Tarix və mötəbər hədislərin şahidliyinə əsasən İslam Peyğəmbəri (s.a.a.) sonuncu həcc ziyarətindən qayıdarkən, Cəbrayıl (ələyhis-salam) o həzrətə nazil oldu və Əlini (a.s.) öz canişinliyinə təyin etməsi barədə Allah-taalanın əmrini ona çatdırdı. Lakin Peyğəmbər (s.a.a.) bu məsələnin onun bir qrup səhabəsi tərəfindən qəbul edilməsinin ağır olduğunu bilib, bu məsələni başqa bir münasib vaxtda camaata elan etməyi qərara aldı.
Lakin Allah-taala “Təbliğ” (Maidə/67) ayəsini nazil etməklə təkid etdi ki, əgər Peyğəmbər (s.a.a.) bu məsələni hal-hazırda camaata elan etməsə, həqiqətdə öz ilahi vəzifəsini yerinə yetirməmişdir.
“Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil olanı xalqa çatdır, onu xalqa çatdırmasan ilahi peyğəmbərliyini yerinə yetirməmiş olarsan. Allah səni xalqın (fitnəsindən) qoruyacaqdır” (Maidә surәsi, ayә 67)

Həmçinin ayənin davamında həzrət Peyğəmbərə (s.a.a.) ürək-dirək verərək, onu qarşıya çıxa biləcək hər bir təhlükədən qoruyacağını vəd etdi.

(Bax: Ət-Tibyan fi təfsiril-Quran (Şeyx Tusi), 3/587-588, Təfsiru cəvamiil-came (Şeyx Təbərsi), 1/342, Təfsiru Əbul-Fütuh ər-Razi, 7/62-68, əl-Mizan fi təfsiril-Quran (Əllamə Təbatəbai), 6/496, Təfsirul-Quranil-kərim (Seyyid Şübbər), səh. 143, Təfsiru Furat əl-Kufi, səh. 130, hədis/150, Biharul-ənvar (Əllamə Məclisi), 37/170/49, Təfsirul-Əyyaşi, 1/332/153 və s.)
Odur ki, Peyğəmbər (s.a.a.) hacıların ayrılıb öz vətənlərinə tərəf üz tutduğu “Qədir-Xum” adlı bir məkanda dayanıb əmr verdi ki, dəstədən qabağa düşənlər geri qayıtsın, dəstədən geri qalanlar isə özlərini ona çatdırsınlar.
Sonra dəvələrin palanlarını toplayıb üst-üstə yığaraq minbər düzəltdilər və Peyğəmbər (s.a.a.) həmin minbərə çıxıb geniş bir xütbə oxudu.
Əhli-beyt (a.s.) və əhli-sünnə məzhəblərinin hədis və təfsir alimləri bu xütbənin tam və ya bə’zi hissələrini öz kitablarında nəql etmişlər.
Burada Əhli-beyt (a.s.) məzhəbinin görkəmli alimi Əbul-Fütuh Razinin təfsirinə əsaslanaraq, həzrət Peyğəmbərin (s.a.a.) çıxışının xülasəsini nəql edirik:
Həzrət Peyğəmbər (s.a.a.) “Qədir-Xum” xütbəsində buyurdu:
“Mən sizin aranızda iki ağır şeyi əmanət qoyuram. Onlara itaət etsəniz, heç vaxt düz yoldan azmazsınız. Onlar; Allahın kitabı və mənim yaxınlarım olan Əhli-beytimdir.
Xəbərdar və lətif olan Allah mənə xəbər vermişdir ki, onlar (Kovsər) hovuzunun kənarında mənimlə görüşənədək bir-birindən ayrılmayacaqlar.”
Sonra buyurdu: “İlahi! Görəsən (öhdəmə qoyulan risaləti) çatdırdımmı?”
Daha sonra əlavə etdi: “[Ey camaat]! Mən sizin üçün özünüzdən daha önəmli deyiləmmi?”
Onlar cavab verdilər: “Bəli.” Peyğəmbər (s.a.a.) buyurdu:
“Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi! Onu sevəni sev və onunla düşmənçilik edənlə düşmən ol! İlahi! Ona kömək edənə kömək ol və ondan öz köməyini əsirgəyəni zəlil et!”
Sonra buyurdu: “İlahi! Özün onlara şahid ol!” (Təfsiru Əbul-Futuh ər-Razi, 7/62-68)
Əhli-sünnə məzhəbinin alimləri də bu xütbəni gah kamil, gah da qeyri-kamil şəkildə öz kitablarında nəql etmişlər ki, burada onların bəzilərinə işarə edirik:
1- Müslüm ibnil-Həccac ən-Neysaburi (206-261 h. q.) özünün “Səhih” adlı kitabında (“Səhabələrin fəzilətləri” bölümünün “Əli ibn Əbi Talibin (a.s.) fəzilətləri”nə aid hissəsi, 1043-cü səhifə və 2408-ci hədisdə) “Qədir-Xum” xütbəsini Zeyd ibn Ərqəmdən nəql etmişdir. Lakin o, bu xütbənin yalnız bir hissəsini yəni Peyğəmbərin (s.a.a.) “Səqələyn” (Quran və Əhli-beyt) barəsində olan vəsiyyət və tövsiyələrini nəql etməklə kifayətlənmişdir.

Islamadogru.biz


more post like this