Bu suallar müasir insanın düşüncəsinin məhsulu deyil. Lap qədim dövrlərdə də belə suallar verilmişdir. Dini rəhbərlərə bu sayaq suallar verilmiş və cavablar da alınmışdır.
Qeyd olunmuş sualların xülasə cavabı budur ki, qüdrət nə qədər hüdudsuz olsa da, ağıl və düşüncənin təsdiq etdiyi işə aid edilə bilər. Bir növ olası işlər haqqında danışarkən qüdrət məsələsini müzakirə etmək mümkündür. Amma zatən mümkünsüz sayılan işlər ağıl baxımından qeyri-mümkün hesab olunmuşdur. Belə işlərə münasibətdə qüdrətdən danışmağa dəyməz.
Bəzi nöqtələri açıqlayaq. Düşüncəmizi xariclə ölçdüyümüz vaxt o iki şəkildə görünür. Birinci növ düşüncələr varlığı, mövcudluğu ağıl tərəfindən inkar olunmayan düşüncələrdir. Bəzi düşüncələrin gerçəkləşməsi üçün qüdrətdən savay heç nəyə ehtiyac yoxdur. Məsələn, varlıq aləmi öz böyük əzəməti, kəhkəşanları, planetləri ilə ərsəyə gəlmişdir. Çünki onların hər birinin varlığı zatən mümkün bir işdir. İkinci növ düşüncələrin isə ağıl tərəzisində ölçülməsinin maneələri var. Onların varlığı ağıl baxımından mümkünsüzdür. Bu mümkünsüzlük Yaradanın acizliyi yox, həmin işlərin zatən əlçatmazlığından doğur.
Bir qədər də aydınlaşdırsaq, ağıl bəzi mövzuları süzgəcdən keçirərkən müəyyənləşdirir ki, həmin mövzuların varlığı mümkünsüzdür. Yəni qüsur Yaradanın qüdrətində yox, həmin mövzuların qeyri-mümkün olmasındadır.
Məsələn, çox istedadlı və peşəkar toxucudan tələb olunsa ki, gəlin köçəcək qız üçün gil və ya samandan bir köynək toxusun, həmin sənətkar bu işdən imtina edəcək. Eləcə də, mahir bir rəssamdan xahiş olunsa ki, dalğaların üzərində gözəl bir rəsm əsəri yaratsın, həmin rəssam bu təkliflə razılaşmayacaq. Çünki gil və samandan köynək toxumaq, dalğa üzərində rəsm çəkmək ağılasığmaz bir işdir və bu işlərin mümkünsüzlüyü toxucu və rəssamın istedadsızlığına dəlil ola bilməz.
Toxucu və rəssamın bu təkliflərdən imtina etməsi onunla bağlı deyil ki, onlar öz işlərində mahir deyillər. Sadəcə, onların qarşısında qoyulan şərtlər həmin işlər üçün münasib deyil.
Yuxarıda sadalanan və bu kimi başqa mövzuların reallaşmasının mümkünsüzlüyünü insan xüsusi bir ayıqlıqla dərk edə bilir. Məsələn, gil və saman toxuculuq üçün yararsızdır. Eləcə də, havanın və suyun üzərində rəsm əsəri yaratmaq olmaz. Gündəlik həyatımızda bu sayaq misallar çoxdur. Məsələn, ağıl dərk edər ki, bir şeyin eyni vaxtda həm olması, həm də olmaması mümkünsüz bir işdir. Necə ola bilər ki, bir lampa həm yana, həm də yanmaya?! Bu sayaq mövzuların mümkünsüzlüyü ağıl üçün aşkar bir həqiqətdir. Hətta xəyalpərəst adam da bu işlərin mümkünlüyünü güman edə bilməz. Ən az məlumatlı adam da bilir ki, ikini ikiyə vuranda cavab dörd olur. Cavab hansısa şəraitdə üç və ya beş ola bilməz.
Bu misallardan aydın görünür ki, ağıldan uzaq, qeyri-mümkün işlərin qüdrətə heç bir dəxli yoxdur. Mümkünsüz işləri həyata keçirməməyin qüdrətin zəifliyinə yozmaq olmaz. Yalnız varlığı mümkün olan işlərə münasibətdə qüdrətdən danışmaq mümkündür.
İndi isə əvvəlki suallara qayıdaq və görək ki, bəzi işlərin mümkünsüzlüyü necə izah olunur. Səthi bir araşdırmadan sonra məlum olur ki, bu işlərin mümkünsüzlüyünün acizliyə yozulmamasının səbəbi onların qeyri-mümkün, ağıldan uzaq olmasıdır. Məsələn, Allah kimisinin yaradılması qeyri-mümkündür. Alimlər Allahın sifətlərindən danışarkən Onun birliyini möhkəm dəlillərlə sübut etmişlər. Allahın şərikinin, Ona oxşarın mövcudluğu mümkünsüzdür. Demək, Allah kimisinin yaradılması da qeyri-mümkündür.
Digər bir sual bu idi ki, Allah özü kimisini yarada bilərmi? Bu sual başqa şəkildə də verilə bilər: Allah mümkünsüz bir işə varlıq libası geyindirə bilərmi? Allahın özü kimisini yaratmasının məfhumu budur ki, Onun yaratdığı həm mümkün və məhdud, həm də vacib və qeyri-məhdud olsun. Yəni öz-özünə yaranmamış bir şey həm də kimsə tərəfindən yaradılmasın. Bu isə paradoks, yəni ziddiyyətli bir fikirdir. Belə bir fikir ağıla uyğun gəlmir. Çünki Allahın özünə oxşar yaratdığı vücud həm də Onun məxluqu olur. Bu isə mümkünsüzdür.
“Allahın özü kimisi” dedikdə həmin varlıq bütün baxımlardan Onun kimi olmalıdır. Varlığı başqasından asılı olmayan vücud “vacibül-vücud” adlandırılmışdır. Necə ola bilər ki, bir varlıq həm “yaradılmış” olsun, həm də “vacibül-vücud”?!
Eləcə də, Allah-təalanın varlıq aləmini bir yumurtaya sığışdırması qeyri-mümkün bir işdir. Ağıl tələb edir ki, hər hansı bir şey öz qabından kiçik olmalıdır. Qabdan böyük şeyin həmin qaba sığışması mahal bir işdir. Ona görə də dünyanın yumurtada yerləşdirilməsi ağılsız bir istəkdir. Əvvəlcə deyilənlərdən aydın oldu ki, mahal işlərə münasibətdə qüdrətdən danışmaq olmaz. Qüdrət mümkün işlərə münasibətdə nəzərdən keçirilən sifətdir. Üçüncü sual isə belə idi ki, Allah sonradan məhv edə bilməyəcəyi bir varlıq yarada bilərmi? Bu sual da əvvəlki sualar kimi mahal bir işin təmənnasından doğur. Çünki Allah tərəfindən yaradılmış bir mövcud mümkün olmalıdır. Hər bir mümkün iş isə zatən fənaya məhkumdur. Fəna olmayan şeyləri isə vacibül-vücud hesab etməyə məcburuq. Belə çıxır ki, bir şey həm mümkün, həm də vacibül-vücud olmalıdır. Bu isə ziddiyyətli bir məsələdir. İki zidd şeyin bir araya gəlməsi isə ağlasığmaz bir təmənnadır.
Allahın hərəkətə gətirə bilməyəcəyi bir mövcudu yaratması da ziddiyyətli bir istəkdir. Çünki Allahın yaratdığı hər bir mövcud məhduddur. Hərəkətə gətirilə bilməyən bir şey isə qeyri-məhdud olmalıdır. Məgər yaradılmış bir şey qeyri-məhdud ola bilərmi?! Demək, bu təmənna da əvvəlkilər kimi ziddiyyətli bir işin təmənnasıdır.
Bir sözlə, yuxarıdakı istəklər zatən mahal işlərin istənilməsidir. Ona görə də bu işlərə münasibətdə qüdrətdən danışmağa dəyməz. Bu işlər ağıl və düşüncə baxımından mümkün olası işlər deyil. Onların mümkünsüzlüyü Allahın qüdrətinə nöqsan gətirmir.
Ərşi xali bilmə, bəstədirsə boy,
Bir boy qalxa bilsən, görünəsi ay.


more post like this