Əsrimizin sonunda şiə və sünni məzhəblərini birləşdirmək üçün böyük cəhdlər göstərənlərdən biri də Ayətullahül-üzma İmam Xomeyni (r.ə) olmuşdur. Məlumdur ki, Rəsuli-Əkrəmin (s) doğum gününü müsəlman aləmində böyük təntənə ilə qeyd edirlər. Lakin burada da şiə və sünnilər arasında ixtilaf var. Sünnilər bu böyük bayramı hicri-qəməri tarixi ilə rəbiul-əvvəl ayının 12-si, şiələr isə həmin ayın 17-si keçirirlər. İmam Xomeyni (r.ə) həmin ixtilafı qaldırmaq üçün İranda 12-dən 17-nə kimi bayram elan etdi və bu həftə İslam aləimində «Vəhdət həftəsi» adı ilə qeyd olundu.

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.

ŞƏHADƏT KARVANI (1)

Sülhsevər rəhbər
İmam Əli (ə) şəhid olan gün artıq Məkkə və Mədinə şəhərləri, habelə Misir və Yəmən əyalətləri Həzrətin (ə) əlindən çıxmışdı. Yalnız Kufə və İran onun ixtiyarında idi. Təbii ki, dilləri də ərəb dilindən fərqli olan və yeni müsəlman olmuş iranlılar Cəməl, Siffeyn və Nəhrəvan müharibələrində iştirak etmədikləri kimi, İmam (ə) da onların döyüş meydanına daxil olmasını istəmirdi. Buna görə də yalnız Kufə və Bəsrə, habelə Nüxeylə düşərgəsində həmin yorğun qoşun qalmışdı. İmam (ə) ramazan ayından sonra elə bu qoşunla qasitinə tərəf yola düşməyi qərara almışdı ki, 19-cu gün, səhər tezdən ibadət mehrabında

فزت و رب الکعبه

«And olsun Kəbənin Allahına ki, səadətə çatdım», – dedi.
İndi isə İmam Müctəba (ə) elə həmin qoşunla bu ölkənin varisidir. İbn Əbil Hədid «Nəhcül-bəlağə»də 32-ci məktubun şərhində Əbul Fərəc Əli ibn Hüseyn İsfəhaninin «Məqatil Əttalibin» kitabından nəql edərək yazır:
– Həsən (ə) Əmirəl-möminin Əlinin (ə) vəfatından sonra belə bir xütbə söylədi: «Bilin ki, ötən gecə keçmişdəkilərin əməldə ondan irəli keçmədiyi və sonrakıların da əməldə ona çata bilmədiyi bir kişi vəfat etdi. O, Peyğəmbərlə (s) birlikdə döyüşür, həmişə özünü o Həzrətin (s) bəlalarına sipər edirdi. Rəsuləllah (s) öz bayrağını ona tapşırdı. Sağ tərəfdən Cəbrayıl, sol tərəfdən Mikayıl onu himayə edirdilər. O, döyüşdən qələbə çalmamış qayıtmazdı. O, elə bir gecə vəfat etdi ki, İsa ibn Məryəm (ə) bu gecə ərşə çəkilmiş, Yuşə ibn Nun bu gecə vəfat etmişdir. Özündən 700 dirhəmdən savayı, başqa heç bir qızıl-gümüş qoymamışdı ki, onunla öz evi üçün bir xidmətçi tutsun».
Sonra o, kövrəlib ağladı. Adamlar da onunla birlikdə ağladılar. Sonra da Həsən ibn Əli (ə) sözünə belə davam etdi: «Camaat, məni tanıyan tanıyır, tanımayan isə bilsin ki, mən Muhəmməd Rəsuləllahın (s) oğlu Həsənəm. Mən onun müjdələyən və qorxudan oğluyam. Mən Allahın əmri ilə ona tərəf çağırılan oğluyam. Mən elə bir nəsildənəm ki, Allah-Taala pislikləri onlardan aparmış, onları pak etmişdir. Mən Allahın öz kitabında onları sevməyi vacib buyurduğu bir ailədənəm. Allah buyurmuşdur: «Bəyənilmiş iş dalınca olanın və bəyənilmiş iş görənin yaxşılığını artırarıq». Bu bəyənilmiş işi görmək isə bizim ailəni (əhli-beyti) sevməkdir».
Bundan əlavə, Əllamə Seyid Möhsün Əmin Əl-Amili «Əyanul Əş-şiə» kitabında Əbşihinin «Əl-Müstətrəf» əsərindən nəql edir: – və sonra buyurdu: «Camaat, Qüreyş öz müqəddəratını şeytanlara tapşırdı. Bu şeytanlar da onları oda tərəf aparmaqda bələdçi oldular. Bəli, Qüreyşin bəziləri Rəsuləllahla (s) döyüşə qalxdılar. Allah-Taala öz Rəsulunu (s) onlara qalib etdi. Bəziləri isə gizlin (ürəklərində) ona qarşı kin bəsləyirdilər. Onlar da münafiqlər arasında özlərinə tərəfdar tapdılar. Hər halda İlahi əmirlər kitabı aradan qaldırılmış, təqdir qələmi qurumuş və qabaqcadan kitabda qeyd olunmuş işlər baş vermişdir».
Hər iki hekayətdə qeyd olunmuşdur ki, İmam Müctəbanın (ə) sözlərindən sonra Abdullah ibn Abbas qalxıb dedi:
– Camaat, bu, sizin Peyğəmbərinizin oğlu və rəhbərinizin canişinidir. Gəlin, ona beyət edin.
Camaat sürətlə ibn Abbasın sözlərini qəbul edib dedilər: «Biz onu çox sevirik, onun bizim boynumuzda çox haqqı vardır və o, xilafətə çox layiqdir». Sonra isə İmama (ə) beyət etmək üçün irəli gəldilər.
Şeyx Müfid «İrşad» kitabında yazır: «Həzrət Həsən ibn Əliyə (ə) beyət 40-cı ilin ramazan ayının 21-də, cümə günü baş vermişdir».
Əbul Fərəc İsfəhani yazır: «Beyətdən sonra İmam (ə) minbərdən endi, hökumət işçilərini səliqəyə saldı, məmurlara lazımi göstərişlərini göndərdi və İslam ölkəsinin işlərinə nəzarətə başladı». (İmam Həsən (ə) və İmam Hüseyn (ə) haqqında olan «Əyanul Əşşiə» kitabının tərcüməsindən bir hissə)
Deyirlər: «İmam Müctəba (ə) islahatçı imam Hüseyn (ə) isə davakar idi». Bu söz iki, bir-birinə zidd olan baxışlara bənzəyir. Həzrət Əbu Abdullahın (ə) qiyamının bir prizmadan təəccüblü görünərək cəmiyyəti ədalətsizliyə aparanların nəzərində cəmiyyət üçün nümunə, ülgü, örnək kimi canlanması və onun əksinin islahatçı kimi qəbul edilərək məğlubiyyətə məhkum edilməsi mümkündür. Əksinə digər baxışlarda Həzrət imam Həsən Müctəbanın (ə) sülhünün rahatlıq axtaranların istəkləri ilə üst-üstə düşməsi, onlar tərəfindən addım-addım irəli getməyin despotlar əleyhinə qiyamdan üstün tutulması və Aşura hərəkatının hörmətsizlik kimi təsəvvür olunması da mümkündür. Lakin həqiqət budur ki, belə düşüncə tərzi və rəylər hadisələri düzgün anlamamaq və başa düşməməyin nəticəsidir. Bəzən də zaman və məkana görə bu hər iki söz bir ağızdan çıxır. Bu isə son dərəcə düzgün olmayan düşüncənin, səfeh baxışın əlamətidir.
Bu barədə ilk və son söz budur ki, görəsən, fəzilətləri tanımaqda meyar mən və mənim tərəddüdlü düşüncələrimdirmi? Yaxud bunun üçün bir nümunə lazımdır ki, mən də yolu azmamaq üçün o İlahi ülgü və ipdən yapışım? Mənim əzizlərim, əgər nümunə, ülgü, rəhbər və bir sözlə «İmam» o on iki parlaq vücuddursa, onda bütün başqa sözlər mənasızdır. Əlbəttə, bu barədə başqalarının da sözünə səbir etmək olar, bu şərtlə ki, bunu deyən özünün şiə olduğunu iddia etməsin
Bu əzəmətli iki başçının həyatının təhlili və tanınması yalnız onların çox hörmətli babalarının sözləri ilə bağlıdır. O, buyurub: «Həsən və Hüseyn istər qiyam etsinlər, istərsə də otursunlar, imamdırlar». Yəni imamət və vilayətin əsası yerindədir və dəyişməzdir. Bu, vəziyyət və hadisələrin dəyişməsidir ki, o imamət və vilayətdə özünü müxtəlif cür büruzə verir. İndi bu sual-cavablardan bir nümunəyə diqqət yetirin:
– Nə üçün Müaviyə ilə sülh müqaviləsi bağladın, ey Rəsuləllahın (s) oğlu? Sən ki özünün haqq, onun isə zülmkar və azğın olduğunu bilirdin.
– Əba Səid, mən atamdan sonra Allahın höccəti, xalqın imamıyammı?
– Bəli, ey Rəsuləllahın (s) oğlu.
– Mən Rəsuləllahın (s) mənim və qardaşım barədə «Həsən və Hüseyn istər qiyam etsinlər, istərsə də otursunlar, imamdırlar», – buyurduğu şəxs deyiləmmi?
– Bəli, ey Rəsuləllahın (s) oğlu.
– Belə isə mən hər halda – qiyam etsəm də, etməsəm də – imamam. Ey Əba Səid, məni Müaviyə ilə sülhə vadar edən odur ki, Rəsuləllahı (s) Hüdeybiyyədən qayıdarkən Məkkə əhli – Bəni Əşşəcə və Bəni Zümrə – ilə sülhə vadar etdi. Onlar Quranın Allah tərəfindən göndərilməsini, bunlar isə onun şərhini qəbul etmirlər. Ey Əba Səid, əgər mən Allah tərəfindən olan bir imam və rəhbərəmsə, mənim müharibə və ya sülh barəsində verdiyim qərar və rəy batil qəbul olunmamalıdır. Hətta onun hikməti sizə məlum olmasa belə, onu batil hesab etməməlisiniz. Eşitməmisənmi ki, Xızır gəmini deşərkən, o uşağı öldürərkən və o divarı tikərkən Musa onun işinə qəzəbləndi. Çünki onun işlərinin hikməti Musaya məlum deyildi. O, həqiqəti söylədikdən sonra Musa razılaşdı. Mən də eləyəm. Siz mənə ona görə qəzəbləndiniz ki, mənim işimin hikmətini dərk etmədiniz. Əgər mən bu işi görməsəydim, onda bizim şiələrimizdən bir nəfər belə Yer üzündə qalmazdı və hamısını öldürərdilər.
«Həsənin sülhü» kitabının müəllifi Şeyx Rəzi Alyasin bu dialoqu «Biharül-ənvar» kitabından nəql edərək yazır: «Rəsuləllahın (s) səhih sənədlərlə bizə gəlib çatan qısa kəlmələri o qədər bəlağətlidir ki, ən böyük müasir natiqin də bəlağətinin gücü ona çata bilməz. Bu kəlmələr fəsih ərəbcə olma, məna genişliyi və söz gözəlliyi baxımından dilin ecazkarlığı və möcüzəsidir. Onun bəlağətinin ən cəlbedici imtiyazı budur ki, az sözlə bəzən açıq və bəzən də işarələrlə böyük mənanı ifadə edir. Həzrətin (s) möcüzədən başqa yerə yozulması mümkün olmayan doğru-düzgün proqnozları da elə bundan xəbər verir.
Bu növ bəlağət bir hədisdə olarsa, bu özü həmin hədisin digər cəhətlərdən şübhəli olmasına baxmayaraq, onun səhihliyinə dəlildir.
Bu sözlərdən biri də Həzrətin (s) öz iki balasını imamətə təyin etməsi barədə olan sözüdür: «Bilin ki, o iki nəfər istər otursunlar, istərsə də qiyam etsinlər, imamdırlar».
Bu hədis zahirən həmin iki şəxsin imam olması anlamını verir. Lakin bu zahiri cəhətdən kənarda çox düzgün bir proqnoz gizlənmişdir ki, həmin iki İmamın həyat tərzinə işarə edərək onlardan birinin qiyam edəcəyi, digərinin isə oturacağı bildirilir. Yaxud da hər ikisi bir müddət qiyam edib, bir müddət də otursalar belə, qiyam etdiyi və oturduğu müddətin hər ikisində imam olduqları və onlarla müxalifçiliyin edilməməsinin zəruriliyi çatdırılır. («İmam Həsənin sülhü», Seyid Əli Xameneyinin (İran İnqilabının Rəhbəri) tərcüməsi, 1354-cü il)
Mərhum Seyid Əbdül Hüseyn Şərafuddin bu kitabdakı müqəddiməsində yazır: «Onu (İmam Həsəni (ə)) rahatlıq axtarmaqda və sağ qalmaq düşüncəsi ilə yaşamaqda ittiham edənlər və onun şiələrinin hissə qapılaraq və təsir altına düşərək – ey kaş, o da Müaviyə ilə cihadda möhkəm olaraq şəhadət yolu ilə yaşayaydı və qardaşının Aşura günü getdiyi yolla qalib gələydi… arzulayan dəstəsinin heç biri tarixə qiymət verməkdə və onu dəyərləndirməkdə ağıl sahibləri deyildirlər…
Bu qardaşlar (onlara salam olsun) bir risalətin iki üzü olmuşlar. Onların hər birinin iş və vəzifəsi öz yerində, özünəməxsus şəraitdə əhəmiyyət və fədakarlıq baxımından bir-birinə bərabər idi.
Həsən (ə) öz canını əsirgəmirdi və Hüseyn (ə) də Allah yolunda ondan daha güzəştli deyildi. O, öz canını sakit və aram cihad üçün saxladı. Kərbəla şəhadəti Hüseynin (ə) başına gəlməmişdən qabaq Həsənə (ə) məxsus idi. Böyük mütəfəkkirlərin fikrincə, imam Həsənin (ə) sükut fədakarlığı, imam Hüseynin (ə) Aşura günündən daha qarışıqdır. Çünki o gün imam Hüseyn (ə) fədakarlıq meydanında, məğlub olmuş məzlum çöhrəsində möhkəm dayanmış qəhrəman obrazını ifa edirdi.
Aşura şəhadəti buna görə də öncə Həsənin (ə) başına gələ bilərdi, (çünki Həsən (ə) onun bünövrəsini qoyub, buna zəmin hazırlamışdı) ancaq sonra Hüseynin (ə) başına gəldi. İmam Həsənin (ə) qəti qələbəsi onun səbirlə və hikmətlə həqiqəti aşkar şəkildə açıqlamasından asılı idi. Bu açıqlamanın işığında imam Hüseyn (ə) belə əzəmətli bir qələbəyə nail ola bildi. Sanki bu iki gövhər həmin xətt üzərində hərəkət edirdilər ki, səbir və möhkəm iradə rolu Həsənin (ə), qiyam və igidlik rolu isə Hüseynin (ə) olsun ki, bu iki roldan vahid bir məqsədə və hədəfə çatmaq üçün kamil bir taktika yaransın.
Şübhəli hadisələr

Tarix boyu Şərafuddinlər və Alyasinlərin bütün səylərinə baxmayaraq, qaranlıq və mübhəm bir məqam cavabsız qalmışdır. O da budur ki, kitablarda çoxlu rəvayətlər vardır ki, guya, imam Həsən (ə) tərəfindən sülh təklifinin qəbul olunmasına imam Hüseyn (ə) narazı idi. Hətta bəzi rəvayətlərdə bir addım da irəli atılaraq yazmışlar ki, «İmam Həsən qardaşını hədələdi ki, əgər etiraz edərsə, onu həbs edəcəkdir». (Dr. Taha Hüseyn. «Əli və övladları» əsərində)
Təəssüflə qeyd etməliyik ki, belə rəvayətlər şiə kitablarında da vardır. Onlar yazmışlar:
«Müaviyə ilə imam Həsən (ə) arasında sülh bağlandıqda Müaviyə imam Hüseynə (ə) beyət etməyi təklif etdi. İmam Həsən (ə) buyurdu ki, onunla işin olmasın. O, öldürülənədək beyət etməz». («Müntəhəl-amal» Hacı Şeyx Abbas Qumi) Daha təəccüblüsü budur ki, məddah və xətiblər bu cür rəvayətlərin nəqlində bir addım da irəli ataraq, belə bir nəticəyə gəlmişlər ki, imam Müctəba (ə) qorxaq və cürətsiz olmuş, qardaşı isə əksinə, qorxmaz və cürətli olmuşdur.
Bizim burada Əhli-sünnənin nəql edənləri ilə işimiz yoxdur. (Xüsusilə də Sələflərinin kitablarında yazılanları düşünmədən nəql edənlərlə). Çünki bundan qabaq qeyd etdik ki, onların kitabları saxta hədislərlə doludur. Amma biz şiənin hədis nəql edənlərinə təəccüb edirik, görəsən onlar nə üçün diqqət yetirmədən belə hədisləri nəql etmişlər?
Əgər «Bu ikisi imamdırlar, istər qiyam etsinlər, istərsə də otursunlar», «Məndən sonra vəsilərim 12 nəfərdir və hamısı Qureyşdəndirlər. Onlardan birincisi Əli və axırıncısı Mehdidir. Onlardan 9 nəfəri Hüseynin övladlarındandır və doqquzuncusu Qaimdir». «İmamlardan beşincisi Baqirul – Ülumdur. Sən ey Cabir, onu görəcəksən, mənim salamımı ona yetir» və s. bu qəbildən olan çoxlu hədislər səhihdirsə (və şübhəsiz ki, səhihdir), onda şübhə yaratmağa yer qalmır ki, imam Hüseyn (ə) öz qardaşının işinə etiraz edirdi. Hətta ora qədər ki, əgər etiraz edərsə, həbs olunacaqdır təhdidi ilə üz-üzə olsun. Bunlar Bəni – Üməyyə tərəfindən yaradılmış batil və zəhərli sözlərdir və əsas məqsəd şiələrin fikirlərində tərəddüd yaratmaqdır. Sonradan da bu hədislər başqa yazarlar, xüsusilə, şərqşünaslar tərəfindən eynilə nəql olunmuşdur. Lakin imamət fəlsəfəsi ilə tanış olan şiələr bir fövqəladə həssas məqama fikir verməli və bilməlidirlər ki, əgər imam Hüseyn (ə) qardaşı imam Həsənin (ə) işinə azacıq da olsa etiraz edərdisə, bunun nəticəsində o, öz imamlığını da sual altına salardı.
Bu, Allahın kəlamıdır ki, buyurur:

أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الأمْرِ مِنْكُمْ… …

«…Allaha itaət edin, Onun peyğəmbərinə və öz əmr sahiblərinizə itaət edin…». (Nisa surəsi, ayə 59) Məgər imam Həsən (ə) əmr sahibi deyildi? Bəs bu nə sözlərdir ki, imam Hüseyn (ə) öz qardaşının işlərinə etiraz edirdi. Məgər şiə lüğətində zamanın İmamının rəyi ilə müxalifətçilik etmək üçün yer vardır?
Hücr ibn Üdəyy, Süleyman ibn Sürəd kimi böyük alimlərin hər birinin öz elmi və fikri qabiliyyətlərinə görə olan etirazlarını bir kənara qoyaq. Çünki onlar adi adamlar idilər, onların fikri və elmi düşüncəsi İmamın düşüncəsi ilə fərqli idi. Bu və ya digərlərinin etirazları dini təəssübdən və Muhəmməd (s) sülaləsinə məhəbbətdən irəli gəlirdi. Burada etiraz deyil, təsdiq yeri vardır. Xüsusilə də görürük ki, imam Həsənin (ə) dəlillərini eşitdikdə sakit olub üzrxahlıq etdilər. Amma özü imam olan imam Hüseyn (ə) əsla öz imamına o cür etiraz etməzdi ki, ona «Əgər etiraz etsən, səni həbs edəcəyəm» deyilsin.
Bizim buna dəlilimiz Həzrətin (ə) öz qardaşı imam Müctəbanın (ə) şəhadətindən sonra etdiyi onillik sükutdur. Tarix deyir: «O Həzrətin(ə) çoxlu sayda şiələri, xüsusilə, kufəlilər məktub yazaraq beyət əllərini açdılar ki, Həzrət qiyam etsin. Həzrət (ə) isə buyurdu: «Hər hansı bir hərəkət müqaviləni pozmaq hesab olunur. Biz müqavilə bağlamışıq və ona vəfalı olmalıyıq». Həqiqətdə imam Hüseyn (ə) hansı müqaviləyə vəfalı olmağı və ona riayət etməyi özünə lazım bilirdi? Məgər qardaşının bağladığı sülh müqaviləsindən başqa bir müqaviləyə işarə edirdi?
Ustad Muhəmməd Mehdi Şəmsəddin «İmam Hüseynin (ə) həyatı» kitabında «Əl-imamə və Əs-siyasə», «Əxbarul-təvval» əsərlərindən bir neçə diqqətəlayiq rəvayət nəql etmişdir:
• İmam Hüseyn (ə) Süleyman ibn Sürəd Xuzainin cavabında buyurdu: «Allaha and olsun ki, mən bu beyətə razı deyildim. Lakin nə qədər ki, Müaviyə diridir, hər halda ona riayət etməliyik…».
• O Həzrətlə qiyam barəsində söhbət edən Udəyy ibn Hatəmə buyurdu: «Biz əhd-peyman bağlamışıq, onu poza bilmərik…».
• Kələbi, Mədaini və digər tarixçilərin yazdığına əsasən, Həzrəti (ə) Müaviyəyə qarşı qiyama dəvət edən şiə başçılarına cavab olaraq yazdı: «Mənimlə Müaviyə arasında bir əhd-peyman vardır ki, onun vaxtı qurtarmamış onu pozmaq olmaz. Amma əgər Müaviyə ölərsə, onda bu barədə öz qərarımı elan edəcəyəm». (Muhəmməd Mehdi Şəmsəddinin kitabının Mehdi Pişvayi tərəfindən tərcüməsi, imam Hüseynin (ə) həyatı barədə təhqiqatı)
Bəli, əgər imam Hüseynin (ə) özünün açıqladığı kimi, onun bu beyətdən razı olmadığını desək, yeri vardır və qəbul olunasıdır. Lakin diqqət etməliyik ki, məgər imam Həsən Müctəba (ə) razı idi? Amma hər halda o Həzrət sülhə məcbur edildi və onu qəbul etməkdən başqa çarəsi yox idi.
Bu həqiqəti hamıdan çox imam Hüseyn (ə) özü bütün varlığı ilə hiss edirdi və yaxşı bilirdi ki, o zaman kəsiyində sülhü qəbul etməkdən başqa bir çarə yoxdur və ondan savayı heç bir təlaş müsbət nəticə verməyəcəkdir. Bəlkə bu sülh özü Bəni Üməyyəni rüsvay etmək üçün bir müqəddimə olacaqdır. Taha Hüseynin «Əl-Fitnətul Kubra» kitabında dediyi kimi, bu müqəddimə çox işlərdən sonra öz yerini tutdu. O, yazır: «Müaviyə ölərkən müsəlmanların çoxu, xüsusilə də İraq əhalisi Bəni-Üməyyə ilə düşmənçiliyi və Əhli-beytə (ə) məhəbbəti öz dini fəaliyyətlərinin bir hissəsi hesab edirdilər.
(ardı var…)

(Seyid Kazım Pərpənçinin «Qədir günündən Aşurayadək» kitabından istifadə olunmuşdur).

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.


more post like this