Cavab: “Taha” surəsinin 29-32-ci ayələrində (Musa peyğəmbərin dili ilə) buyurulur: وَاجْعَل لِّي وَزِيرًا مِّنْ أَهْلِي هَارُونَ أَخِي اشْدُدْ بِهِ أَزْرِي وَأَشْرِكْهُ فِي أَمْرِي “(İlahi!) Mənə öz ailəmdən bir vəzir qərar ver – qardaşım Harunu! Onunla arxamı möhkəmləndir. Onu işimə şərik et.” Bu ayələrin təfsirində əhli-sünnə mənbələrində çoxlu rəvayət nəql olunmuşdur. İslam peyğəmbəri (s) risalət vəzifələrini həyata keçirmək üçün həzrət Musanın (ə) Allahdan istədiyini istəyir; bir fərqlə ki, Peyğəmbər (s) Harunun (ə) yerinə imam Əlinin (ə) adını çəkir. Biz həmin rəvayətlərin bir qismini qeyd edirik: 1. “Şəvahidut-tənzil” kitabında Hüzeyfə ibn Üseyddən belə nəql olunur: “Peyğəmbəri-əkrəm (s) Əmirəl-möminin Əli ibn Əbi Talibin (ə) əlindən tutub buyurdu: اَبْشِر، وَاَبْشِر، اِنَّ مُوسى دَعا رَبَّهُ اَنْ يَجْعَلَ لَهُ وَزِيراً مِنْ اَهْلِهِ هارُونَ، وَاِنِّى اَدْعُوا رَبِّى اَنْ يَجْعَلَ لِى وَزِيراً مِنْ اَهْلِى عَلِِىّ اَخى، اُشْدُدْ بِهِ ظَهْرِى وَاَشْرِكْهُ فِى اَمْرِى: “(Ya Əli!) Müjdə verirəm, müjdə verirəm! Həqiqətən, Musa (ə) Allahdan qardaşı Harunun ona xəlifə və işlərində şərik olmasını istədiyi kimi, mən də Allahdan istədim ki, öz əhlimdən olan bir nəfəri – Əlini mənim üçün vəzir və xəlifə seçsin. İlahi! Onunla arxamı möhkəmləndir və onu işimə ortaq et!”[4256] 2. Başqa bir rəvayətdə Əsma binti Ümeysdən belə nəql olunur: “Allahın Peyğəmbəri (s) buyurmuşdur: اَللّهُمَّ اِنِّى اَقُولُ كَما قالَ اَخِى مُوسى اَللّهُمَّ اجْعَلْ لِِى وَزِيراً مِنْ اَهْلِى عَلِِيّاً اَخى، اُشْدُدْ بِهِ اَزْرِى وَاَشْرِكْهُ فِى اَمْرِى، كَىْ نُسَبِّحَكَ كَثِيراً، وَنَذكُرَكَ كَثِيراً، اِنَّكَ كُنْتَ بِنا بَصِيراً: “İlahi! Mən Səndən qardaşım Musanın (ə) istədiyini istəyirəm: İlahi! Mənim Əhli-beytimdən bir nəfəri – qardaşım Əlini mənə vəzir qərar ver! Onunla arxamı möhkəmləndir, onu işimə şərik et ki, Sənə çoxlu həmd-səna deyim, Səni çoxlu yad edim. Həqiqətən, Sən bizi görürsən (və bizim vəziyyətimizdən xəbərdarsan)!”[4257] Məlum olduğu kimi, İslam peyğəmbərinin (s) işlərinə şərik olmaq nübüvvət və peyğəmbərlik yox, xalqa rəhbərlik vəzifəsidir. 3. Ənəs ibn Malikdən nəql olunan hədisdə yalnız xəlifəlik və vəzirlik məsələsi açıqlanır: “Allahın Peyğəmbəri (s) buyurur: اِنَّ خَلِيلِى وَ وَزِيرِى وَ خَلِيفَتِى فِى اَهْلِى، وَخَيْرَ مَنْ اَتْرُكَ بَعْدِى، يُنْجِزُ مَوْعُودِى وَيَقْضِى دِينِى، عَلِىُّ بْنُ اَبِيطالِبٍ: “Həqiqətən, Əhli-beytimdən olan dostum, vəzirim, xəlifəm və özümdən sonra vədlərimə sadiq qalaraq borclarımı ödəyəcək ən layiqli insan Əli ibn Əbi Talibdir!”[4258] 4. Bu hədis azacıq fərqlə Salman ibn Farsidən də nəql olunmuşdur.[4259] 5. Beşinci (h.q) əsrin alimlərindən olan Hafiz Əbu Nəim İsfahani “Ma nəzələ minəl-Qurani fi Əliyyin” (Qurani-kərimdə Əli (ə) haqda nazil olan ayələr) adlı kitabında Əsma binti Ümeysin nəql etdiyi hədisi İbn Abbasdan nəql edir. Sonda İbn Abbas deyir: “Peyğəmbərin (s) duasından sonra qeybdən belə bir səs eşitdim: “Ya Əhməd! Allahdan istədiyin şey sənə verildi.”[4260] 6. Fəxri-Razi “Kəbir” təfsirində bu hədisi daha geniş şəkildə Əbuzər Qifaridən nəql edir: “Peyğəmbəri-əkrəm (s) Əlinin (ə) namaz üstə üzüyünü yoxsula verdiyini gördükdə, dedi: “İlahi! Qardaşım Musa səndən istədi ki, onun sinəsini genişləndirəsən…, əhli-beytindən bir nəfəri vəzir seçib işilərinə ortaq edəsən (və Sən də qəbul etdin). İlahi! Sən onun duasının qəbul olduğunu bildirən Qurani-natiq (danışan Quran) nazil etmisən. İlahi! Mən Məhəmməd də Sənin peyğəmbərin və elçinəm. Mənim də sinəmi genişləndir, işlərimi mənə asan et və Əhli-beytimdən olan Əlini vəzirim seç, onunla arxamı möhkəmləndir!” Hələ Peyğəmbərin (s) duası qurtarmamışdı ki, Cəbrail “Sizin vəliniz, rəhbəriniz Allah, Onun Rəsulu və sizlərdən olan əmr sahibləridir” ayəsini nazil etdi.”[4261] Bu rəvayətin sənədlərini nəql edən kitabların sayı olduqca çoxdur. Biz isə kitabın həcmini nəzərə alaraq deyilənlərlə kifayətlənirik. “Vəzirlik” ayəsi və hədislərinin məzmunu Bu hədislərdə açıq-aşkar belə deyilir: “Peyğəmbəri-əkrəmin (s) duasından sonra Allah-taala Musanın (ə) duası kimi o həzrətin də duasını qəbul etdi. Peyğəmbərin (s) duası belə idi: “İlahi! (Harun (ə) Musanın (ə) vəziri, xəlifəsi olduğu kimi,) Əhli-beytimdən bir nəfəri vəzirim seç, onunla arxamı möhkəmləndir və onu işlərimə şərik et.” Deyildiyi kimi, burada imam Əlinin (ə) Peyğəmbərin (s) işlərinə şərik olması peyğəmbərlik məqamına aid deyil. Çünki İslam peyğəmbəri (s) peyğəmbərlərin sonuncusudur. Bəllidir ki, məqsəd əmr be məruf (yaxşı işlərə dəvət), nəhy əz münkər (pis işlərdən çəkindirmək) və dinin təbliği ilə bağlı digər məsələlər də deyil. Çünki bunlar, bütün müsəlmanların vəzifəsidir. Hamı gücü çatdığı qədər əmr be məruf və nəhy əz münkər etməli, İslamı yaymalıdır. Beləliklə, Peyğəmbərin (s) duasında məqsəd peyğəmbərlik və ümumi vəzifələrdən fərqli xüsusi bir məqamdır. Bu məqam Peyğəmbərdən (s) sonra xilafət və imamət məqamı ola bilər. Başqa sözlə, elə vəzifələr var ki, onun öhdəsindən hamı gələ bilmir. O da dini hər bir təhrif və azğınlıqdan qorumaq, Peyğəmbərdən (s) sonra ümmətə rəhbərlik etmək və o həzrətin hədəflərini həyata keçirməkdir. Bütün bunlar “vəzir” sözündə cəmlənmişdir.[4262] Demək, Peyğəmbəri-əkrəm (s) Allahdan imam Əlinin (ə) müsəlmanların xəlifəsi və imamı olmasını istədikdə, Allah onun duasını qəbul etmişdir. Amma imam Əlinin (ə) bu qəbil fəzilətlərini qəbul etməyən bəzi əhli-sünnə alimləri “Peyğəmbərin (s) işlərinə şəriklik” məsələsini əmr be məruf və nəhy əz münkər kimi yozmuşlar. Bildiyiniz kimi, bu vəzifə bütün müsəlmanlara aid olduğundan, ondan ötrü Allah tərəfindən bir nəfərin vəzir təyin olunmasına ehtiyac qalmır. [4256] “Şəvahidut-tənzil”, 1-ci cild, səh. 368, hədis: 510. [4257] Yenə orada, səh. 370, hədis: 511. [4258] Yenə orada, səh. 374, hədis: 516. [4259] Yenə orada, səh. 77, hədis: 115. [4260] “Mülhəqati Ehqaqul-həqq”, 20-ci cild, səh. 128. [4261] “Kəbir” təfsiri, Fəxri-Razi, 12-ci cild, səh. 26. (“Maidə” surəsinin 55-ci ayəsinin təfsirində.) [4262] “Vizr” sözündən götürülən “vəzir” sözü ağır iş mənasını daşıyır. Vəzirlik məqamını tutan şəxs öhdəsinə müxtəlif ağır məsuliyyətlər götürüdüyündən, bu söz ona aid edilmişdir. NUR-AZ.COM


more post like this