Bir çox uşaqlar məktəbə gedəcəyi günü səbirsizliklə gözləyir. Bu həvəs üç yaşında baxçaya, beş yaşında məktəbin hazırlıq kursuna gedən uşaqlarda güclüdür. Övladınız məktəbli uşaqlarla tanış olduğu üçün onlar kimi olmaq istəyir. Siz öz övladınızı məktəbə daha da həvəsləndirməlisiniz. Ona bildirin ki, məktəbə nə vaxt gedəcək, orada hansı işlərlə qarşılaşacaq. Heç vaxt məktəbi tərifləməyin. Deməyin ki, məktəbdə ona daha rahat olacaq. Uşaq elə düşünə bilər ki, məktəbdə onu maraqlı oyunlar gözləyir. Məktəb haqqında yanlış təsəvvürə malik olan uşaqlar elə birinci dərs günü böyük narahatlıq keçirirlər. Hətta ağlayıb anasını istəyənlər də olur. Əvvəlcədən yaradılmış təsəvvürlə həqiqət arasında böyük fərq görən uşaq aldadıldığına əmin olur.
Uşağa əvvəlcədən bildirmək lazımdır ki, o, bir neçə saat müəllim və sinif yoldaşları ilə qalmalıdır.
Bunu da nəzərinə çatdırın ki, ilk günlər məktəb həyatı xoş görünməyə də bilər. Bunu da qeyd etməlisiniz ki, bir müddət sonra məktəb həyatı adiləşəsidir. Çalışın ki, övladınızı məktəbdə baş verəcək hadisələrdən xəbərdar edəsiniz. Bəzi uşaqların ağlayıb anasını istəməsi onu çaşdırmamalıdır. Məktəbi gözəl bir əyləncə parkı kimi düşünən uşaq sinif otağına, müəllim və şagirdlərə uyğunlaşmaya da bilər. Sinif müəllimi dərsə bir neçə gün qalmış hər bir uşaqla evdə görüşə bilərsə, bu çox faydalı olar.


more post like this