KÖÇ
Hz. İbrahim (ə) illərlə bu vəziyyətdə yaşadı. O, imanlı xalası qızı Sara ilə evləndi. Sara varlı bir qız idi. Onların hamısını həyat yoldaşı Hz. İbrahimə hədiyyə etdi.
Hz. İbrahim (ə) yerdə əkinçilik işi ilə məşğul idi. Öz heyvanlarını otarırdı. Onun tarlaları ürəyi istəyən qədər məhsul verirdi. Heyvanları artırdı. Allah onlara xeyir-bərəkət vermişdi. O, səxavətli, bağışlayan, qonaqpərvər, kasıb və yoxsulları sevən bir insan idi. Beləliklə, Hz. İbrahim (ə) öz tayfası arasında yaşadı. Onları yeganə Allaha ibadətə və bütpərəstlikdən çəkinməyə dəvət edirdi. Keşişlər Hz. İbrahimdən razı deyildilər. Nəmrud öz taxt-tacından ötrü qorxurdu. Ona görə də, Hz. İbrahimi (ə) Babil torpaqlarından çıxarmaq qərarına gəldi.
Nəmrud fərman verdi ki, Hz. İbrahimi (ə) Babil torpaqlarından çıxarsınlar və onun bütün mal-qaraları mənimsənilsin. O belə güman edirdi ki, bütün heyvanlar Babilin hakiminə məxsusdur.
Hz. İbrahim (ə) onlara dedi:
-Əgər mənim bütün mal-mülkümü almaq istəyirsinizsə, onda bu torpaqlarda sərf etdiyim ömrümü mənə qaytarın!
Şikayət Babilin qazisinin yanına getdi. Qazi əmr etdi ki, Hz. İbrahim (ə) hər şeyini Babilin hakiminə verməlidir. Əvəzində isə padşah Hz. İbrahimin (ə) onların torpağında sərf etdiyi ömrü ona qaytarmalıdır.
Ona görə də, Nəmrud öz sözünü geri götürdü və Hz. İbrahimə mal qoyunları ilə birgə o torpaqdan köçmək icazəsini verdi. Hz. İbrahim (ə) Babil torpaqlarını tərk etdiyi zaman deyirdi: “Mən öz Rəbbimə tərəf gedirəm. O məni hidayət edəcəkdir.”
O, başqa bir məmləkətə getdi: Onları yeganə Allaha ibadətə və bütpərəstlikdən çəkinməyə dəvət etmək üçün. O, insanları sevirdi. Onların xoşbəxt yaşamasını istəyirdi. Ona görə də, Babil torpaqlarından çıxıb, Fələstinə sarı yollandı.
HACƏR
Hz. İbrahim (ə) öz həyat yoldaşı Sara və Lutla birgə qibtlilərin ölkəsinə çatdı. Orada Hz. İbrahim (ə) öz mallarının 10%-ni padşaha verməli idi. Yalnız bundan sonra o torpaqlara daxil olmaq icazəsi ala bilərdi.
Vergi rəisi Saranın gözəlliyini və camalını gördükdə, onu hakimin yanına apardı. Hz. İbrahim (ə) əsəbləşdi. O, vergi rəisinə təklif etdi ki, bütün mallarını verməyə hazırdır, amma heç vaxt Saranın aparılmasına icazə verməyəcəkdir. Hz. İbrahim (ə) ona dedi:
-Mən öz şərəf və namusumu müdafiə etmək üçün son nəfəsimə qədər mübarizə aparacağam.
Vergi rəisi qibtlilərin padşahını məsələdən xəbərdar etdi. Padşah əmr etdi ki, Saranı və Hz. İbrahimi (ə) onun yanına gətirsinlər. Qibtlilərin padhaşı Saranı gördükdə, ona gözü düşdü. Ona yiyələnmək istədi. Hz. İbrahim (ə) yalqız idi. O çox kədərləndi. Ona görə də, üzünü çevirdi ki, başqasının onun yoldaşının bədəninə əl vurmasını görməsin.
Hz. İbrahim (ə) Allahı çağırdı ki, Saranı padşahın şərindən qorusun. Allah onun duasını qəbul etdi. O, Hz. İbrahimi (ə) qalib etdi. Padşahın əli qurudu.
Padşah Saranın bədəninə toxuna bilmədi. Bildi ki, Hz. İbrahimin (ə) Allahı onu bu işdən saxlamışdır. Ona görə də, Hz. İbrahimə dedi:
-Sənin Allahınmı məni belə etdi?
-Bəli. Mənim Allahım qeyrətlidir.
Padşah dedi:
-Allahın da qeyrətlidir, sən də qeyrətlisən. İndi Allahından istə ki, mənim əlimi əvvəlki vəziyyətinə qaytarsın. Daha heç vaxt belə iş görmərəm.
Hz. İbrahim (ə) padşahın əlini ona qaytarmaq üçün Allaha dua etdi.
Allah-Taala onun əlini əvvəlki vəziyyətinə qaytardı. Ondan sonra qibtlilərin padşahı Hz. İbrahimə və onun həyat yoldaşına hörmətlə baxırdı. Ona görə də, ona xidmətçilik etsin deyə, Saraya Hacər adlı cavan bir qız hədiyyə etdi.
FƏLƏSTİN
Hz. İbrahim (ə) Fələstin torpaqlarına yollandı. Ölü dənizin sahillərinə çatdıqda, xalası oğlu Lutu Sədum torpaqlarında qoydu. Ona tapşırdı ki, oranın əhalisini Allahın dininə və düzgün əməllərə dəvət etsin. Sonra isə öz yolunu davam etdirdi. Nəhayət, bu gün Fələstində Əlxəlil adlandırılan torpağa çatdı.
Bir neçə il keçdi. Hz. İbrahim (ə) Fələstin torpaqlarında yaşayırdı.
İSMAYIL
Allah-Taala Hz. İbrahimə övlad verməmişdi. Çünki onun həyat yoldaşı Sara doğmaz qadın idi. Ona görə də, Sara fikirləşdi ki, öz kənizi Hacəri ərinə bağışlasın. Hz. İbrahim (ə) onunla evlənsin və Allah ondan Hz. İbrahimə övlad versin.
Yaşı yetmişi ötmüş Hz. İbrahim (ə) Hacərlə evləndi. Nəticədə İsmayıl doğuldu. Allah-Taala Hz. İbrahimə fərman verdi ki, Hacəri və İsmayılı götürüb, Hicaz torpağına getsin. Hz. İbrahim (ə) Allahın fərmanını yerinə yetirdi. O, həyat yoldaşı Hacər və oğlu İsmayılı götürüb, cənuba doğru yola düşdü.
O, geniş, quru, su və otsuz səhraları qət edirdi. Hər dəfə göyə baxdıqda, mələklər xəbər verirdilər ki, hələ nəzərdə tutulmuş torpağa çatmamısan.
Uzun müddət keçdikdən sonra Hz. İbrahim (ə) su və otsuz quru səhraya çatdı. Ora quru bir dərə idi. Orda heç növ ağac və su yox idi. Qum və daşlarla dolu idi. Su və otsuz quru dağlar oranı əhatəyə almışdı.
Mələk enib, Hz. İbrahimə xəbər verdi ki, müqəddəs torpağa çatmışdır. O Hacər və İsmayılı burada qoyub Fələstinə qayıtmalıdır.
Hz. İbrahim (ə) Allaha itaətdən başqa heç bir şey fikirləşmirdi. Hacərin və İsmayılın orada qalma mənzərələri çox ağır idi. Bir qadın öz körpəsi ilə quru və susuz yerdə qalmalı idi. Hz. İbrahim (ə) yoldaşı Hacərlə vidalaşdı. Südəmər körpəsi İsmayılı öpüb, getdi.
Hacər həyat yoldaşına dedi:
-Bizi bu qorxulu yerdə yalqızmı qoyursan?
Hz. İbrahim (ə) kədərlə dedi:
-Allah mənə belə fərman vermişdir.
Hacər Allaha və əri Hz. İbrahimin (ə) peyğəmbərliyinə iman gətirmiş bir qadın idi. Ona görə də, arxayınlıqla dedi:
-Əgər Allah belə fərman vermişdirsə, deməli, o bizi unutmayacaqdır. Hz. İbrahim (ə) getdi. O, Fələstinə qayıtdı. Amma Hacər və övladı İsmayıl yalqız halda quru və susuz dərədə qaldılar.
İSHAQ
Hz. İbrahim (ə) və Sara yaşlaşıb qocalmışdılar.
Hz. İbrahim (ə) təkbaşına xörək yemək istəmirdi. O, çox qonaqpərvər idi. Özü şəxsən qonaqlara qulluq edərdi. Onlar üçün ləzzətli xörəklər gətirərdi. Bir gün onun evinə üç qonaq gəldi. Onlar ədəblə Hz. İbrahimə salam verdilər.
Hz. İbrahim (ə) dərhal öz qoyun sürüsünə tərəf getdi. Kök bir qoç seçib, başını kəsdi. Onlar üçün ləzzətli xörək hazırladı. Lakin bu zaman maraqlı bir hadisə baş verdi. Hz. İbrahim (ə) gördü ki, qonaqları xörək yemirlər.
Hz. İbrahim (ə) qorxdu. Qonaqlar ona dedilər:
-Ey İbrahim (ə) qorxma! Biz mələyik. Allah bizi Sədum əhalisini cəzalandırmaq üçün göndərmişdir.
Bu zaman Hz. İbrahim (ə) arxayın oldu. O, Sədum əhalisinin taleyi barəsində fikrə getdi. O mələklərlə söhbətə başladı. Onlara dedi:
-Lut Sədum şəhərində yaşayır.
Mələklər dedilər:
-Biz orada kimlərin yaşadığını yaxşı bilirik. Allah bizə fərman vermişdir ki, o şəhəri dağıdaq. Lut və onun qızlarından savayı bütün əhalisini həlak edək.
Hz. İbrahim (ə) insanların hidayət olunmasını istəyirdi. Ona görə də, mələklərdən möhlət istədi. Amma mələklər Allahın elçiləri idilər. Onlar Allahın iradə və istəyini icra etmək üçün gəlmişdilər.
Sədum əhalisi kafir idi və həmişə pis və xoşagəlməz işlər yerinə yetirirdilər. Onlar yolçuların yolunu kəsir, Lut peyğəmbərə əzab-əziyyət verirdilər.
Ona görə də mələklər Hz. İbrahimə dedilər:
-Ey İbrahim (ə), bu sözlərin faydası yoxdur. Artıq Allahın fərmanı çatmışdır.
Hz. İbrahim (ə) mələklərin niyə bura gəldikləri barədə fikirləşməyə başladı.
Mələklər Hz. İbrahimə xəbər verdilər ki, Allah qoca həyat yoldaşından ona övlad verəcəkdir.
Bu müjdəni eşidən Sara təəccübləndi:
-Bu, çox maraqlı bir məsələdir. Məndən necə uşaq doğula bilər? Mən doğmaz bir qadınam. Ərim də qoca kişidir.
Mələklər Saraya dedilər:
-Allahın fərmanınamı təəccüb edirsiniz? Bu, Allahın siz Əhli-beytə olan rəhmət və bərəkətindəndir. Həqiqətən o, təriflərə layiq və ucadır.
Sara və Hz. İbrahim (ə) sevindilər. Amma Hz. İbrahim (ə) Lutun qövmü üçün nigaran idi. Allahın əzabı və qəzəbini onlardan uzaqlaşdırmaq istəyirdi. Amma mələklər ona dedilər ki, Allah-Taala onların, peyğəmbərləri Luta elədikləri əzab-əziyyətlərə, kin və fəsadlarına görə qəzəbini endirmişdir.
Mələklər Sədum torpağındakı tapşırığı icra etmək üçün Hz. İbrahimin (ə) evindən çıxıb, o diyara yollandılar.
Kitabın adı: Peyğəmbərlərin həyatı
Tərcümə edən: V. Hüseynzadə
Ardı var …

 

rizvan.net

 


more post like this