Cavab:
Salam olsun haqq yolda olanlara!
1. Təfsirlərdə bu məsələ ilə rastlaşmadıq.
2. Bu sualın cavabını öyrənmək üçün aşağıdakı məsələlərə diqqət olunmalıdır.
1)Allahın sifətləri arasında ədalət sifəti böyük əhəmiyyət və xüsusiyətə malikdir. Bu xüsusiyyət odur ki, Allahın bir çox sifətləri ədalət sifətinə aiddir. Çünki ədalət sözünün leksik mənası hər şeyi öz yerində və lazım olduğu kimi etməkdir. Məsələn, Allah insanları yaradıb, deməli, onların ruzusunu da yetirməlidir. Ədalət bunu tələb edir ki, yaradan yaratdığına ruzi versin.
Deməli, Allahın sifətlərindən biri olan «Raziq» (ruzi verən) ədalət əsasındadır. Eləcə də Rəhman, Rəhim, Həkim və bir çox başqa sifətlər.
2)Məad (qayıdış) məsələsi də Allahın ədalətinə əsasən icra olunacaq. Eləcə də peyğəmbərlik, imamlıq ədalətlə əlaqədardır.
3)İslamın ilkin dövrlərində Allahın ədaləti barədə müsəlmanlar arasında ixtilaf yarandı.
Müsəlmanların sünni məzhəbindən olan və «Əşairə» adlanan bir qrup ümumiyyətlə Allahın ədalətini inkar edirlər. Onlar deyirlər ki, Allahın ədalət və zülmünün fərqi yoxdur. Bütün dünya onun mülküdür, ona məxsusdur. O, istədiyi işi görə bilər. Onlar hətta ağıl cəhətdən xeyir və ziyanı da inkar edirlər. Yəni, deyirlər ki, insanın ağıl və düşüncəsi o səviyyədə deyildir ki, öz xeyr və ziyanını anlasın. Hətta, ehsan verməyin yaxşı və zülmün pis iş olduğunu da anlaya bilmərik. (Onlarda bu kimi səhv fikirlər həddən artıq coxdur).
Bu dəstənin müqabilində isə Allahın ədalətinə inanan iki məzhəb vardır. Sünni məzhəbinin Mötəzilə dəstəsi və bütün şiə məzhəbi bu əqidədədirlər.
Birinci dəstə ilə ikinci dəstə arasında fərq olsun deyə, ikinci dəstəni «Ədliyyə» (yəni, Allahın ədalətinə inanan), birinci dəstəni isə «Qeyri-ədliyyə» (yəni, Allah barədə ədalət etiqadında olmayan) adlandırmışlar. Şiələr ikinci dəstədəndir.
Şiə məzhəbi başqa «Ədliyyə» tərəfdarlarından fərqli olaraq (dəlillər əsasında) «İmamət»i də üsuliddin daxil etmişdir. Deməli, harada Ədalət və İmamət dən söhbət gedirsə, həmin söhbət şiələr barəsindədir.
4)Füruddinin üsuliddindən bir nişanə olduğunu və Allah ədalətinin cəmiyyətdə həddən artıq təsirli olduğunu, ictimai ədalətin bəşər həyatında böyük rol oynadığını nəzərə almaqla, ədaləti üsuliddinin bir rolu, bir bəndi kimi qəbul etmək insanlar arasında ədalətin icra olunduğuna və zülmlə mübarizəyə bir nişanədir.
Peyğəmbərlər və imamların rəhbərliyi də cəmiyyətdə həqiqi rəhbər və başçının olması məsələsinə ilham verir. Deməli, bütün dünyaya hökmranlıq edən Allahın ədaləti bəşər həyatının hər sahəsində ədalətin lazım olduğuna bir nişanədir. Bu böyüklükdə aləm ədalətlə yaşayır və cəmiyyət də ədalətsiz bir gün qala bilməz.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.

haqyolu.com


more post like this