Üçüncü təhlükə isə, İslami camiəni ümumiyyətlə marginallaşdırmaqla bağlıdır. Bu gün müsəlman toplumunu, inanclı kəsimi cəmiyyətdən aralamaq, ayrıcı bir qrup kimi göstərmək cəhdləri edilir. Unutmaq olmaz ki, bu xalqın xəmiri Əhli-beytə (ə) məhəbbət ilə yoğrulub, bu məmləkət əsrlər boyu müsəlman məmləkəti olub. Müsəlmanlar hər hansı bir konfessiyaya aid deyillər ki, onları bu toplumdan ayırmaq mümkün olsun. Bu xalq əsrlər boyu öz dininə sahib çıxıb və getdikcə daha da çox sahib çıxır.

 

Bismilləhir-Rahmənir-Rahim!
Əyyami Fatimə (s.ə) günlərini yaşamaqdayıq. Allaha həmd olsun ki, dünyanın digər Əhli-beyt (ə) sevər yerlərində olduğu kimi, məmləkətimizdə də bu Əyyam yaşadılmaqdadır.

Elə insanlarla dostluq edin ki…
Mübarək İslam dini insan həyatının bütün sahələrini özündə ehtiva edən bir dindir. Rəbbimiz bizlərə həyatın hər bir səhnəsində necə davranmağı öyrədir. İnsan həyatda necə davranmağa meyllidirsə, əməlləri də buna uyğun olur.
Bu baxımdan, insanın həyatında önəmli yer tutan mövzulardan biri də ünsiyyətdir. İnsanın ünsiyyətləri, rəftarları onun insan olaraq keyfiyyətini müəyyən edir. Həvarilər (İsa (ə) Peyğəmbərin yaxın ardıcılları) Həzrət İsadan (ə) soruşurlar: “Kiminlə dostluq edək?”. Həzrət İsa (ə) buyurdu: “Elə bir insanlarla dostluq edin ki, onu görmək sizə Allahı xatırlatsın, danışığı biliyinizi artırsın və rəftarı sizi Axirətə rəğbətləndirsin”.

Mühitin təsirləri
Ümumiyyətlə, insan həyatında ünsiyyətsiz keçinə bilməz. Hər an dosta, fikirlərini paylaşmaq üçün bir yoldaşa ehtiyacı var. İnsan ümumiyyətlə bir insan olaraq bir mühitdə formalaşır. Lakin, kiminlə dostluq etmək, hansı mühitdə olması – onun bütün yaşayışında öz təsirini göstərir. İnsan bir anormal, mənəvi cəhətdən mənfi həyat yaşayan biriləri ilə eyni mühitdə olursa, dostluq edərsə, bu, onun həyatında öz təsirini sözsüz ki, göstərəcək. Onun da həyatı getdikcə bu istiqamətdə dəyişməyə başlayacaq. Mühitin zərərlərindən heç kəs sığortalanmayıb. Və ya əksinə olaraq, insan mənəvi mühitdə olmaqla, mənəvi cəhətdən sağlam insanlarla dostluq etməklə tam fərqli formada inkişaf edə bilər. Mənəvi insanlarla dostluq onu təkamülə doğru aparar.

Allahı unutdurmasın
Həzrət İsanın (ə) mübarək buyuruşundan belə anlaşılır ki, dostluq üçün bir neçə xüsusiyyət vardır. Birincisi budur ki, dostluq etdiyimiz şəxs bizə Allahı xatırlatmalıdır. İnsanlarla görüşərkən, ünsiyyətdə olarkən bu ünsiyyətdən insanda müəyyən təəssüratlar, asossiasiyalar meydana çıxır. Biz elə bir insanla dostluq edə bilərik ki, onu görmək bizim imanımızı artırar, onun mənəvi aurası bizə Allahı xatırladar. İslam bu cür dostluğu təqdir edir. Elə də ola bilər ki, bir insanla dostluq bizə əksinə, Allahı unutdurar. Onunla dostluq etmək bizim ümumiyyətlə bəndə olaraq missiyamızı yadımızdan çıxardar və Allahın varlığını unudarıq. Belə dostluqdan, belə mühitdən İslam bizi uzaqlaşmağa çağırır.

Dostu eşitmək
Buyuruşdan aydın olur ki, dostluğun ikinci mühim xüsusiyyəti budur ki, gərək dostluq etdiyimiz şəxsin danışığı biliyimizi artırsın. Ümumiyyətlə, insanlar bir-birilərindən faydalanmalı, hər an bir-birilərindən nəsə öyrənməlidir. İnsanda dostunu eşitmək, dinləmək, ondan nəsə öyrənmək mədəniyyəti formalaşmalıdır. Önəmli olanı budur ki, dostluq etdiyimiz şəxs elmimizin, biliyimizin artırılmasında yardımçı olsun. Əksi olduqda, dostluq etdiyi şəxs insanı nadanlığa, cahilliyə, avamlığa aparırsa, belə dostluğun axırı – tənəzzüldür.
Ən pisi də odur ki, hər bir dostluq sistemi – cəmiyyətin müəyyən bir şəbəkəsidir. Tənəzzül mahiyyətli dostluqlar, nəticə etibarilə ümumən cəmiyyətin deqradasiyasına, mənəvi dəyərlərin aşınmasına xidmət edir. Yəni, mahiyyətcə dostluq – tək fərd səviyyəli mövzu deyil. Burada böyük ictimai yük var.

Ünsiyyətə diqqət etməli
Dostluqda üçüncü önəmli xüsusiyyət isə, dostluq etdiyimiz şəxsin rəftarının bizi axirətə rəğbətləndirməsidir. Əlbəttə, hər kəs bunu başa düşür ki, insan təkbaşına təkamül yolunu çətin gedir. İnsan çox vaxt ünsiyyətdə olduğu insanların vasitəsilə, olduğu mühitin təsirilə təkamül yolunda irəliləyir. Ona görə dostluq etdiyimiz şəxsləri seçən zaman diqqətli olmalıyıq ki, onunla ünsiyyət bizi həqiqətən də təkamülə aparsın.O, elə bir rəftarın sahibi olmalıdır ki, əməlləri ilə bizi axirətə rəğbətləndirsin, dünyanı bizə unutdursun.
Lakin, bəzən elə ünsiyyətlər olur ki, əksinə, onlar ümumiyyətlə insana Allahı, dünyanın əbədi olmadığını unutdurur. Dar dünyəvi ünsiyyətlər insanı axirətə deyil, əksinə günaha, dünya malına rəğbətləndirir. Bunun üçün dostun rəftarlarına xüsusi önəm vermək lazımdır.

Necə dostluq etməli?
Bir mühüm məsələni də qeyd etmək lazımdır ki, insan özü də bütün göstərilən meyarları özündə ehtiva etməlidir. Bu meyarları özündə yaşatmamaqla qarşı tərəfdə bunu axtarmaq da çətin məsələdir. İnsan çalışmalıdır ki, dostu ilə ünsiyyətdə özü də Allahı xatırlada bilsin, elmi ilə dostunun biliyini artırsın və rəftarı ilə onu Axirətə rəğbətləndirsin. Əgər bu, qarşılıqlı şəkildə baş verərsə, insan təkamül yolunda düzgün irəliləyə və inkişafa çata bilər.

Mübarək dinimizin dostluqla bağlı tövsiyələrinə diqqət edək.
Burada münasibətlir səmimiyyətinə vurğu var. İmam Əli (ə) buyurub: «Qardaşın (səninlə) dostluqda səndən güclü olmasın».
Burada dostluğun möhkəmliyinin konkret amilləri var. İmam Sadiq (ə) buyurub: «Qardaşlar öz aralarında üç şeyə möhtacdırlar ki, əgər onları yerinə yetirsələr, dostluqları davamlı olacaq, əks halda isə bir-birlərindən ayrılacaq və düşmən olacaqlar. Həmin üç şey bunlardır: bir-birinə qarşı insaflı olmaq, bir-birinə qarşı mehriban olmaq və bir-birinə paxıllıq etməmək».
Önəmli cəhət – dostluğu davamlı edən amilin, əbədi amil olmasının əhəmiyyətliliyin dərkidir. İmam Əli (ə) buyurub: «Allaha görə dostluq edənlərin dostluqları davamlı olar, çünki həmin dostluğa səbəb olan amil həmişə mövcuddur».
Və ötəri nəsnələrə görə dostluğun müvəqqətliliyinin anlamıdır. İmam Əli (ə) buyurub: «Hansısa bir işə görə səninlə dostluq edən kəs, həmin işə nail olduqdan sonra sənə arxa çevirər».
Digər hədislərdə dostluğun möhkəmliliyi bir daha səmimiyyətə qaytarılır. İmam Əli (ə) buyurub: «Dostluq və məhəbbətləri qəlblərdən soruşun. Çünki qəlblər rüşvət qəbul etməyən şahidlərdir».
İmam Baqir (ə): «Qardaşının qəlbində sənə olan məhəbbətini, sənin öz qəlbində ona qarşı olan məhəbbətdən başa düş».
Allahın Peyğəmbərindən (s) nəql edilən hədisdə də münasibətlərdə səmimiyyətə işarə edilir: «Sizlərdən biri kiminləsə qardaşlıq etmək istəyəndə gərək onun öz adını, atasının və qəbiləsinin adını, həmçinin onun yaşayış yerini soruşsun. Çünki bu iş, lazımı haqlardan və qardaşlığın səfa-səmimiyyətinə səbəb olan amillərdəndir. Əks təqdirdə bu dostluq ağılsızcasına olan bir dostluqdur».

Əyyamdan dərslər götürmək
Bu günlər İslam tarixinin ən hüznlü günlərinə təsadüf edir. Əyyami-Fatimə (s.ə) günlərinin yaşadılması, insanlar tərəfindən bu Əyyamın dərki – olduqca vacibdir. Ən əsas məsələlərdən biri – bu Əyyamdan dərslər götürməkdir. Əyyami-Fatimənin (s.ə) öyrətdiyi əsas dəsrlərdən biri – Allah bəndəsi olmaqdır. Həzrət Zəhra (s.ə) öz yaşayışı və şəhadəti ilə insana necə Allah bəndəsi olmağı öyrədir. Həqiqi Allah bəndəsi öz missiyasını başa düşür, dərk edir və ömrünün son anına qədər öz bəndəlik öhdəliklərini yerinə yetirir.
Əyyamın bizlərə öyrətdiyi digər bir dərs – İlahi vilayət nurundan möhkəm yapışmaq, İlahi vilayət nurundan ayrılmamaq və İlahi vilayət yolunu müdafiə etməkdir. Həzrət Zəhranın (ə) bütün həyatı İlahi vilayət yolunun müdafiəsinə bağlıdır. Əyyamdan götürüləsi ən böyük dərs də budur ki, Həzrət Zəhra (s.ə) hansısa məişət məsələsinin, hansısa dünyəvi məsələlərin qurbanı olmayıb. O, İlahi vilayət yolunun şəhidəsidir. Xanımın (s.ə) qəbrinin gizlin qalması da əslində insanlara bunu öyrətmək üçündür. Toplum İlahi vilayət yolundan ayrılmaqla elə bir hala gələ bilər ki, görünməmiş cinayətlərə yol verər, Peyğəmbərin (s) əziz balasının, dünya xanımlarının Seyyidəsinin evinə hücum çəkə, onu şəhid edə bilərlər.

Sadəlövh olmamalı
Bu gün istər ölkəmizdə, istərsə də dünyada bütün problemlərin kökündə İlahi vilayət yolu ilə düşmənçilik dayanır. Dünyada gedən son proseslərə də nəzər salanda, ölkədə gedən prosesləri də izləyəndə, bunu görmək mümkündür. Bir şeyi ümumiyyətlə mühüm məsələ olaraq, bütün dünya müsəlmanları anlamalıdır. Əzəldə İslamla düşmənçiliyi olan qüvvələrdən, imperializm və sionistlərdən müsəlmanlara hər hansı xeyir gəlməsi mümkün deyil. Bir nailiyyət ki, bir uğur ki, onun arxasında imperializm və sionizm dayanır, ondan İslam dünyasına heç bir xeyir ola bilməz. İstər, müsəlmanlardan üzr istənilməsi olsun, istər müsəlman xalqının müdafiəsi adı altında olsun – arxasında bu iki qüvvənin dayandığı, nailiyyət kimi görsənən məsələlər müsəlmanları aldatmamalıdır. Müsəlmanın ən əsas vəzifələrindən biri budur ki, sadəlövh olmasın. Bu iki qüvvə heç bir halda müsəlmanların xeyrini istəyə bilməz. Mütləq bu addımların arxasında çoxsaylı bəlalar gizlənib. Yəni zahirdə uğur, müvəffəqiyyət kimi görünən bir məsələ, hansısa məkrli planın tərkib hissəsi ola bilər.
Əlbəttə, İlahi vilayət nuruna bağlı olanların bu kimi sınaqlardan sadəlövh şəkildə çıxması mümkün deyil. Onlar çox yaxşı anlayırlar ki, bütün bu məsələlərin kökü vilayət yolu ilə düşmənçiliyə hesablanıb. Lakin, vilayət yoluna bağlantısı olmayanlar üçün İslam bir şüar və sloqandır. Ona görə də onlar bu kimi məsələlərdə üzdə görünənn “nailiyyətlər”ə aldana və onları bir uğur kimi qəbul edə bilər.

İslahatlar vücudi təkamülə xidmət etməlidir
Bu gün ölkəmizdə də bu problem yaşanmaqdadır. Birinci təhlükə budur ki, İlahi vilayət yolundan ayrı olan müqəllidlik fenomeni yaratmaq istəyirlər. O müqəllidlik ki, İlahi vilayətə tam bağlantısı yoxdur, onun heç bir mahiyyəti yoxdur. Çox böyük işlər görmək olar. Lakin, baxmaq lazımdır ki, fərd olaraq İlahi vilayət nuruna bağlantı varmı? Diqqətli olmaq lazımdır ki, etdiklərimiz İlahi razılıq müstəvisindədirmi? O namaz ki, onun Tovhidə tam bağlantısı yoxdur, onun insana xeyri ola bilməz.
İkinci böyük təhlükə – İslamı şüarçılıq müstəvisinə salmaq cəhdləridir. Müsəlmana tövhidi müqəllidliyə əsaslanmayan, yalnız şüarlardan, deyimlərdən ibarət, yaşam tərzinin bütün sahələrini əhatə etməyəcək İslam lazım deyil. Belə bir İslam yoxdur da zatən. İslam – yalnız İlahi vilayət yoluna bağlantısı olan zaman möhkəmlənir.
Üçüncü təhlükə isə, İslami camiəni ümumiyyətlə marginallaşdırmaqla bağlıdır. Bu gün müsəlman toplumunu, inanclı kəsimi cəmiyyətdən aralamaq, ayrıcı bir qrup kimi göstərmək cəhdləri edilir. Unutmaq olmaz ki, bu xalqın xəmiri Əhli-beytə (ə) məhəbbət ilə yoğrulub, bu məmləkət əsrlər boyu müsəlman məmləkəti olub. Müsəlmanlar hər hansı bir konfessiyaya aid deyillər ki, onları bu toplumdan ayırmaq mümkün olsun. Bu xalq əsrlər boyu öz dininə sahib çıxıb və getdikcə daha da çox sahib çıxır.
Belə bir problemlər qarşısında bu gün müsəlman toplumu bir qədər də mühafizəkar olmalıdır. Sözün müsbət mənasında mühafizəkar. İslahatçılıq – öz-özlüyündə mütləq düzgün səciyyəli məsələ deyil. İslahatlar vücudi təkamülə, inkişafa xidmət edəndə qurucu mahiyyətlidir. O islahatlar ki, müsbət şeyi zəiflədir, mənfi şeyləri gündəmə gətirir – əslində islahat deyil, dağıdıcılıqdır. Bunun zahiri islahat kimi görünür, amma mahiyyətində dağıdıcılıq durur. Belə “islahat”lara qarşı cəmiyyət sağlam mühafizəkarlıq sərgiləməlidir.
Bu gün hər kəsin əsas vəzifələrindən biri – Tövhidi bağlantını kamilən izləmək, İlahi vilayət yolunu qorumaqdır. Keyfiyyətli müsəlman caməsinin möhkəmləndirilməsinə ehtiyac var. Burada gəncliyin də üzərinə böyük vəzifələr düşür. Müsəlman gəncliyi özünü tanımayan, əxlaqi dəyərlərdən uzaq insanların mühitində əriyib getməməlidir. Özü bu mühitə hansısa töhfələr verə biləcək, bu mühitin islahı üçün işlər görə biləcəksə, bu, bir başqa məsələdir. Amma, müsəlman gənclik özünü bu mühitin qurbanına çevirməməlidir. Gənclər ayıq olmalıdır, müxtəlif destruktiv tendensiyalarda əriyib gedilmələrinə rəvac verməməlidir.
Durumun ən böyük mürəkkəbliyi ondadır ki, haqla batil xeyli qarışdırılır, süni olaraq sərhədlərin pozulması cəhdləri edilir. Bu baxımdan ayıq olmaq, zahirdə haqqa bürünmüş batilin ardınca getməmək vacibdir.
Allah Təala bizə bu çətin dönəmdə Öz xüsusi inayətini nazil etsin! Amin.

Hacı İlqar İbrahimoğlu

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
Abna.ir

313news.net


more post like this