Bismillahir Rəhmanir Rəhim

Qədir-xum hədisindəki “mövla” sözünün təfsiri

Biz “təvatür” həddində olan “Qədir-Xum” hədisini qısa şəkildə bəyan etdik. Peyğəmbərin (s) bu hədisdə buyurduğu “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır” kəlamı çox həqiqətləri aydınlaşdırır.

Əhli-sünnə alimlərinin bir çoxu “mövla” sözünü “dost” mənasına təfsir etməyə çalışsalar da, müxtəlif dəlillər göstərir ki, hədisdə bəyan olunan “mövla” sözü “vəli”, “başçı” və “rəhbər” mənasını ifadə edir. Bu dəlillərin bir qismini nəzərdən keçirək:

1. O zaman imam Əlinin (ə) bütün möminlərlə dostluq məsələsi elə də gizli və üstüörtülü bir məslə deyildi ki, bu qədər təkidə ehtiyac olsun. Əgər məqsəd Əlini sevməkdirsə, onda o böyük karvanın quru və yandırıcı bir səhrada dayandırılıb, Peyğəmbərin (s) uzun bir xütbə oxumasına və camaatdan ardıcıl etiraf istəməsinə nə ehtiyac var idi?! Həm də Quranda açıq-aşkar buyurulur ki, möminlər bir-birlərilə qardaşdır. Həmçinin başqa bir ayədə buyurulur: “Mömin kişilər və mömin qadınlar bir-birinin dostudur!”

Bir sözlə, İslamda qardaşlıq və müsəlmanların bir-birilə dostluğu bu dinin aydın məsələlərindəndir. Bu İslamın ilk çağlarından olmuş, Peyğəmbər (s) də dəfələrlə bunu təkid etmişdir. Bundan əlavə, dostluq və qardaşlıq elə məsələlərdən deyil ki, Peyğəmbərin (s) onu bəyan etməsilə canı təhlükəyə düşsün.

2. Peyğəmbəri-əkrəmin (s) buyurduğu “Ələstu ovla bikum min ənfusikum” (Mən sizə özünüzdən daha artıq ixtiyar sahibi deyiləmmi?) sualı əksər rəvayətlərdə nəql olunmuşdur və bu sadə bir dostluğu bəyan etməklə əsla uyğunlaşmır. Əksinə o həzrət bununla demək istəyirdi ki, mənimlə Əlinin (ə) sizin üzərinizdə olan ləyaqət, ixtiyar və rəhbərliyimiz eynidir. Burada bundan başqa bir təfsir yürütmək insafsızlıq və həqiqətdən uzaqdır.

3. Bu tarixi hadisədə camaat, xüsusilə Əbu Bəkr və Ömər tərəfindən Əliyə (ə) deyilən təbriklər həzrətin xilafət məqamına nail olmasını bir daha təsdiqləyir. Çünki ümumi şəkildə bütün müsəlmanlara dostluq məsələsinin elan olunmasında təbrikə ehtiyac duyulmur. Əhmədin “Müsnəd” kitabında yazılır: “Ömər, Peyğəmbərin (s) bəyanatından sonra Əliyə dedi:

هَنِيئاً يَابْنَ اَبِيطالِبٍ اَصْبَحْتَ وَاَمْسَيْتَ مَوْلى كُلِّ مُؤمِنٍ وَ مُؤمِنَةِ:

“Afərin sənə, ey Əbu Talibin oğlu! Sən hər bir mömin kişi və qadının mövlası oldun.”

Fəxri-Razinin “təbliğ” ayəsinin təfsirində yazdığı ifadə də belədir: “Ömər dedi:

هَنِيئاً لَكَ اَصْبَحْتَ مَوْلاىَ وَ مَوْلى كُلِّ مُؤمِنٍ وَ مُؤمِنَةِ:

“Afərin sənə! Sən mənim və bütün mömin kişi və qadınların mövlası oldun!”

Beləliklə, Ömər onu özünün və bütün möminlərin mövlası hesab etdi.”

“Tarixi-Bağdad” kitabında Ömərin belə dediyi nəql olunur: “Afərin, afərin olsun sənə, ey Əbu Talibin oğlu! Sən mənim və bütün müsəlmanların mövlası oldun.”

“Feyzül-qədir” və “Əs-səvaiq” kitablarında da yazılır ki, bu təbriki Əliyə (ə) həm Əbu Bəkr, həm də Ömər demişdir.

Aydındır ki, möminlər arasındakı sadə dostluğun bəyanı üçün böyük bir mərasim qurulmasına ehtiyac yoxdur. Deməli, hədisdəki “vilayət” sözü xilafətdən başqa bir məna daşıya bilməz.

4. Öncə qeyd etdiyimiz Həssan ibn Sabitin aydın ifadələrlə zəngin şeri bizim müddəamıza canlı bir şahiddir.

Qədir-xum hədisini təsdiq edən digər ayələr

“Məaric” surəsinin başlanğıcında buyurulur:

سَأَلَ سَائِلٌ بِعَذَابٍ وَاقِعٍ لِّلْكَافِرينَ لَيْسَ لَهُ دَافِعٌ مِّنَ اللَّهِ ذِي الْمَعَارِجِ

“Bir nəfər vaqe olacaq əzab barədə soruşdu. O əzab kafirlərə məxsusdur və onu dəf edə biləcək bir kimsə yoxdur. O əzab yüksək dərəcələr sahibi olan (mələklərini göylərə qaldıran) Allah tərəfindəndir!”

Bir çox təfsirçilər və hədis raviləri bu ayələrin nazil olma səbəbi barədə belə demişlər:

İslam peyğəmbəri (s) imam Əlini (ə) “Qədir-Xum”da xəlifəliyə seçib ( مَنْ كُنْتُ مَوْلاهُ فَعَلِىٌّ مَوْلاهُ )”Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır”, buyurandan sonra bu xəbər tez bir zamanda hər tərəfə yayıldı. Münafiqlərdən olan Nöman ibn Haris Fehri Peyğəmbəri-əkrəmin (s) hüzuruna gəlib dedi: “Sən bizə göstəriş verdin ki, Allahın yeganəliyinə, sənin peyğəmbərliyinə şəhadət verək. Biz də şəhadət verdik. Sonra bizə cihad, namaz, həcc və zəkatı əmr etdin. Onları da qəbul etdik. Yenə bunlarla kifayətlənməyib, nəhayət, bu cavanı (Əliyə (ə) işarə etdi) öz yerinə canişin təyin edərək dedin: “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır!” Bu göstəriş özündəndir, yoxsa Allah-taala tərəfindən?”

Peyğəmbər (s) buyurdu: “Yeganə məbud olan Allaha and olsun ki, Allah tərəfindəndir!”

Bu vaxt Nöman ibn Haris üzünü döndərib dedi: “İlahi! Əgər bu söz haqq və Sənin tərəfindəndirsə, onda bizim başımıza bir daş endir!” Elə bu zaman birdən səmadan bir daş düşüb, onun başını yardı və qeyd etdiyimiz ayələr nazil oldu.

Bu rəvayət “Məcməül-bəyan” kitabında Əbül-Qasim Həskanidən nəql olunmuşdur. Uyğun rəvayəti əhli-sünnə təfsirçiləri də öz kitablarında, o cümlədən, Qurtubi (öz təfsirində), Alusi (“Ruhul-məani” kitabında) və Əbu İshaq Sələbi (öz təfsirində) azacıq fərqlə nəql etmişlər.

Əllamə Əmini “Əl-qədir” kitabında bu rəvayəti otuz nəfər əhli-sünnə alimindən (mənbə və mətnləri ilə birlikdə), o cümlədən, Hələbinin “Sirə”, Həməvinin “Fəraidus-səmteyn”, Şeyx Məhəmməd Zərəndinin “Durərus-səmteyn”, Şəmsəddin Şafeinin “Əs-siracul-munir”, Süyutinin “Şərhu-camiis-səğir”, Hafiz Əbu Übeyd Hərəvinin “Təfsiru-ğəribil-Quran” və Əbu Bəkr Nəqqaşın “Təfsiru-şəfais-südur” kitablarından nəql etmişdir.

İmam Əlinin (ə) fəzilətlərini çarəsizlikdən və ikrahla qəbul edən təfsir və hədis alimlərindən bəziləri yuxarıdakı ayələrin nazil olma səbəbinə müxtəlif iradlar tutmuşlar. “Əl-mənar” kitabının müəllifi və digər əhli-sünnə alimləri qeyd etdiyimiz rəvayəti nəql etdikdən sonra belə iradlar irəli sürmüşlər:

Birinci irad: “Məaric” surəsi Məkkədə nazil olmuşdur. Belə isə, “Qədir-Xum” hadisəsi ilə necə uyğun gələ bilər?

Cavab: Bir surənin “məkki” (Məkkədə nazil olan) adlanması o demək deyil ki, onun bütün ayələri Məkkədə nazil olmuşdur. Qurani-kərimin bir sıra surələri məkki adlansa da, onların bəzi ayələri Mədinədə nazil olmuşdur. Eynilə bunun əksinə, “mədəni” (Mədinədə nazil olan) adlanan surələrin də bəzi ayələri Məkkədə nazil olmuşdur. Buna “məkki” adlanan “Ənkəbut” surəsini misal göstərmək olar. Halbuki Təbəri, Qurtubi və digər alimlərin yazdıqlarına əsasən, bu surənin ilk on ayəsi Mədinədə nazil olmuşdur. Yaxud “Kəhf” surəsi “məkki” adlansa da, Qurtubi və Süyutinin öz kitablarında yazdıqlarına görə, onun ilk yeddi ayəsi Mədinədə nazil olmuşdur. Həmçinin bunun əksi olaraq, “mədəni” adlanan, lakin bəzi ayələri Məkkədə nazil olan surələrdən də “Mücadilə” surəsini misal göstərmək olar. Bəzi təfsirçilərin yazdıqlarına əsasən, bu surənin ilk on ayəsi Məkkədə nazil olmuşdur. Bir sözlə, Qurani-kərimdə bəzi surələr vardır ki, Məkkədə, yaxud Mədinədə nazil olsa da, onların bir neçə ayəsi həmin şəhərdə nazil olmamışdır. “Məaric” surəsi də bu qəbildəndir.

İkinci irad: “Məaric” surəsinin ilk ayələrinin nazil olma səbəbi nəql olunan rəvayətdə göstərilir ki, Haris ibn Nöman “Əbtəh” adlı yerdə Peyğəmbərlə (s) görüşmüşdür. “Əbtəh” Məkkədə bir dərənin adıdır. Bu isə “Qədir-Xum” hadisəsi ilə uyğunlaşmır.

Cavab: Əvvəla, “əbtəh” sözü bütün rəvayətlərdə yox, bəzi rəvayətlərdə nəql olunmuşdur. İkincisi, “əbtəh” və “bətha” sözləri ümumiyyətlə, içərisində çınqıl daşları olan arxlara və qumsal yerlərə deyilir. Mədinədə və başqa məntəqələrdə belə yerlər az deyil. Maraqlıdır ki, ərəb ədəbiyyatında dəfələrlə buna işarə edilmişdir. O cümlədən, Şəhabəddinin Əhli-beytin (ə) şəninə söylədiyi məşhur şerlərində onların qatilləri ilə bağlı belə deyilir:

“Mələkna fəkanəl-əfvu minna səciyyətən,

Fələmma mələktum, salə bid-dəmi əbtəhu,

Və həlləltumu qətləl-usari və taləma,

Ğədəvna ənil-əsra nəfu və nəsfuhu.”

“Qurduğumuz dövlətdə səciyyəmiz əfv idi

Sizsə hakim olandan, “əbtəh” qan ilə dolmuş!

Siz hətta keçmədiniz əsirlərin qanından,

Bizimsə güzəştimiz könüllərdə yer almış!”

Aydındır ki, Peyğəmbərin (s) Əhli-beytinin əksər övladları İraq, Kərbəla, Kufə və Mədinədə qətlə yetirilmişdir və Məkkədə yerləşən “Əbtəh” adlı məntəqədə qan tökülməmişdir. Bəli, Məkkədən təxminən, on fərsəx aralı yerləşən “Fəxx” məntəqəsində də şəhadətə yetənlər olmuşdur. Lakin “Əbtəh” məntəqəsi Məkkənin lap yaxınlığındadır.

Şairlərdən başqa birisi şəhidlərin sərvəri imam Hüseyni (ə) bu sayaq mədh edir:

Və təinnu nəfsi lər-rübui və qəd ğəda,

Bəytun-nəbiyyi muqəttəul-ətnabi,

Bəytun li-alil-Mustəva fi Kərbəla,

Zərbuhu bəynə əbatihin və rəvabi.

“Mənim canım Peyğəmbərin (s) viran edilmiş evlərinin əsər-əlamətindən nalə edir. O cümlədən, Kərbəlada Peyğəmbərin (s) Əhli-beytindən bir ev “əbtəh”lərin və hündür təpələrin arasında bərpa edilmişdi.” (Burada “əbtəh” qumluq yerlər mənasındadır.)

İçərisində “əbtəh”, yaxud “əbatih” ifadələri olan və Məkkədəki müəyyən məntəqəyə aid olmayan şerlər çoxdur. Bir sözlə, “əbtəh” Məkkədə bir məntəqənin adı olsa da, onun ümumi mənası bir məntəqəyə məxsus deyil.

Bu ayələrin özündən əvvəl və sonrakı ayələrlə əlaqəsi necədir?

Bəzi təfsirçilər “təbliğ” ayəsindəki həqiqətdən yayınmaq məqsədilə bəhanəyə əl atmış, demişlər ki, bu ayənin əvvəlki və sonrakı hissələri “kitab əhli” barəsində söz açdığından, onun imamət, vilayət və xilafət məsələsilə heç bir uyğunluğu yoxdur. Belə bir fərq qoyulması isə Qurani-kərimin bəlağət və fəsahətinə ziddir.

Quran ayələrinin toplanması ilə tanış olanlar yaxşı bilirlər ki, ayələr tədricən və müxtəlif münasibətlərlə nazil olmuşdur. Buna görə də çox vaxt surələrdə müxtəlif mövzulardan söz açılır. Məsələn, eyni bir surədə həm müəyyən bir müharibədən, həm İslamın hökmlərindən, həm münafiqlərdən, həm də möminlərdən danışılır. “Nur” surəsinə diqqət yetirsək, tövhid, məad, zinanın hökmü, “ifk” hadisəsi, münafiqlər, hicab və digər məsələlərə işarə edildiyinə şahid olacağıq (Quranın digər böyük surələri də az-çox bu qəbildəndir). Hərçənd, bir surənin məcmusu arasında ümumi bağlılıq həmişə qorunur.

Bir surənin məzmunca müxtəlifliyi Qurani-kərimin tədricən və zərurəti nəzərə almaqla, müxtəlif münasibətlərdə nazil olması ilə əlaqəlidir. Qurani-kərim əvvəlcədən təyin olunan bir mövzu haqqında danışan klassik kitab deyil. Buna əsasən, “Maidə” surəsinin bir hissəsinin “kitab əhli”, digər bir hissəsinin isə “Qədir-Xum” hadisəsindən söz açmasında heç bir anlaşılmazlıq yoxdur. Əlbəttə, ümumi götürsək, bu mövzular arasında da müəyyən bağlılıq var. Peyğəmbərin (s) yerinə canişin təyin edilməsinin də “kitab əhli”nə təsiri vardır, çünki onlar Peyğəmbərin (s) vəfatından sonra İslamın dağılacağına ümidvar idilər.

Nə üçün Əli (ə) Qədir- xum hədisinə istinad etmədi?

Bəziləri bəhanə axtarıb deyirlər ki, əgər əzəmətlə yad edilən “Qədir-Xum” hədisi həqiqətdirsə, nə üçün Əli (ə), onun Əhli-beyti və dostları zəruri hallarda ona istinad etmirdilər? Onların Əlinin (ə) xilafətini sübut etmək üçün bu mühüm sənədə əsaslanmaları daha yaxşı olmazdımı?

Bu irad da digər iradlar kimi təfsir, tarix və hədis kitablarından məlumatsızlıqdan irəli gəlmişdir. Çünki əhli-sünnə alimlərinin bir çox kitablarında nəql olunmuşdur ki, Əli (ə) özü, Əhli-beyt imamları, eləcə də onların dostları “Qədir-Xum” hədisinə istinad etmişlər. Maraqlıdır ki, irad tutanlar bunları necə görməmişlər?

Xətib Xarəzmi Hənəfi “Mənaqib” kitabında Amir ibn Vasilədən nəql edir ki, (Ömərdən sonra xəlifə təyin etmək üçün altı nəfərdən ibarət) Şura günü Əli (ə) ilə birlikdə idim. O, şura üzvlərinə belə deyirdi: “Sizə tutarlı bir dəlil göstərirəm ki, ərəb və əcəm onu dəyişməyə qadir deyil… Sizi Allaha and verirəm! Sizin aranızda elə bir kəs varmı ki, Peyğəmbər (s) onun barəsində belə buyurmuş olsun: “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi! Onun dostunu Sən də dost bil, onu sevəni Sən də sev. Hazır olanlar bunu qaib olanlara çatdırsınlar!”

Hamı dedi: “Xeyr!”

Bu rəvayəti Həməvinin “Fəraidus-səmteyn” kitabının 58-ci bölümündə, İbn Hatəm “Durrun-nəzim” kitabında və İbn Əbil-Hədid “Nəhcül-bəlağə”nin şərhində, eləcə də İbn Həcər “Əs-səvaiq” kitabında Darü-Qutnidən nəql etmişlər.

“Əl-qədir” kitabında imam Əlinin (ə) müxtəlif vaxtlarda, o cümlədən, Osmanın xilafəti və öz xilafəti dövründə, Cəməl müharibəsində və Kufədə Siffeyn müharibəsi günü Qədir-Xum hədisinə əsaslanmasına və uyğun mənbələr geniş yer verilmişdir. Bundan əlavə, Fatimeyi-Zəhra (ə.s), imam Həsən (ə), imam Hüseyn (ə), bir qrup səhabə və qeyri-səhabələrin də on altı yerdə bu hədisə istinad etmələrini nəql etmişdir. Bu da müəllifin geniş məlumatından və bu hədisin müxtəlif zamanlarda diqqət mərkəzində olmasından danışır. Hərçənd, hər dövrdə mövcud siyasətə uyğun olaraq bunu əhəmiyyətsiz qələmə verməyə çalışmışlar. Bu bəhsin əhatəsi geniş olduğundan deyilənlərlə kifayətlənirik

islamtimes.org


more post like this