Cavab: Bizim etiqadımız budur ki, Quran Allah tərəfindən, Onun Əziz Peyğəmbərinin qəlbinə nazil edilən ilahi vəhydir. Onda hər şeyin bəyanı vardır. Quran Peyğəmbərin əbədi möcüzəsidir ki, bəşər bəlağət və fəsahətdə, habelə ehtiva etdiyi ali həqiqət və məariflər müqabilində aciz qalmışdır. O dəyişdirilə,[i] əvəz edilə, təhrif oluna bilməz.

Hal-hazırda biz müsəlmanların arasında mövcud Quran olan elə Peyğəmbərə nazil olan Qurandır. Hər kəs bu əqidədən başqa bir şey iddia etsə, dinə zərbə vurub ixtilaf və şübhə salmaq istəyənlərdir və bunların da hamısı hidayətdən sapmışlardır. Çünki, o, Allah kəlamıdır, elə bir kəlam ki,

Ona nə arxadan, nə də öndən (yəni heç bir tərəfdən) batil söz gəlməz.[ii]

Onun möcüzə olmasının dəlillərindən biri budur ki, zamanın keçməsi, elmi-texniki tərəqqinin bu qədər yüksəlişi ilə belə, o öz tər-təzə, təravətli və şirinliyində, özünün ali məqsəd, məram və ideologiyasında qalmaqdadır. Sabit elmi nəzəriyyələr baxımından onda heç bir yanlış, səhv xəta, həqiqi fəlsəfi nöqsan görünməz. Amma böyük filosofların, dahi alimlərin kitablarında, onların elmi məqamları, ideoloqi baxışları nə qədər yüksək olsa da belə, hamısının da olmasa, əksəriyyətinin nəzəriyyəsi zamanın keçməsi, elmin inkişafı ilə köhnəlib, qüvvədən düşür və öz əhəmiyyətini itirir, yaxud səhv olduğu aydınlaşır. (Yəni zamanın keçməsi ilə nəzəriyyələri dəyişilir.) Hətta dahi Yunan filosoflarından olan Sokrat, Aristotel, Əflatun kimi fəlsəfənin atası sayılan və bütün elmi şəxsiyyətlərin fövqündə dayanan şəxsiyyətlər də eyni qayda ilə.

Həmçinin biz inanırıq ki, Qurani Kərimə ehtiram göstərmək, sözdə və əməldə əzəmətlə yad edib təzim etmək vacibdir. Onun kəlmələri hesab olunan, hətta bir kəlməni də belə murdarlamaq caiz deyildir.

Təharətli olmayan şəxslərin Quran kəlmələrinə, hərflərinə məss etməsi caiz deyildir.

Ona təharətlilərdən başqa kimsə məss edə bilməz.[iii]

İstər cənabət, heyz, nifas və s. kimi böyük hədəs səbəbilə, istərsə də yuxu kimi kiçik hədəsdən paklanmayınca (yəni fiqhi kitablarda bəyan olunduğu kimi, birinci halda qüsl, ikinci halda dəstəmaz almayınca) Quran hərflərinə əl vurmaq olmaz.

Habelə, onu yandırmaq, camaat arasında hörmətsizlik sayılan hər hansı yolla: tullamaq, murdarlamaq, doğramaq, ayaq altına salmaq, yaxud həqir yerdə qoymaq və s. hörmətsizlik etmək olmaz. Əgər bir kəs qəsdən ona qarşı, qeyd olunan əməllərdən biri ilə hörmətsizlik etsə, təhqir etsə, o, İslamı və onun müqəddəslərini inkar edənlər sırasından, dindən çıxanlardan Allaha kafir olanlardan sayılır.

NUR-AZ.COM

 



[i]“Həqiqətən Biz Zikri (Quranı) nazil etdik və mütləq Biz onu qoruyacağıq.” (“Hicr” surəsi, 9)

[ii]“Füssilət” surəsi, 42

[iii]“Vaqiə” surəsi, 79


more post like this