Qənaət, həyatın əbədi, dolu və tükənməyən xəzinəsidir. Həyatın rahat, sakit və dinc olması bu xəzinənin sayəsində mümkündür.

 

Qənaət, insanı özgə əllərə göz dikməkdən xilas edir.

 

Qənaət, insana iradəli, işsevər olmağı  və özünə güvənməyi öyrədir.

 

Qənaət, yıxılanları ayağa qaldırır.

 

Buna görə də əziz və hörmətli xanımlar diqqətli olmalı, özünü, ailəsini bədxərclikdən qorumalı, lazımsız zinət və bər-bəzək əşyalarına çox da meyilli olmamalıdırlar. Çünki zahiri gözəlliklərlə məşğul olmaq insanı ali və İlahi hədəflərə çatmaqdan saxlayır.

 

Xanımlar çalışmalıdırlar ki, ailədəki səfa və səmimiyyəti öz təlaş, çalışma və qənaətçiliyi ilə qoruyub saxlasınlar.

 

Cehizlik və ya ev əşyaları alarkən isə həm qənaət etməli və həm də istifadə olunan əşyalar alınmalıdır.

 

Axı, ömür boyu bir dəfə də istifadə olunmayan müxtəlif əşya və qabları alıb mebelə düzməyin nə faydası vardır?

 

Əgər bu cür əşyaları almaqda hədəfiniz həyatınıza və evinizə gözəllik, rahatlıq gətirmək üçündürsə, buna ən az xərc və ucuz əşyalarla da nail olmaq olar. Çünki qab, mebel dəstləri yalnız rahat yeyib-içmək və yatmaq üçün istifadə olunur ki, bu da səadət, sədaqət və sevginin heç bir faizini də təşkil etmir. Həqiqi xoşbəxtlik və səmimiyyət ər və arvadın bir-birini sevməsi, dərk etməsi və ailə üzvlərinin bir-birini anlamasıdır.

 

Əgər biz bu əşyaları acgözlük, hərislik, başqalarına nümayiş etdirmək və lovğalanmaq üçün istəyiriksə, onda nə qədər bahalı və çox alsaq da belə, bu bizim gözümüzü doydurmayacaq, razı salmayacaqdır. Çünki hər gün yüzlərlə yeni-yeni əşyalar müxtəlif çeşidlərdə bazara gəlir və dəbə minir. Bizim həris nəfsimiz isə bunları görür, istəyir və bu istəməklər bitib-tükənmir. Biz isə heç vaxt rahatlıq tapmır və məqsədə nail olmuruq. Bəlkə, hər gün dünənkinə nisbətən daha da acgöz, həris və narazı oluruq.

 

Həyatın rahat, asudə və səfalı olması qənaətcil olmaqdadır. Ən gözəl, şirin, pak və işıqlı həyata malik o kəsdir ki, Allah-Taala ona sağlam, bəyənilmiş və ləyaqətli həyat yoldaşı nəsib etmişdir ki, qənaət çırağını onun evində yandırmışdır.

 

Xoş o adamın halına ki, ona həm saleh, ləyaqətli və həm də qənaətcil arvad qismət olmuşdur.

 

İmam Əli (ə) evlənmək istəyənlərə belə dua edin buyurmuşdur:

 

«… اللَّهُمَّ ارْزُقْنِي زَوْجَةً صَالِحَةً وَدُوداً وَلُوداً شَكُوراً قَنُوعاً غَيُورا…»

 

“İlahi mənə salihə, sevən, doğan, şükr edən, qənaətcil, qeyrətli arvad nəsib et”.[1]

 

O Həzrət başqa bir hədisdə buyurur:

 

«طُوبَى لِمَنْ ذَكَرَ الْمَعَادَ وَ عَمِلَ لِلْحِسَابِ وَ قَنِعَ بِالْكَفَافِ وَ رَضِيَ عَنِ اللَّه‏»

 

“Xoş o adamın halına ki, qiyamət və ölümü yada sala, o gün üçün əməl edə, aza qane olub Allahdan razı ola”.[2]

 

Əgər sakitlik və ehtiyacsızlıq axtarırıqsa, əlimizdə olana qənaət etməliyik ki, razılığ və ehtiyacsızlığı qəlbimizdə hiss edib, kasıblıq acısını udaq. Həzrət Peyğəmbər buyurdu: Allah-Taala buyurur:

 

«وَ إِنِّي وَضَعْتُ الْغِنَى‏ فِي الْقَنَاعَةِ وَ النَّاسُ يَطْلُبُونَ فِي الْمَالِ فَمَتَى يَجِدُون‏»

 

“Mən varlılığı qənaətdə qoymuşam, amma camaat onu mal-dövlətin çoxluğunda axtarır. Əlbəttə ki, heç vaxt tapmayacaqlar”.[3]

 

Yüngül yüklü olmaq və qənaət həyatın gözəlliyidir. Qənaətcil, çalışqan və çətin işlərin öhdəsindən gələn bir şəxs heç vaxt kasıb, (nəfsinə və başqalarına) əsir və özgələrə möhtac olmayacaqdır.

 

 

 

 

[1] . “Ən-Nəvadir”, Ravəndi, səh.48; “Təsnifu ğürərul-hikəm”, Amudi, səh.390.

 

[2] . “Nəhcül-bəlağə”, hikmət/44; “Təsnifu ğürərul-hikəm”, Amudi, səh.390.

 

[3] . “Cameul-əxbar”, Şəiri, səh.184; “Əl-Xisal”, Şeyx Səduq, 1/197, hədis:7; “Biharul-ənvar”, Əllamə Məclisi, 78/453; “Əl-Həyat”, 3/451.

 

 

 

islammektebi.org


more post like this