İnsanın etiqadı, məsləyi onun ruhuna aid bir dəyərdir. Etiqad öncə əqlin süzgəcindən keçib məntiqlə seçildikdən sonra könül evinə hakim olur və insanı heç bir zaman, hətta ən dəhşətli təhlükə önündə belə, tərk etmir (istər İbrahim olub odla, istərsə də Musa olub suyla üzləşsin).
Həyatda insana həqiqi azadlığı, şəxsiyyət dəyərini aşılayan yeganə etiqad – İslamdır. Çünki məhz bu din insanı kölə edən bütün buxovlardan azad edib İlahi dərgaha bəndəlik məqamına yetişdirir. İslamı tanımayan, onu qəbul etməyən şəxs hələ daxili azadlığı dadmağa yetkinləşməmiş birisidir. Beləsini hər hansı bir mənəvi asılılığa asanca yönəltmək olar. İslam insana düşünməkdə də azadlıq verir, öz dəlillərini təqdim edir. Başqa məktəblər kimi dünya görüşünü məcburi şəkildə təhmil etmir, yükləmir.
İllərlə, əsrlərlə başqa millətin əsarətində yaşamış azəri millətim artıq qeyri-şüuri şəkildə həmişə nələrləsə, kimlərsə hesablaşmağa adət edib. Bizi kəsə-kəsə, sürgün edə-edə, düşüncələrimizi boğa-boğa daxilimizdə elə bir sıxılma yaradıblar ki, baş üzərindən asılılıq zənciri qırılsa da, müstəqilliyə qovuşsaq da bu boşluğu keçmək hələ də asan deyildir. İnsanlar azad olmağın nə olduğunu hələ tam dərk edib, daxilən rahatlanmamışlar. Biz bu boşluğu Vətən sevgisi anlamıyla doldurmaq istəyirik. Oğlum baxçadan gəlib soruşur: “Ana 20 yanvarda bizi niyə öldürüblər?” Xocalı haradır? 6 yaşlı oğluma qeyrəti qısa şəkildə necə aşılayım ki, böyüyəndə bu, onun qəlbinin ayrılmaz bir hissəsi olsun? Düşündüm və anladım ki, bu ildə 3-4 matəm qeyd edib, şüarlar səsləndirməklə əmələ gələsi iş deyil. Və anladım ki, bu təkcə yeni nəsildə deyil, bütün millətdə yalnız bir şəkildə həyata keçə bilər: dinimizə, məsləyimizə qayıtmaqla. Çünki ilk öncə və ən praktik yolla qeyrəti həzrət Muhəmməd (s) aşılayıb: “Vətəni sevmək imandandır”. Yəni vətəni sevmək insanın etiqadının, canının bir parçasıdır. Biz bəzən tarixi hadisələr, qəhrəmanlar və ədiblərimizlə iftixar edirik. Unuduruq ki, onları bu zirvəyə çatdıran İslam olub. Çünki İslam insanı özünə, əslinə qaytarır. “Allahı unutduqları üçün Allah onları özlərinə unutdurdu…” Allahı unutmayan həqiqi “mən”ini və onda gizli olan fövqəl-qüdrəti kəşf edir. Özünü kəşf etmiş millət isə yenilməz olur. Özünə güvəni, sərbəst düşüncəni daşıyan bir milləti hansı ideoloji təzyiq yıxa bilər?
Zahiri köləlikdən qurtulduq. Allah bizi daxili köləlikdən də azad etsin ki, Yer üzünün ən zəngin milləti olan bizlər, ayaqüstə daha möhkəm durub, sabaha alnıaçıq çıxa bilək! Amin!

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.


more post like this