Qohum-əqrəba, dost-tanış – hamı onun ətrafına toplanmışdı. Təkcə özünü deyil, bütün ailə üzvlərini və evə toplananları da qeyri-adi həyəcan bürümüşdü. Odunlar dəmir sobada alışır, söhbət edənlərin səsi gah ucalır, gah da alçalırdı. Artıq lazım olan əşyalar da çantalara toplanıb qapı arxasında dururdu. Kimisi yolda qalın geyinməyini məsləhət görür, kimisi təvaf zamanı itməməsini, kimisi də azarkən geri dönməyin yollarını xatırladırdı. Birdən otağın o başından mömin bir gəncin səsi ucaldı:
– İsmayıl dayı, əməllərin hökmləri bu kitabçada çox aydın yazılıb. İstəyirsən, verim, yol boyu ora çatana kimi baxarsan.
– Yox, bala, nəyimə lazımdı?! Onsuz da karvanbaşı nə lazımdısa, başa salacaq. Nəyə gücüm çatsa, eləyəcəm. Bəyəm burda ziyarətgahlara gedəndə ədəb-ərkan gözləmirik?! Əsas odur ki, ziyarətini eləyəsən!

Gənc oğlan susdu. Daha heç nə demədi. Bircə «Dayı, Ərəfatda mənə də dua edərsən» – deyə səsləndi. Ürəyində isə belə dua edirdi: «Kaş sənə ixtiyar vaxtı Həcc ziyarətini qismət eləyən Allah, bu ziyarətin mənəvi gözəlliyindən ruhuna da damızdıraydı!»

Gözlənilən vaxt gəlib çatdı. Yola çıxanlar avtobusa minib, yüklərini yerləşdirdilər. Beş avtobusdan ibarət hacılar karvanı «Bismillah» deyib, Bakıdan müqəddəs Mədinəyə doğru yola düşdü. İsmayıl kişi çox kövrəlmişdi. Bir yandan ilk dəfəydi ki, əzizlərini buraxıb belə uzaq səfərə çıxırdı, o biri yandan da geri dönəndə artıq həyatı əvvəlki kimi olmayacaqdı. İndi ona ikiqat hörmət göstərib, el içində «Hacı» çağıracaqdılar….

Yer kürəsinin ən münəvvər şəhəridir bu şəhər. Allah həbibinin ətri var bu şəhərdə. Uca, əzəmətli ağ məscid İslamın izzətini təmsil edirmiş kimi, elə ilk baxışdan adamı valeh edir. İsmayıl kişi də məscidi görən kimi, günlərlə davam edən əziyyət və yorğunluğunu unutdu.
Sanki sehrli aləmə düşmüşdü. İslamın vuran qəlbiydi bura. Nə çox zəvvar, nə çox insan. Ağlı-qaralı hamı ehramda. Bəli, bura bambaşqa bir aləm idi. Azanların uca səsi kimi məscidin ətri də bir başqa idi. Sanki cənnət qoxuyurdu bura. İnsanlar səf-səf düzülüb, namaz qılırdılar.

Böyük Allaha qul olmağın möhtəşəm nümayişiydi bu namaz. «Vallah müsəlman olmayan bunları görsə, mütləq İslamı qəbul edər» – deyə düşündü İsmayıl kişi. Sonra alnını səcdəyə qoyub, «İlahi, Sənə şükürlər olsun ki, mənə də bu böyük yerlərin ziyarətini nəsib elədin. İlahi, cəmi arzu edənlərə qismət elə!» – deyə dua edirdi ki, birdən qulağına həzin pıçıltı səsi gəldi: «Salam olsun sənə, ey Allahın həbibinin parası! Ey zülm ilə şəhid olan Siddiqə! Ey Allahın sevimlisi!…»

Başını qaldırıb səs gələn tərəfə baxanda lap kənarda dayanan və gözlərindən sel kimi yaş axıdan xoşsimalı bir gənci gördü. Amma deyəsən, gənc heç kimi və heç nəyi görmürdü. Üzünü Peyğəmbərin qəbrinə tərəf tutub, türk dilində elə hey salam verib, salavat çevirirdi. «Yəqin iranlıdır. Bəs niyə özünü belə öldürür?» – düşündü İsmayıl kişi. Namazlarını qılıb qurtardığından sonra bir az bu gənci müşahidə etdi. Oğlan isə ağlaya-ağlaya artıq ürəklənmiş, sanki Peyğəmbərlə üz-üzə durub söhbətləşirdi: «Kim sənin güllərini pərakəndə saldı, ey Allahın həbibi? Kim zülm ilə körpələrin boğazını oxladı? Qolu zəncirli saraylara əsir götürülən sənin əhlin deyildimi? Bizə lütf və mərhəmətini göstər, intizarında olduğumuzun gəlməsi üçün bizə duaçı və yardımçı ol! Dua et ki, sənin yüksəltdiyin izzəti bir daha yüksəldən şəxsin bayrağı altında bizlərə də yer ayrılsın! Dua et ki, heç olmasa, son nəfəsdə həsrətiylə tutuşduğumuz camalı görə bilək!» Sonra ona yaxınlaşan nəzarətçi ərəbi görən kimi «Əffəkə, əffəkə ya Ğəffar!» deyib, səcdəyə getdi. Bir anda o gəncin qəşş etdiyini görənlər ona yardım etməyə tələsdilər.
İsmayıl kişi isə bütün gecəni elə hey o gənci düşünür, gözlərinin önündən onun şəklini silə bilmirdi.

Səhər hamı Ərəfat çölündə idi. İsmayıl kişi təəccüblə ətrafına baxır, özünü hesaba çəkib çoxlu şükr edirdi. «Gəldiyim gündən demək olar ki, bütün əməlləri etməyə özümdə qüdrət tapmışam. Amma məndən cavanlar ya «nəfəsim çatmır, yorulmuşam», ya da iqlimi bəhanə edib, oteldə dincəlirlər. Evə dönəndə də deyəcəklər ki, «Hacı» oldum. Yox, həqiqətən də Allah əməl etmək istəyənə qüdrət və səbr verirmiş. Elə bil, məhşəri gözlərimlə görmüşəm. İlahi! bizi məhşər günü darda qoyma! İlahi, bacardığım qədər ömrümü yaxşı yaşamağa çalışmışam, etmədiklərimi nöqsan tutub, məndən rəhmətini kəsmə! İlahi, bütün müsəlmanlara, namaz qılanlara rəhm elə! Balalarımı, valideynlərimi, qohum-əqrəbamı bağışla! Dünyada sülh, əmin-amanlıq qərar ver! Ruzimizi artır!…»
– Vay! Qulamrza kişi, hardasan? Əlibala, hara getdiniz? Bəhram?

Bəli, İsmayıl kişi karvan yoldaşlarından ayrı düşmüşdü. Həqiqətən də itmişdi, hətta birisinə «Əlibala» deyib qolundan dartdı. Üzünə baxıb gördü ki, bir çinlidir. O da «sorry» deyib yoluna davam etdi. Qəfildən tənhalıq hissi bürüdü onu. Hətta bu fikirdən üşüdü də. Bu nəhəng insan selinin içində yalqız qalmışdı. O tərəf-bu tərəfə gedirdi. Amma tanıdıqlarından heç biri yox idi. Üzünü səmaya qaldırıb yalvarışlı baxışlarla imdad dilədi. Çaşıb qalmışdı, nə edəcəyini bilmirdi. İndi necə olacaq? Çox nigaran idi. Birdən çiynində yumşaq bir əlin hərarətini hiss etdi. Arxaya dönüb baxdı. Ortayaşlı, qarabuğdayı, gözəl simalı bir ərəb ona baxıb gülümsəyirdi:
– Nədi, İsmayıl kişi, karvanını itirmisən?
– Hə, başına dönüm. Bu Əlibala elə bil qeybə çəkildi. Bu qədər insanın içində yalqız, kimsəsiz qalmışam!
– İsmayıl kişi, sizin heç biriniz kimsəsiz deyilsiniz. Gəl, səni ötürüm.
O, İsmayıl kişinin əlindən tutub apardı. «Nə qəribə gözləri var. Zil qaradır» – deyə düşünürdü İsmayıl kişi.
– Bu dey, çatdıq. Başına dönüm. Nə tez tapdın?!
Üzünü arxaya çevirdi ki, o ərəbin yumşaq əlini bir də sıxıb təşəkkür etsin. Amma o yox idi. Hara getdi, necə oldu bilinmədi. İsmayılı çadırın önündə görən Əlibala:
– Ay İsmayıl kişi, hardasan? Bayaqdan hamımız səni axtarırıq. Dedik, bəlkə başına bir iş gəlib.
– Hə… məni bura bir ərəb tapıb gətirdi. Dayan görüm … siması ərəbə bənzəyirdi, bəs mənimlə türkcə danışırdı axı…

Axşam idi. Dəmir soba yamanca alışmış, otaq isinmişdi. Gələnlər İsmayıl kişini dövrəyə alıb, sorğu-sual edirdilər. Artıq gec olduğundan «yoldan gəlmisən, yat, dincəl», «həccin qəbul olsun» deyərək İsmayılla xudahafizləşib ayrılırdılar. Hacı onların hər birinə təşəkkür etdi. Sonra gedib yatağına uzandı. Artıq vətənində, öz evindəydi. Bir aylıq əziyyətli səfər də, möhtəşəm ziyarətgahlar da arxada qalmışdı. Qızları isə qapı önündə durub ataları barədə pıçıldaşırdılar:
– Görürsən necə dəyişib?
– Yəqin yolda çox ac qalıb, arıqlayıb kişi.
– Yox e, onu demirəm. Üzünə, gözlərinə bir bax. Qəribə nur var simasında, hiss eləmirsən?
– Olar da, Allahın evinə – Kəbəyə baxıb axı…

O vaxtdan neçə müddət idi ki, keçmişdi. Amma Hacı İsmayıl kişi həyatda da, yuxularında da Ərəfatda ona «Siz kimsəsiz deyilsiniz» deyən o gülərüzlü mehriban ərəbi gözləriylə arayır, qəlbində isə onun intizarını əzizləyirdi…

Müəllif: Emruzə Kərimova

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir!


more post like this