Utancaqlıq ictimai xəstəlik olaraq, insanların istedadlarının çiçəklənməsinin qarşısını alan böyük bir maneə olmaqla yanaşı, insanlarda müxtəlif səbəblərdən (hər hansı bir məsələyə qeyri-adi və həyəcanla yanaşma kimi) bir növ psixoloji gərginlik yaradır. Bu isə hadisələrə həssas, qeyri-məntiqi yanaşma ilə, keçmişin təsiri altında xam rəftar və uyğunsuz münasibətlərlə özünü göstərir. Peyğəmbər (s) və Əhli-beyt (ə) bu problemin kökünün savadsızlıqdan qaynaqlandığını söyləmişlər. Peyğəmbər (s) belə buyurmuşdur: “Həyat iki növdür: ağıllıcasına yaşanan həyat və axmaqcasına yaşanan həyat. Ağıllıcasına yaşanan həyatın qaynağı elm, axmaqcasına yaşanan həyatın qaynağı isə nadanlıqdır. İmam Sadiq (ə) buyurmuşdur: “Kim ki, utancaqdır, elmi azdır. “Deyilənlərdən bu nəticəyə gəlmək olar ki, cəhalət utancaqlıq amillərindəndir. Çunki utancaq insanlar özünəxas təssəvvür və düşüncələrlə yaşam tərzinə dair özündə məhdud bir fikir formalaşdırır, daim insanlardan uzaq qalmaqla gərginliyi azaltmağa və yaxud yox etməyə çalışırlar. Məhz bu səbəbdən bu kimi insanlar özləri və ətrafı haqqında real dünyagörüşünə sahib olmurlar.
Amerikanın Nortvestern Universitetinin alimləri 30 il ərzində apardıqları tədqiqatlardan sonra sübüt ediblər ki, utancaqlıq və qorxaqlıq kimi xüsusiyyətlər insan ömrünü azaldır və ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur.
Bunu da qeyd edək ki, alimlərin tədqiqat obyektləri yalnız kişilər olub. Müəyyən edilib ki, utancaq kişilər, komplekssiz yaşıdlarına nisbətən iki dəfə çox infarkta və insulta məruz qalırlar. Müəyyən edilib ki, hətta qidalanma, siqaret çəkmə və artıq çəki kimi faktorlar belə, bu qədər əhəmiyyətli təsir göstərmir.
Utancaqlıq ücün ilk tərifi Hipokrat vermişdir. O, bunu “Üz qızarmasını xatırladan eritrofobi” adlandırmışdır. Utancaqlıq daha cox cəmiyyət içərisində olarkən (yemək yemə, yazı yazma, qonaqlığa getmə, nüfuzlu şəxslərlə danışma zamanı və s.) görünən haldır. Həmin şəxsdə ictimai əlaqələrə qatılma qorxusu, ictimai mühitlərdə nəfəs darlığı, üz qızarması, huşunu itirmə, titrəmə, ağız quruluğu, əzələlərdə gərginlik, qarın ağrıları, ölmək istəyi və baş ağrısı kimi fiziki şikayətlər yaranır.
İnsan funksionallığına olduqca mənfi təsir edən bu psixopatoloji hal kişilərin 11.1%-də, qadınların isə 15.5%-də müşahidə edilir. Bu, adətən, yetkinlik yaşlarında təsadüf olunur. Bu halları keçirən uşaqların ictimai bacarıqları aşağı səviyyədə qalır, daha az dostları olur, diqqətə çarpan təklik yaşayırlar və bir çox fəaliyyətlərdən uzaq qalırlar.

Utancaqlığın növləri

Əldə olunmuş təcrübə və araşdırmalara əsasən utancaqlığın müxtəlif növləri vardır:
A) Tərbiyədən qaynaqlanan utancaqlıq
Ailədaxili hökm sürən utancaqlıq hissi, ailə üzvlərinin bir-birindən soyumasına səbəb olacaq problemlər yaradır. Utancaqlıq bəzən cinsi məsələlərlə əlaqədar olur. Bəzən ər və arvad bir-birlərinə duyduqları ehtiyac hisslərinin təzahüründə problemlə rastlaşırlar. Onu da qeyd edək ki, bu kimi hallar daha çox qadınlara zərər vurur. Halbuki ər və arvad ailə mühitində səmimi, sanki iki bədəndə bir ruh kimi olmağa çalışmalıdırlar. Amma çox təəssüflər olsun ki, öz hisslərini sevgisiz və düzgün ifadə edə bilməmək üzündən, bir-birlərini düzgün şəkildə anlaya bilmirlər. Araşdırmalar göstərir ki, məlumatsızlıqdan qaynaqlanan ünsiyyətlər, insanlar arasındakı səmimi münasibətin yaranmasına mane olur. Buna görə də bir çox hallarda ər və arvad özlərinin məntiqi və təbii istəklərini təzahür etməyə çəkinirlər.
Utancaqlıq yaşam tərzindəki bir sıra məntiqi məsələ və istəklərin ifadə olunması zamanı insanda inamsızlıq hissini yaradır. Hətta o, elə bir qüvvəyə malikdir ki, ailə üzvləri arasındakı əlaqəyə belə xələl gətirməyə qadirdir. Utancaqlıq həmçinin valideyn və övladlar arasındakı münasibətdə də özünü göstərir.
Ənənəvi yaşam tərzi sürən ailələr elə zənn edirlər ki, tərbiyəvi bir mühit yaratmağa nail olmuşlar. Halbuki araşdırmalar göstərir ki, bu cür düşüncə formasının ailəyə vurduğu zərərlər olduqca təhlükəlidir.
Qız və oğlan uşaqlarındakı fərqli yetkinlik proseslərində valideyn onlara həmin dövrün bəzi xüsusiyyətlərini səmimi şəkildə başa salmağa çalışmalıdır. Onları yetkinlik dövrünün əlamətləri ilə tanış etməli, övladlarına zərər verə biləcək dostlardan uzaq tutmağa çalışmalıdır. Yeniyetmələr çox zaman valideynlərinin onların bu yaşdakı istək və təbii ehtiyaclarını düzgün anlamamalarından şikayətlənirlər. Onlar bu səbəbdən də öz problemlərini valideynlərinə danışa bilmirlər. Ənənəvi yaşam tərzi sürən ailələr yeniyetmələrə öz problemlərini anlatmağa imkan vermədiyindən, yeniyetmələri ciddi şəkildə problemlə üzləşdirirlər.
Valideynlərə tövsiyəmiz budur ki, övladlarınızı tanımağa çalışın və onları olduğu kimi qəbul edin. Onların bütün maraq sahələrinə, duyğularına həssas olun. Uşaqlarınıza qarşı daha az tənqidi yanaşaraq, onlarda özlərinə inam hissini gücləndirin.
Ailədaxili utancaqlığın başqa bir növü dostlar, tanışlar, ümumiyyətlə, toplumda ictimai münasibətin bərqərar olmasına qayıdır. Bəzi ailələr cəmiyyətdə fəal şəkildə görünməkdən, qohumlar arası sıx gediş-gəlişdən uzaqdırlar. Onlar heç təsəvvür belə etmirlər ki, özləri və övladlarına necə bir zərər vururlar. Unutmayaq ki, insan ictimai bir mövcud olub, həmişə münasibətə, düşüncə paylaşmasına möhtacdır. Bu təbii ehtiyac insanların bir-birləri ilə ünsiyyətində olduqca önəmli yer tutur. Ailəvi münasibətlər insanlarda sadəcə şən əhval-ruhiyyə yaratmır, eyni zamanda övladların tərbiyəsində də çox mühüm təsir qoyur. Buna görə də övladlarınızı cəmiyyətdən uzaq tutmayın və bacardıqca nümunəvi ailələrlə get-gəl edin.
B) Şagird və tələbələr arasındakı utancaqlıq
Utancaqlığın digər mühüm növlərindən biri daha çox şagird və tələbələrin düçar olduğu dərs mühitindəki utancaqlıqdır. Təhsildə geriləmə səbəblərindən biri də budur. Araşdırmalardan əldə olunan nəticələrə əsasən bəzi şagird və tələbələr fərdi hazırlaşdırılarkən daha yaxşı nəticə əldə edirlər. Halbuki həmin uşaqlar sinifdə qrup arasında özlərini tənbəl və küt göstərirlər.
Şagird zəka və bacarıq baxımından ola bilsin ki, orta səviyyədədir, amma utancaqlığı (və ya ailənin verdiyi yanlış tərbiyə) onun sinifdə fəal olmamasına səbəb olur. Nəticədə, həmin şagird sinifdə istedadsız və tənbəl kimi tanınır. Belə vəziyyətlərdə müəllim daha diqqətli olmalıdır.
C) Toplumdakı utancaqlıq
Utancaq şəxslər istənilən toplumda mənasız qorxu, həyəcan və gərginlik hissləri keçirirlər. Bu səbəbdən də onlar cəmiyyətdə özlərini başqaları kimi rahat apara, insanlarla ünsiyyət qura və adi söhbətləri belə edə bilmirlər. Belə şəxslər ictimai əlaqələrdə yaşadığı çətinliklərin səbəbini araşdırmalı, ictimai mühitlərdə (idman klubları, teatr dərnəkləri və s.) iştirak etməyə, ictimai bacarıqlarını inkişaf etdirməyə çalışmalıdırlar.
Ç) Özünə güvənsizlikdən doğan utancaqlıq
Bir çox savadlı şəxslərdə də özlərinə inamsızlıqdan irəli gələn utancaqlıq hissi mövcud olur. Onlar öz elmi əsərləri ilə başqalarını tanış etməyə çəkinirlər. Bu insanlar bir qayda olaraq bir məsələni unudurlar ki, elmi işlərindəki nöqsanların olmasına baxmayaraq, onların elmi araşdırmaları istifadə üçün yararlı ola bilər. Bu kimi şəxslər cəmiyyətdə özlərinin həddən artıq ideal görünməsi təsəvvürü ilə inkişaf etmək əvəzinə, daha da geriləyirlər.

Utancaqlığın səbəbləri

Utancaqlığın səbəblərini bilmək, onun müalicəsində önəmli yer tutur. Utancaqlığa səbəb olan amillər aşağıdakılardır:
1 – Tərbiyə;
2 – Mədəni normativlər;
3 – Psixoloji durum;
4 – Fiziki qüsur;
5 – Xarici görkəm;
6 – Nadanlıq və qeyri-məntiqi düşüncə tərzi.

1 – Tərbiyə
Bir çox ailələr övladlarını tərbiyələndirmək üçün düzgün olmayan üsullardan istifadə edirlər. Valideynlərin bəzisi övladın tərbiyəsinə tamamilə laqeyd qalırlar. Bəzisi isə övladlarını sırf fiziki üsulla tərbiyələndirməyə üstünlük verirlər və onların hər cür təkliflərinə qarşı təhqirlə yanaşırlar. Ailə mühitində hökm sürən zorakılığın bəhrəsi həmin ailədə böyüyən fərdin utancaqlığı ilə nəticələnir. Belə mühitlərdə böyüyən uşaqlar özlərinə yetərincə güvənmir və müstəqil ola bilmirlər.
Övladlarında qətiyyət və əminlik yaradan ailələr ən uğurlu ailə nümunəsi kimi qəbul edilir. Bu valideynlər bir çox işlərində övladları ilə məsləhətləşərək, onların da şəxsi fikirlərini bildirmələri üçün şərait yaradırlar. Buna görə də övladlarını bu metodla tərbiyə edən ailələrdə, uşaqların keçirdikləri mənasız utancaqlıq hissləri ilə demək olar ki, rastlaşmırıq. Söylədiklərimizə son olaraq bunu əlavə edirik ki, valideynlər övladlarına qarşı hörmət və məhəbbət hissi ilə yanaşsınlar, nə ifrat və nə də təfritə varmasınlar.
2 – Mədəni normativlər
Utancaqlıq fobiyası fərdin bir sıra tədbirlərdə iştirakına əsaslı şəkildə mane olur. Belə şəxslər özlərində belə bir düşüncə formalaşdırıblar: “mən insanların diqqət mərkəzindəyəm, onların maraq dairəsindəyəm, məndə nöqsan tapmağa çalışırlar, irad tutmaq üçün kiçik bir səhvimi də böyüdürlər və s.” Nəticə etibarı ilə bu kimi təsəvvürlər onlarda cəmiyyət fobiyası yaradır.
3 – Psixoloji durum
Bir çox vəziyyətlərdə fərdin özünə inamsızlığı onda yersiz həyəcana səbəb olur. Nəticədə fərdin depressiya vəziyyətinə düşməsi, onun cəmiyyətdən uzaqlaşmasına və yalnız həyat tərzi keçirməsinə səbəb olur. Bu da öz-özlüyündə çox ciddi bir problemdir. Həmin insan mütəxəssis tərəfindən ciddi şəkildə müalicə olunmalıdır.
4 – Fiziki qüsur
Bəzi insanların fiziki qüsurlu olması çox zaman onların cəmiyyətdən kənar qalması ilə nəticələnir. Beləliklə də onlarda utancaqlıq hissi formalaşaraq dərinləşir. Fiziki qüsurlu insanlar daim ətrafın onlara qarşı xüsusi baxışlarından narahatçılıq hissi keçirirlər. Buna görə də fərd bu problem ilə üzləşməmək üçün özünü ictimai fəaliyyətlərdən məhrum etmək qərarına gəlir. Halbuki bu cür qərarla onlar ilk olaraq özlərinə zərər vurmuş olurlar.
5 – Xarici görkəm
Utancaqlıq hissini yaradan səbəblərdən biri də xarici görkəmdir. Şəxsin rəngi, özünü çirkin hesab etməsi, boyu, çəkisi, geyim tərzi kimi xarici görünüş buna misal ola bilər. Xarici görkəmin fərdin psixologiyasında yaratdığı problemə (oğlanlara nisbətən) qızlarda daha tez-tez rast gəlinir. Öz xarici görkəmlərinə qarşı həssas olan qadınlar təbii ki, özlərinə qarşı daha diqqətli olurlar. Bu baxımdan problemin ciddiliyi onlarda daha dərindir. Bu kimi insanlar bir şeyi yadda saxlamalıdırlar ki, Allah-Taala insanları fərqli yaratmışdır. Allah yanında ən əziz olanlar – təqvalılardır. Unutmayaq ki, xarici görünüşcə qüsursuz olan bir insan, mənəvi və əxlaqi dəyərlərdən uzaq ola bilər.
6 – Nadanlıq və qeyri-məntiqi düşüncə tərzi
Öncədən qeyd etdiyimiz kimi, bir qayda olaraq nadan və savadsız insan, ciddi şəkildə reallıqdan uzaq və məntiqsiz düşüncələrin təsiri altına düşür. Nadan şəxsin öz ətrafından intizarı çox olduğundan (və təbii ki, onların da bir çoxlarının yerinə yetirilməməsi), onları fəaliyyətdən uzaqlaşdırır. Nadan insan, adətən, belə düşünür; insanlar arasında hamıdan yaxşı danışan odur, onun söhbətlərinə irad tutulmamalı, həmişə digərləri tərəfindən təriflənməlidir, öz işlərini qüsursuz yerinə yetirən, həmişə haqlı olan odur. Təsəvvür edin ki, bu cür düşünən insan başqalarının həmişə ona qarşı münasibətdə qərəzli olduğuna inanır və nəticədə utancaqlıq probleminə düçar olur. Əgər insan özünü, cəmiyyətini düzgün tanısa, fərdləri düzgün şəkildə anlaya bilsə, bir çox məsələlər onun üçün adiləşəcəkdir.

Utancaqlığın müalicəsi

Utancaqlığın səbəbləri ilə əlaqəli yuxarıdakı məsələlərə nəzər saldıqda görürük ki, hər bir problemin özünəməxsus müalicəsi vardır. Bu müalicə üsulları aşağıdakılardır:
Ətrafdakılara qarşı təsəvvürün dəyişilməsi. Ətrafın utancaq şəxsi zəif və bacarıqsız hesab etməməsinə baxmayaraq, o ətraf haqqında yanlış düşüncəyə sahibdir. Daim bəzi işləri yerinə yetirməyə qadir olmadığını düşünür. Həmin şəxs başa düşməlidir ki, mənfi və yanlış düşüncə ona ən böyük zərbəni vuraraq, onda mənasız həyəcanın baş verməsinə səbəb olur. Buna görə də fərdi müalicə edən mütəxəssis ilk növbədə onda cəmiyyət haqqında formalaşan bu yanlış təsəvvürü yox etməyə çalışmalıdır.
İradənin güclənməsi (özünəgüvən hissi). Bəzən utancaqlığın kökü iradənin zəifliyindədir. Zəif iradəyə sahib olan insan özünə aid olan bir sıra işləri yerinə yetirə bilmir. Burda bir şeyi xatırladaq ki, iradə zəifliyinin səbəbləri müxtəlifdir; ola bilsin fiziki problemdən baş versin, ola bilsin psixoloji. Buna görə də mütəxəssis ilk növbədə bunları aydınlaşdırıb, şəxsdə özünəinam hissini gücləndirməyə çalışmalıdır.
Fərdin yaşam tərzi haqqındakı düşüncəsinin dəyişməsi. Ailənin verdiyi tərbiyə və cəmiyyət utancaqlığın yaranmasına səbəb olan ən mühüm amillərdən biridir. Müalicə ilə məşğul olan mütəxəssis tərbiyə üsullarını nəzərə alaraq, fərdin davranış proqramlarında tədrici dəyişiklik aparmalıdır.

Utancaq şəxslərə tövsiyə olunur:
• Cəmiyyətdə çox görünməyə və insanlarla müxtəlif bəhanələrlə ünsiyyət qurmağa çalışsınlar.
• İdmanla məşğul olsunlar. Çünki idman problemləri həll etməyə kömək edir və insanın cəsarətini gücləndirir.
• Özlərinə inamı gücləndirsinlər. Özləri barədə olan mənfi fikirləri beyinlərindən silib atsınlar.

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.


more post like this