Darvinizm, yəni təkamül nəzəriyyəsi yaradılış həqiqətini inkar etmək məqsədilə ortaya atılmış, ancaq heç bir müvəffəqiyyət qazana bilməmiş elmdən uzaq bir sayıqlamadan başqa bir şey deyil. Canlı aləmin cansız maddələrdən təsadüfən əmələ gəldiyini iddia edən bu nəzəriyyə elmin kainatda və canlılarda çox açıq bir “nizam” olmasını sübut etməsi ilə çürümüşdür. Beləliklə, bütün kainatın və canlıların Allah tərəfindən yaradılması həqiqəti elm tərəfindən də sübut olunmuşdur. Təkamül nəzəriyyəsini ayaqda saxlaya bilmək üçün bu gün bütün dünyada aparılan təbliğat yalnız elmi həqiqətlərin təhrif edilməsinə, bu həqiqətlərin birtərəfli şəkildə izah olunmasına, elm görüntüsü altında söylənən yalanlara və yol verilən saxtakarlıqlara əsaslanır.

Ancaq bu təbliğat da həqiqəti ört-basdır edib gizlədə bilmir. Təkamül nəzəriyyəsinin elm tarixindəki ən böyük yalan olması faktı son 20-30 ildə elm dünyasında getdikcə daha yüksək səslə dilə gətirilir. Xüsusilə 1980-ci illərdən sonra aparılan tədqiqatlar darvinistlərin iddialarının tamamilə yanlış olduğunu ortaya qoymuş və bu həqiqət bir xeyli alim tərəfindən qeyd edilmişdir. Ələlxüsus da ABŞ-da biologiya, biokimya, paleontologiya kimi müxtəlif elm sahələrində çalışan alimlər darvinizmin artıq öz qüvvəsini itirdiyini görür, canlıların mənşəyini artıq yaradılış ilə açıqlayırlar.
Təkamül nəzəriyyəsinin süqutunu və yaradılışın dəlillərini başqa əksər çalışmalarımızda bütün elmi təfərrüatları ilə qeyd etdik və qeyd etməyə davam edirik. Ancaq bu məsələ çox əhəmiyyətli olduğu üçün burada da bir çox məsələləri xülasə etmək zəruri və faydalıdır.

Darvini yıxan çətinliklər
Təkamül nəzəriyyəsi tarixi kökləri ilə qədim Yunanıstana qədər gedib çıxan bir təlim olsa da, o, yalnız XIX əsrdə əhatəli şəkildə ortaya çıxdı. Nəzəriyyəni elm dünyasının gündəminə salan ən mühüm hadisə Çarlz Darvinin 1859-cu ildə nəşr edilən “Növlərin mənşəyi” adlı kitabı oldu. Darvin bu kitabda canlıların müxtəlif növlərinin Allah tərəfindən ayrı-ayrılıqda yaradılması gerçəyinə qarşı çıxırdı. Darvinə görə, bütün cinslər müştərək bir atadan gəlirdi və onlar zaman ötdükcə kiçik dəyişikliklər sayəsində bir-birindən fərqlənmişdilər.
Darvinin nəzəriyyəsinin heç bir maddi dəlili yox idi. O, özü də bunu qəbul edirdi ki, bu nəzəriyyə yalnız “ortaya atılan məntiqi fikir” idi. Hətta Darvinin öz kitabındakı “Nəzəriyyənin çətinlikləri” başlıqlı geniş hissədə də etiraf etdiyi kimi, bu nəzəriyyə bir çox mühüm sual qarşısında aciz qalır.
Darvin zənn edirdi ki, onun nəzəriyyəsinin qarşısında dayanan çətinliklər elmin inkişafı ilə aradan qaldırılacaq, yəni elmi kəşflər bu nəzəriyyənin elmi əsaslarını gücləndirəcək. O, bunu kitabının bir çox yerində bildirmişdi. Ancaq durmadan inkişaf edən elm Darvinin bu ümidlərinin tam əksinə olaraq, həmin nəzəriyyənin başlıca müddəalarını bir-birinin ardınca sarsıdırdı.
Darvinizmin elm qarşısındakı məğlubiyyəti üç əsas başlıqda incələnə bilər:
1. Bu nəzəriyyə həyatın Yer üzündə ilk dəfə necə ortaya çıxdığını heç cür açıqlaya bilmir.
2. Darvinizm nəzəriyyəsinin ortaya atdığı “təkamül mexanizmləri”nin həqiqətdə təkmilləşdirici təsirə malik olduğunu göstərən heç bir elmi sübut yoxdur.
3. Daşlaşmış bitki qalıqları və torf qatları təkamül nəzəriyyəsinin irəli sürdüyü proqnozların tam əksini ortaya çıxarır.
Bu bölümdə qeyd edilən əsas müddəaları onların mahiyyəti baxımından incələyəcəyik.

Keçilə bilməyən ilk pillə: həyatın mənşəyi
Təkamül nəzəriyyəsi bütün canlı növlərini ibtidai dünyada təxminən 3,8 milyard il əvvəl meydana çıxan yeganə bir canlı hüceyrədən əmələ gəldiyini iddia edir. Tək hüceyrənin milyonlarla kompleks canlı növünü necə meydana gətirməsi və belə bir təkamül əgər həqiqətən də olubsa, bunun izlərinin daşlaşmış bitki qalıqlarında, torf qatlarında niyə tapılmaması darvinizm nəzəriyyəsinin cavablandıra bilmədiyi suallardır. Ancaq bütün bunlardan əvvəl iddia edilən təkamül mərhələsinin ilk pilləsində dayanmaq lazımdır: bəhs edilən o “ilk hüceyrə” necə ortaya çıxmışdır?
Təkamül nəzəriyyəsi yaradılışı rədd etdiyi və heç bir fövqəltəbii müdaxiləni qəbul etmədiyi üçün “ilk hüceyrə”nin heç bir plan və nizam-intizam olmadan, təbiət qanunları çərçivəsində təsadüfən meydana gəldiyini iddia edir. Yəni bu nəzəriyyəyə görə, cansız maddə təsadüflər nəticəsində ortaya canlı bir hüceyrə çıxarmalıdır. Ancaq bu, məlum olan ən əsas bioloji qanunlara zidd iddiadır.

“Həyat həyatdan gəlir”
Darvin öz kitabında həyatın mənbəyi barədə heç nə qeyd etməyib. Çünki onun dövründəki ibtidai elm canlıların çox sadə bir quruluşa malik olduğunu güman və iddia edirdi. Orta əsrlərdən bəri böyük etimad bəslənən və “spontan generasiya” adlanan nəzəriyyənin tərəfdarları cansız maddələrin təsadüfən bir yerə yığışıb canlı bir varlıq meydana gətirməsinə inanırdı. Bu dövrdə böcəklərin yemək qalıqlarından, siçanların isə buğdadan əmələ gəldiyinə şübhə etmirdilər. Bunu isbat etmək üçün hətta qəribə təcrübələr də aparmışdılar. Çirkli bir parçanın üstünə bir az buğda qoyulmuş, bir qədər gözləyərlərsə, bu çulğaşmadan siçanların meydana gələcəyi zənn edilmişdi.
Çiy ətin qurd salması da həyatın cansız maddələrdən meydana gəlməsinə dəlil sayılırdı. Halbuki daha sonralar məlum olacaqdı ki, ətin üstündə yaranan qurdlar öz-özünə meydana gəlmir, milçəklərin gətirib ora qoyduğu gözlə görünməyən sürfələrdən çıxırlar.
Darvin özünün “Növlərin mənşəyi” adlı kitabını yazdığı dövrdə isə elm dünyası belə hesab edirdi ki, bakteriyalar cansız maddədən meydana gəlir. Halbuki məşhur fransız bioloqu Luis Paster təkamülün əsası olan bu inancı Darvinin kitabının nəşr edilməsindən beş il sonra qəti olaraq rədd etdi. Paster apardığı çalışma və təcrübələrdən sonra gəldiyi nəticəni belə xülasə edirdi:
“Cansız maddələrin həyat əmələ gətirməsinə dair iddia daha qəti olaraq tarixin arxivinə verilmişdir” (Sidney Fox, Klaus Dose, Molecular Evolution and The Origin of Life, Marcel Dekker, New York, 1977, səh. 2).
Təkamül nəzəriyyəsinin tərəfdarları Pasterin gəldiyi nəticələrə qarşı uzun müddət mübarizə apardılar. Ancaq inkişaf edən elm canlı hüceyrənin mürəkkəb quruluşunu ortaya çıxarandan sonra həyatın öz-özünə meydana gəlməsi iddiasının çürüklüyü bir daha və qəti şəkildə aydın oldu.

XX əsrdəki nəticəsiz səylər
XX əsrdə həyatın mənşəyi mövzusu ilə bağlı proseslərin önündə gedən ilk təkamülçü məşhur rus bioloqu Aleksandr Oparin oldu. Oparin 1930-cu illərdə ortaya atdığı bəzi tezislərlə canlı hüceyrənin təsadüfən meydana gələ biləcəyini isbat etməyə çalışdı. Ancaq onun bu axtarışları nəticəsiz qaldı. Oparin bunu etiraf etməyə məcbur oldu:
“Təəssüf ki, hüceyrənin mənşəyi problemi təkamül nəzəriyyəsini bütövlükdə əhatə edən ən qaranlıq məsələni təşkil edir” (Alexander I. Oparin, Origin of Life, Dover Publications, New York, (1936), 1953 (reprint), səh. 196).
Oparinin arxasınca gedən təkamülçülər həyatın mənşəyi mövzusunu bir yerə çıxara bilmək üçün təcrübələr aparmağa səy göstərdilər. Bu təcrübələrin ən məşhuru amerikalı kimyagər Stenli Miller tərəfindən 1953-cü ildə aparıldı. S.Miller ibtidai dünyanın atmosferində olduğunu iddia etdiyi qazları bir təcrübə vasitəsilə birləşdirərək və bu reaksiyaya enerji əlavə edərək proteinlərin tərkibindəki bir neçə üzvi molekulu (aminoasit) sintez etdi.

Həmin illərdə əhəmiyyətli bir mərhələ kimi təqdim olunan bu təcrübənin nəticəsiz qalması və təcrübədə istifadə edilən atmosferin gerçək dünya atmosferindən çox fərqli olması gələcək illərdə ortaya çıxacaqdı (“New Evidence on Evolution of Early Atmosphere and Life”, Bulletin of the American Meteorological Society, c. 63, noyabr 1982, ss. 1328-1330).
Uzun müddət davam edən bu səssizlikdən sonra Millerin özü də istifadə elədiyi atmosferin həqiqi olmadığını etiraf etdi (Stanley Miller, Molecular Evolution of Life: Current Status of the Prebiotic Synthesis of Small Molecules, 1986, səh. 7).
Həyatın mənşəyi məsələsini açıqlamaq üçün təkamülçülərin XX əsrdə apardığı bütün səylər nəticəsiz qaldı. San Dieqo Skripps Institutundan olan tanınmış geokimyaçı Ceffri Bada təkamülçü “Earth” jurnalında 1998-ci ildə nəşr edilən bir məqalədə bu həqiqəti belə qəbul edir:
“Bu gün XX əsri arxada qoyarkən hələ XX əsrə daxil olanda malik olduğumuz ən böyük həllini tapmamış problemlə qarşı-qarşıyayıq: həyat Yer üzündə necə başladı?” (Jeffrey Bada, Earth, fevral 1998, səh. 40).

Həyatın kompleks quruluşu
Təkamül nəzəriyyəsinin həyatın mənşəyi mövzusunda çox ciddi çətinliyə düşməsinin əsas səbəbi ən sadə hesab edilən canlı orqanizmlərin inanılmayacaq dərəcədə qarmaqarışıq quruluşa malik olmasıdır. Canlı varlığın hüceyrəsi insan övladının düzəltdiyi texniki məhsullardan daha mürəkkəbdir. Belə ki, bu gün dünyanın ən inkişaf etmiş laboratoriyalarında da cansız maddələri bir yerə yığaraq canlı hüceyrə əldə etmək mümkün deyil.
Bir hüceyrənin meydana gəlməsi üçün lazım olan şərtlər heç vaxt təsadüflərlə izah edilməyəcək qədər çoxdur. Hüceyrənin əsaslarından biri olan proteinlərin təsadüfi olaraq sintezləşmə ehtimalı isə 500 aminoasitlik yuvarlaq bir protein üçün 10950-də 1-dir. Ancaq riyaziyyatda 1050-də 1-dən aşağı olanlar “imkansız” sayılır. Hüceyrənin nüvəsində yerləşən və özündə genetik bilgini gizlədən DNT molekulu isə inanılmaz bir məlumat bankıdır. Hesablamalara əsasən, insan DNT-sinin ehtiva etdiyi məlumat kağıza köçürülə bilsə, 500 səhifədən ibarət 900 cildlik bir kitabxana meydana gələ bilər. Bu nöqtədə çox maraqlı bir dilemma da var: DNT ancaq bəzi xüsusiləşmiş proteinlərin köməyi ilə cütləşə bilir.

Ancaq bu proteinlərin sintezi də ancaq DNT-dəki məlumatlara uyğun olaraq həyata keçir. Bir-birinə bağlı olduqlarına görə cütləşmənin meydana gələ bilməsi üçün onların ikisinin də eyni anda mövcud olması lazımdır. Bu isə həyatın özü-özündən meydana gəlməsi barədəki ssenarini çətinliyə salır. San Dieqo Kaliforniya Universitetindən məşhur təkamülçü alim, professor Lesli Orgel (Leslie Orgel) “Scientific American” jurnalının 1994-cü ilin oktyabr ayındakı sayında bu həqiqəti belə etiraf edir:
“Son dərəcə kompleks quruluşlara sahib olan proteinlərin və nuklein turşularının (RNT və DNT) eyni yerdə və eyni vaxtda təsadüf nəticəsində əmələ gəlməsi hətta ehtimaldan da həddindən artıq uzaqdır. Ancaq bunların biri olmadan digərini əldə etmək də mümkün deyil. Dolayısı ilə insan həyatın kimyəvi yollarla ortaya çıxmasının heç vaxt mümkün olmaması nəticəsinə gəlmək məcburiyyətində qalır” (Leslie E. Orgel, “The Origin of Life on Earth”, Scientific American, c. 271, oktyabr 1994, səh. 78).
Şübhəsiz ki, əgər həyatın təsadüflərlə ortaya çıxmasının qeyri-mümkünlüyü təsdiqlənirsə, bu vəziyyətdə onun fövqəltəbii şəkildə yaradıldığını qəbul etmək lazımdır. Bu həqiqət isə əsas məqsədi yaradılışı rədd etmək olan təkamül nəzəriyyəsinin açıq-aşkar mənasızlığını ortaya çıxarır.
Təkamülün xəyali mexanizmləri
Darvinizm nəzəriyyəsini puç edən başqa ikinci böyük məsələ bu nəzəriyyənin “təkamül mexanizmləri” kimi ortaya atdığı iki anlayışın da əsl həqiqətdə heç bir təkmilləşdirici gücə malik olmamasının sübuta yetirilməsidir. Darvin ortaya atdığı təkamül iddiasını tam şəkildə “təbii seleksiya” mexanizminə bağlamışdı. Onun bu mexanizmə verdiyi əhəmiyyət kitabının adından da görünürdü: “Növlərin mənşəyi təbii seleksiya yolu ilə”.
Təbii seleksiya təbii seçmə deməkdir və təbiətdəki həyat mübarizəsində təbii şərtlərə uyğun olan güclü canlıların həyatda qalacağı düşüncəsinə əsaslanır. Məsələn, yırtıcı heyvanlar tərəfindən hürküdülən bir maral sürüsündə daha sürətli qaça bilənlər həyatda qalacaqlar. Beləliklə, maral sürüsü sürətlilərdən və güclülərdən meydana gəlməlidir. Ancaq bu mexanizm maralları əlbəttə, təkmilləşdirməz, onları başqa bir canlı növünə, məsələn, atlara çevirməz.
Dolayısı ilə təbii seleksiya mexanizmi heç bir təkmilləşdirici gücə malik deyil. Darvin də bu həqiqətin fərqində idi və “Növlərin mənşəyi” kitabında “faydalı dəyişikliklər meydana gəlmədiyi vaxtda təbii seleksiya heç nə edə bilməz” demək məcburiyyətində qalmışdı (Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 189).

Lamarkın təsiri
Yaxşı, bəs bu “faydalı dəyişikliklər” necə meydana gəldi? Darvin öz dövrünün ibtidai elm anlayışı daxilində bu suala Lamarka əsaslanaraq cavab verməyə çalışmışdı. Darvindən əvvəl yaşamış fransız bioloqu Lamarka görə, canlılar həyatları boyu məruz qaldıqları fiziki dəyişiklikləri sonrakı nəslə ötürürlər, nəsildən-nəslə ötürülərək yığılan bu xüsusiyyətlər nəticəsində isə yeni cinslər meydana çıxır. Məsələn, Lamark deyirdi ki, zürafələr ceyranlardan əmələ gəliblər. Belə ki, hündür ağacların yarpaqlarını yemək üçün səy göstərərkən onların nəsildən-nəslə boyları uzanıb.
Darvin də buna oxşar misallar gətirmiş, məsələn, “Növlərin mənşəyi” kitabında qida tapmaq üçün suya girən bəzi ayıların bir müddət sonra balinalara çevrildiyini iddia etmişdi(Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 184).
Amma Mendel tərəfindən kəşf olunmuş və XX əsrdə inkişaf edən genetika elmi ilə öz qəti təsdiqini tapmış atavizm qanunları qazanılmış xüsusiyyətlərin sonrakı nəsillərə ötürülməsi əfsanəsini qəti olaraq darmadağın etdi. Beləliklə, təbii seleksiya bütünlüklə təsirsiz bir mexanizm olaraq qaldı.

Neodarvinizm və mutasiyalar
Darvinistlər isə bu vəziyyətdən bir çıxış yolu tapmaq üçün 1930-cu illərin axırlarında “Müasir sintetik nəzəriyyə”ni, daha məşhur adı ilə desək, neodarvinizmi ortaya atdılar. Neodarvinizm təbii seleksiya konsepsiyasına “faydalı dəyişikliklərin səbəbi” kimi mutasiyaları, yəni canlıların genlərinə radiasiya kimi xarici təsirlərin, ya da köçürmə səhvləri nəticəsində meydana gələn pozuntuları əlavə etdi.
Bu gün dünyada təkamül adına hələ də qəbul edilən model neodarvinizmdir. Nəzəriyyə Yer üzündə olan milyonlarla canlı növünün, bu canlıların qulaq, göz, ağciyər, qanad kimi saysız kompleks orqanlarının “mutasiyalara”, yəni genetik pozuntulara əsaslanan bir mərhələ nəticəsində əmələ gəldiyini iddia edir. Ancaq nəzəriyyəni kəsərsiz edən açıq bir elmi həqiqət var: mutasiyalar canlıları inkişaf etdirməz, əksinə, onlara həmişə zərər verərlər.
Bunun səbəbi çax sadədir: DNT çox kompleks bir quruluşa malikdir. Bu molekul üzərində meydana gələn hər hansı təsadüfi təsir ancaq zərər verir. Amerikalı genetik B.G.Ranganathan bunu belə açıqlayır:
“Mutasiyalar kiçik, təsadüfi və zərərlidirlər. Çox nadir hallarda meydana gəlirlər və ən yaxşı ehtimalla təsirsizdirlər. Bu üç xüsusiyyət mutasiyaların təkamülçü bir inkişafa səbəb ola bilməyəcəyini göstərir. Onsuz da yüksək dərəcədə əlahiddələşmiş bir orqanizmdə meydana gələn təsadüfi bir hal ya təsirsiz olacaq, ya da zərərli. Bir qol saatında meydana gələcək təsadüfi dəyişiklik onu inkişaf etdirməyəcəkdir. Böyük ehtimalla ona zərər verəcək və ya ən yaxşı ehtimalla təsirsiz qalacaq. Bir zəlzələ bir şəhəri inkişaf etdirməz, əksinə, onu dağıdar” (B.G. Ranganathan, Origins?, The Banner Of Truth Trust, Pennsylvania, 1988).
Bu günə qədər heç bir faydalı mutasiya nümunəsi olmayıb. Bütün mutasiyaların zərərli olduğu müəyyənləşdi. Aydın oldu ki, təkamül nəzəriyyəsinin “təkamül mexanizmi” kimi göstərdiyi mutasiyalar həqiqətdə canlılara ancaq ziyan verən, onları şikəst edən bir genetik hadisədir. (İnsanlarda mutasiyanın ən çox görünən təsiri xərçəng xəstəliyidir). Əlbəttə, zərərverici bir mexanizm “təkamül mexanizmi” ola bilməz. Təbii seleksiya isə Darvinin də qəbul etdiyi kimi, “özbaşına heç nə edə bilməz”. Bu həqiqət bizlərə təbiətdə heç bir “təkamül mexanizmi”nin olmadığını göstərir. Təkamül mexanizmi olmadığına görə isə təkamül deyilən xəyali mərhələ də ola bilməz.

Daşlaşmış qalıqlarda keçid formalarının izi yoxdur
Təkamül nəzəriyyəsinin iddia etdiyi ssenarinin baş verməməsinin ən açıq sübutu isə daşlaşmış bitki qalığı qatları, torf laylarıdır. Təkamül nəzəriyyəsinə görə, bütün canlılar bir-birindən törəmişdir. İlk canlı növü vaxt keçəndən sonra başqa formaya çevrilmiş və bütün cinslər bu şəkildə ortaya çıxmışdır. Nəzəriyyəyə görə, bu dəyişiklik yüz milyon illər boyu sürərək mərhələ-mərhələ davam etmişdir.
Bu vəziyyətdə iddia edilən uzun dəyişiklik müddəti boyunca saysız-hesabsız “ara cinslər”in meydana gəldiyini və yaşadığını qəbul etmək lazımdır. Məsələn, keçmişdə özündə balıq xüsusiyyətlərinin olmasına baxmayaraq, bir yandan da bəzi sürünənlərin xüsusiyyətlərini qazanmış yarı balıq-yarı sürünən canlılar yaşamış olmalı idi. Yaxud da sürünənlərin xüsusiyyətlərinə malik olarkən bir yandan da bəzi quş xüsusiyyətləri qazanmış sürünən-quşlar ortaya çıxmalı idi. Ancaq onlar keçid mərhələsində olduqları üçün şikəst, nöqsanlı və qüsurlu canlılar olmalı idilər. Təkamülçülər keçmişdə yaşadıqlarına inandıqları bu nəzəri məxluqlara “ara keçid forması” adını verirlər.
Əgər həqiqətən keçmişdə bu cür canlılar yaşayıbsa, onda onların sayları və növləri milyonlarla, hətta milyardlarla olmalı idi. Və bu qəribə canlıların qalıqlarına mütləq daşlaşmış qalıqlarda, torf laylarında rast gəlinməli idi. Darvin “Növlərin mənşəyi”ndə bunu belə açıqlamışdır:
“Əgər nəzəriyyə düzdürsə, cinsləri bir-birinə bağlayan saysız ara keçid növləri mütləq yaşamalıdır… Bunların yaşamasına dair sübutlar da təkcə daşlaşmış bitki qalıqları qatları arasında tapıla bilər(Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 179.).

Darvinin puç olan ümidləri
XIX əsrin ortalarından etibarən dünyanın dörd bir tərəfində daşlaşmış qalıqlar tədqiq edilsə də, həmin laylarda bu ara keçid formalarına heç vaxt rast gəlinməyib. Aparılmış qazıntı və araşdırmalar zamanı əldə edilən bütün tapıntılar təkamülçülərin gözlədiklərinin əksinə olaraq göstərdi ki, canlılar Yer üzündə birdən-birə, nöqsansız və qüsursuz bir şəkildə ortaya çıxıblar.
Tanınmış ingilis paleontoloqu Derek U.Eger özü təkamülçü olsa da bu gerçəyi belə etiraf edir:
“Problemimiz budur ki, geoloji layları, daşlaşmış qatları bütün təfərrüatı ilə araşdıranda, istər cinslər, istərsə də siniflər səviyyəsində olsun, davamlı olaraq həmişə eyni həqiqətlə qarşılaşırıq: mərhələli təkamüllə inkişaf edən deyil, Yer kürəsində birdən-birə meydana gələn qruplar görürük (Derek A. Ager, “The Nature of the Fossil Record”, Proceedings of the British Geological Association, c. 87, 1976, səh. 133)
Yəni bütün canlı növləri daşlaşmış laylarda aralarında heç bir keçid forması olmadan, nöqsansız şəkildə ani olaraq ortaya çıxırlar. Bu isə Darvinin düşüncülərinin tam əksi və canlı növlərinin yaradıldığını göstərən çox güclü dəlildir. Çünki bir canlı növünün özü-özündən təkmilləşməsinin, heç bir ata olmadan bir anda və qüsursuz olaraq ortaya çıxmasının yeganə izahı, o cinsin yaradılmasıdır. Bu həqiqət məşhur təkamülçü bioloq Duqlas Futuyma tərəfindən də qəbul edilir:
“Yaradılış və təkamül hazırda yaşayan canlıların mənşəyi haqqında iki mümkün açıqlamalardır. Canlılar dünya üzərində ya tamamilə mükəmməl və nöqsansız bir şəkildə ortaya çıxmışdır, ya da belə olmamışdır. Əgər belə olmayıbsa, onda bir dəyişiklik mərhələsi sayəsində özlərindən əvvəl mövcud olan bəzi canlı növlərinin təkamülü yolu ilə meydana gəlməlidirlər. Amma onlar əgər qüsursuz və mükəmməl bir şəkildə ortaya çıxıblarsa, o halda sonsuz güc sahibi bir ağıl tərəfindən yaradılmalıdırlar (Douglas Y. Futuyma, Science on Trial, Pantheon Books, 1983, səh. 197).
Daşlaşmış qalıqlar da canlıların Yer üzündə qüsursuz və mükəmməl şəkildə ortaya çıxdığını göstərir. Yəni növlərin mənşəyi Darvinin iddiasının əksinə olaraq təkamül deyil, yaradılışdır.

İnsanın təkamülü nağılı
Təkamül nəzəriyyəsini müdafiə edənlərin ən çox gündəmə gətirdiyi məsələ insanın mənşəyi məsələsidir. Bu məsələdəki darvinist iddia bu gün yaşayan müasir insanın meymunabənzər bəzi məxluqlardan əmələ gəldiyini bildirir. 4-5 milyon il bundan əvvəl başlandığı qəbul edilən bu mərhələdə müasir insanla onun əcdadları arasında bəzi “ara forma”ların yaşadığı iddia olunur. Həqiqətdə isə bütünlüklə xəyali olan bu ssenaridə dörd əsas “kateqoriya” sadalanır:
1. Australorithecus
2. Homo habilis
3. Homo erectus
4. Homo sapiens.
Təkamülçülər insanların guya ilk meymunabənzər əcdadlarına “cənub meymunu” mənasına gələn “australorithecus” adını verirlər. Bu canlılar həqiqətdə nəsli tükənmiş bir meymun cinsindən başqa bir şey deyil. İngiltərə və ABŞ-dan olan lord Soli Zakerman (Lord Solly Zuckerman) və prof. Çarlz Oksnerd (Charles Oxnard) kimi dünyanın iki məşhur anatomistinin australorithecus nümunələri üzərində apardıqları çox əhatəli çalışmalar bu canlıların yalnız nəsli kəsilmiş bir meymun cinsinə aid olmasını və onların insanlarla heç bir oxşarlığa malik olmadığını göstərmişdir (Solly Zuckerman, Beyond The Ivory Tower, Torlinger Publications, New York, 1970, ss. 75-94; Charles E. Oxnard, “The Place of Australorithecines in Human Evolution: Grounds for Doubt”, Nature, c. 258, səh. 389).
Təkamülçülər insan təkamülünün sonrakı mərhələsini də “homo”, yəni insan olaraq təsnif edirlər. İddialara görə, homo sırasındakı canlılar australorithecus-lardan daha çox inkişaf etmişdilər. Təkamülçülər bu fərqli canlılara aid fəsilləri ard-arda düzərək xəyali bir təkamül cədvəli təşkil edirdi. Bu cədvəl xəyalidir, çünki həqiqətdə bu müxtəlif siniflər arasında təkamül əlaqəsinin olduğu heç vaxt sübut edilməmişdir. Təkamül nəzəriyyəsinin XX əsrdəki ən mühüm müdafiəçilərindən biri olan Ernst Meyr (Ernst Mayr) “Homo sapiensə uzanan zəncir həqiqətdə itkindir” deyərək bunu qəbul edir (Y. Rennie, “Darwin’s Current Bulldog: Ernst Mayr”, Scientific American, dekabr 1992).
Təkamülçülər australorithecus-homo habilis-homo erectus-homo sapiens sıralamasını tərtibləyərkən bunların hər birinin ondan sonra gələnin atası olması təsvirini yaratmağa çalışırlar. Halbuki paleoantropoloqların son tapıntıları australorithecus, homo habilis və homo erectus-un dünyanın müxtəlif bölgələrində eyni dövrlərdə yaşadıqlarını sübut etmişdir (Alan Walker, Science, c. 207, 1980, səh. 1103; A.Y.Kelso, Physical Antropology, 1. nəşr, Y.B.Lirincott Co., New York, 1970, səh. 221; M.D. Leakey, Olduvai Gorge, c. 3, Cambridge University Press, Cambridge, 1971, səh. 272).
Homo erectus sinifinə daxil edilən insanların bir hissəsi müasir dövrlərə qədər, homo sapiens neandertal və homo sapiens isə sapiens (müasir) insanla eyni şəraitdə yan-yana yaşamışlar (Time, noyabr 1996).
Bu isə əlbəttə, bu siniflərin bir-birinin əcdadı olması iddiasının qüvvədə qalmadığını aydın şəkildə ortaya qoyur. Harvard Universiteti (ABŞ) paleontoloqlarından Stefan Cey Quld (Stephen Jay Gould) özü bir təkamülçü olsa da, darvinizm nəzəriyyəsinin bu çətinliyini belə izah edir:
“Əgər bir-biri ilə paralel olaraq yaşayan üç müxtəlif hominid (insanabənzər) cizgisi varsa, elə isə bizim nəsil ağacımıza nə oldu? Aydındır ki, bunların biri digərindən meydana çıxmış ola bilməz. Bunların biri digəri ilə müqayisə ediləndə təkamül nəticəsində bir inkişaf ardıcıllığı göstərə bilmirlər” (S.Y. Gould, Natural History, c. 85, 1976, səh. 30).
Qısası, mətbuatda və ya dərs kitablarında qeyd edilən və xəyalların məhsulu olan bəzi “yarımeymun, yarıinsan” canlıların şəkilləri ilə, yəni ancaq təbliğat yolu ilə güclə saxlanmağa çalışılan insanın təkamülü ssenarisi heç bir elmi əsası olmayan nağıldan ibarətdir.
Bu mövzunu uzun illər araşdıran, xüsusilə australorithecus fəsilləri üzərində 15 il tədqiqat aparan Ingiltərənin ən məşhur və mötəbər alimlərindən biri lord Soli Zakerman özü bir təkamülçü idi, amma o da ortada meymunabənzər canlılardan insana gəlib çıxan həqiqi bir nəsil ağacının olmadığı nəticəsinə gəlmişdir.
Lord S.Zakerman bir də maraqlı bir “elm şkalası” hazırlamışdı. O, elmi olaraq qəbul etdiyi elm sahələrindən elmdən uzaq olaraq qəbul etdiyi elm sahələrinə qədər bir cədvəl təşkil etmişdi. Lord S.Zakermanın bu cədvəlinə görə, elmi, yəni konkret faktlara əsaslanan elm sahələri kimya və fizikadır. Cədvəldə bunlardan sonra biologiya elmləri, sonra da sosial elmlər yerləşir. Cədvəlin sonunda, yəni elmdən ən kənar hesab edilən hissədə isə telepatiya, “altıncı hiss” kimi “hissdənkənar dərk etmək” anlayışı, bir də “insanın təkamülü” vardır! Lord Zakerman cədvəlin bu hissəsini belə izah edir:
“Obyektiv gerçəkliyin sahəsindən çıxıb da bioloji elm olaraq qəbul edilən bu sahələrə, yəni hissdənkənar idraka və insanın daşlaşmış tarixinin izah edilməsinə daxil olanda, təkamül nəzəriyyəsinə inanan bir adam üçün hər şeyin mümkün olduğunu görürük. Belə ki, öz nəzəriyyələrinə qəti olaraq inanan bu adamların hətta bəzi ziddiyyətli qərarları eyni anda qəbul etməsi də mümkündür” (Solly Zuckerman, Beyond The Ivory Tower, Torlinger Publications, New York, 1970, səh. 19).
İnsanın təkamülü nağılı da öz nəzəriyyələrinə kor-koranə inanan bəzi insanların tapdıqları bəzi daşlaşmış qalıqları əvvəlcədən qəbul etdikləri fikirlərinə uyğun olaraq izah etməkdən ibarətdir.

Darvin düsturu!
Bura qədər qeyd etdiyimiz bütün texniki sübutlarla yanaşı təkamülçülərin necə cəfəng bir inanca malik olmasını bir də uşaqların da başa düşəcəyi qədər aydın bir misalla xülasə edək.
Təkamül nəzəriyyəsi canlı aləmin təsadüfən meydana gəldiyini iddia edir. Dolayısı ilə bu iddiaya görə, cansız və şüursuz atomlar bir yerə yığılaraq əvvəlcə hüceyrəni, sonra da eyni atomlar hər hansısa bir şəkildə digər canlıları və insanı meydana gətirmişdir. İndi fikirləşək. Canlı aləmin əsasları olan karbon, fosfor, azot, potasium bircə canlı da meydana gətirə bilməzlər. İstəsəniz bu məsələdə bir “təcrübə” aparaq və təkamülçülərin əslində müdafiə etdikləri, ancaq uca səslə deyə bilmədikləri iddianı onların adından “Darvin düsturu” ilə incələyək.
Təkamülçülər canlı aləmin əsasını təşkil edən fosfor, azot, karbon, oksigen, dəmir, maqnezium kimi elementlərdən çoxlu sayda böyük çənin içinə bol miqdarda qoysunlar. Hətta adi hallarda olmayan, ancaq bu qarışığın içində olmalıdır dedikləri bəzi ləvazimatları da bu çənə əlavə etsinlər. Qarışıqların içinə istədikləri qədər aminosit, istədikləri miqdarda da (birinin də təsadüfən meydana gəlmə ehtimalı 10-950 olan) protein doldursunlar. Bu qarışığa istədikləri kimi istilik və rütubət versinlər. Bunları istədikləri inkişaf etmiş cihazlarla qarışdırsınlar. Çənlərin yanına da bu dünyanın ən məşhur alimlərini dəvət etsinlər. Bu mütəxəssislər atadan oğula, nəsildən-nəslə ötürülərək növbə ilə milyardlarla, hətta trilyonlarla il davamlı olaraq çənlərin yanında gözləsinlər. Bir canlının meydana gəlməsi üçün hansı şərtlərin mövcud olmasına inanırlarsa, hamısından istifadə etmək sərbəst olsun.

Ancaq nə edirlərsə-etsinlər, o çənlərdən qətiyyən bir canlı çıxara bilməyəcəklər. Zürafələri, şirləri, arıları, bülbülləri, tutuquşuları, atları, delfinləri, gülləri, zanbaqları, qərənfilləri, bananları, portağalları, almaları, xurmaları, pomidorları, yemişləri, qarpızları, əncirləri, zeytunları, üzümləri, şaftalıları, tovuzquşularını, qırqovulları, müxtəlif rəngli kəpənəkləri və bunlar kimi milyonlarla canlı növündən heç birini əmələ gətirə bilməzlər. Burada adını qeyd etdiyimiz bu canlı varlıqların tək bir hüceyrəsini də əldə edə bilməzlər.
Qısası, şüursuz atomlar bir yerə yığılaraq hüceyrəni əmələ gətirə bilməzlər. Sonra yeni bir qərar verərək bir hüceyrəni iki yerə ayıran, daha sonra bir-birinin ardınca fərqli qərarlar verən, elektron mikroskopunu kəşf edən, sonra öz hüceyrə quruluşunu bu mikroskopun altında incələyən professorları da əmələ gətirə bilməzlər.
Maddə ancaq Allahın üstün yaratması ilə canlı ola, həyat tapa bilər. Bunun əksini iddia edən təkamül nəzəriyyəsi isə təfəkkür və idraka tamamilə zidd olan bir cəfəngiyyatdır. Təkamülçülərin ortaya atdığı iddialar ətrafında bir az düşünmək, haqqında yuxarıda danışılan nümunədə olduğu kimi, bu həqiqəti də aydın şəkildə göstərir.

Gözdəki və qulaqdakı texnologiya
Təkamül nəzəriyyəsinin heç vaxt izah edə bilməyəcəyi başqa bir məsələ isə gözdəki və qulaqdakı mükəmməl hissetmə (lamisə) keyfiyyətidir.
Gözlə bağlı mövzuya keçməzdən əvvəl “necə görürük?” sualına qısa da olsa cavab verək. Bir cisimdən gələn şüalar gözə tərs olaraq düşürlər. Bu şüalar buradakı hüceyrələr tərəfindən elektrik siqnallarına çevrilir və beynin arxa tərəfindəki görmə mərkəzi deyilən kiçik bir nöqtəyə ötürülür. Bu elektrik siqnalları sıra ilə davam edən icraatlardan sonra beyindəki bu mərkəzdə görüntü olaraq hiss edilir və görülür.
Bu məlumatdan sonra indi bir az fikirləşək. Beyin işıq üçün qapalıdır. Yəni beynin içi qapqaranlıqdır, işıq beynin olduğu yerə qədər gedib çıxa bilməz. Görüntü mərkəzi deyilən yer zülmət qaranlıq, işığın heç vaxt çata bilmədiyi, bəlkə də heç vaxt rast gəlmədiyiniz qədər qaranlıq bir yerdir. Ancaq siz bu zülmət qaranlığında işıqlı, parlaq bir dünyanı seyr edirsiniz. Həm də bu o qədər aydın və keyfiyyətli bir görüntüdür ki, XXI əsrin texnologiyası da hər cür imkan sahibi olmasına baxmayaraq, bu görüntünü əldə edə bilməmişdir. Məsələn, hazırda oxuduğunuz kitaba, kitabı tutan əllərinizə baxın. Sonra başınızı qaldırın və ətrafınıza nəzər salın. İndi gördüyünüz aydınlıq və keyfiyyətdəki bu görüntünü başqa bir yerdə görmüsünüzmü? Bu qədər aydın bir görüntünü sizə dünyanın bir nömrəli televizor şirkətinin istehsal etdiyi ən mükəmməl televizor ekranı da verə bilməz. 100 ildir minlərlə mühəndis bu aydınlığı əldə etməyə çalışır. Bunun üçün fabriklər, nəhəng təsisatlar qurulur, tədqiqatlar aparılır, planlar və layihələr hazırlanır. Yenə də bir televiziya ekranına baxın, bir də əlinizdə tutduğunuz bu kitaba. Arada böyük aydınlıq və keyfiyyət fərqi olduğunu görəcəksiniz. Həm də televizor ekranı sizə ikiölçülü bir görüntü göstərir, halbuki siz üçölçülü, dərin bir perspektivi görürsünüz.
Uzun illərdir on minlərlə mühəndis üçölçülü televizor hazırlamağa, gözün görmə keyfiyyətinə yiyələnməyə səy göstərir. Bəli, üçölçülü televizor sistemini hazırlaya bildilər, ancaq onu da eynəksiz görmək mümkün deyil. Bu, eyni zamanda süni bir üçölçülü sistemdir. Arxa tərəf daha bulanıq, qarşı tərəf isə kağızdan hazırlanmış dekorasiya kimi görünür. Heç vaxt gözün gördüyü qədər dəqiq və keyfiyyətli bir görüntü ola bilməz. Kamerada da, televizorda da mütləq görüntü itkisi baş verir.
Təkamülçülər bu keyfiyyətli və dəqiq görüntünü təşkil edən mexanizmin təsadüfən meydana gəldiyini iddia edirlər. İndi bir adam sizə otağınızın bir küncündəki televizorun təsadüflər nəticəsində meydana gəldiyini, “atomlar bir yerə toplandı və bu göstərən cihazı meydana gətirdi” desə, nə fikirləşərsiniz? Minlərlə adamın bir yerə yığışaraq düzəldə bilmədiyini şüursuz atomlar necə edə bilər?
Gözün gördüyündən daha ibtidai olan bu görüntünü meydana gətirən cihaz təsadüfən meydana gəlmirsə, gözün və gözün gördüyü görüntünün də təsadüfən meydana gəlməyəcəyi aydın məsələdir.
Bu məsələ qulaq üçün də eynidir. Xarici qulaq ətrafdakı səsləri qulaq çömçəsi vasitəsilə yığıb orta qulağa ötürür. Orta qulaq aldığı səs tirtəyişlərini gücləndirərək daxili qulağa ötürür. Daxili qulaq da bu titrəyişləri elektrik siqnallarına döndərərək beyinə göndərir. Eynilə görmə məsələsində olduğu kimi eşitmək icraatları da beyindəki eşitmə mərkəzində həyata keçir.
Gözdəki vəziyyət qulaq üçün də qüvvədə qalır, yəni beyin işığa olduğu kimi səsə də qapalıdır, səsi keçirmir. Dolayısı ilə ətraf nə qədər gurultulu olsa da, beynin içi tamamilə səssizdir. Buna baxmayaraq ən dəqiq səslər beyində hiss edilir. Səs keçirməyən beynimizdə bir orkestrin simfoniyalarını eşidərsiniz, izdihamlı bir məkanın bütün gurultusunu eşidərsiniz. Ancaq həmin anda həssas bir cihazla beynimizin içindəki səs səviyyəsi ölçülsə, burada mütləq bir səssizliyin hakim olduğu görünəcək.
Dəqiq bir görüntü əldə edə bilmək üçün indiyə qədər texnologiyadan necə istifadə edilirsə, səs üçün də eyni səylər on illərdir ki, davam edir. Səsi qeyd etmək cihazları, çoxlu elektrik aləti, səsi qeyd edən musiqi sistemləri bu səylərin bəzilərinin nəticələridir. Ancaq bütün bu texnologiyaya, bu texnologiyada işləyən minlərlə mühəndisə və mütəxəssisə baxmayaraq, qulaqdakı dəqiq və keyfiyyətli bir səs əldə edilməmişdir. Ən böyük musiqi sistemi şirkətinin istehsal etdiyi ən keyfiyyətli musiqi alətini fikirləşin. Səsi qeyd edəndə mütləq səsin bir hissəsi itir və ya az da olsa mütləq xışıltı əmələ gəlir. Musiqi cihazını açanda musiqi başlamamışdan əvvəl bir xırıltılı səsi mütləq eşidəcəksiniz. Ancaq insan bədənindəki texnologiyanın məhsulu olan səslər çox dəqiq və qüsursuzdur. Bir insan qulağı heç vaxt musiqi mərkəzində olduğu kimi xırıltılı və ya pozuntulu səs hiss etməz, səs necədirsə, onu tam və dəqiq olaraq eşidir. Bu vəziyyət insan yaradıldığı gündən indiyə qədər bu cürdür.
Bu günə qədər insan oğlunun istehsal etdiyi, hazırladığı heç bir görüntü və səs cihazı göz və qulaq qədər həssas və uğurlu bir lamisə sistemi ola bilməmişdir.
Ancaq görmə və eşitmə hadisəsində bütün bunlardan başqa çox böyük həqiqət var.

Beynin içindəki görən və eşidən şüur kimə aiddir?
Beynin içində cürbəcür rəngli bir dünyanı seyr edən, simfoniyaları, quşların səsini eşidən, çiçəkləri iyləyən kimdir?
İnsanın gözlərindən, qulaqlarından, burnundan gələn xəbərdarlıqlar elektrik siqnalı olaraq beyinə ötürülür. Biologiya, fiziologiya və ya biokimya kitablarında bu görüntünün beyində necə meydana gəlməsinə dair çoxlu təfərrüatlar oxuya bilərsiniz. Ancaq bu məsələ haqqındakı həqiqətə heç bir yerdə rast gələ bilməzsiniz ki, beyində bu elektrik siqnallarını görüntü, səs, iy və hiss olaraq qavrayan kimdir? Beynin içində gözə, qulağa, buruna ehtiyac hiss etmədən bütün bunları qavrayan bir şüur var. Bu şüur kimə aiddir?
Əlbəttə, bu şüur beyni təşkil edən sinirlərə, yağ təbəqəsinə və sinir hüceyrələrinə aid deyil. Buna görə də hər şeyin maddədən ibarət olduğunu zənn edən darvinist materialistlər bu suallara heç vaxt cavab verə bilmir. Çünki bu şüur Allahın yaratdığı ruhdur. Ruh görüntünü seyr etmək üçün gözə, səsi eşitmək üçün qulağa ehtiyac hiss etməz. Bunlardan da başqa fikirləşmək üçün beyinə də ehtiyacı olmaz.
Bu aydın və elmi həqiqətləri oxuyan hər bir insanın beynin daxilindəki bir neçə santimetrlik, qapqaranlıq məkana bütün kainatı üçölçülü, rəngli, kölgəli və işıqlı olaraq sığışdıran Allahı fikirləşib, Ondan qorxub Ona sığınması lazımdır.

Materialist inanc
Bura qədər araşdırdıqlarımız təkamül nəzəriyyəsinin elmi kəşflərlə açıq şəkildə ziddiyyət təşkil edən bir iddia olduğunu göstərir. Nəzəriyyənin həyatın mənşəyi haqqındakı iddiası elmə ziddir, ortaya atdığı təkamül mexanizmlərinin heç bir təkmilləşdirici təsiri yoxdur və dünyanın daşlaşmış qatları darvinizm nəzəriyyəsinin vacib saydığı keçid formalarını yaşamadıqlarını göstərir. Buna görə də təkamül nəzəriyyəsinin, əlbəttə ki, elmə zidd bir fikir kimi kənara atılması lazımdır.
Tarix boyu təkamül modeli kimi bir çox düşüncə sistemi elmin gündəmindən çıxarılmışdır. Amma təkamül nəzəriyyəsini təkidlə elmi gündəmə gətirmək istəyirlər. Hətta bəzi adamlar bu nəzəriyyənin tənqidini “elmə hücum” kimi qələmə verməyə çalışır. Görəsən nəyə görə?
Bunun səbəbi təkamül nəzəriyyəsinin bəzi mühitlər üçün heç cür əldən buraxılmayacaq ehkamçı bir inanc olmasıdır. Bu adamlar materialist fəlsəfəyə kor-koranə bağlıdırlar və darvinizmi də təbiətə verilə biləcək yeganə materialist izah olduğu üçün mənimsəyirlər.
Bəzən bunu açıq şəkildə etiraf da edirlər. Harvard Universitetindən məşhur genetik və tanınmış təkamülçü olan Riçard Levontin “əvvəlcə materialist, sonra alim” olduğunu belə etiraf edir:
“Bizim materializmə bir etiqadımız var, aprior (əvvəlcədən qəbul edilmiş, doğru sayılan, təcrübədən asılı olmayan, təcrübədən qabaq mövcud olan) bir inancdır bu. Bizi dünyaya materialist bir açıqlama gətirməyə məcbur edən şey elmin istiqamət və qaydaları deyil. Əksinə, materializmə olan aprior bağlılığımız üzündən dünyaya materialist açıqlama gətirən araşdırma üsullarını və qavramları təqdir edirik. Materializm mütləq doğru olduğuna görə də ilahi bir açıqlamanın səhnəyə daxil olmasına icazə verə bilmərik” (Richard Lewontin, “The Demon-Haunted World”, The New York Review of Books, 9 yanvar 1997, səh. 28).
Bu sözlər darvinizmin materialist fəlsəfəyə bağlılıq ucbatından yaşadılan bir ehkam olmasının açıq ifadəsidir. Bu ehkam maddədən başqa heç bir varlıq olmadığını qəbul edir. Buna görə də cansız, məntiqsiz maddənin həyatı yaratdığına inanır. Milyonlarla müxtəlif canlı növünün, məsələn, quşların, balıqların, zürafələrin, qaplanların, böcəklərin, ağacların, çiçəklərin, balinaların və insanların cansız maddənin öz içindəki dəyişikliklərə, yəni yağan yağışla, çaxan şimşəklə onun içindən meydana gəldiyini qəbul edir. Həqiqətdə isə bu, həm ağla, həm də elmi gerçəkliklərə zidd qənaətdir. Amma darvinistlər “ilahi bir açıqlamanın səhnəyə girməməsi” üçün bu qənaəti müdafiə etməkdə davam edirlər.
Canlıların mənşəyinə əvvəlcədən qəbul edilmiş materialist düşüncə ilə baxmayan hər kəs isə bu açıq gerçəyi görəcəkdir: “Bütün canlılar üstün bir gücə, məlumata və ağla sahib olan bir Yaradanın əsərləridir. O Yaradan bütün kainatı yoxdan var edən, canlıları da yaradıb şəkilləndirən Allahdır”.

Təkamül nəzəriyyəsi bəşər tarixinin ən təsirli sehridir
Burada bunu da bildirmək lazımdır ki, əvvəlcədən qəbul edilmiş mənfi fikirləri olmayan, heç bir ideologiyanın təsiri altında qalmayan, ancaq ağlını və məntiqini işlədən hər bir insan elmdən və mədəniyyətdən uzaq olan cəmiyyətlərin xurafatlarını əks etdirən təkamül nəzəriyyəsinin inanılması mümkün olmayan bir iddia olduğunu asanlıqla başa düşəcəkdir.
Yuxarıda da qeyd etdiyimiz kimi, təkamül nəzəriyyəsinə inananlar böyük bir çənin içinə çoxlu atomu, molekulu, cansız maddəni dolduran və bunların qarışmasından vaxt ərzində fikirləşən, dərk edən, kəşflər edən professorların, tələbələrin, Eynşteyn, Hubbl kimi elm adamlarının, Frenk Sinatra, Çarlton Heston kimi sənətçilərin, bununla yanaşı ceyranların, limon ağaclarının, qərənfillərin çıxacağına inanırlar. Həm də bu cəfəng iddiaya inananlar elm adamları, professorlar, mədəni, təhsilli insanlardır. Buna görə də təkamül nəzəriyyəsi üçün “dünya tarixinin ən böyük və ən təsirli sehri” ifadəsini işlətmək daha münasib olacaq. Çünki bəşər tarixində insanların ağlını başından bu dərəcədə alan, ağıl və məntiqlə fikirləşməsinə imkan verməyən, gözlərinin qarşısına sanki bir pərdə çəkib çox açıq olan həqiqətləri görmələrinə mane olan bir başqa inanc və ya iddia da yoxdur. Bu, bəzi afrikalı qəbilələrin totemlərə, Səba xalqının günəşə sitayiş etməsindən, Hz.İbrahimin tayfasının öz əlləri ilə düzəltdiyi bütlərə, Hz.Musanın xalqının qızıldan düzəltdiyi buzova sitayiş etməsindən daha dəhşətli və qəbuledilməz bir korluqdur.

Həqiqətdə bu vəziyyət Allahın Quranda işarə etdiyi bir ağılsızlıqdır. Allah bəzi insanların idrak qabiliyyətinin qapanacağını və həqiqətləri görməkdə aciz vəziyyətə düşəcəyini əksər ayələrində bildirir. Bu ayələrdən bəziləri bunlardır:
“Həqiqətən, inkar edənləri əzabla qorxutsan da, qorxutmasan da onlar üçün birdir, iman gətirməzlər. Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir!” (“Bəqərə” surəsi, 6-7).
“…Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!” (“Əraf” surəsi, 179).
Allah başqa ayələrdə isə bu insanların möcüzələr görsələr də inanmayacaq qədər sehrləndiklərini belə bildirir:
“Əgər onlara göydən bir qapı açsaq və onunla durmadan yuxarı dırmaşsalar, yenə də “Gözümüz bağlanmış, biz sehrlənmişik” deyərlər” (“Hicr” surəsi, 14-15).
Bu qədər geniş bir kütlənin üzərində bu sehrin təsirli olması, insanların həqiqətlərdən bu qədər uzaq saxlanması və 150 ildir bu sehrin pozulmaması isə sözlərlə deyilə bilməyəcək qədər heyrətamiz bir vəziyyətdir. Çünki bir və ya bir neçə insanın imkan xaricində olan ssenarilərə, cəfəngiyyat və məntiqsizliklərlə dolu iddialara inanması aydın ola bilir. Ancaq dünyanın dörd bir tərəfindəki insanların şüursuz və cansız atomların ani bir qərarla bir yerə yığılıb, fövqəladə bir təşkilatlanma, nizam-intizam, ağıl və şüur göstərib qüsursuz bir sistemlə işləyən kainatı, canlı aləm üçün uyğun olan hər cür xüsusiyyətə sahib olan Yer planetini və saysız kompleks sistemlə təchiz edilmiş canlıları meydana gətirdiyinə inanmasının sehrdən başqa bir izahı və adı yoxdur.
Həmçinin Allah Quranda inkarçı fəlsəfənin tərəfdarı olan bəzi adamların etdiyi sehrlərlə insanları təsir altına aldıqlarını Hz.Musa və firon arasında baş verən bir hadisə ilə bizə bildirir. Hz.Musa firona haqq dini başa salanda firon Hz.Musaya öz “elmli sehrbazları” ilə insanların yığışdıqları bir yerdə qarşılaşmalarını istəyir. Hz.Musa sehrbazlarla qarşılaşanda əvvəlcə sehrbazlara onların mərifətlərini göstərməsini əmr edir:
“(Musa:) “Siz atın!” dedi. Onlar (əllərindəkini yerə) atdıqda adamların gözlərini bağlayıb onları qorxutdular və böyük bir sehr göstərdilər” (“Əraf” surəsi, 116).
Göründüyü kimi, fironun sehrbazları gözbağlamalarla – Hz.Musa və ona inananlar istisna olmaqla – insanların hamısını sehrləyə bilmişdilər. Ancaq onların atdıqlarının əvəzində Hz.Musanın göstərdiyi dəlil onların bu sehrini, ayələrin ifadəsi ilə desək, “uydurub düzəltdikləri bütün şeyləri udmuş”, yəni təsirsiz hala gətirmişdir:
“Biz də Musaya: “Əsanı tulla!” deyə vəhy etdik. Bir də baxıb gördülər ki, əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur. Artıq haqq zahir, onların uydurub düzəltdikləri yalanlar isə batil oldu. Sehrbazlar orada məğlub edildilər və xar olaraq geri döndülər” (“Əraf” surəsi, 117-119).
Ayələrdə də bildirildiyi kimi, əvvəl insanları sehrləyərək öz təsiri altına alan bu adamların etdiklərinin bir saxtakarlıq olmasının üzə çıxıb təsdiqlənməsindən sonra, qeyd edilən adamlar pis vəziyyətə düşmüşdülər. Günümüzdə də bir sehrin təsiri ilə elm pərdəsi altında çox cəfəng iddialara inananlar və bunları müdafiə etməyə həyatlarını həsr edənlər əgər bu iddialardan əl çəkməsələr, həqiqətlər tam mənası ilə açığa çıxanda və “sehr pozulanda”, onlar da pis vəziyyətə düşəcəklər.
Həmçinin təxminən 60 yaşına kimi təkamül nəzəriyyəsini müdafiə edən və ateist filosof olan, ancaq daha sonra həqiqətləri dərk edən Malcolm Muggeridge təkamül nəzəriyyəsinin yaxın gələcəkdə düşəcəyi vəziyyəti belə açıqlayır:
“Mən özüm təkamül nəzəriyyəsinin xüsusilə tətbiq edildiyi sahələrin gələcəyin tarix kitablarında ən böyük gülünc vəziyyətlərdən biri olacağına inandım. Gələcək nəsillər bu qədər çürük və qeyri-müəyyən olan bir nəzəriyyənin inanılmaz bir sadəlövhlüklə qəbul edilməsini heyrət içində qarşılayacaqlar” (Malcolm Muggeridge, The End of Christendom, Grand Rapids: Eerdmans, 1980, səh. 43).
Bu gələcək uzaqda deyil, əksinə, çox yaxın bir gələcəkdə insanlar “təsadüflər”in tanrı ola bilməyəcəyini başa düşəcəklər və təkamül nəzəriyyəsi bəşər tarixinin ən böyük yalanı və ən şiddətli sehri olaraq tanıdılacaq. Bu şiddətli sehr böyük sürətlə dünyanın dörd bir tərəfində özünün insanlar üzərindəki təsirini azaltmağa başlamışdır. Təkamül yalanının sirrini öyrənən əksər insanlar bu yalana necə inandıqlarını heyrət və təəccüb içində götür-qoy edirlər.

“Sən pak və müqəddəssən! Sənin bizə
öyrətdiklərindən başqa biz heç bir
şey bilmirik. Hər şeyi bilən, hökm
və hikmət sahibi Sənsən”
(“Bəqərə” surəsi, 2/32).

http://olumqiyametcehennem.com


more post like this