Mehriyə nikah zamanı kişinin qadına verdiyi, yaxud verməyi və ya yerinə yetirməyi boynuna götürdüyü müəyyən qədər pul, mal və ya hər hansı bir işdir. Tərifdən göründüyü kimi, mehriyənin mütləq pul olması zəruri deyil, hər hansı bir əşyanı vermək və ya hər hansı bir işi yerinə yetirmək də mehriyə olaraq qəbul edilə bilər. Bu gün dünya xalqlarının 62 faizində kişilər evlənərkən həyat yoldaşlarına mehriyə verirlər. Bundan aydın olur ki, təkcə müsəlmanlarda yox, əksər cəmiyyətlət arasında da mehriyə var. Mehriyə məsələsi yeni ortaya çıxmış bir məsələ deyil, o ta qədimdən müxtəlif formalarda mövcüd olmuşdur. Tarixi araşdırmalar göstərir ki, keçmişdə hər hansı bir kişi bir qadınla evlənmək istədikdə onun atası ilə alış-veriş edirmiş. Kişi qadının atasına, yaxud qardaşına razılaşma yolu ilə müəyyən edilmiş məbləği ödədikdən sonra ona sahib olurdu. Maraqlıdır ki, alış-verişin ən əsas faktoru olan qadın, həm də ondan ən xəbərsiz adam idi. O, nəinki təkcə həyat yoldaşını seçməkdən, hətta öz mehriyəsindən istifadə etmək hüququndan da məhrum idi. O zaman insan dedikdə yalnız kişilər nəzərdə tutlurdu və mehriyə, qadının məhrum olduğu haqların çox cüzi bir hissəsi idi. İslamda mehriyə İslam mehriyə haqqında daha möhkəm və daha məntiqli qaydalara malik olan məktəbdir. Bu dinin mehriyəyə olan diqqəti o qədərdir ki, onun müqəddəs kitabı olan Qurani-kərimdə də bu haqda sohbət açılır. Belə ki, Allah-taala buyurur: “Qadınlarınızın mehrlərini könül xoşluğu ilə verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq nuşcanlıqla yeyin” (Qurani-kərim, “Nisa”/4). Ayədə işlənən “nihlə” (könül xoşluğu ilə) sözü üçün təfsir kitablarında iki məna göstərilmişdir. 1. Nəhl-yəni bal arısı sözündən; bal arısı hazırladığı bala qarşılıq olaraq insandan bir şey ummadığı kimi, kişi də mehriyəni ödəyərkən qadından qarşılıq gözləməməli və onun bağışlanmasını arzulamamalıdır. Lakin qadın tam razlığı ilə və üzə düşmədən mehriyəsini halal etsə, eybi yoxdur. 2. Daha bir təfsirə görə, “nihlə” sözü boynunda olan borc deməkdir. Yəni mehriyə qadının kişi boynunda olan sözsüz haqqıdır. Bu ayədə toxunulan maraqlı məqamlardan biri də odur ki, mehriyənin sahibi məhz qadının özüdür, onun razılığı olmadan ata-anasının, yaxud başqa bir şəxsin o mehriyədən istifadə etməsi düzgün deyildir. Möhsün Qiraətiyə görə, “bundan sizə bir şey bağışlasalar“ sözlərindən başa düşmək olar ki, ayədə mehriyəsini bağışlamaq istəyən qadınlara, onun hamısını deyil, yalnız bir hissəsini bağışlamaq tövsiyə edilir. Mehriyə qadın üçün təhqirdirmi? Bəziləri mehriyəni qadının satış qiyməti kimi anlayır və İslamın qadına həqarətlə yanaşdığını bildirirlər. Onlara görə, bunun kökü cahiliyyət dövrü ərəblərinin qadına qarşı mənfi təfəkkür tərzinə qayıdır. Gəlin görək mehriyə doğrudan da qadın üçün təhqirdirmi? Mehriyəni qadın üçün təhqir hesab edən şəxslərin əksəriyyəti, şəriətdə təsbit olunmuş bir qanuna istinad edirlər. Onlar deyirlər əgər mehriyə qadının haqqıdırsa, nə üçün ilk cinsi əlaqədən qabaq istənildikdə yalnız yarısı ona verilir. Bu qanundan belə nəticə çıxarmaq olar ki, mehriyə qadına cinsi münasibətlərdən ötrü verilən ödənişdəir. Lakin məncə, bu, şəriətin kişiyə bir növ yardımıdır. Məlum olduğu kimi, mehriyənin miqdarında heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Yəni qadın nikah əqdi oxunan zaman istədiyi qədər mehriyə təyin edə bilər. Digər tərəfdən, əqdin oxunması hələ müştərək həyatın başlanması demək deyil. Bəzi yerlərdə, xüsusən dindar ailələrdə bəy və gəlinin bir-birinə məhrəm olmaqları üçün nikah əqdini nişan mərasimində oxuyurlar, onların müştərək həyatı isə toydan sonra başlayır. Toy isə bir neçə ildən sonra da ola bilər. Şəriətə görə, kəbin oxunduqdan sonra qadın öz mehriyəsini istəsə, ona yarısı verilməlidir. Pulun yarısı isə hələ birgə ailə həyatına başlamamış ərlərə kömək olaraq, ilk cinsi əlaqədən sonraya, yəni müştərək həyata başlayan zamana qədər təxirə salınır. Bəzi sosioloqların dediyinə əsasən, mehriyə qadının ictimai mövqeynə nəinki zərər vurmur, hətta onu daha da möhkəmləndirir. Onlara görə, mehriyə talaqdan, yaxud ərinin ölümündən sonra qadını iqtisadi baxımdan təmin etmək, ailənin daimiliyinin sığortalamaq üçün kişiyə qarşı istifadə və digər sosial funksiyalara malikdir. Qadın lazımi yerlərdə mehriyəsindən kişiyə qarşı təzyiq vasitəsi kimi istifadə edə bilər. Belə təhlillər müəyyən reallıqlardan xəbər versə də, mehriyə məsələsinə düzgün yanaşma deyil. Təcrübə göstərir ki, bu təfəkkürün hakim olduğu mühitlərdə mehriyə nəinki ailənin daimiliyini sığortalamır, əksinə, onu uçuruma doğru aparır. Belə ailələrdə qadın özünü kişidən güclü və onu özünə bir növ borclu hesab edir, bu da öz növbəsində, onun ailədə və cəmiyyətdə davranışna mənfi təsir göstərir və təbii ki, ailənin dağılması ilə nəticələnir. Belə yerdə gözlənildiyinin əksinə olaraq, mehriyə, nə qədər yuxarı olsa da, heç bir kömək göstərə bilmir. Sözügedən davranış tərzinə dözə bilməyən kişilər hər şeyə göz yumaraq talaq vemək məcburiyyətində qalırlar. Belə sosioloqların uyğun təhlillərinə görədir ki, bəzi müsəlman ölkələrində həddən artıq mehriyə təyin edilir və sanki bu məsələdə bir-birləri ilə yarışa girirlər. İş o yerə çatıb ki, bəzən doğum tarixləri qədər qızıl mehriyə qoyulur: məsələn əğər qadın 1990-cı ildə doğulmuşdursa, 1990 qızıl sikkəsi təyin edilir. Bunun səbəbini soruşduqda bəzən özlərinin daha dəyərli olduqlarını vurğulayır və az mehriyəni özlərinə bir növ təhqir hesab edirlər. Bəziləri isə yuxarıda göstərildiyi kimi, bunu ərlərinə qarşı təzyiq vasitəsi bilir və özlərini talaqdan sığortalamaq istəyirlər. Lakin statistika göstərir ki, bunlar talağın qarşısını nəinki almır, əksinə onu daha da tezləşdirir. Məsələn qadınlarında belə təfəkkür tərzi hakim olan qonşu İranda talağın göstəricisi həddən artıq yuksəkdir. Reallıq budur ki, mehriyənin yuxarı olması kişiləri qorxutmur və lazım olduqda onları talaq fikrindən daşındıra bilmir. Sözügedən ölkədə kişi həyat yoldaşının mehriyəsini vermək iqtidarında olmadıqda, məhkəmələrə müraciət olunur, bu isə bəzən kişinin həbsə düşməsinə və ya mehriyənin kreditlə ödənişinə qərar verilməsi ilə nəticələnir. Tehranın Evin həbsxanasında min kişi məhz mehriyə ucbatından həbsdədir. Bütün həbsxanaları nəzərə alsaq, görünən rəqəm dəhşətli olacaq. Göründüyü kimi, bütün bunlar mehriyə məsələsinə yanlış yanaşmadan doğan fəsadlardır. Biz bu növ qadınlara bir neçə məsələni xatırlatmaq istərdik: Unutmayın ki, qadının şəxsiyyəti onun mehriyəsinin miqdarı ilə ölçülmür. Əgər siz belə hesab edirsinizsə, onda nə qədər artıq mehriyə təyin etsəniz belə, yenə də özünüzü təhqir etmişsiniz. Əgər bununla kişini məcburən talaqdan saxlamağı düşünürlərsə də, yenə də özlərini təhqir etmiş olurlar. Kişinin zorən və istəmədən qaldığı bir ailədə xoşbəxtlikdən danışmaq olarmı?! Buna görə də, qadının iqtisadi cəhətdən təmin olunmasını İslamda mehriyənin fəlsəfəsi kimi göstərmək düzgün deyil. Bunun üçün müxtəlif hədislərə də müraciət etmək olar. Yüksək mehriyə çoxlu hədislərdə məzəmmət olunub. Bəzi hədislərdə göstərilir ki, bir Quran surəsini öyrətməyi mehriyə təyin etmək olar. Məlum məsələdir ki, bir surənin öyrədilməsi iqtisadi baxımdan heç bir əhəmiyyət kəsb etmir. Buna əsasən, qətiyyətlə demək olar ki, İslamda mehriyənin vacib buyurulması böyük məqsədlərdən ötrüdür. Ustad Mütəhhəri özünün İslamda qadın hüquqları kitabında mehriyənin səbəblərindən biri haqda belə yazır: “Qadın fitri olaraq başa düşür ki, özünü qarşılıqsız olaraq kişinin ixtiyarına qoymamalıdır”. O, sözünün davamında mühüm bir məqama toxunaraq belə əlavə edir: “Elə bunlar səbəb olur ki, qadın özünün cismi zəifliyinə rəğmən, kişini elçi kimi öz ayağına gətirir” (əlbəttə, bəziləri kişinin elçiliyini də qadın üçün təhqir hesab edirlər. Biz bu məsələyə növbəti yazılarmızda toxunacağıq). Mehriyə qadının danılmaz hüquqlarından olsa da, cəmiyyətmizin çoxlu qadınları ondan xəbərsizdirlər. Bəzi kişilər də xanımlarının belə məlumatlarından qorxub bilə-bilə bunu onlardan gizlədir, onları bu haqdan məhrum edirlər. Eyni zamanda, elə cəmiyyətlər də vardır ki, qadınlar nəinki mehriyə məsələsini dərk edir, ondan maksimum sui-istifadəni də edirlər. Bu sahədə cəmiyyətmizin qız və qadınlarını məlumatlandırmaq olduqca zəruridir. Onlar da öz növbələrində buna çalışmalı, digər hüquqları ilə birgə mehriyə hüququnu da öyrənməyə can atmalıdırlar. Nəticə olaraq xatırlatmaq istərdim ki, mehriyə qadına Allah tərəfindən hədiyyədir. Allah-taala vacib buyurduğu bu qanunla sanki müsəlman qız və qadınlarına deyir ki, elçilərinizə “hə” sözünü deməyə tələsməyin, siz də öz şərtlətinizi irəli sürün və siz də mehriyənizin müqabilində ondan eyni cavabı almağa çalışın. Əlbəttə, ağır mehriyə deməklə həyat yoldaşlarınızı sıxıntıya salmayın və bundan sui-istifadə etməyə çalıışmayın.


more post like this