Sələflərimiz “tənzil” terminini nazilolma kimi nəzərdə tuturdular. Bu, bir xüsusi hadisə də ola bilər və həmin hadisə “səbəbi-nüzul”dur. Lakin “təvil” ayədən başa düşülən daha geniş anlayışdır və oxşar hadisələrə tətbiq oluna bilər. Bəzi ibarələrdə bu iki termini zahir və batin ifadələri əvəz edir. “Zahir” “tənzil”, “batin” isə “təvil”dir. Çünki ayənin zahiri nazil olduğu vəziyyəti əhatə edir, batinində isə daha geniş məna yatmışdır. Füzeyl ibn Yəsar Peyğəmbərdən (s) nəql olunan məşhur “Quranda elə bir ayə yoxdur ki, onun zahir və batini olmasın” hədisi haqqında İmam Sadiqə (ə) sual verdi. Həzrət (ə) suala cavab olaraq buyurdu: “Onun zahiri tənzil, batini isə təvildir. “Batin” digər hadisələrə tətbiq oluna biləcək ayələri əhatə edir. Bəziləri keçmişdə baş vermiş, bəziləri isə hələ baş verməmişdir. Quran (daim canlı, əbədi və istifadə olunasıdır) günəş və ay kimi hərəkətdədir”.[1]

Digər bir hədisdə isə buyurur: “Zahir ayənin haqlarında nazil olanlara şamil olur. Batin isə onlar kimi əməl edənlərə şamil olur”.[2]

ŞƏNİ-NÜZUL, TƏNZİL VƏ TƏVİLİN FİQHDƏ YERİ

İslam fəqih və alimləri ayələrin səbəbi-nüzul, şəni-nüzul, zahir və batinlərinə nəzərən ümumi bir qayda əldə etmiş və ona əsaslanaraq şəriət hökmlərini başa düşməyə çalışmışlar. Qayda belədir: “Etibar vəziyyətin (hadisənin) xüsusiyyətləri yox, sözün genişliyi qədərincədir”. Yəni, bilici, bacarıqlı fəqih hadisənin xüsusiyyətlərini bir kənara qoymalı, ifadənin, sözün ümumi tərəflərindən faydalanmalıdır. Əlbəttə, xüsusi tərəflər ifadənin dəlalətini başa düşmək üçün faydalıdır, lakin bu heç də onu inhisara salmır. Çünki ilahi hökmlər daim ümumi olmuş və bütün zamanlarda cərəyan etmişdir. Burada Quran ayələrindən iki nümunəni diqqətinizə çatdırırıq ki, rəvayətlərdə onun ümumi tərəfləri incələnmiş və istifadə olunmuşdur.
Birinci nümunə:
“Bəqərə” surəsinin 115-ci ayəsində oxuyuruq: “Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah genişdir, (O, hər şeyi) biləndir!”
Bu ayə zahir və batini mənası olan ayələrdəndir ki, məsum imamın (ə) bələdçiliyi ilə onun ümumi tərəfi aydın olmuşdur. Bu ayə zahirdə mütləq üzü Kəbəyə namaz qılınmasını gərəkdirən ayələrlə ziddiyyət təşkil edir. Lakin nazilolma səbəbinə müraciət etdikdə bu ziddiyyət aradan qalxır. Ayənin nazilolma səbəbi belədir:
Yəhudilər müsəlmanlara etiraz edərək deyirdilər: “Əgər “Beyt əl-müqəddəs”ə doğru namaz qılmaq bu günədək əməl etdiyiniz kimi haqq idisə, demək, Kəbəyə doğru çevrilmək batildir. Əgər Kəbəyə doğru namaz qılmaq haqdırsa, demək bu günədək qıldıqlarınızın batil olduğu sübuta yetmiş olur”. Allah-taala bu ayədə cavab verir: “Hər iki iş haqq idi. Çünki namazın özü sabit bir həqiqətdir. Lakin üzü Kəbəyə, yaxud Beyt əl-müqəddəsə dayanmaq sırf şərti bir məsələdir. Bu, namaz qılanların sıralarında vəhdət yaratmaq üçün nəzərdə tutulmuşdur. Üzünü hara döndərsən Allah var və ona doğru dayanmış olacaqsan. Demək, namaz qılanların şərqə doğru dayanması Kəbənin (Məkkənin) Mədinənin şərqində olması, qərbə doğru dayanması isə Beyt əl-müqəddəsin Mədinənin qərbində olmasıdır. Hər biri Allaha məxsusdur və hansına doğru dayanılsa, Allaha doğru dayanılmışdır. Allah xüsusi bir məkan zəbt etməmişdir. “Şübhəsiz ki, Allah genişdir, (O, hər şeyi) biləndir!” Rəvayətlərdə bu ayədən digər məsələlərin də başa düşüldüyü göstərilmişdir. Bu, müstəhəb namazları minikdəki vəziyyətdə, hərəkət etdiyimiz hər bir istiqamətə doğru qıla biləcəyimizdir.[3]
İkinci nümunə:
“Cin” surəsinin 18-ci ayəsində oxuyuruq: “Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin!” “Məsacid” (məscidlər) məbəd və ibadətgah mənasını daşıyır. Bu fərzlə ayənin mənası belə olur: “Şübhəsiz ki, bütün məscidlər Allaha məxsusdur. Allahla birgə başqasını çağırmayın”. Yaxud da məscəd sözünün cəm formasıdır. “Məscəd” məsdərdir və ibadət, pərəstiş mənasını ifadə edir. Yəni, Allahdan başqasına ibadət yaraşmaz. İbadət məqamında Allahın adı ilə yanaşı kimsənin adını çəkməyin. Lakin əlimizdə olan səhih rəvayətlərə görə ayədən digər mənalar da başa düşülür. Burada məscid səcdə yerlərinə aid edilir. Səid ibn Cübeyr, Züccac və Fərra kimi bir çox təfsirçilər demişlər: “Məsacid səcdə yerlərinə də (səcdə halında yerə dəyməli olan yeddi üzvə) şamil olur. Bu yerlər Allaha məxsusdur. Allah onları insana bəxş etmişdir və başqasına xidmət edə bilməz”.[4] İmam Baqirdən (ə) də həmin təvil nəql olunmuşdur. Abbasi xəlifəsi Mötəsim Billahın hüzurunda bir oğrunun əlinin kəsilməsi ilə bağlı sual meydana çıxdı. Hərə öz fikrini söylədi. Bu zaman İmam (ə) buyurdu: “Barmaqların qatlandığı yerdən kəsilməlidir”. İmamdan (ə) fətvanın dəlili soruşulduqda İmam (ə) buyurdu: “Əlin içi səcdə halında yerə dəyməli olan yeddi üzvdən biridir. Allaha məxsusdur və kəsilməməlidir”.[5] Çünki oğru özünəməxsus şeylə cəzalandırılmalıdır.
[1] Əs-Səffar, “Bəsair əd-dərəcat”, səh. 196, hədis: 7.

[2] “Təfsiri-Əyyaşi”, c. 1, səh. 11, hədis: 4.

[3] Bax: “Vəsail əş-şiə”, c. 3, “Qiblə” fəsilləri, 8 və 15-ci fəsillər.

[4] Bax: “Təfsiri-Təbəri”, c. 10, səh. 372.

[5] “Vəsail əş-şiə”, c. 18, “Əbvab hədd əs-sirqə”, 4-cü fəsil

 

islammektebi.org


more post like this