Bilirik ki, ailə kiçik bir cəmiyyətdir. Böyük bir cəmiyyətin inkişaf etməsi üçün onun fərdləri arasındakı isti münasibətlərin rolu böyükdür. Ailə bağlarının möhkəmliyi təkamülə böyük təsir göstərir. İslam ictimai bir din olduğundan sileyi-rəhmə böyük əhəmiyyət vermişdir. Sileye-rəhm vacib sayılmış və onun tərk edilməsi böyük günahlardan hesab edilmişdir. Qurani-kərimdə bildirilir ki, qiyamət günü uyğun məsələ haqqında sorğu-sual aparılacaqdır. Ayədə buyurulur: “Qohumluq əlaqələrinizi kəsməkdən həzər edin. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir.
Bir şəxs həzrət Peyğəmbərin (s) xidmətinə gəlib dedi: “Yaxınlarım qohumluq əlaqələrini kəsib, məni tərk etdi. İndi vəzifəm nədir? Mən də onlarla əlaqəmi kəsimmi?” Həzrət (s) buyurur: “Əgər sən də bu işi görsən, Allah hamınızı tərk edəcək və hamınız Onun mərhəmətindən məhrum qalacaqsınız.” Sonra həzrət Peyğəmbər (s) bu şəxsə üç mühüm göstəriş verdi: “Əgər bir şəxs səninlə əlaqəsini kəsirsə, sən onun əksinə rəftar et, qohumluq və dostluq bağlılığını unutma; bir şəxs səni hansısa nemətdən məhrum etsə, sən ona yaxşılıq et və onu məhrum qoyma; sənə zülm edəni bağışla.”
Başqa bir məqamda da həzrət Peyğəmbər uyğun mövzuya toxunaraq öz yaxınlarına deyir: “Mən qiyamət günü meydana çıxarılacaq sizlərə və bütün ümmətimə tövsiyyə edirəm ki, sileyi-rəhmdən qəflətdə qalmayasınız. Əgər bu ilahi işi görməkdən ötrü uzaq bir səfərə çıxmaq lazımdırsa, bu səfərin əziyyətinə dözüb, öz əxlaqi və ictimai borcunuzu qaytarın.”
Əlbəttə ki, bir işin görülməməsi üçün qarşıda ondan da zəruri bir iş olmamalıdır. Sileye-rəhm də belədir.
İslam dininə biganə insanlarla yaxınlıq etmək üçün bir neçə şərt var. Bu yaxınlıq həmin qohumların dinlə maraqlanmasına səbəb olmalıdır. Ən azı onların ruhiyyəsi insanın imanına təhlükə yaratmamalıdır. Demək, dinə biganə qohumlarla get-gəl insanın imanını zəifləşdirmirsə, sileyi-rəhm vacibdir. Amma dinə biganə qohumların ruhiyyəsi insanın imanını süstləşdirirsə, bu iş ən azı bir müddət tərk olunmalıdır.


more post like this