Atası yeddinci İmamımız İmam Museyi Kazimdir (ə)

 

Anası Nəcmə xatundur. Qardaşı, səkkizinci İmamımız Həzrəti Rzadır (ə).

 

Anadan olma tarixi: Hicrətin 173-cü ili (miladi 795) zilqədə ayının 1-də Mədinə şəhərində dünyaya göz açmışdır.Elə uşaq ikən atası İmam Museyi Kazim, Abbasi xəlifəsi Harunun zindanında şəhid edilmiş və bundan sonra qardaşı İmam Rzanın(ə) himayəsi altında böyümüşdür.

 

Ad və ləqəbləri: Əsl adı Fatimə, məşhur ləqəbi isə Məsumədir. “Kərimeyi Əhli-beyt” kitabından verilən mötəbər sənədə əsasən ona bu ləqəb günahsız və məsum olduğu üçün verilib.Xanımın başqa ləqəbləri də vardır. Tahirə, Həmidə, Bərrə, Rəşidə, Təqiyyə, Nəqiyyə, Rəziyyə, Mərziyyə, Seyyidə, Üxtür-Rza. (“Ənvarul-muşəşəəyn”, cild 1, sə. 211)Yeddinci əsrdə yaşamış sünnü alimi İbn Covzi İmam Kazimin (ə) övladları arasında Fatimə adı ilə dörd qız uşağını qeyd etmişdir.

 

1)Fatimeyi-Kubra. 2)Fatimeyi-Suğra. 3)Fatimeyi-Vusta. 4)Fatimeyi-Uxra.

(“Təzkiratul-xəvas” , səh. 315 və “Biharul-ənvar”, cild. 48, səh. 137)

 

Qeyd etmək lazımdir ki, Fatimeyi-Kubra, həmin həzrərti Məsumədir. Qəbri İranın Qum şəhərində yerləşir. Fatimeyi-Suğra isə, Bibi-Heybət adı ilə tanınmışdır. Müqəddəs məzarı, Bakı şəhərindədir. (“Biharul-ənvar”, cild 48, səhifə 317) Fatimeyi-Uxra, tarixdə İmam bacısı ləqəbi ilə tanınmışdır.O,İranın Rəşt şəhərində dəfn olunub. (“Biharul-ənvar” cild-48, səhifə 286 və 317) Sitti-Fatimə ləqəbi ilə tanınmış Fatimeyi-Vustadır. Qəbri İranın İsfəhan şəhərində yerləşir. Fatimeyi-Məsumə bacıları arasında ən böyüyü olduğu üçün, Fatimeyi-Kubra adlanıb.

 

İrana səfəri

Hicri qəməri 200-cü ildə (miladi 823) İmam Rza (ə) Abbasi xəlifəsi Məmunun təkid və təhdidindən sonra, qohum-əqrabasız Mərvə tərəf getməyə məcbur oldu. Qardaşından ayrı düşən Məsumə, bir müddətdən sonra onu görmək üçün bacı-qardaşlari və yaxın adamlarından ibarət bir dəstə ilə Xorasana tərəf yola düşür. Keçdikləri bütün məntəqələrdə camaat onları böyük coşqu və təntənə ilə qarşılayıb, məhəbbət göstərirdilər. Kərbəla qəhrəmanı Xanım Zeynəb (s.ə), qardaşı İmam Hüseynin (ə) haqqını müdafiə etdiyi kimi, bu xanım da qardaşı İmam Rzanın (ə) Məmun tərəfindən məruz qaldığı zülmündən, sürgün olunduğundan və Məmunun Əhli-beytə qarşı olunan hiyləgərliyini ifşa edirdi. Karvan, Savə şəhərinə çatdıqda qabaqcadan hazırlanmış bir dəstə məmur karvana hücum edib, bütün kişiləri şəhadətə yetirirdilər. Bir rəvayətə əsasən, hətta Xanım Məsuməni (s.ə) zəhərləyirlər. Hər-halda o, ya çoxlu qəm-qüssədən, yada zəhərlənmə nəticəsində xəstələnib Xorasana gedə bilmir.

 

Qum şəhərinə gəlişi

Xorasana gedə bilmədiyini görən Xanım Məsumə(s.ə) ətrafındakılardan Savədən Qum şəhərinə qədər olan məsafəni öyrənəndən sonra, buyurdu: “Məni Qum şəhərinə aparın. Atamdan eşitdim ki, Qum şəhəri şiələrimizin şəhəridir”.

 

Qumun alimləri və ağsaqqalları bu sevindirici xəbəri eşidib, onu qarşılamağa çıxdılar. Rəvayətə görə, camaat atli və ya piyada onun kəcavısini dövrəyə aldılar. Kəcavəsini daşıyan dəvənin cilovundan tutub, çəkən şəxs Əşəri qəbiləsinin böyüyü Musa ibn Xəzrəc idi.

 

Xanım Məsumə (s.ə) hicri qəməri tarixi ilə 201-ci ildə (miladi 824) rəbiul-əvvəl ayının 23-ü Qum şəhərinə daxil oldu. O, indiki Mir meydanı adlanan yerdə Musa ibn Xəzrəcin evinin qapısında kəcavədən enib və evində qonaq qalıb. 17 gündən artıq qalmadığı həmin evdə vaxtını demək olar ibadətlə keçirmişdir. Həmin yer hal-hazırda Beytun-nur (Nur evi) adı ilə tanınır və nəzdində qızlar Sitiyyə mədrəsəsi və ziyarətgahı təşkil edir.

 

Vəfat tarixi

Rəvayətlərə görə, Xanım Məsumə (s.ə) hicri qəməri tarixi ilə 201-ci ilin (miladi 824) rəbius-sani ayının onu və ya on ikisi qardaşı İmam Rzanı (ə) görmədən qürbətdə böyük qəm-qüssə ilə dünyasını dəyişir və şiələri matəmə qərq edir.

 

Qumun əhalisi xanımı dəfn etmək üçün Babulan bağına apardılar. Qəbir hazır olandan sonra, xanımın kim tərəfindən dəfn edilməsi barəsində tərəddüd yarandı. Bu anda qiblə səmtindən üzlərinə niqab bağlamış iki atlının sürətlə onlara tərəf yaxınlaşdığı ğöründü. Onlar cənazəyə namaz qılandan sonra, biri qəbrin içərisinə daxil oldu və o birisi isə cənazəni götürüb ona verdi. Hər ikisi dəfn mərasimini başa çatdırıb,kimsə ilə danışmadan atlarına minib oradan uzaqlaşdılar.

 

Həmin iki nəfərin kimliyi oradakılara məlum olmasada, Allahın iki höccəti İmam Rza (ə) və oğlu İmam Cavad (ə) olması ehtimalı verilir. (“Tarixi Qum” səhifə -213) (“Biharul-ənvar”. cild-48 səhifə -290)

 

Rəvayətlərə ğörə məsumun bədəni məsum şəxsin əli ilə dəfn olunmalıdır. Necə ki, Xanim Fatimeyi-Zəhranı (s.ə) İmam Əli (ə) və Həzrəti Məryəmi (s.ə) oğlu Həzrəti İsa (ə) dəfn etmişdir.(“Usuli-kafi” cild-1. səhifə 459)

 

Həmin mərasimdən sonra Musa ibn Xəzrəc Xanım Məsumənin (s.ə) qəbri üstündə qamış həsirlə bir kölgəlik düzəldir.

 

Şiə məzhəbinin böyük alimi şəhid Mürtəza Mütəhhəridən soruşurlar. Niyə ustadlarınız içərisində Əllamə Təbətəbaiyə xüsusi ehtiram göstərirsiniz? Buyurur: “Çünki, Ramazan ayında Əllamə Təbətəbai oranı ziyarət etmədən evinə gedib iftar etməzdi”.

 

Əslən Azərbaycanlı olan mərhum Əllamə seyyid Məhəmməd Hüseyn Təbətəbai, həmişə xanımın ziyarətgahına daxil olanda, dizlərini yerə qoyub, qapısından öpərdi.

 

İmam Rza (ə) buyurur: “Qum şəhərində bacımı ziyarət edən, məni ziyarət edib”. (“Nasixut-təvarix” cild-3, səhifə -68)

İmam Cavad (ə) buyurur: “Bibim Məsuməni ziyarət edən, Cənnətə gedər.” (“Kamiluz-ziyarət” səhifə -338)

 

 

http://sualcavab.ge

 


more post like this