməyin aşiqi, gecə oyaqlıqlarının və gecə yarısı ahlarının tərbiyələndirdiyidir. İmam Hüseyn (ə) Zeynəbin uca məqamına hamıdan yaxşı bələddir. Ona görə də Aşura gününün sonuncu vidasında bacısına buyurdu: «Ya uxtah, la tənsini fi nafilətil-ləyl».

“Bacıcan, gecə namazında məni unutma”. Həmçinin imam Hüseyn (ə)-ın qızı Fatimədən belə nəql olunurdu ki, bibim Zeynəb Aşura gecəsi bütün gecəni ibadət mehrabında dayanıb, öz Allahı ilə münacat edərək onun dərgahından kömək diləyirdi: nə bizim göz yaşımız bir anlığa dayandı və nə naləmiz kəsildi. Bu cəhətdəndir ki, imam Səccad (ə) buyurur: Bibim Zeynəb Kərbəladan Şama qədər olan əziyyət və çətinliklərə baxmayaraq gecə nafilələrini qılır və bütün çətinliklərlə belə öz ibadətlərini unutmurdu. Zeynəbin qorxmazlığı, şücaəti, ürək qüvvəti və aramlığı həmin Allaha təvəkkülündən qaynaqlanırdı. Yezidin sarayındakı kəskin sözləri və o zəhərli fəzada “nəhy əz munkər” etməsi səfərin bütün mərhələlərində ismət və həyasını qoruyub saxlaması, hər yerdə öz vəzifəsinə əməl etməsi, hamısı bütünlüklə Zeynəb bəndəliyinin cilvələridir.

Zeynəbin mühüm xüsusiyyətlərindən biri onun elmi və savadıdır ki, bunun dərinliklərini onun çıxış və nitqlərində görmək olur. necə ki, imam Səccad (ə) Kufə bazarında Zeynəbin bu xüsusiyyəti ilə iftixar etdi və buyurdu: «Ənti bihəmdillahi alimətun ğeyru muəllimətun və fəhimətun ğeyru mufəhhəmətun». “Allaha şükr olsun ki, sən təlim olunmamış alim və öyrədilməmiş müdriksən”.

Zeynəb bütün mərhələlərdə öz vəzifəsi ilə tanış idi. Sükut edilməli yerdə sükut, fəryad edilməli yerdə fəryad və canfəşanlıq edilməli yerdə canfəşanlıq edirdi. Əhli-beyt karvanını idarə etməkdə isə tədbiri çox heyrətamiz idi. Qadının şəfqət və hissiyatlarla dolu olmasına baxmayaraq, heç vaxt bu hissiyat Zeynəbin düşüncə və tədbirinə qalib olmadı, onu öz ilahi vəzifəsindən qafil etmədi. O, ən qorxulu səhnələrdə düşüncə ilə davrandı və buna görə də “Əqileye bəni haşim” yəni, bu xanədanın bilikli qadını adı ilə tanındı.

Zeynəb, Əli və Zəhranın qızıdır, o ailə ki, “Həl əta” surəsi onların şənində nazil olub, onları xaliscəsinə etdikləri isara görə tərif etdi. özündən keçmək və başqalarını özündən qabağa salmaq Peyğəmbər xanədanın xüsusiyyətlərindəndir. Bu xanədandan olan və tovhid məktəbindən dərs alan Zeynəb, öz yaşayışının hamısında, xüsusi ilə Seyyidüş-şühəda hərəkatında öz rahatlıq və asayişinə göz yumdu. Və fədakarcasına özünü və əzizlərini Allah yolunda fəda etdi. Bütün çətinlikləri canına alıb dözdü. Onun böyük Kərbəla hərəkatındakı fədakarlıqları tarixin dillər əzbəridir. O, çətinliklərdə özündə keçdi və fədakarcasına davrandı. çətinlikləri qarşılamaqda qabaqcıl idi və onların qarşısında nəhayət dərəcədə müqavimət göstərirdi. Səfər boyunca uşaqları və karvan əhlini himayə edir və hətta öz yemək payını da başqalarına verirdi. İmam Səccad (ə) buyurur: Bibim Zeynəb Kufədən Şama qədər bütün müstəhəb və vacib namazlarını yerinə yetirdi. O, mənzillrdən birində zəiflik və aclığın şiddətindən oturaq halda namaz qıldı, çünki üç gün idi öz yemək payını kiçik yaşlı uşaqlara verirdi.

Zeynəbin bütün bu fədakarlıqları öz məqsəd və yoluna imanı olduğu üçün idi və o yolda heç cür canfəşanlıqdan sıxılmırdı. Bəlkə də əziz Peyğəmbərin Zeynəbin təvəllüdü vaxtında buyurduğu “hamının bu qıza hörmət etməyini vəsiyyət edirəm, çünki, o Xədicəyə oxşayır” kəlamı onun Allah yolunda fədakarlıq və özündən keçmə ruhiyyəsində olduğu üçün idi. Axı Xədicə də belə idi. Peyğəmbərin tək olduğu vaxtda Xədicə bütün var-dövlətini və öz mevqeyini fədakarcasına islamın inkişafı yolunda sərf etdi. Zeynəb də imam Hüseyn (ə)-ın kənarında və onunla birgə Allahın dinini qorumaq yolunda hər şeydən keçdi.

 

Redaktor Nəcəf

 

 

Ziyaret.az

 

 

 


more post like this