Sual: 26. Çətinliklə sərmayə toplamış şəxs xüms ödədikdə yerdə qalmış miqdarla dolanışıq məqsədi olan işə başlaya bilmədikdə bu sərmayənin xümsünü verməlidirmi?
Cavab: (Vəhid və Safidən başqa) Bütün müctəhidlərin rəyi: Əgər (hissə-hissə olsa da) xümsü ödədikdə dolanışıq əldə edə bilməzsə, xüms düşmür.
Safi və Vəhid: Xüms düşür. Lakin şəri hakimə ödəyib sonradan borc götürə bilər. (Safi və Vəhidin katibliyi)
Nuri, Təbrizi və Behcət: Sərmayənin yaşayışın təmini üçün zəruri olan hissəsinə xüms düşmür. Artıq qalan hissəyə isə xüms düşür.
Sual: 27. Sərmayənin (torpaq, dükan, maşın və s.) xümsünü vermişəm. Lakin bir neçə il sonra onun qiyməti artıb. Artmış qiymətə xüms düşürmü?
Cavab: Bütün müctəhidlərin rəyi: Bəli, xüms düşür.
Qeyd: Qeyd olmuş cavab onun satılmasının və pulunun alınması mümkün olan hallara aiddir.
Sual: 28. Mobil telefona xüms düşürmü?
Cavab: Bütün müctəhidlərin rəyi: Şəxsin şəninə uyğun və şəxsi ehtiyaclara istifadə edilərsə xüms düşmür. Qazanc əldə etmək üçün sərmayə olarsa xüms düşür.
Qeyd: Risalələrdə mobil sözü işlənməsə də bəyan olunmuş qayda ona da tətbiq olunur.