Hacət istəmək

899. İnsanlardan hacət istəməyin qadağan olması

Quran:

«Bu sədəqələr Allah yolunda sıxıntıya düşən və (öz dolanışıqlarını təmin etmək üçün) səfərə çıxa bilməyən yoxsullar üçündür. Onlar çox həyalı olub (dilənçilikdən çəkindiklərinə görə), məlumatı olmayanlar onları varlı hesab edirlər. Sən onları üzlərindən tanıyırsan. Onlar insanlardan israrla heç nə istəməzlər. Şübhəsiz ki, onlara sədəqə verdiyiniz hər bir maldan, Allah agahdır.» [1]

2886. Allahın Peyğəmbəri (s):«Ey Əbuzər! Xahişdən və dilənçilikdən ehtiyatlı ol ki, o, düynada xarlığa və yoxsulluğa səbəb olar, Qiyamət günü isə hesab-kitabı uzundur.»[2]

2887. Allahın Peyğəmbəri (s):«Kim mənə insanlardan heç nə istəməməyi söz verər ki, mən ona Cənnəti verim?» Suban dedi:«Mən.» Bundan sonra Suban insanlardan heç nə istəmirdi.»[3]

2888.  Allahın Peyğəmbəri (s):«Ehtiyacını dilə gətirməyin qapısını öz üzünə açan elə bir bəndə olmadı ki, Allah-taala yoxsulluğun yetmiş qapısını onun üzünə açmasın.»[4]

2889. İmam Əli (ə):«Kim Allahdan qeyrisindən bir şey istəsə, məhrumiyyətə layiq olar.»[5]

2890. İmam Həsən (ə):«Bu üç yerdən başqa bir yerdə ehtiyac istəmək rəva deyil: Ağır qanbahasında, ya üzücü borcda, ya öldürücü yoxsulluqda.»[6]

2891. İmam Səccad (ə):«İnsanlardan ehtiyac istəmək həyatda xarlığa, həya və abrın getməsinə səbəb olar. Eləcə də, insanın vüqarını, əzəmətini azaldar və o, əsl yoxsulluqdur. Ehtiyac əlini insanlara az uzatmaq isə nəğd olan ehtiyacsızlıqdır.»[7]

2892. İmam Sadiq (ə):«Bizim şiəmiz acından ölsə də, ehtiyac əlini insanlara uzatmaz.»[8]

900. Ehtiyac olmayan yerdə kömək istəməkdən çəkindirmək

2893.  Allahın Peyğəmbəri (s):«Kim, ehtiyac olmadığı halda, ehtiyac əlini uzadarsa nəticəsi başağrı və ürək ağrısı olar.»[9]

2894. İmam Səccad (ə):«Mən Rəbbimi zamin tuturam ki, ehtiyacı olmadan başqasından bir şey istəyən elə bir kəs olmadı ki, onun bu diləyi bir gün onu həqiqi ehtiyac əlini uzatmağa məcbur etməsin.»[10]

2895. İmam Baqir (ə):«Kim ehtiyacı olmadan xahiş (və dilənçilik) edərsə, Qiyamət günü üzü çırmaqlanmış halda Allahla görüşər.»[11]

 

901. İnsanlardan ehtiyacsız olmağa həvəsləndirmək

2896.  Allahın Peyğəmbəri (s):«Kim bizdən bir şey istəsə ona verərik, kim bir şey istəməsə Allah-taala onu ehtiyacsız və varlı edər.»[12]

2897. Allahın Peyğəmbəri (s):«Sizlərdən hər biriniz kəndir götürüb bir qucaq odun gətirib satsa və bu işlə öz abrını qorusa, bu onunçün ehtiyac əlini uzatmaqdan daha yaxşıdır.»[13]

 

902. Yaxşılığı onun əhlindən istəmək

2898. Allahın Peyğəmbəri (s):«Yaxşılığı və bəxşişi ümmətimin səxavətlilərindən və mehribanlarından istəyin ki, onların kölgəsində yaşayasınız.»[14]

2899. İmam Əli (ə):«Sənin abrın donmuş buzdur, ehtiyac istəmək isə onu damla-damla əridər. Beləliklə, bax gör onu kimin yanında əridirsən.»[15]

2900. İmam Əli (ə):«Ehtiyacın aradan getməsi onu əhli olmayandan istəməkdən daha asandır.»[16]

 

903. Dilək diləməyin qaydası

2901. İmam Sadiq (ə):«Sənə rədd cavabı verməsindən qorxduğun kimsədən heç nə istəmə.»[17]

2902. İmam Sadiq (ə):«Üç şey məhrumiyyətə səbəb olar:  istəməkdə israr etmək, qeybət və rişxənd etmək.»[18]

 

 

 

904. İstəyəni naümid qaytarmağın qadağan olması

Quran:

«Və dilənçini (qapıdan) qovma»[19]

Hədis:

2903. Allahın Peyğəmbəri (s):«Dilənçinin diləyini rədd etməyin. Çünki dilənçilərin yalan danışmaqları olmasaydı, onların xahişini rədd edən şəxs heç vaxt nicat tapmazdı.»[20]

2904.  Allahın Peyğəmbəri (s):«Dilənçiyə baxın, əgər ona ürəyiniz yansa sədəqə verin. Çünki o, doğru danışır.»[21]

2905. İmam Əli (ə):«Dilənçini əliboş geri qaytarma, əksinə, üzümün ya xurma dənəsinin yarısı olmuş olsa belə, ona ver.»[22]

2906. İmam Əli (ə):«Vermək istədiyin sədəqənin azlığından utanma, Çünki (dilənçini) məhrum etmək ondan daha pisdir.»[23]

2907. İmam Hüseyn (ə): Möhtac xahiş etməklə öz hörmətini və abrını tökmüşdür. Sən də, onu naümid etməməklə öz abrını və hörmətini saxla.»[24]

2908. İmam Baqir (ə):«Dilənçi onun xahişində və istəyində nə gizləndiyini bilsəydi, heç vaxt heç kimdən bir şey istəməzdi. Əgər xahiş olunan şəxs, naümid qaytarmaqda nə gizləndiyini bilsəydi, heç vaxt heç kəs digərini naümid qaytarmazdı.»[25]

2909. İmam Sadiq (ə):«Bir şəxs ehtiyac əlini mənə uzadan zaman onun ehtiyacını ödəməyə tələsirəm. Çünki işin işdən keçdiyindən və mənim köməyimin artıq ona fayda verməməsindən qorxuram.»[26]

2910. İmam Sadiq (ə):« Üç dilənçiyə yemək verin. Bundan sonra ixtiyar sizin özünüzdədir, istəsəniz daha çoxunu yedirdərsiniz, istəsəniz də yedirtməzsiniz. Belə ki, artıq o gününüzün vəzifəsini yerinə yetirmisiniz.»[27]

2911. Mə’sumlar (ə):«Biz yardıma layiq olanın xahişini rədd etməkdən qorxduğumuza görə, buna layiq olmayanlara da bəxşiş verərik.»[28]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 



[1] Bəqərə, ayə 273

[2] Mən la Yəhzuruhul-Fəqih, c.4,səh. 375 , hədis 5762

[3] Kənzul—Ummal, hədis17142

[4] Camiul-Əxlaq,səh. 379 , hədis 1061

[5] Ğurərul-Hikəm,hədis 7993

[6] Biharul-Ənvar, c.96,səh. 152 , hədis 16

[7] Tuhəful-Uqul,səh. 79

[8] Vəsailuş-Şiə, c.6,səh. 309 , hədis 15

[9] Biharul-Ənvar, c.96,səh. 156 , hədis 29

[10] Biharul-Ənvar, c.96,səh. 158 , hədis 37

[11] Biharul-Ənvar, c.96,səh. 155 , hədis 26

[12] əl-Kafi, c.2,səh. 138 , hədis 2

[13] Biharul-Ənvar, c.96,səh. 158 , hədis 37

[14] Biharul-Ənvar, c.96,səh. 160 , hədis 38

[15] Nəhcül-Bəlağə, hikmət 346

[16] Nəhcül-Bəlağə, hikmət 66

[17] Ə‘lamud-Din,səh. 303

[18] Tuhəful-Uqul,səh. 321

[19] Zuha, ayə 10

[20] Biharul-Ənvar, c.96,səh. 158 , hədis 37

[21] Nəvadirul-Rəvandi,səh. 3

[22] Tuhəful-Uqul,səh. 172

[23] Nəhcül-Bəlağə, hikmət 67

[24] Kəşful-Ğummə, c. 2, səh.244

[25] Tuhəful-Uqul,səh. 300

[26] Uyunu-Əxbəru Rza(ə), c.2,səh.179 , hədis 2

[27] İddətud-Dai,səh. 91

[28] Biharul-Ənvar, c.96,səh. 159 , hədis 37


more post like this