1-Qurani-kərimdə buyurulur: “Agah olun, həqiqətən Allah dostları (təqvalılar) üçün heç bir nigaranlıq, qorxu, hüzn və qəm-qüssə yoxdur.”
2-Onlar: Allah-taalanın vacib buyurduqlarını yerinə yetirər, həzrət Peyğəmbər (s)-in sünnəsinə əməl edər və Allahın haram buyurduqlarından uzaq olarlar.
3-Allahdan həqiqi mənada qorxar, düz danışar, təvazökarlıqla yol gedər və çoxlu Quran tilavət edərlər.
4-Gözlərini Allahın haram etdiklərindən saxlayarlar.
5-Həm ağır, həm də xoş günlərdə eyni vəziyyətdə olarlar. (Dünyanın ağır və ya xoş günləri onlara təsir etməz.)
6-Əgər Allah-taalanın müəyyən etdiyi əcəl olmasaydı, onların ruhu behişti görmək şövqündən və cəhənnəm əzabının qorxusundan bir göz qırpımı belə, aram olmazdı.
7-Onlar sanki behişt və cəhənnəmi görmüş, orada yaşamışlar.
8-Qəlbləri qəmgin, istəkləri az və özləri pak-pakizədir.
9-Qiyamətin əbədi rahatlığını əldə etmək üçün dünyanın qısa günlərində səbir edərlər.
10-Dünya onları aldatmaq istəyər, lakin onlar dünya haqqında əsla fikirləşməzlər; dünya onları əsir etmək istəyər, lakin onlar canlarını qurban verməklə özlərini azad edərlər.
11-Gecələri oyaq qalıb ibadətlə məşğul olarlar, Quranı təfəkkürlə oxuyar və öz dərdlərinin dərmanını Qurandan alarlar.
12-Səbirli alimlər və xalqın xeyrini istəyənlərdir.
13-Onlara baxan şəxs, xəstə olmadıqları halda onların xəstə olduqlarını güman edər.
14-Az əməllərindən razı qalmaz və yaxşı əməllərini çox sanmazlar.
15-Daim öz nəfslərini danlayar və gördükləri əməllərdən qorxarlar.
16-Onları tərifləyəndə, qorxuya düşərlər.
17-Uzaqgörən, rəftarları mülayim və dindarlıqda güclüdürlər.
18-İmanları yəqinlə birgədir və elm öyrənməyə hərisdirlər.
19-İbadətdə təvazökar, çətinliklərdə və müsibətlərdə səbirlidirlər. Sakit qalanda qəmgin olmaz və ucadan gülməzlər.
20-Pak və halal ruzini öz zəhmətlərilə və Allahın razılığı üçün əldə edərlər.
21-Dünyanın mal-dövlətinə, cah-cəlalına qarşı zahid və rəğbətsiz olar, mal-dövlət yığıb onunla fəxr etməz və əldə etdikləri mal-dövləti Allahın vacib etdiyi istiqamətdə xərcləyərlər.
22-Qürurdan, xudpəsəndlikdən uzaq olar və başqaları ilə əlaqə yaratmaq istədikdə hiylə işlətməzlər.
23-Gündüzlərini şükür etməklə, gecələrini isə Allahı yad etməklə sona çatdırarlar.
24-Gecələri qorxu halında yatıb, sevinclə durarlar; qorxuları qəflətə düçar olacaqlarına, sevincləri isə onlara şamil olan lütf və mərhəmətə görədir.
25-Nəfslərini istədikləri şeydən məhrum edər və tamahkar olmazlar.
26-Səbirləri elmlə, sözləri əməllə birgədir.
27-Arzuları yaxın, səhv, xata və yeməkləri azdır, işləri asan və nəfsləri qanedir.
28-Dinləri qorunmuş, harama olan ehtirasları ölmüş və qəzəbləri sönmüşdür.
29-Camaat onların xeyir işlərinə ümidvar olar, əzab-əziyyətlərindən amanda qalar, onlar hamıya xeyir verər və kimsəyə əzab-əziyyət verməzlər.
30-Əgər qafillərin arasında olsalar, adları Allahı yad edənlər sırasında yazılar; əgər Allahı yad edənlər arasında olsalar, adları qəflətdə olanların sırasında yazılmaz.
31-Onlara zülm edən şəxsləri bağışlayar və əmanətə xəyanət etməzlər.
32-Pis söz danışmazlar; söhbətləri mülayim, pis işləri gizli və yaxşı işləri aşkar olar, çətin günlərdə səbir və xoş günlərdə şükr edərlər.
33-Onların əleyhinə şəhadət verilməmişdən öncə, haqqı etiraf edər və onlara tapşırılanları layiqincə yerinə yetirərlər.
34-Camaatı pis ləqəb və adlarla çağırmaz, başqalarının müsibətlərində şad olmaz, haqqın mehvərindən çıxmaz və qonşularla gözəl davranarlar.
35-İmam Sadiq (ə) buyurmuşdur: “Yaxşı əməlindən şad, pis əməlindən isə qəmgin olan şəxs mömindir.”
36-İmam Sadiq (ə) buyurmuşdur: “Möminin üç əlaməti vardır: 1-Allaha mərifəti. 2-Allahın dostları ilə dost olmaq. 3-Allahın düşmənləri ilə düşmən olmaq.”
37-İmam Baqir (ə) buyurmuşdur: “Mömin dağdan da möhkəmdir; çünki dağdan bir şey götürmək olar, lakin möminin dinindən bir şey götürmək olmaz (yəni möminin dinini əlindən almaq qeyri-mümkündür).”
38-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs Allah xatirinə (bir kəsi) sevsə, Allah xatirinə (bir kəsə) nifrət etsə və Allah xatirinə (bir şey) əta etsə, onda o, imanı kamil olan şəxslər sırasındadır.”
39-İmam Baqir (ə) buyurmuşdur: “Həqiqətən, Allah-taala bir möminin xatirinə bir kəndin məhv olmasının qarşısını alar. Həmçinin bir məntəqədə yeddi mömin olsa, o məntəqəyə əzab yetişməz.”
40-İmam Sadiq (ə) buyurmuşdur: “Allah mömini dünyanın bəlalarından qoruyub saxlamaz, lakin dünyaya ürək bağlamaqdan və axirət bədbəxtliyindən amanda saxlayar.”

Qırx Mövzu və Qırx həqiqət kitabından…


more post like this