Bu sahədə önə çəkilən iradlar əsasən şərqşünaslar tərəfindən irəli sürülmüşdür. Onlar Quranın mühitə və regiona hakim fəzaya tabe olduğunu, ondan təsirləndiyini iddia etmiş, onun ilahi rəngini azaltmağa çalışmışlar. Lakin mühitin təsiri altına düşməklə xalqa təsir göstərə bilmək üçün hakim fəza ilə ayaqlaşmaq arasında fərq olduğunu qeyd etmək lazımdır. Bu və ya digər mühitə təsir göstərmək istəyən öncə öz hərəkətini o mühitlə uyğunlaşdırmalı, mühitin gerçəkliklərini diqqətə almalı, uyğun addımlamalı, nəticədə isə xalqla danışa bilməli, mövcud metodlardan, ənənələrdən kömək olaraq öz ideyasını həyata keçirməlidir. Deməli, öz mühitinin vəziyyətini nəzərə almalı, onu tam tanımalı, ona təsir göstərə biləcək amilləri yaxşı öyrənməli, onlardan layiqincə yararlanmalıdır. Elə bir mədəniyyətlə meydana atılmalıdır ki, hakim mədəniyyətlə ziddiyyət təşkil etməsin. Əks təqdirdə onun metodu xalqın mədəniyyətindən fərqləndiyi üçün təsirli olmayacaq.
Demək, mühitin ona təsir göstərməsi, onu öz ardınca sürükləməsi ilə özünü mühitlə uyğunlaşdırıb, ona təsirli amilləri öyrənib ona təsir göstərə bilməsi arasında fərq var. Misal üçün, əgər bu və ya digər cəmiyyətə hakim mədəniyyət güclü ədəbiyyatdırsa, xalq şeirə, qafiyəli nəsrə meyllidirsə, şəxs öz dəvətini belə bir meylə nəzərən başlayırsa, öz fikirlərini qısa ədəbi cümlələr şəklində bəyan edirsə, mühitin sosiologiyasını nəzərə almış olur və (öz missiyasını) hakim fəza ilə yanaşı həyata keçirir.
Demək, eyib və nöqsan olan birinci versiyadır (mühitin təsiri altına düşmək). İkinci versiya isə (cəmiyyətin mədəniyyəti ilə ayaqlaşaraq mühitə təsir göstərmək) kamillikdir, bacarıqdır və öz məramını, ayinini ən yaxşı yolla həyata keçirə bilməkdir.
Bu kiçik müqəddimədən sonra olunan iradları diqqətinizə çatdırırıq:
1. Məkkə surələrinin üslubu şiddət, sərtlik, kəskinlikdir. Halbuki Mədinə surələrinin üslubu dincliyə, sülhə meyillidir. Buna səbəb Məkkə camaatının kəskin, qəti mövqeyi, Mədinə camaatının isə sülhpərvər mövqeyi olmuşdur. Buna görə də Quran hər iki ziddiyyətli vəziyyətə qarşı bənzər mövqe sərgiləmiş və eyni ilə camaatın özü kimi davranmışdır. Demək, Quran mühitin xarici meyllərindən, hadisələrindən təsirlənmiş, özü müstəqil üslub ortaya qoymamışdır.
Bu irada cavab olaraq deməliyik ki, birincisi, hədə və kəskinlik yalnız Məkkə surələrinə xas deyil. Əksinə, bir çox Mədinə surələrində də qarşı tərəfə, xitab olunana uyğun olaraq, kəskin, sərt üslubdan istifadə olunmuşdur. Əgər Mədinədəki xitab olunanlar Məkkədəki xitab olunanlar kimi inadcıl, kəskin, haqdan qaçan olsaydılar, Quranın onlara qarşı da mövqeyi qəti və kəskin olacaqdı. Çünki hamıya qarşı öz işlətdiyi silahla cavab vermək lazımdır. Bu, Quranın zəifliyini yox, gücünü göstərir. “Bəqərə” surəsində oxuyuruq:
“Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir”.1
“Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!) Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar![1]
“Madam ki, belə bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və kibrit daşlarından ibarət olan oddan (Cəhənnəmdən) həzər edin!”[2]
Həmçinin Mədinədə münafiq və radikal əhli-kitabla bağlı nazil olan ayələrin ifadə tərzi Məkkədə müşriklərə qarşı nazil olan ayələrin ifadə tərzindən heç də mülayim deyil. Əksinə, daha çox kəskindir. Demək olar ki, Quranın ən sərt surəsi “Bəraət” surəsidir. Surə bütün müşriklərə, inadcıllara müraciətdir.
Bunun qarşılığında bir çox Məkkə surəsində mülayimlik, yumşaqlıq görürük. Bunlar kəskinliyə ehtiyac olmadığı vəziyyətdə nazil olmuşdur. “Zümər” surəsinin 53-cü ayəsində oxuyuruq: “(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!”
“Hicr” surəsinin 87, 88-ci ayələrində oxuyuruq: “(Ya Peyğəmbər!) Biz sənə (hər namazda oxunub) təkrarlanan yeddi ayəni (Fatihə surəsini) və (böyük) əzəmətli Quranı verdik. (Kafirlərin) bəzi zümrələrinə verdiyimizə (fani dünya malına) rəğbət gözü ilə baxma, onlardan (onlar iman gətirmədiklərindən) ötrü kədərlənmə, möminləri qanadın altına al!”
“Şura” surəsinin 36, 38-ci ayələrində oxuyuruq: “Sizə verilən hər hansı bir şey fani dünya malıdır. Allah yanında olan (axirət mükafatları) isə daha yaxşı və daha baqidir. O kəslər üçün ki, iman gətirib öz Rəbbinə təvəkkül edərlər; O kəslər üçün ki, böyük günahlardan, rəzil işlərdən (zinadan) çəkinər, (birinə) qəzəbləndikləri zaman (onun günahını) bağışlayarlar; O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edər (iman gətirər), namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər.
2. Məkkə ayə və surələrinin qısalığı, Mədinə ayə və surələrinin isə uzunluğu Məkkə və Mədinə cəmiyyətinin fərqindən irəli gəlir. Məkkə camaatı əsasən savadsız, mədəniyyətsiz, kobud, sivilizasiyadan uzaq idi. Bu baxımdan az demək, qısa danışmaq, ayələri müxtəsər şəkildə çatdırmaq zəruri idi. Lakin Mədinə xalqı nisbətən mədəni səviyyəyə malik, savadlı, sivilizasiya ilə tanış insanlar idilər və ətraflı danışmaq Mədinə mühitinə uyğun idi.
Bu irada cavab olaraq deməliyik ki, birincisi, mühitə uyğun danışmaq təcrübəli ritorların üslubu, bəlağətin şərtidir. Hər bir sözün öz yeri, öz məqamı var. İkincisi, bir çox uzun surələr var ki, Məkkədə nazil olmuşdur. Misal üçün, “Ənam” (ayə: 165), “Əraf” (ayə: 206), “İsra” (ayə: 111), “Kəhf” (ayə: 110), “Taha” (ayə: 135), “Məryəm” (ayə: 98), “Ənbiya” (ayə: 112) və “Muminin” (ayə: 118) surələri belə surələrdəndir. Habelə bir çox qısa və kiçik surələr var ki, Mədinədə nazil olmuşdur. Misal üçün, “Nəsr”, “Zəlzələ” və “Bəyyinə” surələri belə surələrdəndir.
3. Məkkə surələrində şəriət hökmlərindən xəbər-ətər yoxdur. Şəriət hökmləri hamısı Mədinə surələrindədir.
Bir sıra hökmlərin Məkkə surələrində yer alması bu iradı rədd edir. Misal üçün, “Ənam” surəsinin 141-146 ayələri bəhər və davarların şəri hökmlərini, halal və haramını bəyan edir. 151-152-ci ayələr halal və haram əməlləri, malları açıqlayır. “Əraf” surəsinin 31-33-cü ayələrində halal, haram, zinətlər, pis əməllər və s. haqqında söhbət açılmışdır. “İsra” surəsində bir çox əxlaqi məsələlər, ilkin hökmlər izahlı şəkildə verilmişdir. Deməli, Məkkə surələrində də çoxlu sayda hökmlərə yer verilmişdir və sözügedən iddia əsassızdır.
4. Məkkə surələrində arqumentlərə, əsaslandırmalara rast gəlmirik. Lakin Mədinə surələrində isə əsaslandırmalara yer verilmişdir.
Bu iddia da yanlışdır. Çünki “Muminun” surəsinin 91-ci ayəsində Allahın övladı və şəriki olmaması belə əsaslandırılmışdır: “Allah (Özünə) heç bir övlad götürməmişdir. (Nə İsa Onun oğlu, nə də mələklər Onun qızlarıdır. Əksinə, onların hamısı Allahın qüdrətindən yaranmış məxluqlardır). Onunla yanaşı (ibadət ediləcək) heç bir tanrı yoxdur. Əgər belə olsaydı, onda heç bir tanrı əlahiddə öz yaratdıqları ilə gedər, (öz məxluqatını ayırıb aparar) və onların bir qismi (dünyadakı padşahlar kimi) digərinə üstün olmağa çalışardı. Allah müşriklərin (Ona) aid etdikləri sifətlərdən tamamilə kənardır!”
“Ənbiya” surəsinin 22-24-cü ayələrində oxuyuruq: “Əgər (yerdə və göydə) Allahdan başqa tanrılar olsa idi, onların ikisi də (müvazinətdən çıxıb) fəsada uğrayardı. Ərşin sahibi olan Allah (müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaqdır! (Allah) gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar (bütün bəndələr) isə (tutduqları əməllərə görə) sorğu-sual ediləcəklər”.
“Ənkəbut” surəsinin 48-51-ci ayələrində peyğəmbərliyin isbatı ilə bağlı oxuyuruq: “(Ya Peyğəmbər!) Sən bundan (bu Qurandan) əvvəl nə bir kitab oxumusan, nə də onu əlinlə yazmısan. Əgər belə olsaydı, onda batilə uyanlar (onun barəsində) şəkk-şübhəyə düşərdilər (Onu hardansa oxuyub öyrənmişdir, deyərdilər). Xeyr, bu (Quran) elm verilmiş kəslərin sinələrində (əzbər) olan açıq-aydın ayələrdir. (Və ya: sənin yazıb oxumaqla məşğul olmadığını kitab əhlindən olan elm sahibləri öz ürəklərində açıq-aşkar bilirlər). Bizin ayələrimizi yalnız zalımlar (kafirlər) inkar edərlər. (Müşriklər: ) “Bəs nə üçün Rəbbindən ona (başqa peyğəmbərlər kimi) möcüzə nazil olmadı?” – dedilər. (Ya Peyğəmbər!) De: “Möcüzələr ancaq Allahın əlindədir. Mən isə sadəcə olaraq (insanları Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!” Məgər (müşriklər) oxunmaqda olan Kitabı sənə nazil etməyimiz onlara kifayət etmədimi? Həqiqətən, bunda iman gətirən bir tayfa üçün həm mərhəmət, həm də öyüd-nəsihət (ibrət) vardır!”
“Qaf” surəsinin 9-11 və 15-ci ayələrində qiyamətlə bağlı oxuyuruq: Biz göydən bərəkətli su endirdik, sonra onunla bağlar və (arpa, buğda və s. kimi) biçilən taxıl dənələri yetişdirdik. Həm də tumurcuqları (salxım-salxım) bir-birinin üstünə düzülmüş, hündür xurma ağacları (bitirdik) – Bəndələrə ruzi olsun deyə! Biz onunla (o su ilə) ölü bir məmləkəti cana gətirdik. (Qəbirlərdən dirilib) çıxmaq da belədir!
“Məgər Biz ilk yaradılışdan acizmi qaldıq?! Xeyr! (Eləcə də qiyamət günü ölüləri diriltməkdən aciz qalmayacağıq!) Onlar yeni yaradılış (təkrar dirilmə) barəsində şəkk-şübhə içindədirlər!”
“Muminun” surəsinin 115-ci ayəsində buyurulur: “Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?”
“Casiyə” surəsinin 21-22-ci ayələrində oxuyuruq: “Yoxsa dünyada pis əməllər edənlər (axirətdə) onları iman gətirib yaxşı işlər görənlərlə bir tutacağımızı, onların həyatlarının və ölümlərinin eyni olacağını güman edirlər?! Onlar nə pis mühakimə yürüdürlər! Allah göyləri və yeri haqq-ədalətlə və hər kəsin qazandığı nə isə onun müqabilində əvəz (qarşılıq) görməsi üçün yaratmışdır. Və onlara heç bir haqsızlıq edilməyəcəkdir (Yaxşı əməl sahibinə mükafat veriləcək, pislik edən də öz pisliyi müqabilində cəzalandırılacaqdır)”.
Bir sözlə, Məkkə surələrində arqumentlər, sübutlar göstərilən bu qəbil ayələr çoxdur.
Yuxarıdakı iradlara və onların əks cavablarına nəzərən Quranın mühitdən təsirləndiyini demək olmaz. Lakin dəvət yolunu açmaq və İslamın yayılması üçün zəmin yaratmaq baxımından Məkkə və Mədinə surələri arasında fərqlər mövcuddur. (Təbii ki,) hər bir hərəkat başlanğıcda çoxsaylı problemlərlə qarşılaşır və öncə onların həlli yönündə çalışmalı, bütün səyini hərəkatın yolunu açmağa sərf etməlidir. (Qarşısındakı) yol açıldıqda isə özünü daha çox nəzərə çarpdırmalı, məqsəd və məramlarını aydın şəkildə üzə çıxarmalı və öz çağırışını şəriəti açıqlamaqla yanaşı önə çəkməlidir. Bütün bunlara əsasən yuxarıda qeyd olunan hər iki halda çağırış üslubu, ifadə tərzi bir-birindən fərqlənir. Belə bir vəziyyətdə sonda deyilməsi lazım olanı əvvəldə deməyi gözləmək yolverilməzdir.
1 “Bəqərə”, 275.

[1] “Bəqərə”, 278-279.

[2] “Bəqərə”, 24.

islammektebi.org


more post like this