Mərhum Ayətullah Hacı Şeyx Müctəba Qəzvini Məşhədin tanınmış və adlı-sanlı alimlərindən biri olmuşdur. Və mən özüm ondan dəfələrlə kəramətlər görmüşəm. O 1338-ci hicri şəmsi ilində bu əhvalatı nəql edirdi:

 

Məşhəd sakini olan Damğanlı Seyyid Məhəmməd Baqir, mərhum hacı Mirzə Mehdi İsfahani Qərəvinin şagirdlərindən biri olmuş və dəfələrlə onun hüzurundan bəhrələnə bilmişdir. O bir neçə il vərəm xəstəliyindən əziyyət çəkdi. O zamanlar həmin xəstəliyin əlacı yox idi. Xəstəlik onu xeyli zəiflətmiş, bunun üçün də hamı naümid olmuşdu. Amma bir vaxt onun tamamilə sağlam və çevik bizim yanımıza gəldiyini gördüm. Hamımız bundan təəccübləndik və sağalmağının səbəbini soruşduq. Dedi: Bir gün hulqumumdan xeyli qan gəldi, həkimlər də dərdimə çarə tapa bilməyib məni lap mə`yus etdilər. Qərara gəldim ki, gərək Ayətullah Qərəvinin yanına gedib vəziyyətimi ona izah edim. O məni dinlədikdən sonra dizi üstə oturdu və təəccüblə dedi: Məgər sən seyyid deyilsən?! Nə üçün əcdadlarından xəstəliyinə şəfa diləmirsən?! Nə üçün İmam Zaman (ə)-ın hüzuruna gedib, hacətini ondan diləmirsən? Məgər bilmirsənmi ki, onlar Allahın gözəl adlarıdırlar? Məgər Kumeyl duasında “Ey o kəs ki, onun adları dərdlərə dəva yad olunması isə bəlalara şəfadır” – münacatını oxumamısanmı? Əgər müsəlmansansa, əgər seyyidsənsə, əgər şiəsənsə, onda gərək günü bu gün şəfanı fədası olduğumuz İmam Zaman (ə)-dan istəyəsən!

 

Ayətullah Qərəvinin sözləri mənə o qədər tə`sir etdi ki, özümü saxlaya bilməyib zar-zar ağlamağa başladım. Yerimdən qalxdım. Məndə elə hal yarandı ki, sanki, hökmən İmam Zaman (ə)-ın hüzuruna getməliydim. Elə hey ağlayır və öz-özümə zümzümə edərək deyirdim: Ya Huccətubnul-Həsən, ədrikni! “Ey Höccət ibn Həsən, dadıma çat!” Bundan sonra həzrət İmam Əli ibn Musa Rza (ə)-ın müqəddəs ziyarətgahına tərəf getdim. Məscidin qədim həyətinə daxil olduqda oranı bir qədər dəyişgən gördüm. Ora olduqca xəlvət idi. Həyətdə yalnız birgə hərəkət edən yalnız bir neçə nəfər görmək olardı. Onların qarşısında bir seyyid də var idi. Mən başa düşdüm ki, o İmam Zaman (ə)-dır. Öz-özümə dedim ki, onlar gedə və mən onlara çatmaya da bilərəm. Yaxşısı budur ağanı çağırım və ondan xəstəliyimə şəfa istəyim. Bu fikiri zehnimdən keçirirdim ki, gördüm ki, həmin seyyid qayıdıb gözünün ucu ilə mənə nəzər saldı. Bədənimi soyuq tər bürüdü. Birdən məscidin həyətini adi vəziyyətdə gördüm. Artıq həmin bir neçə nəfər şəxs orada görünmirdi, camaat həmişə olduğu kimi orada get-gəl edirdilər. Mən heyrət içində idim. Elə bu vaxt özümün tam sağaldığımı və əziyyət çəkdiyim xəstəlikdən heç bir əsər-əlamətin qalmadığını hiss etdim. Evə qayıtdım və pəhrizə son qoydum. Halım o qədər yaxşı olmuşdu ki, nə qədər istəyirdim öskürəm, öskürə bilmirdim.

 

Mərhum Hacı Şeyx Müctəba Qəzvini (Allah ona rəhmət etsin) bunu deyib zar-zar ağlamağa başladı. Sonra buyurdu: Bəli, bu idi Seyyid Məhəmməd Baqir Damğaninin əhvalatı. Həmin əhvalatdan bir neçə il sonra yenə də onu gördüm. O, tamamilə sağlam və gümrah idi.

 

Şair deyir:

 

Bir baxışla torpağı kimya edənlər,

 

Olarmı ki, bizə bir nəzər salmasınlar.

 

İMAM ZAMANLA GÖRÜŞƏNLƏR – kitabında…

 

 


more post like this