1-Qurani-kərimdə buyurulur: “Agah olun, həqiqətən Allah dostları (təqvalılar) üçün heç bir nigaranlıq, qorxu, hüzn və qəm-qüssə yoxdur.”

 

2-Onlar: Allah-taalanın vacib buyurduqlarını yerinə yetirər, həzrət Peyğəmbər (s)-in sünnəsinə əməl edər və Allahın haram buyurduqlarından uzaq olarlar.

3-Allahdan həqiqi mənada qorxar, düz danışar, təvazökarlıqla yol gedər və çoxlu Quran tilavət edərlər.

4-Gözlərini Allahın haram etdiklərindən saxlayarlar.

5-Həm ağır, həm də xoş günlərdə eyni vəziyyətdə olarlar. (Dünyanın ağır və ya xoş günləri onlara təsir etməz.)

6-Əgər Allah-taalanın müəyyən etdiyi əcəl olmasaydı, onların ruhu behişti görmək şövqündən və cəhənnəm əzabının qorxusundan bir göz qırpımı belə, aram olmazdı.

7-Onlar sanki behişt və cəhənnəmi görmüş, orada yaşamışlar.

8-Qəlbləri qəmgin, istəkləri az və özləri pak-pakizədir.

9-Qiyamətin əbədi rahatlığını əldə etmək üçün dünyanın qısa günlərində səbir edərlər.

10-Dünya onları aldatmaq istəyər, lakin onlar dünya haqqında əsla fikirləşməzlər; dünya onları əsir etmək istəyər, lakin onlar canlarını qurban verməklə özlərini azad edərlər.

11-Gecələri oyaq qalıb ibadətlə məşğul olarlar, Quranı təfəkkürlə oxuyar və öz dərdlərinin dərmanını Qurandan alarlar.

12-Səbirli alimlər və xalqın xeyrini istəyənlərdir.

13-Onlara baxan şəxs, xəstə olmadıqları halda onların xəstə olduqlarını güman edər.

14-Az əməllərindən razı qalmaz və yaxşı əməllərini çox sanmazlar.

15-Daim öz nəfslərini danlayar və gördükləri əməllərdən qorxarlar.

16-Onları tərifləyəndə, qorxuya düşərlər.

17-Uzaqgörən, rəftarları mülayim və dindarlıqda güclüdürlər.

18-İmanları yəqinlə birgədir və elm öyrənməyə hərisdirlər.

19-İbadətdə təvazökar, çətinliklərdə və müsibətlərdə səbirlidirlər. Sakit qalanda qəmgin olmaz və ucadan gülməzlər.

20-Pak və halal ruzini öz zəhmətlərilə və Allahın razılığı üçün əldə edərlər.

21-Dünyanın mal-dövlətinə, cah-cəlalına qarşı zahid və rəğbətsiz olar, mal-dövlət yığıb onunla fəxr etməz və əldə etdikləri mal-dövləti Allahın vacib etdiyi istiqamətdə xərcləyərlər.

22-Qürurdan, xudpəsəndlikdən uzaq olar və başqaları ilə əlaqə yaratmaq istədikdə hiylə işlətməzlər.

23-Gündüzlərini şükür etməklə, gecələrini isə Allahı yad etməklə sona çatdırarlar.

24-Gecələri qorxu halında yatıb, sevinclə durarlar; qorxuları qəflətə düçar olacaqlarına, sevincləri isə onlara şamil olan lütf və mərhəmətə görədir.

25-Nəfslərini istədikləri şeydən məhrum edər və tamahkar olmazlar.

26-Səbirləri elmlə, sözləri əməllə birgədir.

27-Arzuları yaxın, səhv, xata və yeməkləri azdır, işləri asan və nəfsləri qanedir.

28-Dinləri qorunmuş, harama olan ehtirasları ölmüş və qəzəbləri sönmüşdür.

29-Camaat onların xeyir işlərinə ümidvar olar, əzab-əziyyətlərindən amanda qalar, onlar hamıya xeyir verər və kimsəyə əzab-əziyyət verməzlər.

30-Əgər qafillərin arasında olsalar, adları Allahı yad edənlər sırasında yazılar; əgər Allahı yad edənlər arasında olsalar, adları qəflətdə olanların sırasında yazılmaz.

31-Onlara zülm edən şəxsləri bağışlayar və əmanətə xəyanət etməzlər.

32-Pis söz danışmazlar; söhbətləri mülayim, pis işləri gizli və yaxşı işləri aşkar olar, çətin günlərdə səbir və xoş günlərdə şükr edərlər.

33-Onların əleyhinə şəhadət verilməmişdən öncə, haqqı etiraf edər və onlara tapşırılanları layiqincə yerinə yetirərlər.

34-Camaatı pis ləqəb və adlarla çağırmaz, başqalarının müsibətlərində şad olmaz, haqqın mehvərindən çıxmaz və qonşularla gözəl davranarlar.

35-İmam Sadiq (ə) buyurmuşdur: “Yaxşı əməlindən şad, pis əməlindən isə qəmgin olan şəxs mömindir.”

36-İmam Sadiq (ə) buyurmuşdur: “Möminin üç əlaməti vardır: 1-Allaha mərifəti. 2-Allahın dostları ilə dost olmaq. 3-Allahın düşmənləri ilə düşmən olmaq.”

37-İmam Baqir (ə) buyurmuşdur: “Mömin dağdan da möhkəmdir; çünki dağdan bir şey götürmək olar, lakin möminin dinindən bir şey götürmək olmaz (yəni möminin dinini əlindən almaq qeyri-mümkündür).”

38-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs Allah xatirinə (bir kəsi) sevsə, Allah xatirinə (bir kəsə) nifrət etsə və Allah xatirinə (bir şey) əta etsə, onda o, imanı kamil olan şəxslər sırasındadır.”

39-İmam Baqir (ə) buyurmuşdur: “Həqiqətən, Allah-taala bir möminin xatirinə bir kəndin məhv olmasının qarşısını alar. Həmçinin bir məntəqədə yeddi mömin olsa, o məntəqəyə əzab yetişməz.”

40-İmam Sadiq (ə) buyurmuşdur: “Allah mömini dünyanın bəlalarından qoruyub saxlamaz, lakin dünyaya ürək bağlamaqdan və axirət bədbəxtliyindən amanda saxlayar.”

QƏLBİN BƏLALARI NƏDİR? VƏ MÜALİCƏSİ NECƏDİR?

Qəlbin dörd cür bəlası vardır: uzun arzular, paxıllıq, tələsmək, təkəbbür.

Uzun arzular.

Uzun arzular insanı bütün xeyir işlərdən saxlayar, bütün fitnə və fəsadın mənbəyi ola bilər. Müalicəsi olmayan bir dərddir ki, insanı çox sayda bəlalara düçar edər. Uzun arzulardan dörd şey əmələ gələr:

1.İtaəti tərk etmək və ibadətdə axsamaq. Hər kim İlahi əzabdan qorxarsa, qurb məqamına yaxın olar, ancaq o kəsin ki, uzun arzuları vardır – pis əməl sahibinə çevrilər.

 

2. Tövbəni tərk etmək. “Hələ qabaqda vaxtım var, tövbə edərəm də” – deyib, tövbəni təxirə salmaq. “Mən hələ cavanam, vaxtım da azdır” – deyib, məsuliyyətdən qaçırdar.

 

3. Sabahısı günün qəmini yemək. “Görəsən mən sabah nə yeyəcəyəm və yeməyə bir şey tapacağammı?” Bu cür insanlar yersiz qəm çəkərlər və vaxtları da zay olar, mənasız şeylərə gedər.

 

4. Axirəti yaddan çıxartmaq. Ölümü və qəbri yada salmaz. Necə ki, Həzrət Peyğəmbər (s) buyurmuşdu: “Mən sizi iki şeydən qorxuduram: uzun arzulardan və havayi-nəfsin ardınca getməkdən. Bilin ki, uzun arzular axirəti sizin yadınızdan çıxardar və havayi-nəfsin ardınca getmək sizi haqdan saxlayar”.

 

Çünki bu zaman bütün fikrin dünya işlərinə qarışar və qəlb daşlaşar. Bir qəlb ki, ölümdən və axirətdən qorxmur, orada necə səfa və riqqət ola bilər. Quran buyurur: “Beləliklə (ömür) müddətləri uzadılmış, qəlbləri sərtləşmiş və çoxu itaətsiz olan kəslər kimi olmamalarının vaxtı çatmayıbmı?!” (“Hədid” 16).

 

İmam Əli (ə) buyurmuşdur: “Dünya üç gündür: dünən ki, keçdi, sənin əlində ondan bir şey yoxdur. Sabahı isə bilmirsən ona çatacaqsan, yoxsa yox. Bu gün ki, sən oradasan, onu qənimət bil”.

 

 

 

Paxıllıq.

 

Paxıllıq elə bir dərddir ki, itaəti fəsada çevirər və insanı bir çox xətalara düçar edər. Həzrət Peyğəmbər (s) buyurur: “6 qrup insan 6 şeyə görə atəşə düşərlər. Ərəb təəsübünə görə, hakimlər zülmünə görə, kəndlilər təkəbbürlərinə görə, tacirlər xəyanətlərinə görə, alimlər paxıllıqlarına görə və rəsdaq əhli cahilliklərinə görə”. Deməli nəinki cahillər, hətta alimlər də paxıllıq xəstəliyinə düçar olurlar.

 

Paxıllıqdan beş şey yaranar:

 

1. İtaətdə fəsad. Həzrət Peyğəmbər (s) buyurur: “Paxıllıq bütün yaxşılıqları məhv edər, necə ki, atəş odunu yandırar”.

 

2. Günah. Necə ki, Vəhəb deyir: “Paxılın üç əlaməti vardır: hazır olan zaman yaltaqlıq edər, olmayan zaman qeybət edər, müsibətə şad olar.”

 

3. Faydasız qəm.

 

4. Kor qəlb İlahi hökmləri dərk etməz.

 

5. Məhrum olanlar heç bir zaman muradlarına çatmazlar.

 

Paxıl necə arzusuna və muradına çata bilər ki, əsl arzusu başqalarına verilən nemətləri məhv və nabud etməkdir?!

 

 

Tələsmək.

 

İnsan bu xüsusiyyəti nəticəsində günaha batar və onun dörd bəlası vardır:

 

1. Abid insanın niyyəti xeyirdir. Məqsədinə çatmaq üçün tələsər. Əgər məqsədinə çatmazsa, ümidsiz olar. Ya da ifrat ilə təfrit arasında qalar. Hər ikisi tələsməyin nəticəsidir. Həzrət Peyğəmbər (s) buyurur: “Bizim dinimiz ahəstəlik, yumşaqlıq və sülh üzərində möhkəmdir. O kəs ki, dördayaqlı kimi tələsər, nə yolu aparar və nə də dördayaqlı sağ qalar”.

 

2. Abid insan dua edər, duasının tez bir zamanda həyata keçməsini istəyər, ancaq yerinə yetməyəndə ümidsiz olar. Hacətindən məhrum olar.

 

3. Məzlum əsəbləşdiyi üçün zalıma dua edər. Müsəlman ona görə ölərsə, günaha batar.

 

4. İbadətin əsası təvazökarlıqdır. Əgər insan hər bir işdə tələsərsə, hər nə gəldi deyərsə, hər nə tapdı yeyərsə, haram və şübhəyə düşər. Bu zaman təvazökarlıq ölər və təvazökarsız ibadət nəyə lazımdır?

 

 

 

Təkəbbür.

 

Bu xüsusiyyət insanı həlak edər. Allah Təala buyurur: “O (isə) boyun qaçırtdı və təkəbbür göstərdi. O, (öz küfrünü gizli saxlayan) kafirlərdən idi”. (“Bəqərə” 34).

 

Ondan dörd bəla əmələ gələr:

 

1. Haqqa, İlahi mərifətə və İlahi əhkama günah etmək. Quran buyurur: “Tezliklə yer üzündə nahaq yerə təkəbbürlük edən, hər hansı bir ayə və möcüzə görəndə iman gətirməyən, hidayət yolunu görəndə onunla getməyən və azğınlıq yolunu gördükdə isə onunla gedən kəsləri Öz ayələrimdən yayındıracağam (ayələrimlə mübarizə etmək qüdrətini onlardan alacağam). Bu (iş), onların Bizim ayə və nişanələrimizi təkzib etdiklərinə və onlardan (onları görməkdən) qafil olduqlarına görədir” (“Əraf” 146).

 

2. Allah-Təalaya kin bəsləmək. Quran buyurur: “Həqiqətən O, təkəbbürlüləri sevmir.” (“Nəhl” 23). Həzrət Musa (ə) deyir: “Allahım! Sənin ən düşmən insanın kimlərdir?” Buyurur: “O kəs ki, təkəbbürlüdür. Dili qəliz, əli paxıl və əxlaqı pisdir”.

 

3. Dünya və axirətdə sürünmək.

 

4. Əzab atəşi.

 

Bu qəlb bəlalarını bildikdən sonra, onları doğuran amilləri istisna etməklə, qəlbimizi müalicə edə bilərik. Çalışaq ki, qəlbimizi bu dörd bəladan uzaq tutaq. İnşəallah!

 

Deyerler.org

http://sualcavab.ge


more post like this