Mən hələ bir yaşı olmamış körpə haqqında danışacağam. Təsəvvür edin ki, iməkləyə-iməkləyə evdə “ova” çıxmış körpə elekrik rozeti tapır. O əvvəlcə bu “ikigözlü ilan başını” maraqla nəzərdən keçirir. Əlini rozetə uzadarkən siz səsinizi qaldıraraq etiraz edirsiniz. Keçirdiyiniz narahatçılıqdan təbii olaraq üzünüzdə acıqlı ifadə görünür. Demək, siz öz reaksiyalarınızla uşağa “olar-olmazı” anlada bilirsiniz.
Amma sizin bu reaksiyanız hələ işin başlanğıcıdır. Çox ehtimal ki, körpə növbəti dəfə əlini rozetə uzadacaqdır. Aydındır ki, siz yenə də mənfi reaksiya göstərəcəksiniz. Yox o öz təcrübələrini dayandırmaq fikrində deyil. Əgər əvvəl sağ əlini uzadırsa bu dəfə sizə baxa-baxa sol əlini uzadacaq. O, nəzəriyyəçi alim kimi sizin reaksiyalarınızı öyrənir. Onu tənha qoymayın. O, qonşu otağa sivişib öz rozet təcrübəsini qonşu otaqda davam etdirə bilər. Əgər bütün cəhdlər zamanı sizin mənfi reaksiyanızla qarşılaşsa, əmin olacaq ki, bu predmetə toxunmaq olmaz. Təəssüf ki, əksər valideynlər uşağın davamlı sınaq aparacağını anlamırlar. Məsələn, birinci dəfə əlini rozetə uzadan uşaq valideyn çölə çıxdıqdan sonra yenidən işini davam etdirəcək. O elə bilir ki, rozetə valideynin yanında dəymək olmaz. Demək, siz sınaqlar başa çatanadək körpəni tərk etməməlisiniz. Siz o qədər səbirli olmalısınız ki, körpə son qərara gələ bilsin. İnanın ki, o öz təcrübələrinin sonuna çatdıqdan sonra mənalı şəkildə gülümsəyir. Çünki başa düşüb ki, valideyni narahat edən səbəb nə imiş.
Uşaq bu sayaq biliklərə çox maraqlıdır. O vaxtaşırı sınaqları təkrarlayır ki, valideynin fikrinin dəyişib dəyişmədiyini anlasın. O sizin qəlbinizi sındırmaq fikrində deyil. Uşaq başqalarında mənfi emosiya yaradacaq hərəkətlərdən çəkinir. Çünki o sevilmək istəyir. O gördüyü müsbət işin əvəzində hədiyyə almaqdan ləzzət duyur.


more post like this