“Surə” (“سوره”) sözü “Bələd” (şəhəri əhatə edən hündür hasar) sürəsindən götürülmüşdür. Çünki hər bir surə evləri əhatə edən şəhər divarları tək ayələri əhatə edir.
Bəziləri onu yüksək şərəf, ülvi, məqam kimi izah etmişlər. Çünki İbn Farisin dediyinə görə “surə” sözünün mənalarından biri ülvilik, yüksəklikdir. Binanın hər mərtəbəsinə də surə deyilir.
Əbu əl-Fütuh Razi deyir: “Bil ki, “surə” sözünün mənası məqam – şərəf məqamıdır. Buna sübut Zibyaninin beytidir.
الم ترا ان الله اعطاك سوره تري كل ملك دونها يتدبدب
(Ələm təra ənnəllahə ətakə surə Təra kullə mulkin dunəha yətəzəbzəbu)
Tərcümə: “Görmürsənmi ki, Allah sənə şərəf, məqam vermişdir və hər bir padşah onun yanında kiçikdir”.
Şəhər divarına da uca, hündür olduğu üçün “sur” deyilir.[1]
Bəziləri onun “sur” ((“سؤر” sözündən götürüldüyünü və bir şeyin qalığı, bir parçası mənasını daşıdığını önə çəkmişlər. Əbu əl-Fütuh bu haqda deyir: “Amma Məhmuzun dediyinə gəlincə, o, “sur əl-ma” (“سؤر الماء” – suyun artıq qalanı) mənasını daşıyır. Ərəblər qabda artıq bir şey qaldıqda deyirlər: “اسارت في الاناء”
Buna görə də ərəb şairi Ə`şə ibn Sələbə deyir:
فبانت و قد اسارت في الفؤاد صدعاً علي نايها مستطيراً
(Fəbanət və qəd əsərət fi əl-fuad Sədən əla nəyiha mustətirən)
Tərcümə: “O qadın məndən ayrıldı, ürəyimdə dərin bir yara qoyub getdi və bu hər an genişlənməkdədir”.[2]
Demək “surə” sözü öncə “سؤره” olmuş, tələffüzü asanlaşsın deyə “həmzə” (“ؤ”) “vav” (“و”) hərfinə çevrilmişdir. Bütün qiraətçilər yekdil olaraq onu “vav” (“و”) hərfi ilə oxumuşlar. Quranda doqquz yerdə işləndiyindən başqa heç kim onu həmzə ilə qiraət etməmişdir.
“Ayə” (“آیة”) əlamət, nişanə mənasını ifadə edir. Çünki Quranın hər bir ayəsi Allahın sözünün haqq olmasının əlamətidir. Yaxud da hər bir ayə şəriət hökmlərini və ya öyüd-nəsihəti ehtiva edir ki, onlara dəlalət edir:
“(Ya Peyğəmbər!) Biz sənə (ehkamı bildirən, halal və haramı ayıran) açıq-aydın dəlillər göndərdik, onları yalnız fasiqlər inkar edərlər”[3]
“(Ya Peyğəmbər!) Bunlar (bu söylənilənlər) Allahın ayələridir (qüdrət nişanələridir) ki, onları sənə doğru-düzgün bildiririk. Sən, həqiqətən, (Allah tərəfindən seçilərək insanlara) göndərilən (mürsəl) peyğəmbərlərdənsən”[4].
“Məgər sizdən biriniz istərmi ki, içində xurma ağacları, üzümlüklər, (ağacları) altından arxlar axan və cürbəcür meyvələr olan bir bağçası olsun, (sonra) zəif (iş bacarığı olmayan, himayəyə möhtac) uşaqları olduğu halda ona qocalıq üz versin, həmin vaxtda da ora odlu bir qasırğa düşsün və o bağ yanıb tələf olsun? Allah ayələri sizin üçün bu cür aydınlaşdırır ki, düşünəsiniz”[5].
Cahiz deyir: “Allah öz kitabına – həm bütövlükdə, həm də ayrı-ayrılıqda – ərəblərin üslubunun əksinə ad vermişdir. Ərəblər bir şairin şeirlərinin külliyyatına divan dedikləri bir halda Allah öz kitabını Quran adlandırdı. Onun bir hissəsini divanda yer alan qəsidə tək surə adlandırdı, surənin bir hissəsini isə qəsidədə yer alan beyt tək ayə adlandırdı. Hər bir ayənin sonunu qafiyə tək nəzmə saldı”.[6]
Rağib İsfahani deyir:
“Ola bilər ki, “ayə” (“آیة”) sözü “əyyin” (“أیّ” – “hansı” mənasını ifadə edir) kökündən törəmişdir. Çünki hansının hansından olduğunu, nəyin nədən olduğunu ayə üzə çıxarır. Lakin düzgün versiya “təəyyi” (“تأیّی”) kökündən götürülməsidir. Çünki “təəyyi” təsbit olmaq, möhkəmlənmək mənasını ifadə edir. “Təəyyə” (“تأیّ”) yola get, aram ol mənasını ifadə edir. “Əviyyə iləyh” (“أویّ إلیه”) sığınmaq, əvəz etmək sözündən də törəyə bilər. Hər bir hündür tikiliyə ayə deyilir. Quranda deyilir: “Doğrudanmı siz hər təpədə bir köşk (əlamət) qurub (gəlib-gedənləri məsxərəyə qoyaraq) əylənirsiniz?”[7] Quranın hər hökmə dəlalət edən cümləsinə ayə deyilir. İstər tam surə olsun, istər bir neçə fəsil olsun, yaxud istər bir surənin bir fəsli olsun, istər digər kəlamlardan ayrı tam bir kəlam olsun. Bu baxımdan surələrin ayələri sayıla bilir və hər bir surə bir neçə ayə ehtiva edir”.[8]
Qısaca xatırlatmaq lazımdır ki, hər bir surənin ayələrə bölünməsi Allah tərəfindəndir. Ən kiçik surə üç ayədən ibarət “Kovsər” surəsidir. Ən böyük surə 286 ayədən ibarət “Bəqərə” surəsidir. Hər halda hər surənin ayələrinin sayının az və ya çox olması Peyğəmbərin (s) xüsusi göstərişi ilə həyata keçmişdir. Bu günədək də dəxalət olunmadan qalır. Bu məsələdə Quranın ecazkarlığı və ayələrin bir-biri ilə səsləşməsi baxımından bir sırr yatmaqdadır.

[1] “Ər-Rəvz əl-cinan”, c. 1, səh. 9.

[2] Yenə orada.

[3] “Bəqərə”, 99.

[4] “Bəqərə”, 252.

[5] “Bəqərə”, 266.

[6] “Əl-İtqan”, c. 1, səh. 147.

[7] “Şüəra”, 128.

[8] “Əl-Müfrədat”, “Əyy” (“أیّ”) sözünün izahı.

islammektebi.org


more post like this