Lap əvvəlcədən hər bir uşaqla ayrıca bir insan kimi rəftar etmək lazımdır. Əgər valideyn doğulacaq uşaq haqqında övladını məlumatlandırmaq üçün deyərsə ki, “körpə doğulandan sonra da səni sevəcəyik,” bu sözlərlə paxıllıq üçün zəmin yaradır. Sizin fikrinizi düzgün anlamayan uşaq nə dərəcədə düzgün danışdığınıza əmin olmaq üçün sizi sınamağa məcbur olur. O daim bu məsələ barədə düşünür ki, siz doğrudanmı hər iki uşağı eyni dərəcədə sevirsiniz? Onu bu nigarançılıqdan qurtarmaq üçün başa salın ki, iki şəxsi eyni dərəcədə sevmək mümkünsüzdür. Uşağa izahat verilməlidir ki, yeni doğulmuş körpə ilə böyük uşaq kimi rəftar etmək olmaz.
Bəzi valideynlər öz tədbirləri ilə paxıllıq hissini azaltmaq istədikləri halda, onu daha da gücləndirirlər. Həmkarlarımdan biri bir şəxsə məsləhət görmüşdü ki, qızlarına həmişə eyni cür hədiyyə alsın. Həmin şəxs də bu məsələyə ciddi riayət etmişdi. Amma onun bu hərəkəti qızların bir-birinə olan həssaslığını, rəqabət hissini daha da gücləndirmişdi. Onlar valideynin münasibətində daim fərq axtarmağa başlamışdılar.
Amma mən övladlarımın hər biri ilə özünəməxsus rəftar edir və onlara fərqli hədiyyələr verirəm. Əgər onlardan birinin o birinə verilmiş hədiyyədən xoşu gəlirsə, başa salıram ki, həyat həmişə xoşagələn deyil və xoşagəlməz şeyləri də qəbul etməyə məcburuq. İnsanların, talelərin, münasibətlərin fərqli olduğunu dərk edən uşaq daha az paxıllıq edir.


more post like this