329-cu il, şəban ayının on beşində həzrət Mehdinin (əc.) dördüncü naibi Əli ibn Məhəmməd Səmurinin vəfatından sonra Qeybəti-kübra dövrü başlandı. Bu qeyb dövrü İmamın zühuruna qədər davam edəcək. İmam Zamanın (əc.) artıq bu dövrdə xüsusi naibi yoxdur və müsəlmanların bütün işləri “Vilayəti-fəqih” adlandırılan camiüş-şərait (bütün şərtlərə malik olan) müctəhidlərə tapşırılmışdır. Qeybəti-kübra dövründə insanların əksəriyyəti İmamın (əc.) iqamətgahından xəbərsizdir. Onlar o Həzrətin hüzuruna yetişməkdən məhrumdurlar. Bəzi rəvayətlərə görə, otuz nəfər daimi olaraq o həzrətin hüzurundadır. Onların birinin ömrü başa çatan zaman başqa birisi onun yerinə təyin olunur. Bu şəxslərə “Övtad” deyirlər.

Bu dövrdə ictimai, siyasi, mədəni işlər və camaatın əməli proqramları bütün şərtlərə malik olan “Vəliyyi-fəqih” müctəhidin rəhbərliyi və nəzarəti altında idarə olunur. İshaq ibn Yaqub deyir: “Dövrün İmamı həzrət Mehdinin (əc.) birinci naibi Osman ibn Səiddən xahiş etdim ki, mənim məktubumu o Həzrətə çatdırsın. Məktubda o Həzrətdən Qeybəti-kübra dövründə kimə müraciət etməyimizi soruşmuşdum. İmam Zaman (əc.) öz xətti ilə sualımın cavabında belə yazmışdı:

“Baş verən bütün hadisələrdə bizim hədislərimizi rəvayət edənlərə müraciət edin. Çünki onlar mənim sizə olan höccətim, mən isə Tanrının onlara olan höccətiyəm”.

İmam Həsən Əsgəri (ə) buyurub:

“Öz nəfsini tüğyandan qoruyan, nəfsani istəklərə müxalif olan, dinini hifz edən və Allahın fərmanına itaət edən hər bir fəqihə təqlid etmək hər kəsə vacibdir”.

Vilayəti-fəqihin isbatı üçün çoxlu sayda dəlillər mövcuddur. Burada isə, onu geniş şərh etmək üçün fürsət yoxdur. Yalnız bir dəlillə kifayətlənək. O, alim və fəqihlərin qəbul etdikləri “Ömər ibn Hənzələnin məqbuləsi” hədisidir. Bu hədisdə İmam Sadiq (ə) camiüş-şərait müctəhidə tabe olmaq barədə buyurmuşdur:

“Mən camiüş-şərait müctəhidi sizin üçün hakim edirəm. Hər vaxt o, bizim hökmümüzə uyğun hökm versə və onun hökmü qəbul olunmasa, həqiqətdə Allahın hökmü yüngül hesab olunmuşdur və bunu qəbul etməyən bizi rədd etmişdir. Bizi rədd edən şəxs, Allahı rədd etmişdir. Belə bir şəxs Allaha şərik qoşmaq astanasında qərar tutur”.

“Cəvahirul-kəlam” kitabının müəllifi, böyük alim Ayətullah-üzma Şeyx Məhəmməd Həsən Nəcəfi bu kitabında vilayəti-fəqihin zəruriliyi və qanuniliyi barədə on yeddi səhifədə söhbət açmış və 397-ci səhifədə buyurmuşdur:

“Təəccüblüdür ki, vilayəti-fəqih hökmü barədə bəziləri şəkk edirlər. Onların fiqh elmindən xəbərləri yoxdur”.

Həmçinin, İmamlar (ə) camiüş-şərait müctəhid haqqında buyurmuşlar:

“Biz fəqihi hakim, qazi, höccət və özümüzə canişin etmişik”.

 

 

http://sualcavab.ge

 

 

 

 


more post like this