Papanın təşviqi ilə xristian avropalıların müsəlmanlara qarşı tərtib etdikləri Xaç yürüşləri, əsasən dini olmaqla, siyasi, sosial və iqtisadi səbəblərə söykənirdi. Xaç yürüşləri Papa II Urbanın 1095-ci ildə toplanan “Klermon” şurasındakı çıxışıyla başlamışdı. Əsrlərlə davam edib, milyonlarla insanın ölümünə, dövlətlərin devrilib, ölkələrin məhv olmasına səbəb olmuşdu.
11-ci əsrdə türklər müsəlmanlığı qəbul edərək qərbə köçməyə başladılar. Böyük Səlcuq dövlətini yaradaraq Orta Şərqin böyük bir hissəsini ələ keçirdilər. Hələ o vaxta qədər avropalılar İslam dünyası ilə böyük miqyaslı bir münaqişəyə girməmişdilər. Şərq xristianlığının təmsilçisi olan Bizans İmperatorluğu 1071-ci ildə Malazgirt müharibəsində Səlcuqlu dövlətinə məğlub olduqda türklərə Anadolu qapıları açıldı. Səlcuqlu basqınçılar, bir neçə il içində Ege, Ağdəniz və Mərmərə sahillərinə çatdılar və Bizansın paytaxtı olan İstanbulu sıxışdırmağa başladılar. 1075-ci ildə Türkiyə Səlcuqlu dövlətini qurub, Nikaia (İznik) şəhərini paytaxt etmələri, Avropanın ən böyük xristian dövləti olan Bizansı kökündən silkələdi. Bu vəziyyət avropalıları təlaşa saldı. Çünki Bizansın çökməsi türklərin Avropaya hakim olmasına yol açacaqdı. Bunun qarşısını almaq, türkləri dayandırmaq lazım idi. Hətta Anadolu da daxil olmaqla bütün Yaxın Şərqdən uzaqlaşdırılmalı idilər. Bizans imperatoru I Aleksey Komnin, Papa Urbandan türklərə qarşı yardım istədi. Beləliklə, onsuz da Qüdsdəki xristianlığın müqəddəs torpaqlarının müsəlmanların nəzarətində olmasından narahat olan avropalılar arasında Xaç yürüşü düşüncəsi yarandı. Xaç yürüşlərinin ikinci böyük səbəbi isə, iqtisadi idi. Avropa 11-ci əsrdə müdhiş bir kasıblıq içindəydi. Hətta kralların sarayları belə, daş yığınlarından ibarət idi. Qızıl, gümüş və dəyərli mədənlərin bir çoxu türklərin və şərq qövmlərinin əlində idi. Avropa ən zəruri şeylər üçün şərqə möhtac idi. Əkinçilik çox ibtidai üsullarla aparılırdı. Sulama sistemi yox idi. Fransa, Almaniya, Venesiya kimi böyük sayılan Avropa dövlətlərinin illik gəliri, ən adi türk bəylərinin gəlirlərindən az idi. Xalq qarət və talanlardan bezmiş, bir əsilzadə və ya quldur tərəfindən öldürüləcəyi günü gözləyirdi.
Ümumiyyətlə, Xaç yürüşlərinin səbəblərini aşağıdakı kimi sıralamaq olar:
1. Din məsələsi. Qərbi Avropa xristianlarının dinlərinə görə müqəddəs sayılan Qüds və Fələstini müsəlmanlardan geri almaq istəyi.
2. Fransada ortaya çıxan Kluni təriqətinin xristianları müsəlmanlara qarşı təşviq etməsi.
3. Papa və din adamlarının öz qüdrətlərini artırmaq istəmələri.
4. Avropanı çulğalayan yoxsulluq. Bu vəziyyət insanları şərqin rifah və zənginliyinə sövq etmişdi.
5. Müsəlmanlardan qaynaqlanan qorxu və narahatlıq: Böyük Səlcuq dövləti və onun ordularının Bizans və Avropanı təhdid etməsi, Bizansın Səlcuqlu dövlətinə qarşı qərbi Avropadan yardım istəməsinə yol açmışdı.
6. Ticarət: Uzaq Şərq ilə Avropa arasındakı ticarətin ana xətti olan Orta Şərqdə müsəlmanların nəzarətini qırmaq və ticarət yollarını ələ keçirmək istəmələri.
7. Papanın təşviqləri: müsəlmanlarla müharibə qarşılığında Papanın katoliklərə Cənnəti vəd etməsi.
8. Cəngavərlərin macəra və yeni topraqlar istəmələri.
9. Avropada torpaq əldə edə bilməyən zadəganların torpaq arzusu.
10. Avropalıların şərqin zənginliklərini ələ keçirmək istəməsi.
Böyük Səlcuqlu Sultanı Məlikşahın vəfat etməsi səbəbilə, daxili çəkişmələrin başlaması xristianlar üçün fürsət idi. Papa II Urban xristianları birləşdirərək müsəlmanların üzərinə hücuma təşviq etməyə və Qüds şəhərini türklərin əlindən almaq üçün fəaliyyətə başladı.
Səfərə ilk olaraq müntəzəm ordular deyil, əsasən sıravi xalqdan təşkil edilmiş dəstələr çıxmışdı. Fransanın Amyen şəhərindən olan keşiş Pyerin və cəngavər Valterin rəhbərlik etdiyi bu ordu təxminən 20 min nəfərdən (bəzi mənbələrdə say 100 mindən çox göstərilir) ibarət idi. 1096-cı il may ayında yürüş başladı. Macarıstan və Bizans sərhədindən keçən səlibçilər qarətə başlayaraq yerli əhaliyə zülm etdilər. Lakin səlib ordusu, indiki Türkiyənin İznik şəhəri yaxınlığında səlcuq sultanı Birinci Qılınc Aslan tərəfindən tamamilə darmadağın edildi və bu ordudan çox az sayda adam sağ qalaraq geri qaça bildi. Bu xaç yürüşü birinci Xaç yürüşünün başlanğıcı sayılır.

Birinci Xaç yürüşü (1096-1099)

Elə həmin il (1096-cı il) tərkibində sadə xalq yox, əsilzadələr və zadəganlar olan mütəşəkkil bir ordu yola çıxdı. Orduya Bulonlu Qodfrid, Tuluzalı Raymond və Tarentli Boemund başçılıq edirdilər. Anadoluda səlcuqları məğlub edərək irəliləyən səlibçilər, 10 mart 1098-ci ildə ilk dövlətləri olan Edessa (Urfa) qraflığını qurdular. Avropanın bütün imkanlarından bəhrələnərək hazırlanmış olan bu ordu çox, mütəşəkkil idi. Almaniyanın Reyn sərhədində 10 min yəhudini qılıncdan keçirən bu ordu İstanbula doğru gələrkən, ölkəsində qarət və qətli-am törədiləcəyindən narahat olan Bizans imperatoru Aleksey I Komnin onlarla saziş bağladı. Səlibçilər, ərzaq ehtiyaclarının təmini qarşılığında, Anadoluda aldıqları yerləri Bizansa verəcəkdilər. Sazişdən sonra Anadoluya keçən səlibçilər, 1097-ci ilin may ayında Türkiyə səlcuqlularının paytaxtı İzniki mühasirəyə aldılar. Qanlı çarpışmalar iki tərəfdən də ağır itkilərə səbəb oldu. Altı yüzminlik Xaç ordusu qarşısında tab gətirməyən Birinci Qılınc Aslan geri çəkildi. İznik Bizansın əlinə keçdi. Əskişəhər istiqamətindən Anadoluya girən Xaç ordusuna qarşı Sultan Birinci Qılınc Aslan (1092-1107) müharibəyə başladı. Anadoluda səlibçiləri ən strateji bölgələrdə tələyə salıb ani basqınlarla hücum edib, çoxunu qırdı.
Səlibçilərlə birlikdə Bizans imperatoru da vəziyyətdən faydalanaraq Türkiyə səlcuqlularının qərb bölgələrindəki torpaqlarını işğal etdi. Ermənilər isə türklərin başının səlibçilərə qarışdığını fürsət bilib, Toroslara bir müddət hakim oldular. Türklərin hücumu nəticəsində 600 min nəfərlik qüvvə ilə Anadoluya keçən səlibçilərin sayı, Antakya qalası önünə gəldikdə 100 minə enmişdi. 1097-ci il oktyabr ayında Antakyanı mühasirəyə alan səlibçilər qalanın içindəki xristian əhalidən birinin (tarixi mənbəyə görə erməni olub) xəyanəti nəticəsində, doqquz ay sonra, 1098-ci ilin iyununda şəhərə girə bildilər. Mosulun atabəyi Kürboğa Bəyin komandirliyi altında müsəlman-türk ordusu Antakyanı səlibçilərdən geri almaq üçün cəhd etdi. Lakin şəhər alınmaq üzrə ikən aralarında çıxan ixtilaf, məğlubiyyətə yol açdı. Səlibçilər bu müsəlman ordusunu dağıtdılar.
Antakyanı alan səlibçilər, qırx minə düşən qüvvələri ilə Qüdsə doğru hərəkət etdilər. Xristianlar cənuba doğru yürüşləri davam etdirərək 1099-cu ildə müqəddəs Qüds şəhərinə basqın etdilər. Bir ay davam edən şiddətli mübarizədən sonra, nəhayət, xristianlar 15 iyulda fatimilərin əlində olan şəhərə daxil oldular. Qüdsü alarkən çoxlu sayda dinc sakini öldürən səlibçilər, hətta Məscidi-Əqsa və Qubbətus-Səhra məscidlərində gizlənməyə çalışanlara, həmçinin şəhərdə yaşayan yəhudilərə də rəhm etmədilər. Bu hadisələrin şahidi olan tarixçi Raymond Agilyer işğaldan sonrakı gün Qüdsün mərkəzindən keçərkən hər tərəfi örtən cəsədlərin arasından və küçə boyu axan qanın içindən keçmək məcburiyyətində qaldığını yazmışdı. Xristianlar burada yerli müsəlmanlara qarşı son dərəcə vəhşiliklər törətməyə başladılar. Onlar uşağa, qocaya, qadına heç kimə aman vermədən hamını qılıncdan keçirirdilər. Öldürülən müsəlman və yəhudilərin sayı 70 min idi. Səlibçilərin müsəlman şəhərlərini işğal etdikdən sonra törətdikləri vəhşiliklər onların dinimizə və ümmətimizə qarşı içlərində əsrlər boyu yaşatdıqları kin və düşmənçiliyin bariz bir nümunəsi idi. O zaman müsəlman ümməti vəhşi əxlaqa və insani dəyərlərdən uzaq olan bir qövmün əsarətinə düşdüklərini anladılar. Müxtəlif əqidələrdən və müxtəlif siniflərdən təşkil olunmuş böyük kütlənin məqsədyönlü şəkildə bir araya gələrək müsəlman dünyasını məhv etmək niyyətləri, artıq müsəlmanlara bəlli olmuşdu. Məqsədyönlü şəkildə aparılan səlibçi səfərlərindən sonra xristianlar tez bir zamanda bu ərazilərdə dövlətlərini qurmağa başladı. Onlar Antakyada Antakya knyazlığı, Qüdsdə Qüds krallığı, Edessada Edessa qraflığı və Tripoli qraflığının əsasını qoydular. Xristianlar öz hakimiyyətlərinin əsasını qoyduqdan sonra müsəlmanları şiddətlə sıxışdırmağa başladılar. Qüds krallığı xristianların mərkəzinə çevrilmiş, digər knyazlıq və qraflıqlar isə Qüdsə tabe olan muxtar idarəçilik formasında idilər.
Beləliklə, xristianlar Orta Şərqə sahib oldular və şərqi Ağdəniz sahillərinə yiyələndilər. Müsəlmanların Məkkə və Mədinədən sonra ən müqəddəs şəhəri olan Qüdsün işğalı müsəlmanlar tərəfindən çox həssas qəbul edildi. Müsəlmanlar səlibçiləri Orta Şərqdən çıxarmaq üçün hərəkətə keçdilər. 1144-cü ildə Mosulun atabəyi İmadəddin Zəngi Urfanı geri aldı. Bu hərəkət ikinci Xaç yürüşlərinin başlamasına səbəb oldu.

İkinci Xaç yürüşü (1147-1149)

Urfanın müsəlmanlar tərəfindən geri alınmasından sonra, 1145-ci ildə Roma Papası III Yevgeni Avropa hökmdarlarını yeni bir səlib yürüşünə çağırdı. Bu dəfə çağırışa Almaniya kralı III Konrad və Fransa kralı VII Lüdoviq müsbət cavab verdilər. Hər iki kral şəxsən səfərə çıxdı. İlk olaraq Almaniya kralı III Konrad 1147-ci ildə Anadoluya hücum etdi. Alman kralı 75 min nəfərlik ordu ilə Konya Ovasına gəldi. Bu ordu Türkiyə səlcuqluları sultanı Birinci Məsud tərəfindən məhv edildi. Alman kralı güclə canını xilas edərək, 5 min nəfərlə İznikə sığındı. Fransa kralı VII Lüdoviq 150 min nəfərlə yola çıxdı və İznikdə Alman kralının sağ qalmış qüvvələriylə birləşdi. Bu iri orduya qarşı üz-üzə müharibə aparmağı məsləhət bilməyən Sultan Məsud, səlibçiləri Toroslar keçidinə çəkdi. Burada böyük itkilərə məruz qalan səlibçilər Antakyaya sığındılar. Şamı mühasirəyə alsalar da, türklər tərəfindən məğlub edildilər.
Beləliklə, İkinci Səlib yürüşü uğursuzluqla tamamlandı.

Üçüncü Xaç yürüşü (1189-1192)

1099-cu ildə fatimilər Qüdsü müdafiə edə bilməyərək səlibçilərə təslim etmişdilər. Buna baxmayaraq, səlibçilərlə fatimilər arasında müharibələr davam edirdi. Səlibçilər qarşısında aciz qalan fatimilər Mosulun atabəyi Nurəddin Mahmud Zəngidən kömək istəmişdilər. O da öz sərkərdəsi Əşirəddin Şirkuhu ordu ilə Misirə göndərmişdi. Qardaşı oğlu Səlahəddin Yusiflə Misirə gələn Əsirəddin Şirkuh Fatimi hökmdarının vəziri olmuş, lakin bir müddət sonra ölmüşdü. Onun yerinə keçən Səlahəddin Yusif gözlənilmədən Fatimilər dövlətinin varlığına son qoyaraq xütbəni Abbasi xəlifəsinin adına oxutdu, Misirdə Əyyubilər dövlətinin təməlini qoydu və Əyyubi ləqəbini götürdü. Səlahəddin Əyyubi nizam-intizamlı, möhkəm ordu qurdu. O, 1187-ci ildə Fələstindəki Təbəriyyə gölü sahilindəki Xuttin kəndi yaxınlığında Qüds səlibçi krallığının ordusunu ağır məğlubiyyətə uğratdı. Xuttin döyüşündə səlibçilərin demək olar ki, hamısı məhv edildi. Bu döyüşdən sonra hərbi qüvvəsindən məhrum olan Qüds krallığı da aradan qaldırıldı və Qüds 88 illik işğaldan sonra azad edildi. Artıq xristianlar (bir neçə liman şəhəri xaric olmaqla) bütün Orta Şərqdən çıxarılmışdılar. İngiltərə kralı Riçardla Səlahəddin arasında gedən qızğın mübarizələrdə Səlahəddin çoxlu qəhrəmanlıqlar nümayiş etdirmişdi. Bu mübarizə 1192-ci ilə qədər davam etmiş və Səlahəddinlə Riçard arasında sülhnamə ilə nəticələnmişdi. Bu sülhnaməyə əsasən dəniz kənarı ərazilər səlibçilərə, yerdə qalan içəri ərazilər isə müsəlmanlara aid edilmiş və xristianlara Qüdsü öz dinlərinin qanunlarına əsasən ziyarət etmək icazəsi verilmişdi.

Dördüncü Xaç yürüşü (1202-1204)

Əyyubilər səlibçilərlə mübarizəyə davam edirdilər. Fələstindəki Yafa və sahil zolağındakı bəzi qalalar Əyyubilərin əlinə keçdikdə Papa, bütün xristianları səfərə çağırdı. Səlibçilər bu dəfə dəniz yolundan istifadə etmək üçün Venesiya ilə saziş bağladılar. O zaman Bizansda taxt üstündə mübarizə gedirdi. İstanbul xalqı ayağa qalxıb imperatoru və oğlunu öldürdükdə, səlibçilər fürsəti qənimət bilib planlarını həyata keçirdilər. Bu Xaç yürüşünə Almaniya imperatoru VI Henrix qoşuldu. Papanın etiraz etməsinə baxmayaraq, səlibçilər Venesiya gəmiləriylə İstanbul qarşısına gəldilər. 1204-cü ildə pravoslav bizanslılardan İstanbulu aldılar. Şəhərin zənginliyi katolik xristianları dəli etdi. İstanbulu qarət edib taladılar. Dindaşlarına hər cür zulm, hər növ pislik etdilər. Bizans imperatoru taxtını İstanbuldan İznikə apardı. Bu hadisə Bizans tarixində ilk dəfə olurdu. Nəhayət, İstanbulda 1261-ci ilə qədər davam edən “Latın imperiyası” quruldu. Bu səfər nəticəsində Venesiya və Genuya dövlətləri Yaxın Şərqdə böyük nüfuz və torpaq parçaları əldə edib zənginləşdilər. İstanbulun sənət əsərləri talan edildi, evlər qarət olundu, minlərlə istanbullu şəhərin tarixində görünməmiş, insanlığa sığmayan təcavüzlərə məruz qaldı, soyuldu və işgəncəylə öldürüldü. Dördüncü Xaç yürüşündə müsəlmanlardan daha çox pravoslav xristianlar zərər gördü.
İstanbuldan qaçan Bizans zadəganları İznik Rum imperatorluğunu (1204-1261) və Trabzon Rum imperatorluğunu (1204-1461) qurdular. İznik Rum imperatorluğu 1261-ci ildə Latın imperiyasını yıxaraq Bizansı təkrar canlandırdı.

Beşinci Xaç yürüşü (1217-1221)

1217-ci ildə beşinci səlib yürüşü başladı. Bu dəfə Misir hədəf olaraq seçilmişdi. Səlibçilər 1219-cu ildə Dimyat şəhərini ələ keçirsələr də, Kral Andrias müsəlmanlar qarşısında davam gətirməyib geri döndü. Sonra Qahirəyə tərəf yönəlsələr də Əyyubilər tərəfindən darmadağın edildilər və nəhayət 1221-ci ildə heç nə əldə etmədən geri çəkilmək məcburiyyətində qaldılar.

Altıncı Xaç yürüşü (1228-1229)

Papa IX Qriqorinin təşviqi ilə Alman imperatoru II Fridrix tərəfindən tərtib edildi. Alman imperatoru Qüdsə qədər getdi. Misir sultanı Məlik Kamilin xarici təzyiqlərlə sıxışdırıldığı bir vaxtda, səlibçilər Qüdsə girmək üçün danışıqlara üstünlük verdilər. Anlaşma ilə Qüds səlibçilərin əlinə keçdi. Qüds 15 il səlibçilərin əlində qaldı. 1244-cü ildə türklər tərəfindən məğlub edilmələri nəticəsində şəhər, yenidən misirlilərə təslim edildi. Beləliklə, daha bir səfər uğursuz sona yetdi.

Yeddinci Xaç yürüşü (1248-1254)

Yeddinci Səlib yürüşü Qüds müsəlmanlar tərəfindən alındığı üçün, IX (Müqəddəs) Lüdoviq tərəfindən tərtib edildi. Yürüş 1249-cu ildə Misir üzərinə hücumla başladı. Əsgərlərin demək olar ki, hamısı fransız idi. Dimyatı ələ keçirən səlibçilər, Misir sultanı Turan Şahın onları blokadaya alması nəticəsində, acınacaqlı vəziyyətə düşmüş, sonunda isə kral da əsir alınmışdı. IX Lüdoviq ağır girov verərək qurtulsa da, yürüş məğlubiyyətlə başa çatmışdı.

Səkkizinci Xaç yürüşü (1270)

Bu səfər Yeddinci Xaç yürüşünün intiqamını almaq üçün dindarlığı ilə seçilən Fransa kralı IX Lüdoviq tərəfindən təşkil edildi. Amma bu dəfə marşrut Qüds deyil, Ağdəniz sahillərindəki müsəlman dənizçilər seçilmişdi. Gəmilərlə sahilə yan alan kral, Tunis şəhərini mühasirəyə aldı. Lakin qəfil baş verən epidemiya nəticəsində kral, onun oğlu və bir çox əsilzadə vəfat etdi. Sağ qalanlar da mühasirəni ataraq Fransaya qayıtdılar. Beləliklə də, Səlib yürüşləri epopeyası başa çatdı.
Fəqət Xaç yürüşləri, 1270-ci ildə sona çatmış hesab oluna bilməz. Hər zaman xristianlar, müsəlmanlara qarşı hərbi hücumlarla yanaşı siyasi, mədəni və iqtisadi sahələrdə bir cəbhədə birləşmişlər.

Qəti məğlubiyyət

Ard-arda baş verən uğursuzluqlar Fələstindəki səlibçi dövlətlərinin son qalıqları üzərindəki qara buludları daha da sıxlaşdırırdı. Misir sultanı Bəybars 1265-ci ildə Qeysəriyyə və Arsufu almışdı. Daha sonra Antakyanın üzərinə gedən sultan, 18 may 1268-ci ildə bu şəhəri fəth etmiş və səlibçi knyazlığına son qoymuşdu. Ondan sonra hakimiyyətə gələn sultan Kalavun 1287-ci ildə Lazikiyyəni, 1289-cu ildə isə Tripolini tutmuşdu. Səlibçilərin əsas mərkəzi olan Qüds krallığından geriyə qalan son böyük şəhər olan Akkanı isə, sultanın oğlu əl-Məlikul-Əşrəf iki ildən sonra almışdı. Elə həmin il Sur, Beyrut və Hayfanı fəth edən sultan, beləliklə, səlibçilərin hakimiyyətinə tamamilə son qoymuşdu.
Əsrlərlə davam edən Xaç yürüşləri nəticəsində, çoxlu qan töküldü və milyonlarla insan can verdi. Bu səfərlər dini, siyasi, sosial, mədəni, iqtisadi və bir çox hadisələrə səbəb oldu. Xristianları müsəlmanlara qarşı müharibələrə təşviq etmək üçün, Avropada bir çox xristian təriqətləri quruldu. Səfərlərdə iştirak üçün avropalıların dindarına, macərapərəstinə, işsiz-güçsüzünə ayrı-ayrı vədlərlə təbliğatlar aparılmışdı. Müsəlmanların qalibiyyəti ilə bütün bu vədlərin boşa çıxması nəticəsində, papalığın və kilsələrin nüfuzu sarsıldı.
Bu səfərlərin nəticəsi olaraq xristianlar müsəlmanları yaxından tanıdılar. Hərb meydanlarında aslanlar kimi cəsarətlə döyüşən müsəlmanların, əslində çox mərhəmətli, humanist, qonaqpərvər olduqlarını yaxından gördülər. Müsəlmanların, papaların təsvir etdikləri kimi olmaması, avropalı xristianların daha öncəki düşüncələrini dəyişdirdi.
Papalıq, bu səfərlərin məsrəflərini qarşılamaq məqsədilə, xristianların ruhani işləri üçün vergi almaq adətini yaratdı. Yaşadığı çevrənin kilsəsinə vergi verməyənlər, xristianlıqdan xaric edildi. Missionerlər fəaliyyətlərini artırıb, Asya və Afrikada xristianlığı yaymağa çalışdılar.
Xaç yürüşlərinə qoşulan cəngavərlərin, müsəlmanlar qarşısında gücsüzlüyü ortaya çıxdı. Beləliklə, güclü olduqları səbəbilə bəzi imtiyazlara malik olan cəngavərlərin mövqeyi sarsıldı, mərkəzi hakimiyyətin nüfuzu artdı. Avropada krallıq rejimi qüvvətləndi. Kölə vəziyyətində olan kəndli, torpaq sahibi olan ağalarından ərazi alaraq, mal-mülk sahibi oldular. Avropada (aralarında böyük bərabərsizlik və ədalətsizlik uçurumu olan) siniflər arasındakı fərq qismən azaldı.
Şərqin mədəniyyətini tanıyıb, İslami əsərlərə heyran olan səlibçilər, müsəlmanlardan sənət və elm sahələrində bir çox yenilikləri və kəşfləri öyrəndilər. Çox sayda əsəri qarət edərək Avropaya qaçırdılar. Bu isə Avropada elm və texnologiyanın inkişafına səbəb oldu. Müsəlmanlardan kağız və kompası da öyrənən səlibçilərdə gəmicilik çox inkişaf etdi. Venesiya, Genova, Marsilya, Pisa kimi Ağdəniz limanlarının əhəmiyyəti artıb, ticari fəaliyyətlər sürətləndi. Bu şəhərlər sərbəst bölgələr mahiyyətini aldı. Qərb və şərqin ticarəti inkişaf etdi.
Xaç yürüşləri nəticəsində müsəlmanlar, bizanslılar və yəhudilər çox zərər çəkdi. İslam ölkələri və dövlətləri xarabalığa çevrildi. Yüz minlərlə müsəlman Anadolu, Misir, Suriya və xüsusilə Qüdsdə qılıncdan keçirilib, yaşayış yerləri qarət edilərək yandırıldı, dağıdıldı. Qadınlar və uşaqlara da rəhm olunmadı. Səlibçilərin qılıncından sadəcə müsəlmanlar deyil, yəhudilər, xüsusilə pravoslav Bizans da ziyan çəkdi. İstanbulun zənginliyinə heyran qalan Latın katoliklər, şəhərin sənət əsərlərini qarət etdilər. Pravoslav əhaliyə hücum edib mal, can və namuslarına hədsiz dərəcədə zərər verdilər. İstanbullular şəhəri tərk etməyə məcbur qaldı. Xaç zülmü o qədər artdı ki, əsrlərdən bəri İstanbulda olan Bizans İmperatorluq taxtı şəhərdən çıxarılıb, öncədən Türkiyə Səlcuqlular dövlətinin paytaxtı olan İznikə aparıldı. Bizanslılar 1261-ci ildə İstanbulu səlibçilərdən geri aldılar.
Xaç yürüşləri nəticəsində, İslam mədəniyyətini tanıyan Avropada, elm və texnologiya sahəsindəki inkişafın, mərkəzi hakimiyyətin quvvətlənməsi ilə müsəlmanlara qarşı əsrlərlə davam ediləcək hərbi, siyasi, iqtisadi və mədəni siyasət müəyyənləşib və bu, mərhələli şəkildə tətbiq edilib.
Osmanlı dövlətinə və digər müsəlman dövlətlərə qarşı, 1364-cü ildə serblərin vəhşilikləri, 1389-cu ildə Birinci Kosova döyüşü, 1396-cı il Nikopol döyüşü, 1444-cü il Varna döyüşü, 1448-ci il İkinci Kosova döyüşü, 1453-cü il İstanbulun fəthi, 1538-ci il Preveze döyüşü, 1571-ci il Kıbrısın fəthi, 1683-cü il Vyana mühasirəsi, Osmanlı dövlətinin yıxılması və 1919-1922-ci illər İstiqlal savaşında da səlibçilər ittifaq edib, müsəlmanlara qarşı cəbhə aldılar. Hətta 1-ci dünya müharibəsində Qüds müsəlman türklərin əlindən çıxdıqda, türklərin müttəfiqi olan almanlar bayram etdilər.
Qərblilərin keçən əsrlərdə və günümüzdə, İslam ölkələrinə qarşı tətbiq etdikləri müstəmləkəçilik siyasətləri, İslam dininə hücumları və müsəlmanları dinlərindən uzaqlaşdırmaq üçün göstərdikləri bütün fəaliyyətlər, keçmişdəki Xaç yürüşlərinin, günümüzdə soyuq müharibə, mədəni və iqtisadi müharibə olaraq davam etdiyini göstərməkdə, bu gün də bir çox əsərimiz oğurlanaraq qərbə qaçırılmaqdadır.

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.


more post like this