islamic mənbələri

    1. home

    2. article

    3. Şiə

    Şiə

    Şiə
    Rate this post

     

    1069. Şiənin məqamı

    3419.İmam Əli (ə):«Allahın Peyğəmbərinə (s) insanların mənə paxıllıq etmələrindən şikayətləndim. O Həzrət (s) buyurdu:«Ey Əli! Cənnətə daxil olacaq ilk dörd nəfər Mən, Sən, Həsən və Hüseyndir. Bizim  arxamızda övladlarımız Cənnətə daxil olacaqlar. Onların arxasında bizi sevənlər, sağ-solumuzda da bizim şiələrdir.»[1]

    3420.İmam Baqir (ə):«Peyğəmbərin (s) zövcəsi Ümmü Sələmədən Əli ibn Əbutalib (ə) barədə soruşduqda dedi: Allahın Rəsulundan (s) eşitdim ki, Əli və onun şiələri elə nicat tapanlardır.»[2]

     

    1070. Şiənin xüsusiyyətləri

    3421.İmam Əli (ə) (Nouf Bəkaliyə xitabən): «Ey Nouf! Bilirsənmi mənim şiəm kimdir?» Ərz etdi:«Xeyr, Allaha and olsun, bilmirəm.» Buyurdu:«Mənim şiələrimin (oruc tutmağın təşnəliyindən) dodaqları qurumuş, (aclıqdan) qarınları bellərinə yapışmışdır. Təqva onların üzlərindən görünər, gecənin abidləri və gündüzün şirləridirlər.»[3]

    3422. İmam Həsən (ə) («Mən sizin şiələrdənəm» deyən kişinin cavabında): «Ey Allahın bəndəsi! Əgər bizim əmr və qadağalarımıza itaət edirsənsə, doğru deyirsən. Yox, əgər belə deyilsənsə, əhli olmadığın ali məqam iddiası ilə öz günahlarını artırma. Demə ki, «mən sizin şiələrdənəm.» De ki, «mən sizi sevənlərdən və sizin düşmənlərinizin düşmənlərindənəm.» Belə olan halda, sən yaxşı insansan və yaxşıya tərəf istiqamət götürmüsən.»[4]

    3423. İmam Baqir (ə):«Bizim şiələrimiz yalnız Allahdan qorxan və Onun əmrinə itaət edənlərdir. Onlar təvazökarlıq, sadəlik, əmanətə sadiqlik və Allahı çox yad etməkdən başqa bir şeylə tanınmazlar.»[5]

    3424.İmam Sadiq (ə):«Əslində Əli şiəsi qarın və qasıq iffətinə malikdir, (ibadətdə və nəfslə mübarizədə) çalışqandır, Yaradanı üçün işləyən, Onun mükafatına ümidvar olan və Onun cəzasından qorxandır. Belə şəxsləri görən zaman bil ki, onlar Cəfəri şiələridir.»[6]

    3425. İmam Sadiq (ə):«Bizim şiələrimizi üç şeydə sınayın:  namazın vaxtlarına riayət  etməkdə, bizim düşmənlərdən sirlərini gizlətməkdə və qardaşları ilə həmdərd olub onlara maddi kömək etməkdə.»[7]

    3426.İmam Sadiq (ə):«Bizim şiələrin dörd gözü var: iki gözü sifətində, iki gözü də qəlbində. Bil ki, insanların hamısı belədir. Fərq yalnız bundan ibarətdir ki, Allah-taala sizin gözlərinizi açıq və görən, onların gözlərini isə kor etmişdir.»[8]

     

    1071. Şiə olmayanlar

    3427.İmam Sadiq (ə):«Sözdə şiəlikdən dəm vuran, əməlində  isə bizim əməllərə zidd rəftar edən, bizim şiə deyil.»[9]

    3428.İmam Sadiq (ə):«Bir dəstə insan deyir ki, mən onların imamıyam. Allaha and olsun, mən onların imamı deyiləm. Allah onlara Lənət eləsin. Pərdəni hər nə qədər örtürəmsə, onlar pərdəni bir o qədər yırtırlar. Mən «belədir, elədir» deyirəm, onlarsa «Onun məqsədi filan və bəhmandır.» deyirlər. Əslində mən, mənə itaət edən şəxsin imamıyam.»[10]

    3429.İmam Sadiq (ə):«Dörd şeyi inkar edən bizim şiə deyil:  me’racı, qəbrdə sorğu-sualı, Cənnət və Cəhənnəmin yaradılmasını və şəfaəti.»[11]

    3430. «əl-Kafi»: İmam Sadiq (ə) bir kişidən onun xalqının və qəbiləsinin əhvalını soruşdu. Kişi onları çox təriflədi. Həzrət (ə) buyurdu:«Varlılar yoxsulların xəstələrinə baş çəkirlərmi?» Kişi dedi:«Az olur.» Buyurdu:«Varlılarla yoxsulların bir-birinə gəliş-gedişi, görüşməyi necədir? Kişi dedi:«Az olur.» Buyurdu:«Varlıların yoxsullara maddi köməyi necədir?» Kişi ərz etdi:«Siz bizim aramızda nadir əxlaqı və sifətləri buyurursunuz.» Həzrət (ə) buyurdu:«Bəs, onlar özlərini necə şiə hesab edirlər?»[12]

    3431.İmam Kazim (ə):«Tənhalıqda və xəlvətdə, qəlbən Allahdan qorxmayan bizim şiə deyil.»[13]

     

    1072. Şiənin təsnifatı

    3432.İmam Baqir (ə):«Bizim şiələr üç dəstədir: bir dəstəsi bizim adımızla xalqı qarət edər, bir dəstəsi şüşə kimidir (ürəyində nə varsa aşkar edər–yəni, sir saxlayan deyillər, ürəklərində olan sirri faş edərlər), bir dəstə də qırmızı qızıl kimidirlər və odda nə qədər çox əridilsələr, bir o qədər saflaşarlar.»[14]

    3433.İmam Sadiq (ə):«Şiə üç növdür: (birinci bizə qarşı) məhəbbətli və mehriban olarlar, belə şiələr bizdəndir. (İkinci) Özünü bizlərlə bəzəyən şiə. Kim bizlərlə özünü bəzəsə, onun bəzənməsinə səbəb olarıq. (Üçüncü) Bizi öz ruzisi üçün vasitəyə çevirən şiə. Kim bizi ruzi qazanmaq vasitəsi edərsə, yoxsulluğa duçar olar.»[15]

     

    1073. Şiələrə həddlərini aşmağın qadağan olması

    3434.İmam Baqir (ə):«Ey şiə camaatı! Ey Ali Məhəmməd şiələri. Orta həddi gözləyin ki, iti gedən sizə tərəf qayıdacaq və geri qalan da gəlib sizə çatacaq.» Ənsarlardan Sədd adlı birisi ərz etdi:«Sənə fəda olum, iti gedən kimdir?» Həzrət (ə):«Biz öz barəmizdə demədiyimiz şeyləri, barəmizdə danışan bir dəstədir. Onar bizlərdən deyil, biz də onlardan.» Ərz etdi:«Geri qalan kimdir?» Buyurdu:«Xeyir istəyən, axtaran şəxsdir. O, xeyrə çatar və onun mükafatını tapar.»[16]

     

    1074. İnsanlarla münasibətdə şiəyə yaraşan rəftar

    3435. İmam Sadiq (ə):«Ey Əbdül-Əla! Mənim tərəfimdən şiələrə Allahın salamını və rəhmətini çatdır və de ki, İmam Sadiq sizə bunları deyir: Allahın rəhməti olsun o bəndəyə ki, insanların başa düşdükləri sözləri söyləməklə və başa düşmədikləri sözlərdən çəkinməklə xalqın məhəbbətini özünə və bizə tərəf cəlb etmiş olur.»[17]

    3436. İmam Sadiq (ə):«Ey şiə camaatı! Bizim abrımızın qorunmasına səbəb olun, bədnam olmağımıza bais olmayın. İnsanlara yaxşı sözlər deyin. Dillərinizi saxlayın, onları boş, mənasız və pis sözlər danışmaqdan çəkindirin.»[18]

     

    1075. Qiyamətdə şiənin məqamı

    3437. Allahın Peyğəmbəri (s):«Qiyamət günü bizə məhəbbətlərində xalis olan mənim və Əhli-Beytimin şiələri üçün ərşin ətrafında minbərlər düzüləcək. Allah-taala buyurar: Ey Mənim bəndələrim! Mənə tərəf gəlin ki, Öz Kərəmimi sizin aranızda paylayım. Çünki siz dünyada əzab-əziyyət görmüsünüz.»[19]

    3438. Allahın Peyğəmbəri(s) (ibn Abbasın «Öndə gedən, birincilər, onlardır Allaha yaxın olanlar» ayəsi barədə sualının cavabında): «Cəbrayıl mənə dedi: Onlar Əli və onun şiələridir. Onlar Cənnətə gedənlərin öncülü və Allahın lütfü, kəraməti sayəsində Ona yaxındırlar.»[20]

    Mizanul-hikmətin xülasəsi 1-ci cild

     



    [1] əl-İrşad, c.1, səh. 43

    [2] əl-İrşad, c.1, səh. 41

    [3] Biharul-Ənvar, c.78,səh. 28, hədis95

    [4] Tənbihul-Xəvatir, c.2, səh.106

    [5] Tuhəful-Uqul,səh. 295

    [6] əl-Kafi, c.8,səh. 215, hədis9

    [7] Biharul-Ənvar, c.83,səh. 92, hədis40

    [8] əl-Kafi, c.8, səh. 215 , hədis260

    [9] Biharul-Ənvar, c.68,səh. 164, hədis 13

    [10] Biharul-Ənvar, c.58,səh. 80 , hədis76

    [11] Biharul-Ənvar, c.69,səh. 9 , hədis11

    [12] əl-Kafi, c.2, səh.173, hədis10

    [13] Bəsairud-Dərəcat,səh. 247, hədis1

    [14] Biharul-Ənvar, c.78,səh.186 , hədis24

    [15] əl-Xisal, səh.103 , hədis 61

    [16] əl-Kafi, c.2,səh. 75 , hədis6

    [17] Biharul-Ənvar, c.2,səh. 77, hədis 62

    [18] Əmali-Səduq, səh. 327, hədis17

    [19] Uyunu Əxbari Rza (ə), c.2, səh. 60, hədis232

    [20] Əmali-Tusi,səh.72 , hədis104