Bəli, bu üsul daha yaxşıdır. Mən hədiyyə dedikdə oyun-oyuncaq yox, sizin məhəbbətinizi nəzərdə tuturam. Yaxşı rəftar müqabilində maddi hədiyyə vermək maddiyyatın mənəviyyatdan üstün olduğunu göstərir. Amma insan adını uca tutanlar yaxşı bilirlər ki, məhəbbətdən doğan razılıq maddi hədiyyədən doğan razılıqdan qat-qat üstündür. Əgər uşağı yalnız hədiyyələr vasitəsi ilə yaxşılığa sövq etsək, onun insani hisslərini zəiflətmiş olarıq. Belə ki, uşağın yaxşı rəftarı sizin məhəbbətinizdən yox, maddi hədiyyələrdən asılı olur.
Tez-tez hədiyyə alan uşaq maddiyyata maraqlı olur. O, hər yaxşı rəftarına görə hədiyyə gözləyəcək və bir dəfə gözlədiyi hədiyyə verilməyəndə öz yaxşı işini əhəmiyyətsiz hesab edib, ondan əl çəkəcək.
Heç bir insan dünyaya var-dövlət eşqi ilə gəlmir. Bu hiss sonradan formalaşır. Məsələn, uşaq pis işinə görə oyuncaqlarından məhrum edilirsə, o elə başa düşür ki, oyuncaq sevgidən üstündür.
Ardıcıl şəkildə yaxşı işinə görə hədiyyə almış, pis işinə görə oyuncaqlardan məhrum edilmiş uşaqlar öz gələcək həyatlarında bu prinsiplərlə yaşamağa üstünlük verirlər. Belə uşaqlar hədiyyə xatirinə dərs oxuyur, hədiyyə xatirinə yaxşılıq edirlər. Mən elə övladlarla rastlaşmışam ki, yaxşı oxuduğu üçün valideynindən avtomobil umur. Demək, bir qrup insan gördüyü işdən yox, yalnız bu işin müqabilində alacağı haqdan ləzzət duyur. Çünki onlarda hər şeyi maddi nöqteyi-nəzərdən dəyərləndirmək əqidəsi formalaşmışdır. Onlar üçün elm yox, elmin müqabilində əldə edəcəkləri maddiyyat maraqlıdır. Bəli, valideyn öz hədiyyələri ilə övladının insanlıq hisslərini yaralaya bilər.
Sözsüz ki, bu üsul insanın ictimai həyatına təsirlidir. Əşya, maddiyyat tərəqqi və məhəbbət kimi dəyərləndirilir. Bu üsul maddiyyatçılığa, tamahkarlığa aparır. İnsani dəyərlər arxa plana keçir və insan başqalarına pis təsir edəcək mənfi rəftarına əhəmiyyət vermir. Qəbulumda olmuş bir çox xəstələr hansısa maddi bir şeyi (məsələn, villa, avtomobil) öz sağlamlıqları və xoşbəxtlikləri üçün əsas hesab edirlər. Onlar gecə-gündüz dünya malı haqqında düşünür, səbəbsiz yerə dükanları gəzirlər. Hətta etiraf edirlər ki, gündə yeni bir şey almasalar rahatlanmırlar. Əgər bu insanların ilkin tərbiyəsinə nəzər salsaq, həmin “yaxşı iş əvəzində hədiyyə” üsulu ilə rastlaşarıq.


more post like this