Təəssüf ki, bəda inancı şiə müxaliflərinin, hətta bəzi İslam düşmənlərinin əlində bəhanəyə çevrilmiş mövzulardandır. Onlar böyük İslam alimlərinin kitablarında zərrəcə araşdırma aparmadan bəda kəlməsi haqqında elə izahlar vermişlər ki, bu izahların şiə əqidəsinə zərrəcə dəxli yoxdur. Sonra “bəda” kəlməsini əsas götürərək, şiələrə qarşı olduqca yanlış müddəalar irəli sürmüşlər.
Əlbəttə ki, bu sayaq yanlış təfsirlər təkcə bir alimin işi deyil. Bu iradlar daim bəhanə axtaran davakar müxaliflərin təxəyyülünün məhsuludur. Onlar daim qarşı tərəfin sözündən söz çıxarır və öz azdırıcı izahları ilə zəhərli təbliğat aparırlar. “Bəda” düşmən əlində bəhanəyə çevrilmiş kəlmələrdən biridir.
Hansı ki, “bəda” kəlməsinin həqiqi mənasını bilmək üçün aşağıdakı məlumatları səthi şəkildə nəzərdən keçirmək kifayət edir. “Bəda” kəlməsi ərəb dilində “aşkar olmaq” mənasını bildirir. Qurani-kərim zalımlar haqqında buyurur: “Həmin gün onlara yol verdikləri pis işlər aşkar olar.” (“Zümər”, 48) Ərəb leksikonunda bəzən “ondan aydın bir söz aşkar oldu” deyirlər. Çox vaxt bir işin görülməsi üçün şərait yarandığını düşünsək də, gözlənilməz hadisələr həmin şəraiti aradan qaldırır. Belə hallarda deyilir ki, “Allah bu işin olmasını istəmədi.” Amma bu yerdə “bəda”, “aşkar olmaq” kəlməsi də işlənə bilər. Yəni Allahdan aşkar oldu ki, O bu işin olmasını istəmir. “Aşkar olmaq” o mənada işlənməmişdir ki, Allah üçün nə isə qaranlıq idi və sonradan aşkar oldu. Söhbət Allah-təalanın hansısa məsələni öz bəndələri üçün aşkarlamasından gedir. Gözlənilməyən işlərin baş verməsi hər birimizin qarşısına çıxan məsələlərdəndir. Bu isə həmin “bəda” kəlməsinə uyğun gəlir. Bəs bu söz bizim əqidəmizdə özünə necə yer tapmışdır? Biz inanırıq ki, bir çox hallarda bəla və narahatlıqlar üçün şərait yaranır, insanlar da Allaha dua etməklə, saleh işlər görməklə, bir-birlərinə yardım əli uzatmaqla bu bədbəxtliyin qarşısını alırlar. Yəni Allah insanların saleh işlərinə xatir həmin bəlaları aradan qaldırır. Bu, “bəda” hallarından biridir. Bəzən isə əksinə, xoşbəxtlik üçün yaranmış şərait insanın pis bir əməli sayəsində aradan qalxır. Nemətlərin bu sayaq əldən çıxması da, bəda hallarındandır.
Bir çox hallarda insan öz yaxşı və pis əməlləri ilə taleyini dəyişir. Əslində bu hal insanın azadlığından danışır. İnsan fəxr etməlidir ki, onun taleyi öz əməllərindən asılıdır. Uyğun hallara münasibətdə insan səhvən Allah üçün bəda baş verdiyini düşünə bilər. Biz insanların düşüncəsi məhdud olduğundan təsəvvür edirik ki, hansısa hadisə ya hökmən baş verəsidir, ya da heç vəchlə baş verə bilməz. Amma gözlədiyimizin əksi baş verdikdə düşünürük ki, Allah üçün bəda üz vermişdir. Hansı ki, bəda Allahın məqamına layiq bir xüsusiyyət deyil. Allaha münasibətdə “bəda” yox, “əbda” kəlməsi işlədilə bilər. “əbda” isə bizim nəzərimizdən məxfi olan bir şeyin bizim üçün aşkarlanmasıdır.
Bir sözlə, bizim üçün gözlənilməyən hadisələrin baş verməsi bədadır. Yəni gizli olan bir şey bizə aşkarlandı. Allaha münasibətdə işlədilən “əbda” isə o deməkdir ki, bizim üçün gizli olan bir şey Allah tərəfindən açıqlandı. Amma bəzən Allaha münasibətdə “əbda” yerinə “bəda” işlənməsi, deyildiyi kimi, müqayisə üçündür.
İmam Sadiqin (ə) öz oğlu İsmail haqqında buyuruğu isə belədir: “Müqəddər olmuşdur ki, oğlum İsmail qətlə yetsin. Mən dua etdim ki, Allah onu düşmənlərin şərindən qorusun. Allah mənim duamı qəbul etdi və övladım qətlə yetirilmədi. İsmaildə Allahın bədası!” Bu hədis bir çox şiə kitablarında nəql olunmuşdur. Göründüyü kimi, söhbət nə İsmailin imamətindən, nə də Allahın peşiman olmasından gedir. Amma hər fürsətdən faydalanmağa çalışan müxaliflər “bəda” sözünü bəhanə edərək deyirlər: “Şiələrin əqidəsinə görə, Allah bəzən öz işindən peşiman olur və öz qərarını dəyişir. Onların fikrincə, İmam Sadiqin (ə) oğlu İsmaili imam etmək istəyən Allah sonradan peşiman oldu.” Əslində isə şiə alimləri belə bir əqidədə olan insanı kafir sayırlar. Bu deyilənlər hara, şiə əqidəsi hara?! Uyğun iddianın sahibləri şiə mənbələrini mütaliə etmək belə istəmirlər. Həqiqəti tapmaq istəyənlər isə səthi mütaliədən sonra anlayarlar ki, “bəda” nədir və İsmaillə bağlı əhvalat necə baş vermişdir.
Ümid edirik ki, bədbinlik və təəssüb buludları İslam səmasını tərk edib gedəcək və müsəlmanlar arasında təfriqə mənbəyi olan əsassız iddialar aradan qalxacaq. İnşaallah!


more post like this