• Biskvit xəmirinə nişasta əlavə etsəniz, hazırlanmış məmulat kövrək olar.
• Tort, ya piroq bişirərkən formanı isti duxovkada tez-tez ora-bura çəkmək olmaz. Belə etdikdə, xəmirin içindəki hava çıxır və məmulat yapıxır.
• Məmulatın üsünə yumurta sürtülürsə, onu bişirməyə 5-10 dəqiqə qalmış yumşaq fırça ilə ehmallıca çəkmək lazımdır ki, xəmir yatmasın.
• Tortu, keksi bişirəndən sonra formada, ya da tavada saxlamaq olmaz, o saat çıxarmaq, salfetin üstünə qoyub soyutmaq lazımdır.
• Sıyıq mayalı xəmiri yağlanmiş əllərlə götürdükdə, ələ yapışmır.
• Biskvit xəmiri, tort, keks orta qızdırılmış sobada bişirilir. Sobanı ilk 15 dəqiqə açmaq olmaz.
• Əgər xəmirin tez acımasını istəyirsinizsə, xəmirə bir neçə makaron batırın.
• Laylı xəmiri yoğurandan sonra bir saatlığa soyuq yerə qoysanız, yaxşı yayılar və sobanın tavasına yapışmaz.
• Əgər siz yumurtanın ancaq ağını istəyirsinizsə, yumurtanı hər iki ucundan qıyıqla deşin, yumurtanın ağı axacaq, sarısı isə qalacaqdır.
• Biskvit xəmiri hazırlanarkən un, yumurta və şəkər qarışığı ilə 15 saniyədən çox yoğrulmur, çünki xəmir yapıxır və məmulat bərk olur.
• Biskvit bişən zaman formanı sobadan çıxarıb soyuq suda isladılmış əskinin üstünə qoysanız, tort formadan asan çıxar.
• Biskvit heç vaxt isti odda bişirilməməlidir. Çünki istidən onun üstü yanar, içi isə bişməz. Biskviti yaxşı bişirmək üçün sobanı əvvəlcədən qızdırmaq lazımdır, onu bişirərkən isə sobada orta temperatur olmalıdır.
• Biskviti sobadan çıxardandan sonra onu bayıra, soyuğa çıxartmaq olmaz, o yapıxar.
• Yağı tez yumşaltmaq üçün, onu xırda-xırda doğrayın və qabı isti su olan qazanın içinə qoyun.
• Evdə bişirilən peçenye yanmışsa, soyuyandan sonra narın sürtgəclə üstünü qaşıyın və qənd tozu səpin.
• Xəmirdə yağ çox, su isə nə qədər az olarsa, bir o qədər çox ovular.
• Xəmirdə şəkər çox olduqda, bişirilən məmulat tez yanır, xəmir gec gəlir və yumşaq olmur. Şəkər az olduqda isə bişirilən məmulat yaxşı qızarmır.
• Xəmirə soda çox vurulubsa, məmulatın tünd rəngi, xoşagəlməz iyi və tamı olacaqdır.
• Soda tamamilə neytrallaşsın deyə, xəmir yoğurarkən sodanın üstünə bir az sirkə, ya da limon şirəsi tökmək lazımdır. Sodalı xəmiri çox yoğurmurlar, çünki yapıxır və yumşaq olmur.
• Xəmir yoğrulmamışdan əvvəl un ələnməlidir, belə olduqda un hava ilə qarışır və xəmir çox zərif olur.
• Əgər peçenyeni bişirməmişdən əvvəl onun xəmirini südün içərisində saxlasanız, çox dadlı olar.

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.


more post like this